Nizami Gəncəvinin

mənəviyyat dünyasına bir nəzər

 

MÜTƏFƏKKİR ŞAİRİN BƏDİİ-FƏLSƏFİ DÜŞÜNCƏ SİSTEMİNƏ DAİR QEYDLƏR

 

Nizaminin düşüncəsi irfan bilgi sisteminə bağlıdır. Bu bilgi sisteminin ən önəmli anlayışlarından biri xəlvətdir.

Şair "Sirlər xəzinəsi" dastanında "xəlvət" anlayışının mənası ilə bağlı beş bölmə yazmışdır. Bundan başqa, Nizami "Sirlər xəzinəsi" dastanında olan "Axirəti qarşılamaq haqqında" adlı məqaləyə də xəlvət məclisinin təsviri ilə başlayır. İrfan düşüncə sisteminin "xəlvət" anlayışı bu mənaları ehtiva edir:

- "xəlvət"in içində bu anlayışlar var: "xəlvət", "uzlət", "inziva", "vihdət" (yalnızlıq). Ortaq məna budur: xalqdan ayrı yaşamaq, bir arada olmaq halından qaçmaq;

- "xəlvət"in ziddi "ixtilaf"dır, yəni xalq ilə bir arada olmaqdır, söhbət və ünsiyyətdir;

- "xəlvət"də öncə tövhid inancını qoruyan elmləri öyrənmək, sonra da şəriətə bağlanmaq, uca Allahın buyurduqlarını yerinə yetirmək şərtdir.

- "xəlvət" mənfi duyğulardan ayrılmaq, pis xasiyyətləri dəyişdirməkdir;

- "xəlvət" zahirin xalqla, batinin Haqa olmasıdır;

- xəlvəti söhbətdən üstün tutan bir kimsənin Rəbbinin zikri müstəsna, bütün zikrləri, Rəbbinin rizasını istəmə xaric, nəfsin istədiyi səbəblərdən heç birini istəməməsi onun arzularına arxa çevirməsi lazımdır. Bu özəllikləri olmayan                                                                                                                                                                                                            xəlvət insanı fitnəyə salar və azdırar;

- "üzlət" xalqın arasında olmaq, ancaq Haqdan üz döndərib xalq ilə məşğul olmasın deyə sirri (qəlbi) qorumaq, nəfsi günahdan uzaqlaşdırmaq, qəlbi uca Allaha bağlamaqdır;

- "xəlvət"i söhbətdən üstün tutan izzət qazanar;

- "xəlvət"in sağlam olması üçün halal yemək, halal yeməyin sağlam olması üçün də uca Allahın haqqını yerinə yetirmək şərtdir;

- "xəlvət"dən çox insanı ixlaslı olmağa sövq edən bir vasitə yoxdur;

- ölənədək dostun xəlvət, yeməyin aclıq , danışmağın yalvarış olsun;

- söhbətdə xeyir varsa, xəlvətdə də salamatlıq var;

- sadiqlərin dostu yalnızlıqdır;

- özünü uca Allahın hüzurunda hiss edən sıxılmaz;

- qəlbin dərmanı xalqla az görüşməkdir;

Nizami "xəlvət" deyərkən uca Allahın hüzurunda olduğu halı ifadə edir. O, tənhadır, kimsə yoxdur, qəlbi Onun zikri ilə doymuşdur. Şair sadəcə "xəlvət" demir, "xəlvət məclisi" deyir. "Məclis" sözü çoxluq və gözəlliyin əlamətidir. Ancaq o məclisdə varlığını uca Allaha təslim etmiş Nizamidən başqa kimsə yoxdur, bu halda, "məclis" sözü gözəllik, hüzur, sevinc mənalarını yüklənir. Nizaminin məqsədi xəlvətin nə dərəcədə gözəl, xeyirli və bərəkətli olduğunu göstərməkdir. Şairin təfsirində xəlvət iman insanı yetişdirən irfan məktəbinin proqramının ayrılmaz bir parçasıdır. "Xəlvət" proqramı insanı axirətə hazırlayır, deyir ki, axirəti gözəl qarşılamağın, əbədi axirət səadətini qazanmağın yolu bu dünyadakı həyatını axirət mərkəzli yaşamaqdır. Bu da qəlbi uca Allaha təslim etməklə olar. Qəlbin təslim olması üçün də təmizlənməsi, nəfsin əsarətindən qurtulması şərtdir. Xəlvət də bu işi görür, qəlbi azadlığına qovuşdurur. Nizaminin verdiyi ölçü budur: xəlvəti olmayanın axirəti olmaz.

Nizami xəlvət məclisində nəfsin əsarətindən qurtulmuş, hüzura qovuşmuş, azad olmuş insanın (özünün) halını təsvir edir. "Bax" deyir, yəni gör, anla, sənin də xəlvət məclisin olsun, gerçək hüzurun azadlıqla bağlı olduğunu bil, azad olmayan rahat olmaz, Ona təslim olmayan da azad olmaz. Xəlvətə gəl, bu dünyanın yükünü ağıl, qəlb və vicdanından at, təmizlən, bəsirət gözünü aç, qəlbin nurlansın, həqiqəti görsün və Ona təslim olsun. Kirli qəlb uca Allaha itaət etməz. Bil ki, xəlvət qəlbi mənəvi kirlərdən təmizləyən metodun adıdır.

Nizami "xəlvət" deyir, onun gözəlliyini vurğulamaq üçün "məclis" sözünü artırır, sonra "bax" əmr ədatı ilə mənanı gücləndirir, iş bununla bitmir, sonra da "bəzənmiş" deyir. "Xəlvət məclisi"nin gözəlliyini ifadə edən üç söz də var: "o, işıqlıdır", "xoşdur", "elə bil əskilməmiş aydır" ("bütöv aydır"), nurlu məclisdir, nurlandıran məclisdir, hüzur məclisidir. Bu nur obrazları xəlvət məclisinin gecə olduğuna da işarə edir. Nizamiyə görə, xəlvət məclisi üçün ən uyğun vaxt gecədir. Bütöv Ay həm o gecəyə şahid olmaq üçün bəzənmişdir, nurlanmışdır, o qədər gözəl gecədir ki, Ay da o gecə məclisinə qonaq olmaq istəyir, həm də o, əliboş deyildir, işığı ilə o məclisin nurunu artırmaq istəyir. Gecədir, ancaq çox işıqlı gecədir, elə bil gündüzdür, xəlvət məclisinin nuru gecənin qaranlığını yox etmişdir. Mesaj var: "Xəlvət məclisinin olduğu gecə insanı qaranlıqlardan (cəhalətdən) aydınlığa çıxaran gecədir, xəlvətin məqsədi tərbiyədir, qəlbi mənəvi kirlərdən təmizləyərək onun bəsirət gözünü açmaqdır, onu həqiqətlə buluşdurmaqdır.

Nizami "Sirlər xəzinəsi" dastanında irfan düşüncə sisteminin ən önəmli anlayışlarından olan səbir və susmağın mənalarını açıqlayır. İrfan bilgi sistemində səbir və susmaq bu anlamları daşıyır:

- səbir et, O, səbir edənlərlə birgədir;

- səbir hadisənin sarsıntı yaratdığı ilk anda göstərilən dözümdür;

- səbir acını hiss etdiyin ilk anda olur;

- səbir üzünü turşutmadan acını qudum-qudum içməkdir;

- vücuda görə baş nə isə, imana görə də səbir odur;

- səbir uca Allahın buyruqlarına qarşı olan davranışlardan uzaqlaşmaq, müsibətin acılarını içərkən sakitliyi qorumaq, yoxsul olduğun zaman da zəngin görünməkdir;

- səbir müsibətlər içində olarkən ədəbə riayət etməkdir;

- səbir müsibətlər içində yox olma halında belə, şikayət etməməkdir;

- səbir dirənişdir;

- səbirli adam nəfsinin hücumlarına müqavimət göstərəndir;

- mükafatların ən gözəli səbirə veriləcək;

- səbir uca Allahın buyruqlarını yerinə yetirməkdir;

- səbir şikayəti və sızlamağı tərk etməkdir;

- səbir uca Allahdan yardım istəməkdir;

- səbir dərman kimi istifadə edilən dadı acı bir ağacın adıdır;

- səbir edənlər üç yerə ayrılır: səbir etmək üçün sıxıntı çəkənlər, sıxıntısız səbir edənlər, bir də səbri təbiət halına gətirənlər;

- səbir ayağı sürüşməyən minikdir;

- səbir qəlb sükunət içində olduğu halda, nemətlə möhnət arasında fərq görməməkdir;

- uca Allah üçün səbir məşəqqətdir, Onun ilə səbir Ondan bir yardımdır, Onda səbir bəladır, Onunla səbir vəfadır, Ondan uzaqda qalmağa səbir cəfadır;

- sıxıntı halında səbir qurtuluş əlamətidir;

- arayış halında səbir zəfər əlamətidir;

- səbir o qədər səbir etdi ki, səbir səbirdən yardım istədi və aşiq : "Ey səbir, səbir et", - deyə fəryad etdi (səbrin də səbri var);

- müsibət bir buluddur, bir az sonra açılar, bu səbirlinin anlayışıdır;

- səbir susmağı bacarmaqdır;

Nizami deyir ki, sirri qorumağın ən etibarlı yolu susmaqdır. Susmaq da irfan düşüncəsinin önəmli ölçülərindən biridir. Ariflər susmaq deyərkən bu mənaları nəzərdə tuturlar:

- ya xeyir söyləyin, ya da susun;

- dilini qoru, evinə get, günahına ağla, qurtuluş budur;

- sükut səlamətdir, yerində susmaq iman insanlarının işidir, yerində danışmaq da şərəflilərin xasiyyətidir;

- susmağın dörd növü var: dilin sükutu, qəlbin sükutu, ruhun sükutu, sirrin sükutu;

- haqq çeynənirkən susan dilsiz şeytandır;

- sükut riyazət sahiblərinin vəsfidir;

- nəfsi islah etməyin, mənəvi məqamlara yüksəlməyin əsaslarından biri susmaqdır;

- danışmaq xoşuna gedirsə, sus, susmaq xoşuna gedirsə, danış;

- bir kimsənin vətəni (qəlb və dili ilə susma məqamı) sükut olmasa, o sussa belə susmuş sayılmaz, sükut sadəcə dilə xas deyildir, qəlbin və bütün orqanların da susması var;

- sükut düşünmək üçün bir fürsətdir;

- alimlər hikməti təfəkkür və sükut ilə əldə etmişlər;

- sirrin və ruhun sükutu keçmiş və gələcək zaman ilə məşğul olmağı tərk etməkdir;

- insan özü ilə bağlı olan, ya da lüzumlu sayılan mövzular haqqında danışanda qənaət edərsə, sükut sərhədini aşmaz;

- xalqla az, Rəbbinlə çox danış, mümkündür ki, qəlbin müşahidə halına gəlsin;

- qəlbini ən çox qoruyan dilinə ən çox hakim olandır;

- dildən çox həbs edilməyə layiq bir şey yoxdur;

- uca Allah hər şey üçün iki qapı, dil üçün isə dörd qapı yaratmışdır, dodaqlar və dişlər qapının iki qanadıdır;

- danışmağı öyrəndiyin kimi, susmağı da öyrən;

- söz səni xeyirə yönəldər, sükut isə şərdən qoruyar;

- sükut dilin həyasıdır;

- dil yırtıcı vəhşi heyvan kimidir, onu sıx bağlamasan, sənə hücum edər;

- avamın sükutu dil ilə, ariflərin sükutu qəlb ilə, aşiqlərin sükutu sirrə aid xatirələrini qorumaqla olur;

- cahilin dili ölüm qapısının açarıdır;

- aşiq susduğu zaman həlak olar (o, sevgilisini zikr etməlidir), arif susduğu zaman yüksək hallara malik olar;

- sözün hesabını verəcəyin əməllərinin sırasında yer tutur;

- irfan əhli bunu deyər: dilim yox ki, danışam, qulağım yox ki, dinləyəm...

 

(Ardı var)

 

Siracəddin HACI

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

 

525-ci qəzet.- 2016.- 3 avqust.-S.4.