Nizami Gəncəvinin

mənəviyyat dünyasına bir nəzər

 

MÜTƏFƏKKİR ŞAİRİN BƏDİİ-FƏLSƏFİ DÜŞÜNCƏ SİSTEMİNƏ DAİR QEYDLƏR

 

(Əvvəli ötən sayımızda)

 

Nizami "Sirlər xəzinəsi" dastanında irfan düşüncə sisteminin ən önəmli anlayışlarından biri olan "qənaət"in mənasını açıqlayır. İrfan əhlinə görə "qənaət" anlayışı bu mənalarla yüklüdür:

- qənaət riza və məmnunluqdur, yemə, içmə, geymə kimi ehtiyacları zəruri həddə tutmaqdır, tamahkar və ehtiraslı olmamaqdır, əldə olanla razılaşıb başqalarının haqqına və malına göz dikməməkdir, israfdan qaçmaqdır;

- çalış, halalından qazan, ehtiyacın qədər istifadə et, yerdə qalanını ehtiyacı olanlara ver;

- qənaət bitməz-tükənməz bir xəzinədir;

- qənaətkar ol ki, nemətə şükür edəsən, onun qiymətini biləsən;

- qənaət soltandır, o ancaq möminin qəlbində özünə yer seçər;

- qənaət rizanın ilk mərhələsidir;

- qənaət istənilən və sevilən şeylər olmayanda da hüzur içində qalmaqdır;

- qənaət bu dünyanı idarə etməkdir, onun səni idarə etməsinə imkan verməməkdir;

- qənaət sərvəti idarə etməkdir, onun səni idarə etməsinə izin verməməkdir;

- qənaət neməti əmanət bilməkdir;

- qənaət əldə olmayana istəkli olmamaq, əldə olana da ehtiyac duymamaqdır;

- qənaət insanın qismətinə düşən ruziyə razı olmaqdır;

- zənginlik və izzət yola çıxaraq bir dost axtarmışlar, qənaətlə rastlaşmışlar, onun yanında qərar tutmuşlar;

- qənaət də ruzidir;

- kimin qənaəti güclü olsa, hər növ şorba ona xoş gələr;

- ən çox qənaətkar olan xalqa ən çox yardım edəndir;

- qənaətkar başqasına yük olmayandır;

- ac olsa da, qənaətkar zəngindir;

- uca Allah beş şeyi beş yerə qoymuşdur, izzəti itaətə, zilləti günaha, heybəti gecə namazına, hikməti boş qarına, zənginliyi qənaətə yerləşdirmişdir;

- düşmənindən qisas ilə intiqamını aldığın kimi, tamahından da qənaət ilə intiqam al;

- qənaətkar çox çalışmaqdan qurtular, istirahət edər, hər kəsdən üstün olar;

- tamahını sataraq onun pulu ilə qənaət satın alan izzət və insafla zəfərə qovuşar;

- gözü xalqın əlində olana tabe olanın dərdi bitməz;

- şahin səmada uçarkən dəyərlidir, ovçu onu görməz, silahı ona çatmaz. Şahin tələyə qoyulmuş leş parçasına tamah etdimi, səmadan enər, tələyə düşər;

- qənaətkar olmaq uca məqamdır;

- bütün dünyəvi səbəb və vasitələri (mal və sərvət arzusunu) topladım, onları qənaət ipi ilə bağladım, sədaqət mancanağına qoydum, ümidsizlik dənizinə atdım və istirahət etdim.

Nizami "Sirlər xəzinəsi" dastanında irfan düşüncə sistemində önəmli yer tutan "riza" anlayışının mənasını açıqlayır. İrfan əhlinə görə "riza" anlayışı bu mənaları daşıyır:

- "riza" ilahi ölçüləri qəbul etməkdir, ilahi iradəyə təslimiyyətdir;

- "riza" könlünü uca Allaha bağlamaqdır;

- təvəkkülün son mərtəbəsidir;

- ilahi təqdirə razı olmaqdır;

- "riza"nın iki növü var: uca Allahın qulundan razı olması, qulun Ondan razı olması;

- sən Ondan razı ol ki, O da səndən razı olsun;

-  "riza" qulun (insanın) çalışaraq əldə etdiyi məqamdır;

- "riza" ilahi feyzdir;

- "riza" ilə bağlı ortaq yol budur: o, ilk mərhələdə qulun əməyi ilə qazandığı məqamdır, sonda isə bir haldır;

- "riza" uca Allahın hökmünə etiraz etməməkdir;

- "riza" məqamını qazananların qəlbi hüzura qovuşar;

- "riza" uca Allahın ən böyük qapısı, dünyanın cənnətidir;

- insan nəfsani arzularından qurtulsa, Rəbbindən razı olar;

- "riza" məqamını qazanmaq istəyənlər uca Allahın razı olduğu işləri yerinə yetirsinlər;

- "riza" Onun lütfü də, qəhri də xoşdur deyə bilməkdir;

- qəlbində dünyanın dəyəri olan riza məqamına qovuşmaz;

- "riza" müsibətlər hökmünü icra edərkən qəlbin şükür içində olmasıdır;

Nizaminin mesajı var: axirət səadətini könül zənginliyi ilə qazanmaq olar. "Riza" könül zənginliyidir.

Nizami Gəncəvi "Sirlər xəzinəsi" dastanında dünyanı bu ölçülərlə tanıdır:

- dünya yaradılmışdır, onu uca Allah yaratmışdır;

- axirətin qazanıldığı yer bu dünyadır;

- dünya fanidir, ölümlüdür;

- insan bu dünyada aman verilmiş yolçudur;

- bu dünyada axirət mərkəzli bir ömür yaşa;

- ilahi ölçüləri pozma;

- dünyadakı hər şey əmanətdir;

- heç bir şeyə mülkiyyət gözü ilə baxma;

- mənim dediyin heç bir şey sənin deyil;

- hər nemətin hesabı var;

- hər an ilahi nəzarətdəsən;

- bu dünyada əbədi deyilsən, qonaqsan, ölümlü varlıqsan;

- ölümü, yenidən dirilişi, hesabı, cənnət və cəhənnəmi unutma;

- ikidünyalı ol, bu dünyanı axirətdən ayırma;

- axirət dünyanın ruhudur;

- insan bu dünyada dörd məqsədi gerçəkləşdirmək üçün var: uca Allaha itaət, yer üzünün xəlifəsi olmaq, imtahan olunmaq və dua etmək;

- hər günah bir yükdür, günah yükü ilə axirətə getmə;

- günahın varsa, tövbə et;

-  bu dünyadan axirətə aparacağın iki şey olsun: iman və saleh əməllər;

- dünya nemətlərinə aldanma, dünya malı səni deyil, sən onları idarə et, sərvətin atı olma, sərvət atın olsun;

- bu dünya oyun-əyləncə yeri deyil;

- dünyanı məğlub etsən, göy üzünün ən uca qatında fələk sənin bayram xütbəni oxuyacaq;

- sən insansan, mələklərdən üstünsən;

- ağıllı, iradəli, vicdanlı varlıqsan;

- öz içindəki xəzinəni kəşf et;

- uca Allah səni çox sevir, ey insan, O, bu dünyanı və axirəti sənin üçün yaratmışdır, O, sənə güvənir, Onun güvənini boşa çıxartma;

- mənan cismindən çox böyükdür;

- sən axirətə aidsən, əbədi yerin oradır;

- axirət mərkəzli bir həyat yaşa;

Nizami zamanın və dünyanın afətindən qorunmaq üçün bu ölçüləri təqdim edir:

- qorunmağın ilk şərti tanımaqdır;

- bu dünyada etdiyin hər şey axirətdə qarşına çıxacaq;

- ilahi ədalət məhkəməsindən qaçış yoxdur;

- nəfsini tərbiyə et;

- dünya nemətləri ilə yüklənmə, yolun uzundur, yüngül ol ki, mənzilə çata biləsən;

- içindəki tamah atəşini söndür;

- uca Allaha təslim ol ki, bu dünyanın yükündən qurtulasan;

- təkəbbürlü olma, o, gözünü kor edər, həqiqətdən məhrum qalarsan;

- axirətdən ayırdığın dünya dost qiyafəsindəki düşməndir;

- balaca düşmən böyük bəladır;

- nəfsinə itaət etmə;

- dünyadan yuxu kimi gizlən;

- dinə sarıl;

- irfan yoluna gəl, xəlvətə çəkil;

- sərvətə aid olma;

- dünya sevgisini qəlbindən çıxart;

- nur ol, elm öyrən;

- ömür qısadır, iki nəfəsdir, onu iman və saleh əməllərlə bərəkətləndir;

- həyatını uca Allah eşqi ilə yaşa;

- bu dünyada qəlbinə hakim olan iki dünyanın səadətinə qovuşar;

Nizami irfan düşüncəsində önəmli yer tutan "fakr" anlayışının mənasını açıqlamışdır. Şair belə deyir: "Hər şeyin olsa da, yenə hər şeydən uzaq ol". Bu sözlər "fakr" anlayışının mənasına uyğundur. İrfan əhli "fakr" anlayışına bu mənaları yükləyir:

- "fakr" sözünün lüğəvi mənası "ehtiyac", "yoxsulluq", "məhrumiyyət", "yoxluq"dur;

- "fakr"ın iki mənası var: insanın hər baxımdan özünü uca Allaha möhtac bilməsi, bu mənada malı çox olanlar da yoxsuldur, bir də sərvəti könlünə bağlamamaq;

-  "fakr"ın ziddi zənginlikdir, onun da iki mənası var: könül zənginliyi, doğru bir inanca sahib olmaq, bir də mal-dövlət zənginliyi;

- irfan əhli deyir ki, könül zənginliyi mal zənginliyindən üstündür;

- "fakr" övliyanın şüarı, saf insanların zinətidir;

- "fakr" qulun uca Allahdan başqa bir şeyə razı olmamasıdır;

- "fakr" elə bir nemətdir ki, qulu riza dərəcəsinə qovuşdurar;

- dünyanı ver, fakrı al;

- "fakr" təslimiyyətdir;

- yoxsulluq yoxsulluqdan qorxmaqdır;

- zənginlik uca Allaha güvənməkdir;

- ehtiyacın qədər ruziyə sahib ol, harama bulaşma;

- "fakr" əldə bir şey olmadığı zaman şükür və səbir etmək, olduğu zaman da paylaşmaqdır;

- "fakr" təvazökarlıqdır;

- "fakr" mülkün gerçək sahibinin uca Allah olduğunu bilməkdir;

- "fakr" almaqdan çox, verməyi arzu etməkdir;

- "fakr"ın əlaməti dünyaya meyl etməməkdir;

- "fakr" uca Allahdan başqa kimsəyə möhtac olmama halıdır;

- "fakr" sərvətə kölə olmamaqdır;

Nizami zülm və zalımla barışmadı, ədalətin səsi oldu, məzlumları qorudu, O, uca Allahı, varlığı, cəmiyyəti, insanı dərindən öyrəndi, çox çalışdı, çalışmaq ibadətdir dedi: "Hər gecə elm öyrənmədən başımı yastığa qoymadım", "elm öyrənmədən yatmaq haramdır", "bakirə söz söyləmək can əritməkdir"...

Nizaminin dastanları aydın göstərir ki, o, din elmlərini, şifahi və yazılı ədəbiyyatı, mifologiyanı, psixologiyanı, fəlsəfə, astronomiya, fizika və tibbi bilir:

... Hər elmdə mən bir dəftər bəzəmişəm,

Hər bir incə fikir üçün tez qələmə əl atmışam.

Hər bir elmdən mən ziya almışam,

Hər bir elmdə mən əvəzsizəm.

 

... Artıq yatmaq və gəzmək məni cəlb etmir,

Bircə çarə var - o da yaratmaq.

Hər sözdən bir gül yonum,

Onun üstündə bülbültək nalə cəkim.

 

Nizami deyir ki, ənənəni inkar etmə, öncəkilərin irsini seçmə yolu ilə öyrən, yaxşılarını al, pislərini bir kənara qoy, "əgər böyüklük qazanmaq istəyirsənsə, böyükləri yada sala-sala nəfəs al". Bil ki, dəyərli söz əmək istəyir:

 

... Daşdan gövhər böyük çətinliklə yaranır,

Onu daşdan asanlıqla neçə ələ gətirə bilərsən?

Hər nəyə nəzər etsən, görərsən ki, xırda-xırda,

Bərk yerlərdən çox çətinliklə çıxar.

Asanlıqla gövhər tapmaq mümkün deyil,

(Mədəndən çıxarılan) gümüş təmizlənməyə möhtacdır.

Quruda, suda rənc və zəhmətə tab gətirən,

Balıqdan dirhəm, öküzdən sərvət alar.

 

(Ardı var)

 

Siracəddin HACI

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

 

525-ci qəzet.- 2016.- 4 avqust.- S.4.