Nizami Gəncəvinin mənəviyyat
dünyasına bir nəzər
MÜTƏFƏKKİR
ŞAİRİN BƏDİİ-FƏLSƏFİ
DÜŞÜNCƏ SİSTEMİNƏ DAİR QEYDLƏR
(Əvvəli
ötən sayımızda)
Nizami dastanlarını yazarkən çox
çalışır, mövzu ilə bağlı
bütün qaynaqları toplayır, bilgiləri sistemləşdirir,
təhlil edir, nəticə çıxarır, yerli-yerində
işlədir, onlara bədii don biçir. Nizami bir neçə dil
bilir, qaynaqların orijinal mətnini türkcə, ərəbcə,
farsca, yunanca, dəricə, yəhudi və nəsranicə
oxuyur:
Mən bu
dastanı yazarkən,
Söz düz gedirdi, yol isə dolaşıq (idi).
O
üfüqləri gəzən şahın izini (əhvalatını),
Bir nüsxədə yığcam yazılmış
görmədim.
Xəzinə
kimi toplanmış sözlər,
Ayrı-ayrı nüsxələrdə pərakəndə
idi.
Hər
bir nüsxədən bir maya aldım,
Onu öz şeirimə düzdüm, bəzədim.
Yeni tarixlərdən
ziyadə,
Yəhudi, nəsrani, pəhləvi tarixini aradım.
Hər
bir kitabdan qiymətlisini seçdim,
Hər qabıqdan onun məğzini aldım.
Hər
dildə olan xəzinələri topladım,
Onların hamısından bu dastanı yazdım.
Bu dillərdən
agah olanların,
Dili tənədən azad olacaq.
Doğru
(söz) tapdığım hər pərdədə,
Sözün zülfünün ucunu burmağa
başladım.
Nizami sənətkarlara deyir ki, səmimi olun, sözə,
qələmə xəyanət etməyin, ağılabatan
sözlər yazın, bilin ki, "ürəkdən gələn
söz ürəyə yatar", yalana əsla yaxın
durmayın. Şair gecə vaxtı çalışır, səhər
vaxtı oyaq olur, bu zaman diliminə "dua vaxtı",
"söz və məna vaxtı" deyir. Sən uca Allaha yalvar, Ona təslim ol, qəlbini
göz yaşları ilə islat ki, məna bəxş etsin.
Nizami yazmağa dua ilə başlayır:
... Gecə
və gündüz, axşam və səhər,
Sən
yadımdasan, hər nəyi yad etsəm də,
Gecələr
yuxuya getməzdən əvvəl,
Təsbehlə Sənin adını təkrar etməyə
tələsirəm.
Gecə
yarısı yuxudan oyanaramsa,
Səni çağırıram, göz yaşı
tökürəm.
Səhər
çağıdırsa, yolum Sənədir,
Gecə də, gündüz də pənahım Sənədir.
Gündüz
də, gecə də Səndən kömək istəyirəm,
Məni
bu işdə utandırma!
Ey hər
işi qaydasına salan Allah, elə et ki, mən,
Möhtac
olanlara möhtac olmayım!
... Sənin
sayəndə ucalan baş,
Heç kəsin əyməsi ilə ayağa
düşməz.
Sənin
qəhrindən əyilən baş isə,
Heç kimin köməyi ilə ucala bilməz.
Bəli,
Sənin işin bəndə yaratmaqdır,
Mənim işim də bəndəlik etməkdir.
...
Əvvəl məni şükürə qovuşdur, sonra
dövlətə,
Əvvəl
mənə dözüm ver, sonra,
Dözə
bilməyəcəyim bəlaları,
Məndən
uzaqlaşdır, ey ədalətsizlikdən uzaq olan!
Əgər
məni bir bəlaya mübtəla etmək istəsən,
Əvvəl mənə səbir ver, sonra bəlanı.
Hansı
guşəyə düşsəm də, Sənə həmd və
səna oxuyacağam,
Harada oluramsa olum, səni Allah biləcəyəm.
Nizami
deyir ki, varlığı Onun gözü ilə oxu, ancaq Ondan
istə, Ona şərik qoşma, ibadət və itaətə
layiq olan tək varlıq Odur:
... Səni
arayanların açarı ona görə boşa
çıxdı ki,
Səni öz ölçüləri ilə
ölçmək istədilər.
Kim ki Səni
Sənin gözünlə görmək istədi,
Bu boş vərəqlərin hamısını
parçalayıb atar.
Səni
ancaq Sənin vasitənlə axtarıb tapmaq olar,
Özü də gərək başqa qapılara baş
vurmayasan.
Nəzər
ancaq buraya qədər mənzilləri seçir,
Elə ki buradan ötdün, ürək qorxu ilə
dolur.
Mən
öz varımı, yoxumu Sənə tapşırdım,
Hesabımın artığını, əskiyini
Özün bilərsən.
Nizami zühd həyatı yaşadığını
söyləyir. O, könlünü uca Allaha bağlamışdır,
bir an (nəfəs) belə Ondan ayrılmaq istəmir. Deyir ki, istəsə idim, zühdün
qapısını bağlayıb məclisə gedərdim,
insanların sırasına qoşulardım, məclisi
qızışdırardım, ancaq mənim ağacım
guşədə kök atmışdır, yerindən
qoparılsa, kökü quruyar (süst olar). Qırx çilədən və min xəlvətdən
sonra məclisə getmək işə yaramaz, sel daşıb
coşan zaman Reydən Buxaraya səfər lazım deyil.
Xalqa nə qədər az görünsəm,
o qədər yaxşıdır, Humay az-az
göründüyü üçün humayun oldu.
Nizaminin zühd həyatı dində, elmdə, irfanda dərinləşmə,
oxuma, öyrənmə, yazma həyatıdır. O, insanları cəhalət
adlı düşmənin pəncəsindən xilas etmək
üçün canını fəda edir, gecə-gündüz
çalışır, həqiqəti tanıdır, doğru
yolu göstərir.
Nizami
çilə çəkdiyini söyləyir, deyir ki,
insanı acılar yetişdirir, bu dünyadan mənə ancaq
məlalət çatdı, xəlvət bir guşədə
aram tutmuşam, evin qapısına uca səmalar kimi
qıfıl vurmuşam, adam üzünə
bağlıdır, bilmirəm ki, dövran necə keçir,
yaxşıdan, yamandan dünyada nə keçir,
"ölü bir şəxsəm, ancaq mərdanə gedirəm,
bu dirilər karvanı ilə gedirəm, ancaq bu karvandan deyiləm",
bir nəfəs çəkincə yüz ürək dərdi
çəkirəm, uca Allahdan başqa kimsəyə möhtac
olmaq istəmirəm, kaş imkanım ola idi, insanı insana
möhtaclıqdan qurtara idim, xəlvətə çəkildiyim
bu guşə "qan dairəsidir", nəfslə savaş
meydanıdır.
Nizami xəlvətdə cihad halındadır, nəfsini
məğlub etmək, qəlbini nəfsin əsarətindən
qurtarmaq istəyir. Bilir ki, qəlb arınmasa, orada bakirə
mənalar doğulmaz, canını (nəfsini) verməsən,
mənanı ala bilməzsən, qəlbin soltanı olan uca
Allah kirli qəlbə rəhmət, bərəkət və məna
nazil etməz. Şair arınmaq üçün
çilə çəkir, göz yaşından,
üzünün sarılığından öz
divarını palçıq samanla suvayır, arpa
çörəyi yeyir, nəfsin müqavimətini
qırdıqca ürəyi söz xəzinəsinə hamilə
olur:
... Mən
dünyanı oyunla başa vurmadım,
Yeməkdən, yatmaqdan savayı başqa işim də
var idi.
Bir gecə
də olsun, mən yatağa rahat girmədim,
Elmin yeni bir qapısını açmadan.
Qəlbim
qadın deyil, bəlkə, çaxmaq daşıdır,
Məryəm tək boyludur, ancaq bakirədir.
Ər
axtarmağa onun (qəlbimin) ehtiyacı varmı,
O,
daşdan, dəmirdən atəş çıxarır...
Nizami
deyir ki, qəlb arınmasa, nəfs cilovlanmasa,
varlığın uca Allaha təslim olmasa, bakirə mənalardan
gözünü yığ, söz dəryasına tilov atma,
bil ki, öncə cihad, sonra nemət ölçüsü
var. Ucuz sözlərdən qaç, ömrünü israf etmə,
dərin mənalar əmək istəyir, çalış, fədakar
ol, axtar, yeni, gözəl söz demək mədəndən
qızıl çıxarmağa bənzəyir, çox əziyyətli
işdir, yetişmiş meyvən yoxdursa, onu bazara
çıxarma:
... Bu
gözəlin (sözün, əsərin) üstündən
ipək örtüyü o vaxt götürərəm ki,
O uca xurma
ağacı kimi yetişmiş olsun.
Əgər
sən meyvəsi dəyməmiş bir ağaca çatsan,
Onu silkələməyə başlasan, demək,
özün kalsan.
Kal əncir
əzməklə yumşala bilər,
Ancaq yeyəndə ağzını qanadar.
Budaqda
çiçəklər vaxtından qabaq gülməsə,
Ağac bol meyvə gətirər.
Torpağın
ki sinəsi boş oldu,
Onun
üstündə bina qurmaq olmaz...
Nizami qəlbi
arındırmağın yol və metodunu da göstərir:
... Öz
qapımı camaatın üzünə suvamışam,
Burada öz taleyimə şad olmuşam.
Qırx
gün öz noxtamı bərk tutdum,
Axı qırx gündə gönün
aşılanması bitir.
Dörd
balışda mən səbat görmədiyim
üçün,
Bu dörd divarın içində oturdum.
Dəyirmanıma
atılan hər bir arpaya,
Gövhərşünasa bir dürr qaytardım.
O söz
yaradan sənətkara min afərin,
Ki, hər
bir arpadan bir cövhər yaradır...
Nizami öz dövründə və bu gün
"şair saqidən, şərabdan, məclisdən
çox danışır" deyərək ona kinayə edənlərə
cavab verir. Deyir ki, bu məclis aşiqlərin, elm, irfan əhlinin
məclisidir, mey də varlığını uca Allaha təslim
edənlərin mükafatıdır, ilahi feyzdir, rəhmət
yağışıdır, xeyir-bərəkətdir, mənadır.
Sən aşiqləri və aşiqliyi doğru tanı, onlar
uca Allah sevgisi ilə məst olmuşlar:
... Ey
yollara qalib gələn Xızır, sanma ki,
Meydən mənim məqsədim meydir.
O meydir
ki, mən onda dalğınlıq axtarardım,
O
dalğınlıqla məclis düzəldərdim.
Mənim
saqim-Allahın vədəsidir,
Səbuh-məst olmaq, mey-dalğınlıq
üçündür.
Yoxsa
Allaha and olsun, ömrümdə heç vaxt,
Dodağımın ucunu da şəraba
bulamamışam.
Əgər
mənim dodağıma cam dəyibsə,
Qoy
Tanrının halalı mənə haram olsun!
Nizami deyir ki, sevgi (eşq) uca Allahın nemətidir, cazibədir,
nurdur, o, insanın qəlbini yuyar, onu mənəvi kirlərdən
təmizləyər, tərbiyə edər, dəyişdirər. Sevgi
gücdür, enerji qaynağıdır, o, insanın bəsirət
gözünü açar, ona şəfqət, mərhəmət,
səbir bəxş edər, sevdiyinə qovuşdurar. Sevginin ölçüsü itaətdir, sevən
sevdiyinə itaət edər. Sevgi hərəkətdir,
fədakarlıqdır, sevən sevdiyinə hər şeyini fəda
edər. Sevgi ümiddir, sevən yasa batmaz,
inanar, çalışar, aktiv olar.
Nizami öz dövründə və bu gün "o, şahları tərifləmişdir" deyərək ona kinayə edənlərə cavab verir. Bir örnək verək. Şair Nüsrətəddin Əbubəkri tərifləməsinin səbəblərini açıqlayır, əslində, bir liderin özəlliklərini sayır: Güclüdür, ölkəsini qoruyur, xəzinəsi insanlara xidmət edir, qayğıkeşdir, nemətlər verir, əvəz istəmir, döyüşkəndir, cəsur sərkərdədir, zahiddir. O, insanları rifah içində yaşatdı, onun əməli ilə "ölkə yaşıllıq tapdı, cənnət oldu", düyünləri açdı, problemləri həll etdi, ədaləti minlərlə ölmüş könlü diriltdi, xeyir işin dalınca getdi, xeyirxah oldu, uca Allahı unutmadı, fateh idi:
... Bunlardan başqa mən səndə yenə altı xislət görürəm,
Qoy onlar aydan-aya, ildən-ilə möhkəmlənsin.
Biri odur ki, öz bəzəkli xəzinəndən,
İstənilməmiş arzuları belə verirsən.
İkincisi - sənin kərəminin (insanlığının) ölçüsü yoxdur,
Özü də haqqını biləndən əvəz istəməzsən.
Üçüncüsü - ürəyin şəfqətlə bəzənib,
Məzlumu sən dada çatdırırsan.
Dördüncüsü - sən bayrağı Sürəyyaya taxmısan,
Xurşid kimi qoşunu təkbaşına qaçırdırsan.
Beşinci odur ki, müqəssir üzr istəyərsə,
Öz kərəminlə onun günahını, əfv edərsən.
Altıncısı-əhdə, peymana sadiq qalmaqdır,
Vəfadarlığı heç vaxt unutmamaqdır.
Altı cəhət qoy sənin nurundan məhrum olmasın,
Sən bu altı xislətdən uzaq olmayasan!
Siracəddin HACI
AMEA Nizami
adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi
işçisi
525-ci qəzet.- 2016.- 5 avqust.- S.4.