Elm və mədəniyyət
ocağında keçən
mənalı
ömrün səhifələri
Əməkdar mədəniyyət
işçisi Gülbəniz Babaxanlının 60 illik yubileyinə
Azərbaycanın
elmi ictimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası alim
və mütəxəssisləri, ölkəmizin ədəbiyyatşünaslıq
sahəsinin çoxsaylı tədqiqatçıları və
mədəniyyət sahəsinin mütəxəssisləri,
dünya cavidşünaslığının nümayəndələri,
çalışdığı kollektivin əməkdaşları
filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət
işçisi Gülbəniz Babaxanlıya vətənpərvər
ziyalı, zəhmətkeş tədqiqatçı alim, Cavidlər
irsinin yorulmaz təbliğatçısı və
qayğıkeş insan, böyük şəxsiyyət kimi
daim hörmət bəsləyirlər.
Gülbəniz İbrahim
qızı Babaxanlı 1956-cı il avqust
ayının 4-də Azərbaycanın dilbər guşələrindən
biri olan Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunda ziyalı ailəsində dünyaya göz
açmışdır.
1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsini filoloq ixtisası üzrə
bitirmiş, 1992-ci ildə namizədlik, 2011-ci ildə doktorluq
dissertasiyasını müdafiə etmişdir.
1974-cü ildən əmək fəaliyyətinə
başlayan Gülbəniz xanım, 1979-cu ildən 2004-cü ilə
qədər AMEA Nizami adına ədəbiyyat
muzeyində zal baxıcısı kimi fəaliyyətə
başlayaraq özünü bacarıqlı, işgüzar və
səriştəli kadr kimi təsdiqləmiş və “19-20-ci
əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin
müdiri vəzifəsinə qədər yüksəlmişdir.
2004-cü ildən AMEA Hüseyn Cavidin Ev
Muzeyinin direktorudur.
Görkəmli ədəbiyyatşünas
alim, fil.ü.e.d. Gülbəniz
Babaxanlı dahi Cavidə böyük sevgisini təkcə
sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti
ilə cavidşünaslığa misilsiz töhfələr
vermiş ziyalılardan biridir.
2004-cü ildə Hüseyn Cavidin Ev Muzeyinə direktor təyin olunduqdan sonra
G.Babaxanlı Cavid irsinin təbliği, tədqiqi və nəşri
sahəsində, eləcə də
cavidşünaslığın inkişafı istiqamətində
elmi fəaliyyət göstərir. Onun son illərdə
elmi tədqiqat fəaliyyəti
cavidşünaslığın başlıca predmeti kimi ədibin
zəngin ədəbi-fəlsəfi və bədii-estetik
irsinin obyektiv şəkildə, elmi əsaslarla düzgün
qiymətləndirilməsinə yönəlmişdir.
Bütün
dövrlərdə tədqiqat predmeti olan Cavid
yaradıcılığı, özündə əks etdirən
ümumbəşəri fəlsəfi ideyalarla dünyanın
böyük sənətkarlarının əsərləri ilə
səsləşdiyindən onun
yaradıcılığından yazmaq və əsərlərini
təhlil etmək hər bir tədqiqatçıdan
böyük məsuliyyət tələb edir. Bu
baxımdan G. Babaxanlının bir cavidşünas-alim kimi elmi
tədqiqat fəaliyyətində aşağıdakı
mühüm problemlərin həlli diqqət mərkəzində
durur:
1. Hüseyn Cavidin və
ümumilikdə cavidlər ailəsinin həyat və
yaradıcılığının geniş oxucu kütləsinə
çatdırılması;
2. Cavidin müxtəlif dövrlərdə
(sağlığında, sovet dönəmində və
müstəqillik illərində) çap olunmuş əsərlərinin
yenidən nəşri, elmi təhlili, romantik bir şair kimi ədibin
dramaturgiyasının təhlilini verən elmi-nəzəri
monoqrafiyaların və məqalələrin yazılması.
Ədəbiyyatşünas
alimin elmi tədqiqat fəaliyyəti bir daha onu təsdiqləyir
ki, dahi Cavidin sənəti Azərbaycan xalqının milli-mənəvi
və bədii-fəlsəfi irsi kimi daim tənqid və ədəbiyyatşünaslığın
diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə
AMEA Hüseyn Cavidin Ev Muzeyində son
dövrlərdə cavidşünaslığa böyük
töhfə olan mühüm nailiyyətlər əldə
edilmişdir. Belə ki, G.Babaxanlının ideya
müəllifliyi ilə muzeyin elmi fəaliyyətinin əsas
istiqamətlərindən biri kimi “Cavidşünaslıq”
çoxcildli toplusu hazırlanmışdır. Toplunun
2012-ci ildə nəşr edilən 10 cildində böyük
şair Hüseyn Cavidin zəngin irsi haqqında müxtəlif
illərdə (1912-1983) mətbuat səhifələrində dərc
olunmuş məqalə və resenziyalarla yanaşı, həm
də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar
öz əksini tapmışdır. Özündə
əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli
nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar
üçün dəyərli bir mənbədir.
Cavidşünas
alimin uzun illər apardığı elmi tədqiqat işinin nəticəsi
olaraq təhlili-təsviri ədəbiyyatşünaslıq
üslubunda yazdığı “Azərbaycan ədəbi fikri və
Hüseyn Cavid” monoqrafiyası da mühüm elmi aktuallıq kəsb
edir. 2010-cu ildə nəşr edilmiş kitabda müəllif
qeyd edir ki, XX əsrin 20-30-cu illərində Cavid
yaradıcılığı ilə bağlı çoxlu
sayda məqalələr, resensiyalar, elmi yazılar çap
olunsa da, cavidşünaslığın bir elm kimi
formalaşması 60-cı illərə təsadüf edir. Çünki, Cavidlə bağlı həmin
yazıların əksər hissəsi onun
yaradıcılığının elmi təhlilinə yox, əsərlərinin
sosioloji planda açıqlamasına həsr olunmuşdur.
Cavidşünaslığın
keçən əsrin 60-90-cı illər mərhələsini
G.Babaxanlı onun bir elm kimi yaranması, formalaşması və
inkişafı kimi səciyyələndirir. Əsası akademik Məmməd Cəfərin
“Hüseyn Cavid” monoqrafiyası ilə başlanan bu dövr
cavidşünaslıqda ən məhsuldar mərhələ
hesab olunur.
Romantik bir sənətkar
kimi Hüseyn Cavidin yaradıcılığı ilə
bağlı qələmə alınan elmi-nəzəri
yazılar G.Babaxanlı tərəfindən ayrıca təhlil
hədəfinə çevrilir. Bu dövrdə
“Cavid teatrı” anlayışı da ədəbi dövriyəyə
daxil olur ki, Azərbaycan teatr sənətini və mədəniyyətini
dahi Cavidin dramaturgiyası olmadan təsəvvür etmək
qeyri mümkündür. Məhz buna
görə də, G.Babaxanlı bu mövzuya monoqrafiyada
xüsusi yer vermişdir.
Müstəqillik illərindən
başlayaraq cavidşünaslıqda yeni bir mərhələ
başlayır ki, burada Cavid yaradıcığı ilə
bağlı çox az işlənən
mövzular aktuallıq kəsb edir: Cavid və sufizm, Cavid və
türkçülük, sənətkarın estetik idealı,
Cavid irsi və müasir ədəbiyyatımız, Cavid və
gerçək dünya və s. göstərilən
mövzuların elmi təhlili kitabda mühüm yer tutur.
2013-cü ildə
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
fil.ü.e.d. Gülbəniz
Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid”
monoqrafiyası çap olunmuşdur. Tədqiqat
əsərində Ulu öndərin mədəniyyət siyasəti
kontekstində iki dahinin münasibətləri araşdırma
obyektinə çevrilmişdir.
Kitab özünəməxsus
üslubu ilə Azərbaycan tarixində əvəzsiz rol
oynamış, hətta ölkə tarixinin axarını
müəyyənləşdirmiş iki böyük şəxsiyyətin
– Heydər Əliyevin və Hüseyn Cavidin fəaliyyətlərindəki
qarşılıqlı münasibətləri geniş oxucu
kütləsinə çatdırır. Belə ki, Azərbaycan
klassik ədəbiyyatının, o sıradan Cavidin mütərəqqi
humanist ideyaları, bəşəri görüşləri,
insansevər və vətənpərvər ənənələri
ruhunda böyümüş Heydər Əliyev Azərbaycan
xalqının əbədi və əvəzedilməz liderinə
çevrildikdən sonra öz haqq işində daim bu ənənələri
rəhbər tutmuşdur.
Görkəmli
cavidşünas-alimin elmi fəaliyyətinin əsas nailiyyətlərindən
biri də Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin zəngin
irsini özündə əks etdirən “Azərbaycan qeyri-maddi
mədəniyyət abidələri və Ərtoğrol Cavid”
çoxcildli kitabının hazırlanması və nəşridir.
Çoxcildli kitab G.Babaxanlının layihəsi və tərtibçiliyi,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2011-ci il tarixli sərəncamı ilə 10 cildi
2011-ci ildə, 3 cildi isə 2015-ci ildə çap
edilmişdir. Ərtoğrol Cavidin çoxyönlü fəaliyyətinin
əsas istiqamətlərindən biri kimi, onun AMEA Hüseyn
Cavidin Ev Muzeyində saxlanılan materiallar əsasında
folklorşünaslıq irsini özündə əks etdirən
13 cildlik nəşrlə oxucuların istifadəsinə verilən
materialların bir qismi orijinaldır, bir qisminin variantları isə
çap olunub.
“Azərbaycan
qeyri-maddi mədəniyyət abidələri və
Ərtoğrol Cavid” çoxcildliyinə görə
G.Babaxanlı 26 aprel 2012-ci ildə HUMAY-XXII Akademiyası tərəfindən
“HUMAY” Milli Mukafatı ilə təltif edilmişdir.
Bütün ömrünü
valideyinlərinin və qardaşının xatirəsinin
yaşamasına, Hüseyn Cavid və Ərtoğrol Cavid
irsinin toplanıb təbliğ olunmasına, Cavidlər ailəsinin
nurunu yaşadacaq ev-muzeyinin yaradılmasına həsr etmiş
Turan Cavidin zəngin irsi də fil.ü.e.d. G.Babaxanlının
elmi fəaliyyətinin digər bir tədqiqat obyektidir.
Belə ki, 2014-cü ildə Turan Cavidin yaradıcılıq və
araşdırmaçılıq missiyası ilə keçən
maraqlı və zəngin həyat yolu, onun şəxsiyyəti
və ictimai fəaliyyətini özündə əks etdirən
materiallar əsasında Gülbəniz Babaxanlının layihəsi
və tərtibçiliyi ilə “Turan Cavid: Ömür salnaməsi”
kitab-albomu çap olunmuşdur. Kitabda 100-ə
yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənəd
yer almaqla Turan Cavidin bütün həyat və
yaradıcılığına işıq
salmışdır. İlk dəfə
olaraq bu kitabla Turan Cavid haqqında olan materiallar sistemli və
kompleks şəkildə toplanaraq nəşr halına gətirilmişdir.
Hüseyn Cavidin və cavidlər
ailəsinin zəngin irsinin təbliği məqsədi ilə
G.Babaxanlı respublikada və xaricdə - İtaliya,
İspaniya, İran, Türkiyə, Rusiya, Türkmənistan,
Özbəkistanda keçirilən konfrans və sərgilərdə
iştirak etmiş, beynəlxalq elmi jurnallarda məqalələri
dərc olunmuşdur.
G.Babaxanlı 12 ilə
yaxındır ki, taleyini AMEA Hüseyn Cavidin Ev
Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı,
eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır.
O, yüksək səriştə və bacarığı sayəsində
qısa müddət ərzində muzeyin fəaliyyətində
əsaslı dönüş yaratmışdır. Onun rəhbərliyi və bilavasitə
iştirakı ilə Muzeydə fondlar və onlarda qorunan
eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş,
bir sıra yeni orijinal eksponatlar əldə edilmiş,
ekspozisiyanın yeniləşdirilməsi üçün
müvafiq muzey avadanlığı alınmış, müxtəlif
məzmunlu sərgilər hazırlanmışdır. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və
kitab-albomların çap olunması təşkil
edilmişdir. G.Babaxanlının təşkilatçılıq
fəaliyyəti nəticəsində xarici ölkə muzeyləri
və alimləri ilə elmi əlaqələr
yaradılmış, muzeyin sərgiləri Almaniya, Norveç,
Rusiya və s. ölkələrdəki muzeylərdə
nümayiş olunmuşdur.
Məhz buna görədir
ki, cavidşünas bir alim kimi Gülbəniz
Babaxanlının Cavid irsinin təbliği və tədqiqi sahəsində
elmi və təşkilatçılıq fəaliyyəti Azərbaycan
ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları
03 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının 70 illik yubileyi münasibətilə
imzaladığı “Azərbaycan Milli Elmlər
Akademiyasının əməkdaşlarına fəxri
adların verilməsi haqqında” sərəncamla Azərbaycan
elminin inkişafında xidmətlərinə görə, AMEA
Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər
doktoru Gülbəniz İbrahim qızı Babaxanlını
“Əməkdar mədəniyyət işçisi” fəxri
adına layiq görməklə Hüseyn Cavidin zəngin
irsinin təbliği və tədqiqini yüksək qiymətləndirmişdir.
İnsan ömrünün kamilliyə
və müdrikliyə qovuşduran mərhələsi hesab
edilən 60 illik yaşa öz zəhməti, intellektual zəkası
ilə qədəm qoymuş, dəyərli şəxsiyyət,
görkəmli alim və ziyalı insan Gülbəniz
Babaxanlıya uzun ömür, möhkəm cansağlığı,
elmi və təşkilati fəaliyyətində yeni-yeni
müvəffəqiyyətlər və nailiyyətlər azru
edirik!
Natiq Mürsəlov
Azərbaycan Milli Elmlər
Akademiyası
Hüseyn Cavidin Ev
Muzeyinin elmi katibi.
525-ci qəzet.- 2016.-
9 avqust.- S.4.