Səcdəyə dəvət –
Professor Nizami Cəfərova açıq məktub
Əzizim
Nizami!
“Azərbaycan”da “Keçən
günlərin tərcümeyi-halı”nı oxudum.
Mübarək olsun!
Gözəl bir əsər yazmısan. Hər kəs (və hər
yaşlı oxucu) öz nəslinin keçdiyi yola nəzər
salır. Sizin yanınızda özünü
görür. Mən də. Bizim yaşıd olduğumuzu, ancaq təqvimhesabı fərqimizi bilməzdim!
Oğuzlardan çox yazmışdınız,
mən də oxumuşdum. Burada onların saz
havasını da eşitdim. Çox şad oldum.
Birinci dəfəydi
ki, bədii əsəri
gülə-gülə, arada bir də tutula-tutula oxuyurdum. İndiyə qədər bu
yazımız haradaydı!
Bu bədiilik, bu yumor, bu müdriklik, bu pak ürəkaçıqlığı
hardaydı!
Dahi insanlarla
oturub-durmusan, görüb
götürmüsən. Eşitdiklərini də “bir- bir” yadda saxlamısan.
İndi də onların yadigarı, varisi kimi danışmağa
haqqın var.
Məni
mənə qaytaran qələminə eşq olsun!
“Həm orta məktəbdə, həm
də universitetdə çox böyük dilçi müəllimlərdən”
aldığın dərslər səni xoşbəxt edib.
O biri xoşbəxtliyi də “... böyük dilçi müəllimlər
nə yazdılarsa demək olar hamısını oxudum, nə
dedilərsə hamısını anlamağa çalışdım...
Hər birindən qayğı, kömək, hörmət (və
müdafiə) gördüm”dən almısan.
Bu, heç şübhəsiz,
birinci növbədə Azərbaycan gəncliyinə
ünvanlanmış müraciətdi, əslində
çağırışdı.
Nümunə göz qabağındadır:
Sən!
Əlbəttə, söhbət istedaddan gedir. Heç kəs durduğu yerdə heç kəsə
“qayğı, kömək, hörmət” göstərməyib.
Hələ “müdafiə” etməyi demirəm.
Sənin ilahi istedadın ilahi istedada malik müəllimlərinin də
diqqətini özünə çəkmişdir.
Mənə də yaxın olan o adları xatırlayırsan: Muxtar
Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov,
Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə, Aydın Məmmədov,
Kamil Vəliyev, Firudin Cəlilov...
Təbiidir ki, bu müəllimlərin də hərəsinin
öz iş prinsipi, xasiyyəti, ünsiyyəti,
davranış qaydaları, sevinci, kədəri olmuşdur.
Ən maraqlısı
budur ki, bu müxtəlif
qütblü insan xarakterlərinin -müəllimlərin
heç biri sənə ögeylik göstərməyib. Ögeyliyi səndə də
görməyiblər.
Sən bu “Tərcümeyi-hal”ınla oxuduğun,
dərs aldığın universitetə, bu təhsil
ocağına da əzəmətli bir abidə qoymuş
olursan, biz oxucuları da müqəddəs bir ziyarətgahın
səcdəsinə dəvət edirsən.
Bu da hər bir tələbə-məzunun minnətdarlıq
borcu kimi qəbul edilməlidir.
Belə bir minnətdarlıq hissilə adını çəkmədiyin
başqa bir kənd müəllimini də xatırlayırsan. Sənə “imla deyəndə əvvəl mətnə
baxıb “Minqeçaur”, sonra təkrar eləyəndə “Mingəçöür”
deyərmiş.
Sən bizim bu “yerli
nitq mühiti”ni də mehr-ülfətlə
xatırlayırsan, unutmursan: “Bu, o qədər təbii idi ki,
Bakıdan geri dönmüş müəllimlərin (onlar da kənddən
getmişdilər) ədəbi tələffüzünə
birtəhər baxırdıq. Və yavaş-yavaş onlar da
“düzəldirdilər”.
Mənə elə gəlir,
Nizami, sən bütün müəllimlərdən
bircə dərs almısan: Yaxşılıq!
Bəlkə dünya elmi biliklərinin son məqsədi elə budur:
insanda (yaxşılıq dediyim) insanlığı oyatmaq!
Fransa intibahının
öncüllərindən Rablenin
bir sözünü xatırlayıram. Yadına salmaq istərdim. Təxminən
o belə deyirdi: İlahi, özümüzü həsr etmək
üçün, kaş beş yox, on-on beş hiss
üzvümüz olaydı!
Əlbəttə, onda insan özünü
də, dünyanı da daha dərindən dərk edərdi. Olana təəssüf etməzdi.
Dünyanı - təəssüf üstə qurulan bir cah-cəlala
bənzətməzdi.
İnsan öz boyundan uca olduğunu da görərdi.
Nizami, sən
“Yavaş-yavaş ahıllaşdığını”
necə gördün?
Sənin ahıl yaşın - mənim
gəncliyimdi.
Amma mən görürəm ki, sənin
daxili intibahın o sözləri deməyə tam haqq verir. Çünki sənin
“ahıllaşmağın” yaşla
ölçülmür. Səndəki ədalət
hissi, həssaslıq, xeyirxahlıq, elmi
dünyagörüşü “tərcümeyi- hal”ın
çap olunduğu jurnalın bütün səhifələrinə
səpələnibdir.
Bu günlərdə bizim “Ədəbiyyat
qəzeti”ndə də “Türklərin bölünməsindən
türk xalqlarının təşəkkülünə”
adlı iri həcmli tədqiqat
məqaləni oxudum. Və yenə çox şey öyrəndim.
Tələbəlik illərində “vaxtında
qaldırılmış məsələ”
kimi müəlliminizin qiymətləndirdiyi “Qazax dialekti: Azərbaycan
dilindən Türkiyə türkcəsinə” məqaləndən
sonra “həmin mövzunu işləyib başa çatdıra
bilmədim” deyə təəssüflənirdin.
Bu gün sən
türklüyün və türkologiya
elminin ən görkəmli şəxsiyyətlərindən
biri kimi sevilirsən. “Türk dili tarixinin əvəzsiz
araşdırıcısı” prof. Dr. Əhməd Cəfəroğlu
ilə Ziya Göyalpla adını yanaşı
hallandıranları özüm eşitmişəm və təbiidir
ki, bu millətin oğlu kimi fəxr etmişəm.
Yeri gəlmişkən,
Antalyada keçirilən
Türkoloji Qurultayı yadına salmaq istəyirəm. Rəhmətlik müəllimin
Tofiq Hacıyev də onda sağıydı. Qurultayda iştirak
edirdi.
Dedim Nizami, dərdiş, get öz yerində əyləş, Rəyasət
Heyətində, işimizə başlayaq. Üzündə təbəssüm
gördüm, elə bilirdin zarafat eləyirəm.
Bir azdan bizim Prezidentimiz cənab
İlham Əliyev Türkiyənin prezidenti cənab Təyyub
Ərdoğanla salona daxil oldular. Hələ qurultay
başlamamışdı. Az keçmədi ki, səni Rəyasət
Heyətinə dəvət etdilər. O Türkoloji Qurultay indi
də yadımdadır.
Bu dəfə aşağı
sırada mən gülümsədim.
Hər şey aydın idi.
Əzizim
Nizami!
Sənin bu “Tərcümeyi-halın”
hələ bizim Qazax mahalında səndən
qabaq başlamışdı.
Bizim milləti
öz ata- baba
torpaqlarından zorla köçürmüşdülər.
Sonralar sənə həsr etdiyim “Nizami” adlı poemadan bir-iki bəndi
burada misal gətirmək istəyirəm:
...Nizami, millət də bəzən tək qalır,
onu da tək görüb hərifləyirlər.
Unu ələyirlər, bir kəpək
qalır,
unu yox,
kəpəyi tərifləyirlər.
...Bu biri “demokrat”, o biri
“köçkün”,
bizim bir millətin iki adıydı.
Vedili Vediyə dönəcək bir
gün,
Təbrizli Təbrizə
qayıtmalıydı.
Gözümdə bu sahil, o sahil
ağlar,
Məni soraqlayın Araz, Kür boyu.
Dostundan ayrılan - yeddi il ağlar,
Vətəndən ayrılan
bir ömür boyu.
...Demə, Moskvaymış işləri
quran,
dinib- danışanın yanırdı içi.
Erməni- şovinist,
fars- aravuran,
biz də Kirovkada - beynəlmiləlçi!
Tehran “dost” sözünü
şübhəli deyir,
Nə mənə dost olur, nə sənə
qardaş.
Fars qalxıb minbərə:
“Ya Əli!” deyir,
Minbərdən düşəndə:
Vazgenə - qardaş!
Əzizim
Nizami!
1949- cu il. Ağstafa dəmir yol
vağzalı. Ata-baba torpağı Ermənistandan
köçürülən azərbaycanlıların ailə
köçü ilə doluydu.
Mərhum atanız Qulu müəllim də onların arasında gənc,
yaraşıqlı bir oğlan idi. O da
Vedibasardan pənah gətirmişdi.
Bizim Zəlimxan kəndində yerləşdilər. Kəndimizin
ən gözəl qızlarından birini seçib evləndi.
Sən mənim Savad bacımı belə təqdim edirsən (və
yanılmırsan!): “...dünyanın ən böyük
dilçisi, ədəbiyyatşünası, tarixçisi (və
ictimai xadimi) saydığım, on yaşımda itirdiyim
atamı əvəz etməyə çalışan (və əvəz
edən!) anam...”
Bu ürəyinə görə,
minnətdaram, Nizami!
Sonrakı sıxıntıların müqabilində
sən həyatı, insanları sevdin. Ağır güzəran səni
insanlarla ünsiyyətə səslədi. Sən də bu səsə
səs verdin.
Tələbəlik illərində dilçi
müəllimin prof. Əlövsət
Abdullayev sənə “gəl dalımca” deyib, aspiranturada
saxlanılmaq üçün ərizənin üstünü
yazdırıbdısa, mənim ədəbiyyat müəllimim
böyük yazıçı Mir Cəlal da eyni sözü,
ancaq sənin iki- üç yaşın olanda, 1962- ci ildə
“gəl dalımca” deyib, məni universitetin aspiranturasına
aparmışdı.
Görürsənmi, tərcümeyi- halda da qohum çıxırıq.
Sənə minnətdaram ki, mənim baş redaktor olduğum vaxtlarda
“Ədəbiyyat və incəsənət” qəzetinə
işə gəlməyini və bizimlə işlədiyin həqiqətən
taleyüklü o günləri də bu qiymətli əsərində
özünəməxsus həssaslıq və müdrikliklə
qələmə almısan.
Böyük yazıçımız Anar
müəllimin sənin qəzetdə
işə düzəlməyində xidməti olmuşdu.
Mən də sənin kimi iş yoldaşlarımız - Sabir Əhmədovu,
Əşrəf İbrahimovu, Vidadi Məmmədovu, Davud Nəsibi,
Kamilə Neməti, Qafar Namazəliyevi ürəkağrısı
ilə xatırlayıram. Çox tez köçüb getdilər.
Sən demiş, “təskinliyimiz isə odur ki, bu dünyada
özləri barədə gözəl təəssürat
qoydular. Çox yerdə, o cümlədən də “Ədəbiyyat
qəzeti”nin səhifələrində”.
Sənin dörd illik gərgin qəzetçilik fəaliyyətinin
nəticəsi o oldu ki, qəzetimiz yüz iyirmi min tirajla
çap olunmağa başladı.
Mən o illərdəki
günləri burada xatırlayası olsam,
mətləb uzanar. “Mənim ədəbi taleyim” adlı bir kitabça nəşr
etdirmişəm. Orada səndən də, başqa qələm
dostlarımızdan da minnətdarlıqla yazmışam.
Sənin bu əsərin həqiqətən bir yox, bir neçə nəslin
“tərcümeyi- halıdı”.
Dünən babasıgildə qalanda
özünü “gəlmə” sayan, nənəsigilə
gedəndə “gələcəm”, “gedəcəm” dediyinə
görə evdəkiləri özünə güldürən
və “zarafatla” “irəvanlı” çağrılan bir
uşağın haqqında
sonralar “Türkiyənin dövlət xadimlərilə
görüşlərin birində Heydər Əliyevin Mərkəzin (Atatürk Mərkəzinin)
başqanı barəsində (yəni sənin barəndə)
işlətdiyi - “çox böyük bir professor” - ifadəsi
və o görüşün özü Ulu öndərin peyğəmbər
uzaqgörənliyilə Türk dünyasına böyük və
gənc mütəffəkirin, əslində isə bir taleyin təqdimatı
mərasimiydi.
O, burda da yanılmamışdı.
İndiyə qədər aldığım
(və bundan sonra alacağım)
adların ən böyüyü dediyiniz Tanrı hədiyyəsi.
Nəriman HƏSƏNZADƏ
525-ci qəzet.- 2016.- 6 avqust.- S.19.