Afaq Məsud
dünyası
“Azadlıq” romanı Afaq Məsudun ən çox
müzakirələr obyekti olmuş əsəridir ki, bunu,
ümumiyyətlə, təbii saymaq olar.
Və
yazıçının özü də bu romanı
vaxtaşırı şərh etmiş, ən müxtəlif
xarakterli suallara cavab vermiş, məsələlərə mümkün qədər
aydınlıq gətirməyə
həmişə ehtiyac duymuşdur.
“Son dövrlər “Azadlıq” romanınız xeyli səs-küyə
səbəb oldu. Əlbəttə ki, bu romanda
toxunduğunuz hadisələrin demək olar ki, böyük
hissəsi cəmiyyətin gözü qarşısında
baş verib. Bunu hamı bilir. İnanırdınızmı ki,
yazdıqlarınız təfəkkürlərdə, yaddaşlarda
hansısa dönüş nöqtəsinin yaranmasına səbəb
olacaq?” sualına müəllif belə cavab verir:
“Əslində,
bu əsərlə mən “Azadlıq” məfhumunu həm fəlsəfi,
həm bəşəri, həm də sətri mənada
açıqlamağa cəhd eləmişəm. Cəmiyyətdə hay- küyə səbəb,
olsun ki, bayaq dediyimiz həmin o gerçəkliklərlə
bağlı azadlıqlara münasibətimdir.
Keçmiş sovetlər məkanından ayrılıb,
öz müstəqilliyinə qədəm qoymuş bir ölkənin
vətəndaşları daha hansı azadlığı istəyirdilər?..
Bunu özləri anlayırdılarmı?..
Roman - o illər Azərbaycanda baş verənlər, ölkəni
başına
bürümüş kütləvi
çaşqınlıqlar, xaos və mitinqlər dönəminin iştirakçısı olmuş
ayrı- ayrı fərdlərin azadlığına varır. Dünya yaranandan
bəri şirin azadlıq sevdasıyla yaşayan insan son nəticədə azad ola bilirmi?.. Dərinə
gedəndə, görürsən ki, böyük mənada,
yox”...
...
“Azadlıq” romanında heç bir yazıçının toxunmadığı, cəsarət
tələb edən bir mövzuya toxunmusunuz. Bu əsər nədən
yarandı və bu əsərdən sonra rəsmi dairələrin
reaksiyası və yaxud hər hansı təzyiq, ya
təsirlə
qarşılaşmamısınız ki” sualına isə
müəllifin cavabı bundan ibarətdir:
“Belə
bir əsəri yazmaq arzusu - yuxuların insanın təkcə
fizioloji halı yox, onun ruh aləminin, başqa sözlə desək,
özünün özündə yaşadığı real həyatı
olduğunu
anladığım müəyyən bir zaman kəsiyindən
sonra yarandı. İndi çoxları əsəri siyasi roman kimi qiymətləndirir...
Əsər isə psixoloji- mistik faciədir... Düzdür,
roman son illər ölkənin ictimai- siyasi həyatını,
bir formasiyadan o birinə keçid mərhələsində
baş verən hadisələri və şəxsiyyətləri
kifayət qədər əhatə edir. Lakin bu, heç də
siyasi ədəbiyyat deyil”...
“Azadlıq”
romanının zahiri strukturu nə qədər sadədirsə,
“batini” strukturu
o qədər mürəkkəbdir... Və bəri başdan
deyək ki, “Azadlığ”a ön söz
kimi “Romanı yazmağım barədə”ki qeydlər,
fikrimizcə, “Azadlığ”ı daha dərindən anlamaq
üçün, demək olar ki, heç bir informasiya vermir. Və
bu izahat, görünür, yazıçının istənilən
hekayəsinə, romanına, dramına (bütövlükdə
yaradıcılığına!) emosional ön söz ola bilərdi.
Birinci fəsil
keçən əsrin 80- ci illərinin sonu 90-cı illərinin
əvvəllərində Azərbaycanda gedən mürəkkəb
ictimai-siyasi (və sosialpsixoloji) vəziyyətin mükəmməl
bir mənzərəsini yaradır...
Cəmiyyətin
hər zümrəsi öz “mövqey”ini (variantını) irəli
sürür... Bir tərəfdən də mitinqlər...
Və bu
mitinqlər sosial olduğu qədər də psixoloji zərurətdən
yaranmışdı...
“Hərəkat”
öz prezidentini “seçir”...
“...
İndi əgər məsələlər gəlib bu yerdə
beləcə
yoğunlaşmışdısa, onda belə
çıxırdı ki, prezident çaşıb atalar
demişkən, “eşşəyə minmişdi”. Odu ki, indi istəsə də, istəməsə də,
Allahın bu yazıq, tərs bəndəsini harasa sürməliydi.
Lakin hara?..”
Xalqın
yox, prezidentin taleyi ictimai müzakirə obyektinə
çevrilir...
“...-
Bütün bu söhbətlərdən adamın
başının tükləri biz- biz durur... - camaat deyirdi, -
bu necə adam imiş, ilahi?!. Onun haqqında hərə bir söz deyir və
işin qəribəsi də odu ki, bütün deyilənlərin
hamısı da həqiqətdi. Bütün
bu deyilənlərə və danışılanlara görə
belə çıxırdı ki, prezident - vicdanlı, qorxaq,
simasız, təvazökar, riyakar, mənəviyyatlı, xudbin,
millətini dəlicəsinə sevən xəstəhal, lakin cəsur
adamdı.
Prezidentə
ürəyi yananlarsa deyirdilər ki, gərək o, xalqının
azadlığı, vətəninin müstəqilliyi
uğrunda apardığı İlahi missiyasının
başa çatdığını, hakimiyyət xalqın
özünə veriləndə anlayaydı”...
Belə bir qənaət formalaşır ki, prezident hələ
də “inqilabçılığ”ından əl çəkə
bilmir.
“...Deyirdilər,
ölkə müstəqillik qazanandan, xalq öz tale yoluna qədəm
qoyandan çox-çox sonralar da, qəribə idi ki, prezident artıq müstəqil
yaşayan ölkəsinin müstəqilliyi, azad
xalqının azadlığı haqqında yenə əvvəlki
qaydada - on beş- iyirmi il əvvəl universitetdə təşkil
etdiyi gizli dərnəklərdə danışan tək,
coşqun əzmlə danışıb kövrəlir, yenə
yanındakılardan kimisə stulun, ya stolun üstünə
çıxartdırıb: “Yaşasın azadlıq!” -
çığırmağa məcbur edir, özü isə əlləri
ilə üzünü qapayıb, səssiz- səssiz
ağlayırdı”...
Şaiyələr
cəmiyyəti ağzına alır...
Və “hərəkat”ın
- “inqilab”ın sonu...
“...Devrilməkdə
olan əldəqayırma iqtidar barədə söz- söhbət
saatbasaat artır, yeni- yeni xəbərlər,
ağlasığmaz şaiyələr mayası
qıcqırmaqda olan xəmir kimi aşıb- daşır, bir
ucdan yeni- yeni “xoruz səsi
eşitməyən” xəbərlər dalğası axıb gəlir,
xəbər çeşidi artıb çoxaldıqca, son aylar
ölkədə baş verənlərdən onsuz da
başlarını itirmiş paytaxt əhlinin
çaşqınlığı bir az da artırdı... Axşamlarsa, hava qaralar- qaralmaz
şəhərin canına kütləvi xof yeriməyə
başlayır, qapısız- bacasız ölkəni bürüməkdə
olan acı yiyəsizlik qoxusu tutqun duman kimi məmləkətin
başının üstünü alırdı”...
“Azadlıq”
romanının birinci fəslindəki sosiologizmi ikinci fəsildə
psixologizm əvəz edir...
Fəslin
qəhrəmanı isə ona nəyisə təlqin edən
yuxuların əlində əsir- yesir qalmış psixatriya
professorudur...
“...Belə
yuxulardan sonra ala-bula xırdaçılıqlardan bezib zinhara
gəldiyi yeknəsəq həyatı professor
üçün təzələnir, hər bir şeyin rəngi,
dadı dəyişir, qəribə, sirli mənalar kəsb etməyə
başlayırdı... Son vaxtlarsa, professor özünü
artıq günortadan gecə
yuxusuna hazırladığını duyur, bu ucsuz- bucaqsız
yuxu ərazisindən
ötrü darıxdığını, işinin ən
qızmar məqamlarında belə,
yaxud evləri ilə üzbəüzdəki yaşıl
xiyabanda gəzdiyi yerdə qəfildən
qəribsəyib, gecədən- gecəyə dəyişə-
dəyişə, təzələnən yuxu həyatına
tezcə qovuşmaqdan ötrü səbirsizliklə gecənin
düşməyini gözlədiyini hiss edir, hava qaralar-
qaralmaz, özünü evə çatdırıb şam yeməyini
tələm- tələsik başa vurur, iş otağına
çəkilib orda saatlarla qədim kitabların arasında
eşələnə- eşələnə, yuxular və
ruhlarla bağlı qərq olduğu ədəbiyyatları
çarpayısının içində, stolüstü
lampanın zəif işığında oxumağa
başlayır və eləcə oxuya- oxuya da, kitab sinəsində,
eynəyi burnunda, sirli yollarla,
yarıqaranlıq, dumanlı cığırlarla, asta- asta
yuxuya gedirdi”...
Çoxlu
passientləri arasında biri də peyda olur... Akademik...
“-
Başa düşürəm, - professor dedi və anladı ki,
heç nə başa düşmür.
Akademikin
yuxuları onun yuxularına qarışıb anlaşılmaz
və vahiməli olan hansısa sirli aləmin
mövcudluğundan xəbər verirdisə də, bu
mövcudluğun hansı şəkildə, ha tərəfdə olduğunu təsəvvürə
gətirmək, professora mümkünsüz gəlirdi”...
Professor özünə “yoldaş”
tapdığını hiss edir...
“...Fikirləri
yenə bir- birinə qarışdı. Aydın olan bir bu idi
ki, o heç kimə dəyib- dolaşmadan, öz yoluyla gedib-
gəldiyi yerdə, öz evindəcə, yorğan- döşəyindəcə
sirli, çıxılmaz yuxu quyusuna
düşmüşdü və həmin o quyuda ondan savayı bir adam da vardı. O
da həmin bu mavi gözlü, kövrək akademik idi”...
Hiss edir
ki, onu izləyirlər...
“...Professor
xəstəxanadan çıxanda
yağış yağırdı... Tramvay
dayanacağı həmişəki kimi adamla dolu idi deyə,
professor bir kənarda - qəzet köşkünün
yanında dayanmışdı.
Çox
keçmədi ki, necəsə, gözünün, yoxsa
üzünün ha tərəfiyləsə bir qədər
aralıda - adamların sıx yerində qaralan gödəkçənin
tanış ala- bulalığından
ürək döyüntülərinin tezləşdiyini hiss
elədi”...
Professoru
izləyən kimdirsə, yuxu ilə oyaqlıq
arasındadır...
Və
akademikin ölüm xəbəri gəlir...
“...Akademiki
yuxuda öldürmüşdülər. Dəqiq
olanı, hələ ki, bu idi. Digər
müəmma - bu amansız qətlin həm də necəsə,
onun yuxusunda baş verməsi, yaxud onun hansı möcüzəyləsə
akademikin yuxusuna düşməsiydi.
Bütün
bu anlaşılmaz qarmaqarışıqlığa
aydınlıq gətirməyin vaxtı
çatmışdı, hələ, bəlkə də,
ötmüşdü... Bu gecəki hadisə yuxu kimi
qavradığı o ələgəlməz
görüntülərin sadəcə yuxu yox, hər döngəsi
insan həyatı üçün təhlükə
saçan sirli ərazidə baş verməkdə olan
reallıqlar olduğunu təsdiq edirdi”...
Fikrimizcə,
romanın birinci və ikinci fəsillərindən fərqli
olaraq üçüncü, dördüncü və beşinci fəsillərində “təfərrüat”a
o qədər varılır ki, mətləb “unudulur”... Yalnız
müəyyən məqamlarda yada düşür:
“...Bu gecəki
yuxusunu qətiyyən xatırlamırdı...
Bu gecəki yuxusunu onun yaddaşından qəsdən
silmişdilər. Hələ ola bilsin, bu gecə onunla
nə isə eləmişdilər.
Hə, dəqiq
nə isə eləmişdilər, - professor nəbzi ləngiyə-
ləngiyə fikirləşdi, - yaddaşını dəyişmişdilər...
ya da ruhunu oğurlamışdılar...
Ya da olsun
ki, bu gecə boz gödəkcəli, axır ki,
özünü ona yetirmişdi, qapılarının
ağzına çatıb orda Allah bilə nələr eləmişdi?!. Bəlkə də, artıq
öldürmüşdü onu?!.
Bu fikirdən
ürəyi sıxıldı... Çaydanın
altını yandırıb üzbəüzdəki pəncərənin
şüşəsinə düşən əksinə
baxdı.
...Pəncərənin
tozlu şüşəsindən ona yastı burnu, qalın,
çal bığları və girdə gözlüklü
eynəyi ilə qoca boz bayquş baxırdı”...
Vaqif
Yusifli yazır:
“Afaqın
“Azadlıq” romanı həm janr xüsusiyyətinə, həm
də üslubi yönünə görə ilk baxışda qəribə
təsir bağışlayır. Yəni roman publisistik bir ahənglə,
templə başlayır, sonra sırf psixoloji səpgidə
davam edir, sonda yenə publisistik ton qabarıq
görünür. Çox maraqlıdır ki, Afaqın digər
nəsr əsərlərinə xas olan və ümumilikdə
onun fərdi üslubunu səciyyələndirən bir
çox cizgilər romanda sanki
qeyb olur, əvvəlki sakit, hətta çoxlarına
darıxdırıcı təsir bağışlayan təhkiyə
tərzi itilik, sürəklilik kəsb edir, hətta Afaqın
nəsr leksikonu sürətlə
yeni sözlər hesabına zənginləşir. Başqa bir məqamı da nəzərdən
qaçırmayaq. “Azadlıq” A.Məsudun
insandan cəmiyyətə, fərdin daxili dünyasından
ictimai- siyasi hadisələrə
sıçrayışını tam şəkildə
açıqlayır. Əslində, onun
“dörd divar arasında” təsvir etdiyi gerçəkliyin
özü də cəmiyyətin mikromodeli təsiri
bağışlayırdı, ancaq “Azadlıq”da cəmiyyət,
konkret ifadə etsək, Azərbaycan gerçəkliyi
bütün reallığı ilə əks olunur”.
Və görünür, “Azadlığ”a hər cəhətdən bütöv (və normativ) romandan daha çox çarpazlaşan romanlar kimi baxmaq daha doğru olardı. Bitəni də var, bitməyəni də... Hətta bitib-bitməyəcəyi bilinməyəni də... Ancaq şübhəsiz ki, usta işidir...
Nizami Cəfərov
525-ci qəzet.- 2016.- 6 avqust.- S.15.