Duyğu və
düşüncə yazıçısı
Fikirlərini
çox yığcam, səlis ifadə edərək oxucunu
öz cazibəsində saxlamağı bacaran Təranə
Vahidin yaradıcılığı ilk gündən öz
orijinal ifadə tərzi, fərqli duyğu və
düşüncələriylə diqqəti cəlb etdi.
Onun “Cənnətdən
yuxarı” kitabını oxuduqca bu yazılara valeh olmaya bilmirsən.
Laçında dünyaya gələn müəllifin
yaradıcılığını izlərkən Vətən,
torpaq, yurd itkisi ilə bərabər, pak məhəbbət
duyğuları, vüsalına çatmayan, aldadılan, sevmək,
sevilmək arzusu ilə yaşayan gənc qızların hissləri,
ölümün astanasında dayanan qocaların ümidsiz
kölgələri,
övladı olmayan, yaxınları, hamı tərəfindən
atılan qadınların iztirabları ilə tanış
olur, müxtəlif taleli insanların hər kəsin
gördüyü, əslində görmədiyi
yaşantıları ilə qarşılaşırsan.
Təranə
Vahid Qarabağ müharibəsindən yazarkən yalnız ermənilərin
törətdikləri vəhşilikləri deyil, eyni zamanda vətənini
itirən, çadırlarda yaşayan insanların
sarsıntılarını, əzabın min bir şəklini,
hiss və duyğuları gerçək boyalarla təsvir edir.
“Müharibə, nənəm və itən vaxt” hekayəsində
obrazın özü kənddir. Mühasirəyə alınan,
insanlar tərəfindən tərk edilən, girov
götürülən kənd. Kəndə mərmilər
atılır, od vurulur. Kəndin camaatı ölümdən qaçmaq
üçün maşına sarı qaçır. Kəndindən,
torpağından ayrılmaq nə qədər çətin
olsa belə, başqa yol yoxdur...
Evindən,
kəndindən çıxmayan bircə Ədil kişidir. Torpağından
ayrılmaq ona ölümdən də betərdir.
Qızcığaz da kəndin camaatı ilə birlikdədir.
Nənəsinin o dar macalda
qaçıb ərinin divardakı şəklindən
halallıq istəməsi, başını itirmiş
insanların faciəsi, kəndin ölümü onun gözləri
qarşısında baş verir.
Bəs
döyüşlərin birində ölən oğlunun qəbrini
yadların əlində qoyub getdiyini dərk edib havalanan Nənəş
arvad necə? “Maşın kənddən qaçdıqca
maşındakıların ürəyi kəndə tərəf
qaçırdı. Get-gedə nənəmin vəziyyəti
pisləşirdi. Sən demə, nənəmdən də betər
gündə olanlar varmış. Maşın
sıldırımlı döngədə nəfəsini
sıxıb dönəndə Nənəş arvad dəli
kimi havalandı. Oğlunu inişil ermənilər dağda
öldürmüşdülər. Yazıq arvad qəfildən
balasını qoyub getdiyini anlayıb hamının
gözü qarşısında dəli oldu...”.
Vətəndən
didərgin düşəndən sonra qızcığaz nənəsini
də itirir. “Nənəm o gecədən sonra çox
yaşamadı. Dərdini götürüb heç kimlə
halallaşmadan çıxıb getdi. İllər keçdikcə
hər gün köç bir az da seyrəkləşir, “Çaşqın
köç” tablosu isə ürəyimin divarından elə
asılıb ki, axşam-səhər yolum köçün
içindən, köç içimdən keçir...”.
Bu hekayə
müharibə mövzusunda incə detallarla yazılmış
qiymətli ədəbiyyat
nümunəsidir. İstedadlı yazıçı-dramaturq
Əli Əmirli “Cənnətdən yuxarı”
kitabının ön
sözündə yazır: “Təranə Vahidin hekayələri
gözəl şeir kimidir, onları dəfələrlə
oxuya bilərsən, hər oxunuşda da sözün gözəlliyindən,
fikrin, ifadə tərzinin təzə-tərliyindən,
duyğuların dərinliyindən, təbiiliyindən hədsiz
zövq ala bilərsən”.
Qarabağ
mövzusu müəllifin yaradıcılığından
qırmızı xətlə keçir. Bu mövzuda
yazılmış ən təsirli hekayələrindən biri
də “Tapılmayan torpaq”dır. Erməni
işğalçıları tərəfindən kəndi
alınan Qərib kişi evindən heç nə yox, bir ovuc
torpaq götürür. Onu göz bəbəyi kimi qoruyur, vəsiyyət
edir ki, dünyasını dəyişəndə o
torpağı qəbrinə töksünlər. O bir ovuc torpaq
belə ona qismət olmur. Qərib kişinin ölüm
ayağında dili tutulur, torpağı harda gizlətdiyini deyə
bilmir. Qərib kişi ölür, meyit ortalıqda qalır.
Müəllif hekayəni belə yekunlaşdırır.
“Neçə illərdir ki, bir milyon adam Qəribin son arzusunu
axtarır. Neçə illərdir ki, yağışın
altında Qəribin cənazəsi gözləyir. Lap üzə
durub. Torpaq tapılmır ki, tapılmır”. Müəllif bu
hekayədə də adi bir detalla oxucunu təsirləndirir,
müharibə adlı iblisin insanlara gətirdiyi fəlakəti
sənətkarlıqla qələmə alır.
“93-cü
ilin qışı” hekayəsi də müharibə
mövzusundadır. 1993-cü ildə madar balasını
Murovda itirən ananın sarsıntılarına oxucu biganə
qala bilmir. Bildiyimiz kimi, o illər sütül əsgərlərimizin
çoxu Murovda xidmət edirdilər. Orda şəhid olub,
donan əsgərlərimizi dəfn etmək mümkün
olmadığından
qarın-buzun əriməyini, yazın gəlməsini
gözləyirdilər. Murovda şəhid olan oğullardan biri
də Həvvanın oğludur. Oğlunu torpağa
tapşırandan sonra Həvva arvad yaşasa da, əslində,
buna yaşamaq demək olmazdı. Təranə Vahid qəm, kədər
içərisində yaşayan bu əzabkeş ananın
ölümünü belə təsvir edir. “Əslində
93-cü ilin
qışını unudanların biri də azaldı”. Görən,
93-cü ilin faciələri xatirələrdən silinəcəkmi?
Bax bu dəhşətdir. Bizim
unutqanlığımızdır ki, mənfur ermənilər
zaman-zaman başımıza müsibətlər gətirir. Elə
ona görə də müharibə mövzusunda yazılan əsərlərdə
real faktları qələmə almaq, oxucuya çatdırmaq
olduqca əhəmiyyətlidir.
“Cənnətdən
yuxarı” kitabında müəllifin həm hekayələri,
həm esseləri, həm də miniatür duyğuları çap olunub. Yuxarıda dediyimiz
kimi, bu əsərlərin mövzusu müxtəlifdir. Məsələn,
hekayələrinin çoxu müharibəyə həsr olunsa
da, esse və miniatürlərində müxtəlif insan taleləri,
onların yaşam tərzi, hiss və düşüncələri
öz əksini tapır.
Müəllifin
düşüncə tərzi yenidir. O, kimisə
yamsılamır. Əsərlərinin hər biri eyni zamanda
müəllifin hisslərinin, duyğularının məhsuludur.
Müəllif qələmi əlinə götürərkən
qəlbinə qulaq asır. Bu qəlbdə nələr yoxdur:
orda sevgi də var, nakam məhəbbət də, itirilmiş kəndin
həsrəti, yurda dönmək istəyi, kövrək ürəyin
çırpıntıları və bütün bunların
ustalıqla qələmə alınması.
Fikirləşirsən,
müəllif, “Cənnətdən yuxarı” essesində cənnətdən
yuxarı deməklə nəyi nəzərdə tutur.
Övladı olmayan və övladsızlığın əzabını
çəkən bir qadın obrazı. Dünyaya övlad gətirə
bilmədiyi üçün əri, yaxınları,
doğmaları tərəfindən atılan qadın o qədər
əzab çəkir ki, Tanrı bu əzaba dözməyib Yerə
enir.
“Sən mənim
anam, mən sənin balanam” deyir. Görən, əzab çəkən
ananın Tanrıya cavabı nə olacaq? Burada da Təranə
Vahidin qələmi oxucunu heyrətdə qoyur. “Xoşbəxtlikdən
qadının öləzimiş ruhu dirçəldi,
dodaqları titrədi, dizləri əsdi. Əllərini
göyə açıb: - Pərvərdigara, mənim
balamı qoru, - dedi. Allahı Allaha tapşıranda
Tanrının köksü açıldı. Cənnəti
anaların ayağı altına atdı”.
“İntihar”
hekayəsi sevdiyi qızın toy günündə
özünü asmaq qərarına gələn bir gəncdən
bəhs edir. Ancaq o,
özünü nənəsigilin damından asmağa gedəndə
kəndin gözəl, sadə qəlbli bir qızı ilə
rastlaşır. Sən demə, qız çoxdan bu oğlana
vurulubmuş. Qızla oğlan arasındakı balaca bir dialoqda
nələr yoxdur?! Qızın səmimiyyəti, oğlana
olan məhəbbətini etiraf etməsi, oğlanı dədəsinin
tutduğu balığa qonaq etmək istəyi o qədər təbii,
yumor hissi ilə zəngin, inandırıcıdır ki, istər-istəməz
bu sarışın qıza rəğbətin birə-on
artır.
Fariz
Yunisli “Cənnətdən yuxarıdakılar” yazısında
müəllifin “İntihar” hekayəsindəki üzü
çilli qızı bir mələyə bənzədir.
“İlahi, bu çilli qız nə imiş? Adamı əzrailin
əlindən alan afət! Doğrudan da, bəzən dara
düşmüş, yolunu azmış bir insanı xilas etmək
üçün ilahi qüvvə öz köməyini,
xilaskar mələyini bir adamın simasında göndərir”
(525-ci qəzet, 2014, 17 sentyabr).
Pak məhəbbət
duyğuları Təranənin içindən gəlir. O,
“Əmanət” essesində sevginin insanın həyatını
necə dəyişdiyini yüksək sənətkarlıqla qələmə
alır.
Əvvəllər
sevginin nə olduğunu bilməyən qəhrəman qız məhəbbətin
əsiri olandan sonra həyatın gözəlliyini dərk
edir. İnsanlar, hətta yerdəki daşlar,
çınqıllar da onun gözündə gözəlləşir.
Ürəyini sevdiyi insan aparır və söz verir ki,
qayıdacaq. Qayıtmır. Uzun ayrılıqdan sonra
görüşürlər. Sevgilisinin yolunu gözləyən
qız ondan ürəyini - əmanətini istəyir. Onun sevgi
ilə döyünən ürəyi həmin ürək
deyil. “Ovcunda ürəyin zəif döyüntüsünü
hiss etdi. Bir zaman çırpınan, sevincindən yerə-göyə
sığmayan ürəkdən əsər-əlamət
qalmasa da, ovcunu sinəsinə sıxıb o yerdən
uzaqlaşdı...”. Müəllifin sevgi haqda yazdığı
bu essedə nə artıq sözə, nə giley-güzara, nə
də göz yaşlarına rast gəlirsən. Məhəbbətsiz
ölən ürəyin taleyinə biganə qalmayan oxucu bu
ürək sahibinə ürəkdən bağlanır.
Müəllif
bu essedə sevən bir qəlbə malik olan insanın mənəvi
dünyasını görür və onu
işıqlandırmağı bacarır. Poetik iradəsilə,
yatımlı dili ilə, orijinal, təkrarlanmayan sözləriylə!
“Axşamüstü”
hekayəsindəki gənclərə qibtə edən,
ömrünün qışını yaşayan qoca obrazı
diqqətimizi çəkir. Bu qoca bulaq başına gedən
qızlara baxır, cavanlığı yadına
düşür. Ən qəribəsi budur ki, hamıdan
çəkinən utancaq kənd qızları ondan çəkinmir.
Gənclərə qibtə edən qocanı qızların onu
saymamağı, ona əhəmiyyət verməmələri
sarsıdır. “Qızları kəndin dəliqanlı gədələrindən
başqa heç kəs maraqlandırmırdı. Qocaya da kefləri
istəyəndə salam verirdilər, kefləri istəməyəndə
yox. Bu da qocanın xətrinə dəyirdi.
Dodağının altında mızıldanırdı ki,
Allahın altında cavan vaxtım olaydı. Onda görərdiniz
ki... “Bu sözləri deyəndə qocanın dodağı əsirdi.
Bilirdi ki, day bundan sonra cavan olası deyil ha...”
Əsərin
əsas qayəsi də budur. Qocanın həqiqəti,
yaşının çoxluğunu özünə yaxın
buraxmamağı.... Təbiətin, zamanın qanunlarına
baş əyməməyi... Kol-kos basmış yola - qəbiristanlığa
qoca nifrət edirdi. Bilirdi ki, bu gün - sabah onu bu yolla
aparacaqlar. Elə ona görə də əlindəki
daşı da bu yola qolazlayır. Həmin günün səhəri
qoca dünyasını dəyişir. Kəndin
başıpapaqlıları, “Qara-qura paltar geyinmiş arvadlar əllərini
dizlərinə çırpa-çırpa” qocanın cənazəsini
qəbiristana aparırlar.
Əsərin
təbiiliyi ondadır ki, qocanı torpağa tapşırandan
sonra kənd yenidən canlanır, həyat yenidən
qaynamağa başlayır. Qoca unudulur.
Müəllifin
hekayələrindəki obrazlar canlı, ətə-qana
dolmuş, ümumiləşdirilmiş insan obrazlarıdır.
Təranə Vahidin təhkiyəsi o qədər real və təbiidir
ki, sanki oxucu ilə üzbəsurət oturub
danışır. Real həyatın təsviri də səmimilikdən
doğur. Mənə elə gəlir ki,
yazıçının ən böyük uğuru da elə
budur.
Mənzər NİYARLI
525-ci qəzet.- 2016.- 6 avqust.- S.14.