Afaq Məsud dünyası

 

- (on altıncı yazı)

 

Afaq Məsudun dramaturgiyaya (və teatra) gəlişi görkəmli yazıçı kimi xeyli məşhurlaşdığı dövrə düşür.

Vaxtilə “teatrlarımızın repertuarında boşluqdu, Afaq xanım niyə teatrlarla işləmək istəmir” sualını belə cavablandırmışdı:

“Səhnə qanunları ilə mənim yazı üslubum arasında uyuşmazlıqlar var. Teatr daha çox kütləviliyi sevir. Hadisələr, anekdotlar, oyunlar... Tamaşaçı səhnədə baş verən konkret hərəkətdən, sözdən, hadisədən nəticə çıxarır. Mənsə, gizli işlərlə məşğulam. Bu sirləri səhnəyə gətirmək üçün tamamilə ayrı yollar axtarmalı oluram. Bəlkə də, gələcəkdə bu sayaq əsərlər üçün tamamilə yeni bir teatr yaranmalıdı?.. İnsanın həyatında yox. Məhz daxilində baş verənləri, ruhunun, qəlbinin vəziyyətlərini, ovqatlarını, bir sözlə, insan atmosferini dialoqla, hadisəylə çevirə bilən teatr. Məncə bu, bir o qədər də asan məsələ deyil. “Duyğular imperiyası” da, əslinə qalsa, elə budu. Dialoqla, süjetlər və hadisələrlə dilə gəlməyən, ifadə olunmayan, görünməz, ələgəlməz, fövqəlşüur duyum açılışları... Teatrla bağlı fikirləşirəm. Nə isə eləmək istəyirəm. Bu barədə müraciətlər çox olur. Mən, istədiyim tamaşanı yazmaq istəyirəm. Elə belə, müəllifi olduğum hansısa əsərin teatr repertuarına düşməyi xatirinə yox. Bu gün səhnələrimizdə gedən əsərlərə baxmaq, tamaşaçı üçün sözün əsl mənasında, işgəncədi. Onlara növbəti işgəncəni vermək istəməzdim”.

Bu müsahibədə, bir tərəfdən, təvazökarlıq, məsuliyyət; digər tərəfdən isə, yaradıcılıq iddiası vardı...

Yazıçı xatırlayır:

“Düzü, heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa səhnə əsəri yazacağam. Nəsrdən hadisəliliyi sevən teatr sənətinə keçid bir o qədər də asan başa gələn məsələ deyil. Lakin belə oldu ki, 2004- cü ildə “Can üstə” hekayəm nəşr olundu və əsər “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun diqqətini çəkdi. O, hekayənin alt qatında sezilən gizli informativ axıntıların müasir teatr estetikasının tələblərinə cavab verə biləcəyini və əsərin səhnə perspektivli olduğunu bildirdi...

...Nəsrdən dramaturgiyaya transfer eləməyim belə baş verdi. Tamaşanın uğuru, ya bəlkə daha nə isə neçə illərdən bəri üzərində işləyib tamamladığım romana olan marağımı heçə endirdi. İş o yerə çatdı ki, mən bu iri həcmli əsəri pyeslərə parçalamaq fikrinə düşdüm”...

“İki hissəli müəmmalı qətl hadisəsi” kimi təqdim olunan “Can üstə” dramında personajlar çox deyil. Ancaq müxtəlif dünyalara mənsubdur... Bu dünyaya, o dünyaya... Və bir də hər iki dünyaya “mənsub” mələklər...

Yazıçı qadın (Nobel mükafatı laureatı) ilə Qoca qarşılaşırlar... Və yazıçının “uydurmalar”ı ilə Qocanın “həqiqətlər”i üz- üzə gəlir...

“Qoca. (Müəllim təbiri ilə) Həyat isə bu deyil, bala!.. Həyatı bizlər görmüşük. (Qürurla xatırlayır) At belində, çiynimdə beşaçılan, bu dağ sənin, o dağ mənim. Rayona girəndə hamı tir- tir titrəyirdi! Bir köpək uşağı gözümdən qaça bilməzdi!.. (Şüarla) “Hamı ön cəbhəyə!..”, “Ana Vətən çağırır!..” (Yazıçıya astadan) Eşidirsən?!. Eşit, qeyd elə! Bax, material budu!.. Yoxsa ki, “əqrəb belə gəldi”, “bulanıq su” belə getdi... Neyləyəsən, sən- yazığın gördüyü budu. Bax, bu yazılar, (qürurla qovluqlara baxır) dövrün mənzərələridi. (Təsirlənir) Bunları mən gələcək nəsillər üçün yazmışam. Bəli- bəli!..

...Yazıçı. Mən heç nəyi uydurmuram. Mənim adım... (qəfildən bəyanat şəklində) Mənim əsl adım Qələmdi, Qələm!..

Qoca. (Əsəbi) Bəsdir!.. Bəsdir uydurduğun!.. Bütün yazdıqların da beləcə uydurmadı!.. Hamınız uydurursunuz!.. Homerdən bu yana uydura- uydura gəlirsiz!.. (yamsılayır) “əqrəb kimi acgöz- acgöz sümürə- sümürə...” Bəli, sümürürəm!.. Bəli, ləzzət alıram!.. Olmazın ləzzət!.. O anlarda... (ehtirasla) ətrafımda saysız- hesabsız pəncərələr açılır... oralarda nələri gördüyümü sən heç təsəvvürünə belə gətirə bilməzsən!.. (tamaşaçılara səmimi) Bilmədiyin barədə necə yazmaq olar axı, ay başınıza dönüm?!.

Məlum olur ki, Qoca böyük əqidə sahibi imiş. Və bu “əqidə”nin kifayət qədər zəngin tarixi varmış ki, həmin “tarix” Qocanın içində həyat eşqi kimi qaynayıb heç kəsi yaxına buraxmaq istəmir... Hətta Ölümü də...

Ancaq “Ölüm haqdı, çıxmaq olmaz əmrdən” (Aşıq Ələsgər)...

Qonaq. (Qocaya) Səfeh- səfeh danışma, qoca! Gora sən gedirsən, o yox! Bax, deyəndə sənə ki, vaxtın çatıb, “möhlət- möhlət” deyib ağlayırsan. Kor- kor, gor- gor, balam, çatıb vaxtın da!.. Yadındadı, bir müddətdən sonra mən yenə gəldim. Onda da yenə yazı bəhanəsi ilə “möhlət” deyib ağladın. Yenə yazığım gəldi, dedim, necə olsa, kişi yazı adamıdı, yenə çönüb getdim. İndi yenə həyasız- həyasız “möhlət” deyib ağlayırsan. Özün cəhənnəm, bu yazıqlara rəhmin gəlsin. Nə görmüsən, a kişi, bu toz- torpaqlı dünyada?..

Və son...

“...İşıq dəyişir. “Öldü!..”, “Öldü!..” deyən bağırtılar bir- birinə qarışır. Yazıçıdan savayı hamı otaq boyu vurnuxur.

İşıq yanır. Yazıçı otağın mərkəzində dayanıb dəhşət içində öz əllərinə baxır.

Qohum oturduğu stulun yanında üzü üstə yerə sərilib.

Səidə dizi üstə Qohumun yanında oturub ağlayır.

Qoca. (Qələbə təntənəsi ilə) Mən bilirdim!.. Bunu həmişə bilirdim!.. Hər şeyi qabaqcadan bildiyim kimi bilirdim!.. Bilirdim, axır kimsə gələcək!.. Gələcək və xilas edəcək!..

Səidə. (Ağlaya- ağlaya Qohumun çiynini tərpədir, getdikcə səsi qorxunc bağırtıya çevrilir) Hümmət əmi!.. Hümmət əmi!.. (çaşqın halda ətrafındakılara baxır) Axı bu, necə ola bilər?.. Axı...

Musiqi. Otaq tədricən mərhumlarla dolur...

Hardansa Qonaqla Həkim də peyda olur. Hamı ittiham dolu baxışlarla Qocaya zillənir.

Səidə Qonağın bilinməz işarəsi ilə Qocanın üstündəki adyalı yerə sərir.

Qoca cəld ayağa sıçrayıb sevincək hərəkətlərlə geyinir”.

Afaq Məsud dramaturgiyasının ən məhsuldar tədqiqatçısı, tənqidçi- ədəbiyyatşünas Əsəd Cahangir yazır:

... “Can üstə” pyesində Sovet dövrü dövlət qulluğunda olan bir qocanın üzücü canvermə prosesi təsvir olunur. Lakin bu, həm də qocanın təmsil etdiyi dövrün canverməsi kimi mənalanır. Və 37- ci ildən bəri çox ölümlərə qol çəkən, bir ayağı gorda olsa da, heç cür ölmək istəməyən bu qoca ölümlərə bais olmaqda davam edir. Keçid dövrü canvermə prosesidir və canı çıxmaqda olan keçmiş başa çatanacan az qala biz özümüz keçinəcəyik! “Can üstə”nin müəllifi bunu demək istəyir”...

Teatrşünas Məryəm Əlizadənin “Can üstə” tamaşasına verdiyi geniş ideya- estetik şərh də olduqca maraqlıdır:

... “Sehrli seyr” poetikasında həllini tapdığına görə “Can üstə”nin predmeti - insan varolmasının, ekzistensiyasının sirli sahəsi olan “ölüm- dirim” məsələsidir ki, müəllifin bu dəhşətli, laübalı hal- hadisəyə baxım bucağı “keçid”, “astana”, bu dünyayla O dünya arasındakı “körpü”dən açılan mistik mənzərənin görüntüləri ilə müəyyənləşdirilir. Pyesin başlıca konflikt- münaqişəsi üç xassəli- gerçək, infernal və sokral dünyalardan qaynaqlandığından, pyesin dil- ifadə vasitələri də üç keyfiyyətə malikdir. Belə ki, can üstə olan Qocanın, onun Nəvəsinin və Qohumunun psixoloji halları və davranışları gerçək, formal məntiqlə əsaslandırılır, mərhum Xədicə, Qafar və Məmur varolması -infernal, “O dünyanın” varolma prinsipləriylə şərtləndirilir. Həkim- Mələk və işıq idarəsinin nəzarətçisi - Əzrayılın, hadisələrdə, “müəmmalı qətl”də iştirakı qeyri- səlist məntiqin, “sirri- müəmma”nın kontekstində baş verir. Konflikt- münaqişənin üç qatlı strukturunun ədəbi- bədii təzahürü personajların davranışında, danışığında və düşüncəsində verilir: nəsrinin özəlliyindən, zəngin proza təcrübəsindən məharətlə faydalanan yazıçı dramaturji üslubunun özünəməxsusluğunu elə ilk pyesdə nümayiş etdirməyə nail olur”...

Teatrşünas Aydın Dadaşov “Can üstə” pyesinin “Yuğ” səhnəsindəki böyük uğurunu “psixologizmin parlaq təzahürü” adlandıraraq yazır:

... “Yuğ” Teatrının yaradıcısı və baş rejissoru, səhnə qanunlarına və plastikasına dərindən bələd olan Vaqif İbrahimoğlu quruluş verdiyi bu tamaşada psixologizmin imkanlarını yetərincə təqdim edə bilib. Əsərin intellektual yükünün bədii həllini uğurla yaratmaq quruluşçu rejissor üçün elə bir çətinlik törətməyib. Psixoloji dramın poetikasının tamaşaçılara çatdırılmasında əsas faktor sayılan aktyor sənətinin təqdimatında da teatrın tam formalaşmış yaradıcılıq laboratoriyası öz sözünü deyə bilib. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin bu barədə yazdığı: “Tamaşada sadə dillə desək “saat kimi işləyən” parlaq ansamblın ifadəliliyini bəri başdan yüksək dəyərləndirərək qeyd etməliyəm ki, bu ansambl istedadlı fərdlərin iradəli, yaradıcı və intellektual iş birliyinin nəticəsində yaranan bədii fenomendir” fikirləri əlavəyə ehtiyac qoymur”...

“O, məni sevir...” “iki hissəli qurtuluş cəhdi”ndə cəmisi dörd personaj iştirak edir ki, onların qeyri- adi xarakteristikası var:

“Ayom - hərəkətləri yaydan atılan oxu, göydə iti sürətlə axan od parçasını andıran, insandan çox, canavara bənzər, peşəsi və yaşı naməlum qadın.

Ayna - nə iləsə Ayoma bənzəyən, üzü və hərəkətləri hansısa ev quşunu andıran, yaşı və peşəsi naməlum qadın.

Abd -   yaşı və peşəsi bilinməyən ucaboylu məxluq.

Naməlum kəs - dirijor, yaxud lakey kostyumunu andıran ağ- qara geyimli, üzü ağ- qara qrimli əcaib məxluq”.

Əsəd Cahangir yazır:

“O məni sevir” pyesində də söhbət ölümdən gedir. Amma burda məkan sırf virtual qata - insanın daxilinə köçürülür və ölümə kənardan yox, içəridən baxılır, ruh quşunun bədən qalasını tərk etməsi prosesinin birbaşa daxili mexanizmi açılır. Bu mənada yaxın mövzulara müraciət edən, hər ikisi metafizika problemləri ilə uğraşan Elçin və A.Məsud istər ən ümumi psixotiplərinə, həm də yekun ideyalarına görə bir- birinin diametral əksinədir. Əsərlərindəki məkanın hüdudsuz genişliyi ilə seçilən Elçin nə qədər ekstravertdirsə, məkan darlığının dərinliklə kompensasiya olunduğu A.Məsud bir o qədər introvertdir. Elçin ikivariantlı, A.Məsud isə monovariant təfəkkür tərzinə malikdir. Buna görə, birincisi, ölüm- həyat dilemmasını, könülsüz də olsa, həyatın, ikincisi, birmənalı olaraq, ölümün xeyrinə çözür”...

Və davam edir:

Mübahisə etmək olar... Ancaq bir məsələ mübahisəsizdir ki, Afaq Məsud öz dramaturgiyasını (və teatrını) yaratdı...

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2016.- 13 avqust.- S.15.