Hərdən....

 

Sənə salam verməyə ,

Bir səni görməyə

Elə darıxıram ki...

Heç əvəz eləməz,

Bu hissi, bu duyğunu...

Aparan olsa məni

Dünyanın o tayına,

Elə gedərəm ki, mən

Kimsə mənlə görüşməsin,

Soyuğu da, qarı  da,

Özümlə aparım ki,

Sənə soyuq olmasın,

Əllərin üşüməsin...

 

Boşanmış qadın

 

Evdən yığışıb gedir

Bir qadın, bir körpəsi.

Otağı tərk eyləyir

Onun ətri, nəfəsi.

 

Saçlarını darayır

Güzgü önündə qadın.

Gözü yerə dikilib

Yanında doğmaların...

 

Otağa işıq düşmür,

Qaranlıq evi yeyir.

Həyat iki nəfərə

Köçəhazırlaş deyir...

 

Bədbinlik

 

Baxma, bu bədbinlik

Mənə səndən keçib.

Atıb üstümə onu,

Bir qədəh şərab içib,

Yatmışam oyat məni

Gücün çatırsa indi...

 

Xahiş

 

Bir xahişdir unutmaq

Bir az da minnət kimi.

Sənə aid olanlar

Mənim arxivimdədi

Ürəyimin içində

Neçə nömrəli yara

Xatirələr yeridi...

 

Təbaşir sevgi

 

Sən indi təbaşirin

Lövhədə yeri kimi

Vacibsən, zərurisən.

Mənim şeirlərimdə

Adın, soyadın hətta

bir xətt kimi keçir...

Şirinçaydı gülüşün,

Onu mənim yerimə

İndi axmağın biri,

Hər səhər durub içir...

 

Dəyişmərəm

 

Vərəqlərin yerinə,

Qələmlərin yerinə

Nəyi desən verərəm,

Onları əvəz edən

olsa da bilmərəm.

Bir boz xatirəni

Heç nəyə dəyişmərəm...

 

Tənhalıq

 

Məndən bezib bu otaq,

Bezib köhnə çarpayı.

Məni dost bilir ancaq,

Divardakı saat,

Bir oyuncaq ayı.

 

Ümid

 

Pəncərədən qovmuşam,

Ayı, günü, işığı...

Mənlə yalnızlıq yaşar,

Gəncliyin şirin çağı...

Yeməyimiz həsrətdən,

Yoğrulan bir qəm tikə.

Ağlayır darıxmaqdan

Gecələr yekə kişi,

Anlamıram ki burda

Ümidin nədir işi?

 

Anlaşma

 

Gəl anlaşaq,

sən danış, mən.

Sakit baxaq dənizə,

Ləpələr üstümüzdən,

Götürsün niftəri .

Sonra çıxıb eyvana,

Təzə dəmli çay içib,

Unudaq keçmişi ...

 

Unutmaq

 

Mən yağışın altında,

Söyüd yarpağı kimi

Vecsiz bir görkəm alıb,

Heç kimə söz demədən,

Heç kimə yalvarmadan,

Unudacağam səni...

 

Ölüm

 

İndi...

Bu dolu şəhərdə

Səni itirmək yox,

Tapmaq bir möcüzədi...

Çətin deyil heç ölmək,

Hər dayanacaqda düşüb,

Yenidən yol almaqdı,

Təzədən səni sevmək...

 

Gözlərin

 

Arzuna çatasan,

Ürəyincə olsun həyat.

Yaxınların, yadların,

Gözündə ucalasan

Milyon kərə, milyon qat.

Ancaq səndən istəyim

Bircə gözlərin olsun

Hamıdan qabaq mənim...

 

Geriyə yol

 

Geri qayıtmaq üçün,

Yolların ölçüləri,

İllərin dərinliyi,

Bir də unutmadığım

Sözlərin cazibəsi,

Məni xırda-xırda

Hissə-hissə ayıracaq....

 

Son

 

Bu günün sabahı var,

Gecənin bir gündüzü.

Atılan hər bir daşın,

Qayıdacaq yeri var.

Kinin, küdurətin ,

Öz hesabatı olar.

Odur ki, üzülməyə

ki düşünməyə

Qərarsızlıq eləmə,

Sonu finaldı bilmə...

 

Tural CƏFƏRLİ

 

525-ci qəzet.- 2016.- 13 avqust.- S.19.