Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri
(Əvvəli ötən sayımızda)
"Molla Nəsrəddin" jurnalı uşaqlara təlim vermək əvəzinə onlara qarşı ağır cəza tədbirləri həyata keçirən müəllimləri sərt
tənqid edərək
yazır: "... rəhmətlik
Dursunəli həmişə
şagirdlərnən çubuq,
falaqqa ilə danışardı. Şagirdlərin ayaqlarını falaqqaya qoyub o qədər vurar idi ki,
biçara uşaq evlərinə gedə bilməzdi. Bakı türk müəllimlərinə
də bircə dənə falaqqa və bircə dənə çubuq lazımdı. İnşallah, Bakı Maarif Şöbəsi tezliklə
məktəblərinə falaqqa
və çubuq göndərər ki, yazıq müəllimlər
əllərini ağrıtmasınlar"
(Dərdmənd. "Falaqqa"
felyetonu. "Molla
Nəsrəddin". 1923. ¹ 14.;
5).
C.Məmmədquluzadənin "Baş" adlı felyetonu mövzu və ideya baxımından
"Bizə hansı elmlər lazımdır"
felyetonuna çox yaxındır. Yazıçının dərin müşahidələri
əsasında yazılan
bu felyetonda insanlarda süstlük, ətalət, gününü
boş-boşuna, gərəksiz
işlərə sərf
etmək kimi zərərli adətlər
pislənilir. Belə mənfi keyfiyyətlərin
cəmiyyətdə yaratdığı
durğunluq tənqid obyektinə çevrilir.
Yazıçı ümumi
faktlı felyeton olan "Baş"da elmi kəşflərdən
bəhs edərək yazır: "Elm sahibləri,
fənn sahibləri bir dəqiqə bikar deyillər. Gecə və gündüz çalışmaqdadırlar ki,
təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm, fənn
sahiblərinin bu növ çalışmaqları,
əlbəttə, nəticəsiz
qalmır və qala da bilməz
və görürük
ki, hər il təzə bir iş, ağla
sığışmayan bir
xəbər, ağıl
kəsməyən bir
əməl qulağımıza
çatır; ya həkimlik işlərindən,
ya mexanika və elektrik dairələrindən, yainki
xud kimya və təbiət elmlərindən...
Möhtərəm oxucumuza ərz olunsun ki, tibb
aləmində axır
vaxtlarda danışılan
məsələ "anabioz"
məsələsidir ki,
rus professorlarından məşhur Baxmetyev cənabları tərəfindən
icad olunubdur. Cənab Baxmetyevin
ixtirasının əsli
budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarı diri olurlar, yarı
ölü olurlar; yəni nə diri demək olur, nə ölü.
Nə canlı kimi hiss edirlər, nə ölü kimi hissiz olurlar..." (Molla Nəsrəddin. "Baş" felyetonu.
"Molla Nəsrəddin",
1913. ¹18.; 2-3).
C.Məmmədquluzadə felyetonda elmdən, mədəniyyətdən uzaq
olan cahil insanların keçirdiyi boş və mənasız həyat tərzini göstərməklə
satirik bir tərzdə müsəlman
başlarında "anabioz"
vəziyyətinin baş
verə bilməyəcəyini
söyləyir. Çünki yazıçı 24 saat isti hamamlarda
vaxt keçirən müsəlmanlarda heç
vaxt bu prosesin
özünü göstərməyəcəyi
qənaətinə gəlir.
Yazıçı bəzən oxucuya çatdırmaq istədiyi
məsələnin diqqət
mərkəzində olması
üçün bir yox, bir neçə
mənbəyə istinad
etməklə faktın
doğruluğuna nail olur. "Baş"
felyetonunda da yazıçı həm rus professoru Baxmetyevin, həm fransız səyyahı müsyö Lizurtayın fikirlərinə əsaslanır,
həm də o dövrün bir çox mətbuat orqanlarından gətirdiyi
faktlar əsasında oxucunu inandırmağa
nail olur.
Mollanəsrəddinçilərin yaradıcılığında
Azərbaycanda, bütövlükdə
Şərq aləmində
geriliyin, savadsızlığın
cəhalətin artmasının
əsl səbəblərindən
biri də fanatizmə, dini ehkamlara və onu təbliğ edən din mübəlliğlərinin
fırıldaqlarına, fitvalarına
uymağımız göstərilir.
Bu baxımdan, C.Məmmədquluzadənin
1906-cı il dekabr ayının 6-da Tiflisdə gimnaziya nəzdində məscidin açılmasına həsr
etdiyi "Gimnaziyada təzə məscid" felyetonu olduqca səciyyəvidir. Burada tənqid hədəfi seçilən yalançı
din xadimlərinin, əslində,
dövrün hakim dairələrinə
xidmət edərək
xalqın mənafeyinə
zidd çıxmaları,
eyni zamanda, islam dininə
və ana dilimizə etinasız yanaşmaları da güclü sarkazm yaradır. Felyetonda deyilir: "Mən ancaq bunu soruşdum
ki, ay ağalar, bir məni başa
salın görüm,
bu məsciddə uşaqlar namazı rus dilində qılacaqlar, ya müsəlman dilində? Mənim bu sözlərimin cavabında ağalardan bir neçəsi bir-birinin üzünə baxdılar və mənə bir cavab vermədilər"
(Cəlil Məmmədquluzadə.
4 cilddə, 2-ci cild.
Bakı,
"Öndər nəşriyyatı",
2004. 584 s.; 112).
Felyetonda ikrah doğuran məqamlardan biri də mollanın məscidin divarından asılmış şəkli
padşahın əksi
bilib onun qarşısında səcdə
qılması, dua etməsi səhnəsidir. Rus yazıçısı
Turgenevin şəklini
padşahın şəkli
hesab edən molla orada olan
rus qulluqçularının
və digərlərinin
təəccüb və
kinayə dolu gülüşü ilə
qarşılaşır. Felyetonda həm yalançı din mübəlliğinin padşaha
yaltaqlanması, həm
də onun savadsızlığı, cahilliyi
acı təəssüf
hissi doğurur və boyaları daha da tündləşdirərək
ifşa üslubunu kəskinləşdirir.
C.Məmmədquluzadənin bir çox felyetonlarında qadın azadlığı problemi
elm, maarif, təhsil və mədəniyyət
məsələləri ilə
vəhdətdə qələmə
alınır. Çünki keçən əsrin
ən böyük bəlası kimi dini-şəriət ehkamlarının
qadınları elmdən,
təhsildən yayındırmaları,
onlara qarşı mühafizəkar münasibət
cəmiyyətdə hökm
sürən özbaşınalıqla,
xaosla bağlı idi. Böyük ədibimizin "Molla Nəsrəddin"in səhifələrində
bu ciddi problemlərin, maneələrin
aradan qaldırılmasına
həsr etdiyi "Məryəm xanım",
"Erməni və müsəlman övrətləri",
"Qafqaz şeyxülislamına
iki dənə açıq məktub",
"Xanımlar" felyetonlarında
qadın əsarətinə
qarşı barışmazlıq,
köləliyə, mühafizəkarlıla
üsyan motivləri əsas yer tutur.
Bununla yanaşı, qadının
tamhüquqlu vətəndaş
kimi cəmiyyətdə
fəal mövqe tutması, onun elmli, təhsilli ana, gələcəyin təminatçısı kimi
ülvi bir varlıq olması fikri təlqin olunur.
Yazıçı "Erməni və
müsəlman övrətləri"
adlı felyetonunda qadınların azadlığını,
mənəvi təkamülünü
onların savadlı, təhsilli olmalarında və öz hüquqlarını, kimliklərini
anlamaqda, dərk etməkdə görərək
yazır: "Bu işlərin
çarəsi balaca qızları məktəbə
qoyub oxutmaqdır. Elə ki, qızlarımız
elmli və tərbiyəli olub, öz qədirlərini bildilər, onda özləri bilərlər
ki, necə rəftar eləsinlər..."
(Cəlil Məmmədquluzadə.
Əsərləri. 6 cilddə,
3-cü cild. Bakı,
Azərnəşr, 1984. 292 s.; 146-147).
Böyük ədibimiz cəmiyyətimizdə
əsrlərlə yığılıb
qalmış problemlərin,
ictimai ziddiyyətlərin
həlli yolunu göstərən "Mikroblar"
felyetonunda dövrün
ziyalılarını, yazıçılarını
xəstənin nəbzini
yoxlayıb, dərdini,
xəstəliyini bilib,
ona əlac etməyən, şəfa
verməyən həkimlərlə
müqayisə edərək
yazır: "Bizim bəzi boşboğaz yazıçılarımız oxşayırlar həmin təbiblərə ki, azarlının nəbzinə
baxandan sonra "xudahafiz" deyib, börklərini axtarırlar...
"Nicat, nicat" deməklə nicat yolu öz-özünə
tapılmaz! "Məktəb, məktəb"
deməklə məktəb
öz-özünə açılmaz
və açılsa da, "Cameyi-Abbas" kitabından savayı orada bir özgə
dərs verilməz"
(Molla Nəsrəddin.
"Mikroblar" felyetonu. "Molla Nəsrəddin". 1908. ¹ 9.;
2).
Yazıçı göstərir ki, xəstə yaralarını
görüb seyr etmək yox, onun sağalması üçün yaralarına
məlhəm, dərdlərinə
əlac etməlisən. Bunun da çarəsi elm, maarif və mədəniyyətin
tərəqqisi və
təkamülündədir. Realist-satirik ədibimiz C.Məmmədquluzadə bu
arzuların gerçəkləşməsi
yollarını göstərərək
yazır: "Özümüzü
boş-boşuna mədh
və təhsin ilə yox - məhz acı həqiqəti meydana qoymaq ilə biz maarif evini abad
edə bilərik. Qeyri bir yol yoxdur"
(Molla Nəsrəddin.
"Mikroblar" felyetonu. "Molla Nəsrəddin". 1908. ¹ 9.;
2-3).
C.Məmmədquluzadə felyetonlarının əksəriyyətində
xalqımızın savadsızlığının
əsas səbəblərini
onların günlərinin
çoxunu yatmaqda, eyş-işrətdə keçirməkdə
görürdü. Yazıçı öz oxucusunu fəal mübarizəyə
səsləyərək bildirir
ki, elmi, təhsili olmayan xalq xarici düşməninə
qarşı da mübarizə apara bilməz. Mübarizə vasitələrindən biri kimi C.Məmmədquluzadə
öz düşməninin
dilini öyrənməyin
zəruriliyini göstərirdi.
Ədib bildirirdi ki, belə ciddi məsələlərdə incə
məqamları tutmaq,
hadisələrə çox
ehtiyatla yanaşmaq mühüm şərtlərdəndir.
Ola bilsin ki, sənin müstəbidin gözdən pərdə asmaq üçün radikal addımlar atar,bir çox
elm, mədəniyyət ocaqları,
mərkəzləri yaratmaqla
siyasi gediş edərək xalqının
etibarını qazanmağa,
özünü əsl
dost kimi göstərməyə
çalışar. Gərək ayıq
olub xalqının milli-mənəvi dəyərlərinin
başqa millətlərin
içərisində əriyib
məhv olmasına imkan yaratmayasan.
(Ardı var)
Gülbəniz BABAYEVA
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2016.- 16 avqust.- S.4.