Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri
(Əvvəli ötən sayımızda)
Əvvəldə qeyd etdiyimiz bu çox mühüm
problemlər "Əlifba"
felyetonunda öz əksini tapmışdı.
Orada deyilir: "... Balaca oğlumuz dörd
yaşına çatan
kimi aparıb qoyuruq rus evinə
ki, tərbiyə tapsın. Buna sözümüz
yoxdur... Bəli, bu dörd yaşında oğlumuz, gərək on ilin ərzində gimnaziyanı
qurtarınca bir kəlmə türk sözü danışmasın.
Moskvada darülfununda da ki duanın bərəkətindən müsəlman-zad
söhbəti getdi işinə. Axırda cavan
oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman
qızı, ya rus qızı aldı və inşallah bunların dörd yaşında uşaqları oldu və bu uşağı
da lazımdır müsəlman danışığından
uzaqlaşdırmaq ki,
gimnaziyada elmləri yaxşı oxuya bilsin.
Allah atana rəhmət
eləsin, bəs ta hanı türk
dili?
Qardaş, zarafat deyil ki,
dilimizdən iyrənirik,
vəssalam!" (Molla Nəsrəddin. "Əlifba" felyetonu.
"Molla Nəsrəddin".
1913. ¹ 1.; 3-6).
Yazıçının felyetonda xüsusi nəzərə çatdırmaq
istədiyi ana dili problemi və
onun qeyri dillər, xüsusilə də rus dili
içərisində əriyib
yox olması təhlükəsi ciddi narahatlıq doğurur. Öz övladlarını
doğma ana dilinə yadlaşdıran,
onları mənsub olduğu xalqın, elin, nəslin soy-kökündən ayıran
məhdud dünyagörüşlü
valideynlər satira atəşinə tutularaq kəskin ittiham olunurlar.
Elm, təhsil, maarif
və mədəniyyət
məsələləri "Molla Nəsrəddin"in
aparıcı xətti
kimi həm inqilabdan əvvəl, həm də Sovet hakimiyyəti qurulduqdan sonra ardıcıl olaraq davam etdirilmişdi. Əsrin ilk onilliyində
daha çox yeni tipli məktəblərin
olmaması, kütləvi
savadsızlıq, mollaxanaların
yarıtmaz fəaliyyəti,
şagirdlərə dünyəvi
elmlərin öyrədilməməsi
kimi real faktlar, acınacaqlı səhnələr
satirik şəkildə
tənqid hədəfinə
çevrilirdi. Keçən
əsrin 20-ci illərindən
sonra isə yeni-yeni fəaliyyətə
başlayan üsuli-cədid,
qızlar məktəbi
və gimnaziyalarda hökm sürən özbaşınalıq, dərslərin
keyfiyyətcə aşağı
səviyyədə olması,
müəllim kadrlarının
çatışmazlığı, valideynlərin uşaqlarını
təhsildən yayındırmaları,
məktəblərdə lazımi
şəraitin və avadanlıqların olmaması
kimi önəmli məsələlər həm
satirik poeziyanın, həm də satirik publisistikanın ana xəttini təşkil edirdi. Bir çox yazılarda isə müəllim əməyinə düzgün
dəyər verilməməsinin,
onların maddi və mənəvi sıxıntılar içərisində
əzilməsinin şahidi
oluruq. Bu baxımdan C.Məmmədquluzadənin
1926-cı ildə yazdığı
"Ölüm axtaran"
adlı felyetonu diqqəti cəlb edir. Felyetonda ömrünü xalqın maariflənməsi
yolunda şam kimi əridən müəllimin bürokratik
əngəllərlə üzləşməsi
və ona qarşı qeyri-insani münasibətlər ifşa
edilir. Yetim körpəsini uşaq
evinə yerləşdirmək
istəyən müəllim
bir çox təşkilatların süründürməçiliyinin
qurbanına çevrilir.
Çox
təəssüf ki, heç bir təşkilat onun istəyini reallaşdırmaq
istəmir. Hər
dəfə müraciət
edəndə biri deyir: "Get, mayın1-də gəl",
"Get iyunun 1-də gəl",
nəhayət, əlacı
kəsilən müəllim
sonda Bakı maarif şöbəsinə
üz tutduqda ona bildirirlər ki, "çocuğun çox kiçikdir, apar saxla, beş yaşı olanda gətir; bizim qanunumuz belədir". Buradan da rədd cavabı
alan, son ümidini bağladığı
təşkilatdan da
"biz ancaq yetim, yəni ata və
anası olmayanları
qəbul edirik" sözlərini eşidən
müəllimin qəzəbi,
nifrəti son həddə
çatır.
Felyetonun finalında atanın
"Aya, mən ölsəm, söz verirsinizmi ki, uşağımı qəbul
edəsiniz" - deyə
qopardığı fəryadı
acı və kinayəli gülüşə
bürünərək oxucunu
dərindən-dərinə düşünməyə sövq
edir.
Yazıçının "Gözəl yerlər"
felyetonu ilk baxışdan
estetik zövq aşılayır. Lakin zəngin faktlara istinad edən müəllif fikri ilə tanışlıqdan
sonra bu adın arxasında gizli bir istehzanın
dayandığını dərhal
hiss edirsən. Məlum olur
ki, Mirzə Cəlil Bakının Zibər, Üpo və b. kəndlərini ona görə gözəl yerlər adlandırır ki, orada bir dənə
də olsa, məktəb yoxdur. Həmin kəndlərdə kütləvi
savadsızlıq hökm
sürür. Elə bu
səbəbdən də
mollaların, seyidlərin
nəzərində "gözəl
yerlər" hesab edilir. Yazıçı felyetonda maarif
və mədəniyyətin
inkişafına mane olan
yalançı, ikiüzlü
din xadimlərini satira
atəşinə tutmaqla
yanaşı, həm də bir çox
cavabdeh təşkilatları
onlara qarşı ciddi və kəskin
mübarizə aparmadığına
görə etinasızlıqda
ittiham edir.
C.Məmmədquluzadənin ideyaca "Gözəl yerlər" felyetonu ilə yaxından səsləşən "İnna
lillahi və inna ileyhi raciun"
felyetonunda da elmlə, təhsillə dini xurafat qarşılaşdırılır. Özlərini "inintelligent" adlandıran
tarix, coğrafiya, təbiyyat fənlərini
tədris edən müəllimlərin Təzəpir
məscidinin həyətində
fırıldaqçı mollalarla
bir araya gəlməsi, həmfikir olması ifşa obyektinə çevrilir.
Eyni zamanda, felyetonda təlim-tərbiyə işində
mövcud olan nöqsanlar da qabarıq şəkildə
əksini tapır.
"Şura" felyetonunda
isə yazıçı
yenə də aktual bir mövzuya
müraciət edir. O göstərir
ki, 20-ci illərdə
digər sahələrdə
olduğu kimi, kənd təsərrüfatı
sahəsində də
çalışanların əksəriyyətini savadsız
insanlar təşkil edirdi. Buna görə
də taleyüklü
məsələlərlə bağlı ciddi qərarlar savadsız adamların iştirakı
ilə qəbul edilirdi. "Şura vəkilləri"nin
"aya, bəs biz orada danışılan sözləri niyə anlamadıq" deməsi onları gülünc situasiya ilə üz-üzə qoyur.
C.Məmmədquluzadə yaradıcılığının
əsas leytmotivini, mövzu və ideya istiqamətini müəyyənləşdirən tənqidçi Nadir Vəlixanov
yazır: "C.Məmmədquluzadə
savadsızlığın tezliklə
aradan qaldırılması
üçün daha çox məktəb, klub, teatr, kitabxana
təşkil etməyi,
burada işləmək
üçün yeni fikirli müəllim, mədəniyyət işçiləri
hazırlamağı təxirəsalınmaz
vəzifə kimi irəli sürürdü.
Müəllif bir sıra satirik-yumoristik felyetonlarında
bu məsələyə
laqeyd olan təşkilatları tənqid
edir, maarif və mədəniyyət
sahəsindəki nöqsanlarımıza
açıq gözlə
baxmağa, onları vaxtında ləğv etməyə çağırırdı"
(Nadir Vəlixanov. Cəlil
Məmmədquluzadə. Həyat və
yaradıcılığı. Bakı, Elm nəşriyyatı, 1976. 316 s.; 201-202).
Gənc nəslin təlim-tərbiyəsi
digər mollanəsrəddinçilər
kimi daim Cəlil Məmmədquluzadənin
də ciddi önəm verdiyi problemlərdən biri idi. Yazıçı uşaqların təhsildən
yayınmasını xalqımızın
gələcəkdə böyük
fəlakətlə üzləşməsi
kimi mənalandırır
və belə halların yolverilməz olduğunu dönə-dönə
vurğulayırdı. Onun "Uşaqlarımız",
"Uşaq teatrı",
"Məktəblər" felyetonlarında uşaqların
təhsil alması, məktəblərə cəlb
olunması ilə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli, məqsədyönlü
təşkili məsələləri
ön plana çəkilirdi. Yazıçı valideynlərə və müəllimlərə üz
tutaraq şagirdlərin
boş vaxtlarda faydasız, boş və gərəksiz işlərlə günlərini
keçirmələrinə qarşı çıxır
və geriliyin, cəhalətin aradan qaldırılmasının səmərəli
yollarını satirik
bir dillə göstərirdi.
Mollanəsrəddinçilər bilirdilər ki, nəsillər arasındakı bağlılığın ən yaxşı təminatçısı elm və təhsilin yüksək səviyyəyə qaldırılmasıdır. Keçən əsrin əvvəllərində çarizmin yeritdiyi siyasət nəticəsində uşaqların əksəriyyəti maddi sıxıntılar səbəbindən təhsil almaq hüququndan məhrum olunur və yaxud da məktəblər qəsdən qapadılırdı. Bu da uşaqları mənəvi şikəst edir, uçuruma yuvarladırdı.
Mirzə Cəlil felyetonlarının xarakterik xüsusiyyətlərindən biri də satirik priyomdur. Məsələn, "Kərbəlayı" felyetonundan bir parçaya diqqət yetirək: "Doğrudur, uşaqlarımız küçələrdə gəzib məktəbə getmirlər. Qafqaz maarif nəzarətinin axırıncı statistika hesabından belə məlum olur ki, Qafqaz müsəlmanlarının beş yüz nəfər uşaqlarından bir nəfəri ancaq dərs oxuyur, qalan dörd yüz doxsan doqquz uşaq küçələrdə oynayır" (Molla Nəsrəddin."Kərbəlayı" felyetonu. "Molla Nəsrəddin". 1909. ¹ 37.; 4-5).
Əslində, yazıçının əsas tənqid hədəfi inqilabi mübarizələrə, çarpışmalara qarşı çıxan, elmi, təhsili, məktəbi, maarifi arxa plana keçirən çar hökuməti və onun tabeçiliyində olan nazirlərdir. Felyetonda hakim dairələrin adı birbaşa deyilməsə də, yazıçı sətiraltı mənada bütün nöqsanların mövcudluğunda məhz həmin obyektlərin günahkar olması faktını aşkara çıxarır.
(Ardı var)
Gülbəniz BABAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2016.- 17 avqust.- S.4.