TÜRKSOY sədri Düsen Kaseinov:

“Biz hərtərəfli təbliğata üstünlük veririk”

 

TÜRKSOY sədri Düsen Kaseinovla söhbətimiz bu il Türk Dünyası Mədəniyyət paytaxtı seçilmiş Şəkidə baş tutdu.

Artıq ənənəyə çevrilmiş Şəki İpək yolu Beynəlxalq musiqi festivalının açılış mərasimindən sonra TÜRKSOY-un son illər gördüyü işlərdən, yeni uğurlarından danışdıq.

Düsen bəylə artıq üçüncü söhbətimiz olsa da, türk dünyası mədəniyyətinə illərdir ki, xidmət edən, türkdilli xalqların incəsənətlərini, musiqilərini, ədəbiyyatlarını, rəssamlığını yaxınlaşdıran, qırılmaz əlaqələr yaradan bu təşkilat, onun fəaliyyəti, fəxarət hissi oyadan uğurları haqqında xeyli yeni bilgilər əldə etdim.

Düsen Kaseinov TÜRKSOY-un layihələri, qazandığı nailiyyətlər, ümumtürk mədəniyyətini dünyaya tanıtmaq üçün görülən işlər haqqında o qədər şövqlə, həvəslə danışdı ki, düşündüm bəlkə də bütün deyilən uğurların sirri elə budur: ürəyini, enerjisini, ruhunu əsirgəməmək. Əslində heç müsahibəyə bənzəməyən, özzünə alınan söhbətimiz boyu bu sirri bir az daha açmağa, anlamağa çalışdım.

Həmsöhbətim sualımı gözləmədən mədəniyyətlə bağlı tədbirləri, böyük layihələri uğurla təşkil etməyinin tarixçəsini danışmağa başladı...

 

- Bilirsiz, zamanında mən çox aktiv komsomolçu idim. Amma mənə bu işin şüarçı tərəfi maraqlı deyildi. Mədəniyyətlə bağlı tədbirlər təşkil edirdim. Ən ucqar yerlərə artistləri aparmaq, konsertlər vermək, kəndlərdə mədəni görüşlər təşkil etmək mənim üçün zövq idi. Yəqin TÜRKSOY-da artıq neçə illərdir ki, gördüyümüz işlərin kökü elə ordan gəlir.

- Bioqrafiyanıza nəzər salanda mədəniyyətlə bağlı olmayan nə isə tapmaq çətindi. Və yəqin ki, bu, təkcə musiqiçi olmağınızla, təhsilinizlə bağlı deyil. Müsahibələrinizdən, çıxışlarınızdan hiss olunur ki, hətta tutduğunuz vəzifələr də hansısa böyük missiyaya xidmət etmək üçün vasitədi...

- Çox dəqiq müşahidədir. Həqiqətən belədir. Hələ Qazaxıstan Konservatoriyasının rektoru olandan bu gün TÜRKSOY-da gördüyüm işlərin əsasını qoyurdum. Milli musiqiyə diqqət ayırırdım, orkestrlər yaradıb, konsertlər təşkil edirdim. Təəssüflər olsun ki, müasir insanın köhnəliyi məhv etmək kimi qəribə xasiyyəti var. Bir vaxt “dünya, skripkada, royalda ifa edir” - deyib dombranı, xomuzu, qopuzu, başqa milli alətləri sıxışdırmağa başladılar. Nəticədə bəzi qədim musiqi alətləri ümumiyyətlə unuduldu. Məni bu məsələlər həmişə narahat edib. Olmazmı ki, biz qədimliyimizi qoruyaraq yeniliyi öyrənək, mədəniyyətimizə gətirək. Məsələn, əgər bu gün Mercedes maşınlarda gəzmək komfortludusa, milli “nəqliyyat vasitəmiz” olan atları, at çapmağı unutmalıyıqmı? Əsla! İnsanın təbiətlə, keçmişlə bağları azaldıqca o robotlaşır, bəsitləşir. Ona görə TÜRKSOY-un Xalq Çalğı Alətləri Orkestrini yaradanda çalışdıq ki, ən qədim alətlərdə ifa edən üzvlərimiz olsun.

- Orkestri özünüz qurmusunuz, yəni hər bir üzvünə şəxsən qulaq asıb dəvət etmisiz...

- Elədir. Ən müxtəlif tədbirlərdə, konsertlərdə gördüyüm sənətçilərlə uzun söhbətlər etməkdən, zamanımı ayırıb dinləməkdən yorulmuram heç vaxt. Özüm şəxsən söhbətləşir, uyğun bildiklərimi dəvət edirəm. Professional musiqiçi olmağım da bu işdə kömək edir.

- Kriteriyalarınız sərtdi yəqin ki...

- Bəli, çünki şükürlər olsun ki, türk dünyası böyükdü və istedadlı adamların sayı-hesabı yoxdu. Gözəl sənəti olmaqla bərabər, şəxsi keyfiyyətlərin də əhəmiyyəti çoxdu. Bəzən hansısa musiqiçi bir dəfə konsertimizə qatılır, iştirak edir, amma gələn dəfə onu niyə dəvət etmədiyimizi başa düşmür. Mən hər kəsə sayğıyla yanaşıram, qayğılarına qalıram. Amma sənətkar ilk gündən qonorar söhbəti açırsa, puldan danışırsa, deməli onunla işləməyə dəyməz. Yaxud kimsə Parisə öz sənətini, mədəniyyətini təbliğ eləməyə yox, fürsətdən istifadə edib dincəlməyə, gəzməyə gəlibsə, gördüyü işə ürəksiz yanaşırsa, bunu dərhal hiss edirəm və onunla iş birliyimiz bitir. TÜRKSOY hər bir sənətçiyə geniş meydan verir, dünyaya çıxmağa şərait yaradır. Lakin o sənətçinin ayrı maraqları varsa, onunla yola çıxmağa dəyməz.

- Dünənki konsertdə səslə, texnika ilə bağlı kiçik bir problem oldu. O dəqiqə qalxıb səs rejissorunun yanına getdiz və məsləhətlərinizi verdiz ona, etirazınızı bildirdiz.

- Bəlkə mənim statusumda ayrısı dincəlməyə, sadəcə rəhbərlik etməyə üstünlük verər. Amma mən hər işlə özüm məşğul oluram. Əsasən də bu cür təşkilati, texniki məsələlərlə bağlı çox narahat adamam. Heç bir kiçik, ya böyük problem sənətçiyə mane olmamalıdı. Dünən gördüyünüz hələ xırda detaldı. Bəzən təyyarə ilə 4-5 saatlıq uçuşdan sonra heç dincəlmədən məşqlərə gedirəm, oturub baxıram. Onda sənətçilər də məsuliyyət hiss edirlər. Bayaqkı sualınıza qayıdıb deyə bilərəm ki, bu cür sənətlə bağlı olan işlərdən zövq alıram. Amma protokol məsələlər, faydasız rəsmi görüşlər yorur məni. Mədəniyyət naziri olanda bunun əzabını çox çəkirdim. Gün ərzində gördüyüm işləri, görüşlərimi qeyd edirdim. Axşam dostlarımla oturub söhbət edəndə deyirdim, baxın, gün ərzində mən filan tədbirdə oldum, filan görüşü keçirdim, iclasda çıxış etdim, müsahibə verdim və s. Bəs mədəniyyət üçün nə etdim, heç nə! Bax bu fikir məni dəhşətə gətirirdi. Rəsmi, protokol işlərin əsl, gerçək addımlardan, mədəniyyətin inkişafı üçün görülə biləcək işlərdən ayırması çox pessimist edirdi məni.

- Bu mənada TÜRKSOY rəhbərliyi tam sizə, stixiyanıza uyğun işdi yəqin ki...

- Hər halda artıq 8 ildir ki, bu vəzifəni tuturam. Çox işlər görülüb, amma xeyli də planlarımız var. Əlbəttə, haqlısınız ki, burdakı işim məhz mədəniyyətlə bağlı olduğu üçün, türkdilli xalqların mədəni birliyinə xidmət etdiyi üçün özümü daha rahat hiss edirəm. Təbii ki, işimizin çətin tərəfi də az deyil. Hər bir layihə sağlamlığımız, canımız, qanımız bahasına başa gəlir. Bəzən Avropanın bir şəhərindən, böyük konsertdən gəlib dincəlmədən növbəti şəhərinə, ayrı tədbirə qatılırıq.

- Əlbəttə, bütün bunlar fövqəladə enerji, güc hesabına başa gəlir. Sadəcə dincəlməklə o gücü yığmaq, bərpa etmək olmaz. Nədən alırsız gücü?

- Vəfalı adamlardan. Minnətdarlıq duyğusundan. Məsələn, ucqar Sibirdən gənc bir musiqiçini dəvət edirik konsertimizə. Parisdə konsert veririk, bu gənc bəlkə yalnız xəyal edə biləcəklərini yaşayır. Öz sənətini ən məşhur salonlarda təqdim etmək şansı əldə edir. Üstəlik birdən-birə Avropaya çıxır, Avropa tamaşaçısının diqqətini, heyranlığını görür. Və konsertdən sonra yaxınlaşıb minnətdarlıq edir, xoş sözlər deyir. Bax bu cür insanların sevincini görmək, emosiyalarını duymaq, minnətdarlığını eşitmək çox böyük güc verir mənə... Həm də yorğunluqlarımı unutdurur.

- Bir-birinin ardınca BMT-nin konsert salonunda, Avropanın müxtəlif şəhərlərində TÜRKSOY-un Xalq Çalğı Alətləri Orkestri və gənclərdən ibarət Kamera Xoru konsertlər verir. Bilirik ki, bu konsertlərdə adətən türkdilli xalqların milli, qədim musiqisi təqdim olunur. Dünya bizi necə “eşidir”, necə qəbul edir?

- Nə dərəcədə anladığını deyə bilmərəm, amma böyük maraqla qarşılanmağımız danılmazdır. Həm də bilirsiz, biz hərtərəfli təbliğata üstünlük veririk. Dediyiniz kimi, BMT konsert salonunda çıxış ediriksə, bu sadəcə musiqi təbliğatı olmur. Ekranda musiqisi ifa olunan ölkənin təbiətini, tarixini əks etdirən video-rolik göstərilir, konsertdən sonra milli şirniyyatlar, yeməklər təqdim olunur qonaqlara. Bu da turizmin inkişafı üçün son dərəcə mühüm işlərdir. Yəni tamaşaçıda bu ölkələrə dair bütöv təsəvvür yaranır.

- Bildiyimə görə Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestri son bir-iki ildə yaradılıb. İstərdim bunun tarixçəsindən danışasınız.

- TÜRKSOY-un Beynəlxalq Gənclik Kamera Xorunu türk musiqisinin dünyaya tanıdılması məqsədi ilə Türkdilli ölkələrin öndə gələn konservatoriyalarından seçilən istedadlı gəncləri bir araya toplamaqla qurduq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Tatarıstandan (RF) qatılan tələbələrdən ibarət xor 2015-ci ildən fəaliyyətə başlayıb. Çox qısa zamanda inanılmaz uğurlara imza atıb bu xor. İlk böyük sınaqlardan Avropa Xor müsabiqəsində keçdi. Almaniyada baş tutan yarışmada 3 qızıl medal qazanan bu xor hər birimizin qürur yerimizdir. Xalq Çalğı Alətlərini də yeni yaratdıq. Bu il müstəqilliyinin 25-ci ildönümünü qeyd edən ölkələrin şərəfinə konsert proqramı hazırlamışıq. İlk dəfə bu proqramla Bakıda, daha sonra Şəkidə çıxış etdik. Lakin il ərzində bütün bu ölkələrdə konsertlər verəcəyik. Bu məqamda fürsətdən istifadə edib Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Əbülfəs Qarayev başda olmaqla, layihələrimizə göstərdikləri mənəvi və maddi yardıma görə təşəkkürlərimi bildirirəm. Həmçinin Milli Konservatoriyanın və Akademik Opera və Balet Teatrının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycandan qatılan musiqiçilərin yüksək professionallığını, gənc tələbələrin istedadını, onlarla aparılan son dərəcə dəqiq və peşəkar hazırlıq işlərini çox dəyərləndirirəm.

- Ümumiyyətlə,TÜRKSOY-un layihələri daha çox musiqi ilə bağlıdır. Görünür, mədəniyyəti təbliğ etməyin ən effektiv üsulu məhz musiqinin təbliğindən keçir.

- Əlbəttə, musiqinin dili yoxdur axı... Məsələn, biz dahi Üzeyir bəyin musiqisini Parisdə ifa edəndə tamaşaçının necə sehrləndiyini, reaksiyasını görürük. Ədəbiyyatla bağlı layihələr üçün yaxşı tərcüməçilərə ehtiyacımız var. Ancaq bununla belə, yəni çətinliklərə baxmayaraq, Avrasiya Yazarlar Birliyi ilə maraqlı ədəbi layihələrimiz, birgə işlərimiz var. Birliyin rəhbəri Yaqub Öməroğlu ilə projelərimiz uğurlu olur. Və bunları davam etmək niyyətindəyik. Dərgilər Konqresi, Mahmud Kaşğarlı hekayə yarışması, Haldun Taner pyes yarışması, Türk Dünyasında İlin Ədəbiyyat adamı mükafatı bunlara misal ola bilər.

- Hər il Türk Dünyasının Mədəniyyət paytaxtının seçilməsi və il ərzində bir çox mədəni tədbirləri məhz bu şəhərdə keçirməyiniz də son dərəcə uğurlu ideyadır.

- Bizim məqsədimiz təkcə dünyada tanınmaq yox, həm də bir-birimiz, türkdilli xalqlar arasında əlaqələri möhkəmləndirməkdir. Bu mənada ardıcıllıqla müxtəlif ölkələrdən olan şəhərlər mədəniyyət paytaxtı seçiləndə sanki hər il bir ölkənin mədəniyyəti, tarixi aktuallaşır. Tədbirləri, görüşləri bu şəhərdə keçirməklə hər kəsin diqqətini cəlb etmiş oluruq.

- Bu il məhz Şəkinin Mədəniyyət Paytaxtı seçilməsi sevindiricidir. Və artıq müxtəlif tədbirlərə də start verilib.

- Təxminən iki il əvvəl mən İcra başçısı Elxan Usubovun təklifi ilə Şəkiyə gəlib buranı gəzmişdim və tarixiliyini, özünəməxsus koloritini çox bəyənmişdim. Üstəgəl əsrarəngiz təbiət, fərqli mətbəx və s. Onu qeyd edim ki, TÜRKSOY məhz bu kriterilərə üstünlük verir. Yəni sonradan qurulmuş, son dərəcə müasir bir şəhər Mədəniyyət Paytaxtı ola bilməz. Bütün bu yeniliklər gözəldi, Avropa şəhərlərini geridə qoyan müasirlik, uca binalar, komplekslər... Amma dünyanı bununla cəlb etmək, təəccübləndirmək mümkün deyil. Amma onlara Şəki Xan Sarayını göstərəndə, ordakı miniatürləri nümayiş etdirəndə diqqəti çəkə bilərik. Bu mənada Şəki Mədəniyyət Paytaxtı statusuna tam uyğun gəlir. Həmçinin onu da vurğulamalıyam bütün maddi problemlərə, çətinliklərə baxmayaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Şəki şəhər İcra Hakimiyyəti planlaşdırdığımız tədbirlərin keçirilməsi üçün hər cür qayğı göstərir. İl ərzində burda müxtəlif görüşlərin, tədbirlərin, konsertlərin təşkil olunması nəzərdə tutulub. Bu da Azərbaycan mədənyyətinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin türk dünyasında və ümumiyyətlə dünyada təbliğ olunmasına xidmət edəcək.

- Siz danışdıqca düşünürəm ki, TÜRKSOY barədə sadəcə bir təşkilat kimi yox, canlı orqanizm, özünün ruhu, xarakteri olan varlıq kimi danışırsız. Hər təşkilat, hər qurum bu səviyyəyə yüksələ bilmir. Sirr nədədi sizcə?

- Yəqin ki, peşəkarlıqda, işimizə vicdanla, həvəslə yanaşmağımızda. TÜRKSOY-un təməli bu cür qoyulub. Dostum Polad Bülbüloğlu ilk sədri olub və o zamandan bu təməllər qoyulub. Üzv ölkələrin hər cür dəstəyini hiss edirik... Bütün bunlar yəqin ki, dediyiniz o sirrin ayrı-ayrı hissələridir.

- Maraqlı söhbət üçün təşəkkür edirəm. TÜRKSOY-a sonrakı fəaliyyətində uğur arzu edirəm.

- Mən təşəkkür edirəm. Sağ olun.

 

525-ci qəzet.- 2016.- 13  avqust.- S.10-11.