TÜRKSOY-un Gənclik Kamera
Xorunun Avropa
uğurları -
TÜRKSOY-un Gənclik Kamera Xoru Almaniyanın
Bayroyt şəhərində
təşkil olunan
66-cı Bayroyt Gənc
Sənətçilər Musiqi
Festivalının 1 avqustda
baş tutan açılışında çıxış
edib.
Bu festivala qatılan
Gənclik Xoru Almaniyanın müxtəlif
şəhərlərində 10 konsertlik bir turne gerçəkləşdirib.
Turne çərçivəsində
ilk konsert Bayroyt
"Das Zentrum" səhnəsində
verilib və alman sənətsevərlərinin
böyük marağına
səbəb olub. Konsertə
Türkiyə Cümhuriyyətinin
Nürnberq konsulu Yavuz Kül, Türkiyə Cümhuriyyətinin
Almaniya səfirliyinin məsləhətçisi Ufuk
Gəzər, Tayland şahzadəsinin qızı
Xun Ploypailin və başqa nüfuzlu şəxslər
qatılıblar. Konsertdən sonra
qonaqlar gənclərlə
şəxsən görüşüb
xatirə fotoları çəkdiriblər.
Növbəti gün, avqust ayının 2-də Kamera
Xoru Bayroyt şəhərində kilsədə
konsert veriblər. Türk
və alman sənətsevərlərinin böyük
maraq göstərdiyi konsertdə Bayroyt Gənc Sənətçilər
Musiqi Festivalının
rəhbəri Elizabet Tammer TÜRKSOY Kamera Xoru haqqında çıxış edib:
"TÜRKSOY Gənclik Kamera
Xoru harmoniyanı bizlərə ən üst səviyyədə
yaşadan bir xordur. Onlar müstəqilliklərinin 25 ilini qeyd edən
ölkələrdən olan
gənclərin simasında,
ifasında yaşadıqları
coğrafiyadakı sənətin,
mədəniyyətin ən
gözəl örnəklərini
bizlərə çatdırdılar.
Buna görə ürəkdən təşəkkür
edirəm".
3 avqustda isə bölgənin ən qədim kilsəsi olan Spenşart Klosterhof kilsəsində konsert baş tutub. Növbəti konsert isə
Bayroyt şəhərindən
100 km aralı olan Koburq şəhərində
gerçəkləşib. Koburq Bələdiyyəsinin himayəsi
ilə gerçəkləşən
konsertə bir çox sənətsevərlər
qatılıblar. Koburq
şəhər bələdiyyəsi
Elke Protzman çıxış edib:
"Bu gün burda dinlədiyimiz sənət
çox üst səviyyənin nümunəsidir.
Türk mədəniyyətini belə
möhtəşəm şəkildə
təqdim edən xor üzvlərinə və bu gözəlliyi
şəhərimizə gətirən
TÜRKSOY rəhbəri Düsen
Kaseinova təşəkkürlərimi
bildirirəm". Daha sonra
Elke Protzman xor üzvlərinə və TÜRKSOY rəhbərinə
hədiyyələr təqdim
edib.
7 avqustda isə Kamera Xoru Forşeym
şəhərində açıq
havada konsert verib. 9 avqust tarixində isə turnenin son konserti verilib. Festivalın bağlanış mərasimində də uğurla çıxış
edən xor tamaşaçıların sürəkli
alqışları ilə
qarşılanıb. Mərasimdə
çıxış edən
Düsen Kaseinov Festivalın təşkilatçılarına
təşəkkürlərini bildirib: "Bu gün burada olmaq mənim
üçün çox
önəmli və sevindiricidir. Bayroyt Gənc Sənətçilər
Musiqi Festivalının
anlamı, dəyəri
çox böyükdür.
İlk dəfə bu festivala 1993-cü ildə qatılmışdım. O vaxt bura Qazaxıstandan
bir xor gətirmişdim.
Daha sonralar 1994, 1995, 1996-cı illərdə
türk dünyasının
ən yaxşı sənətçilərinin bu
festivala qatılmasına
vasitəçi, yardımçı
oldum. 23 il öncə rektor olarkən bura gətirdiyim gənclər indi böyük şöhrət
və nüfuz sahibidirlər. Ona görə bu festivalın mənim üçün ayrı və xüsusi önəmi var. Bu gün
TÜRKSOY Gənclik Kamera
Xorunu sizlərlə görüşdürməkdən, üzvümüz olan ölkələrin - Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə
və Türkmənistandan
gələn sənətçilərin
ifalarını Avropa tamaşaçısına təqdim
etməkdən çox
məmnun və xoşbəxtəm. Bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistandan
müstəqilliklərinin 25 ilini qeyd edirik.
Ona görə
2016-cı il bizim üçün çox mühüm ildir. Bütün uğurlarımızı 25 illik müstəqilliyə
ithaf edirik".
Daha sonra D.Kaseinov Festivalın rəhbəri Elizabet Tammerə TÜRKSOY medalı
təqdim edib. Digər qonaqlara
da TÜRKSOY hədiyyələri
təqdim olunub.
Qeyd edək
ki, Gənclik Kamera Xoru Festivala
qatılan digər xorlarla birgə International
Harmony layihəsinə qoşularaq
konsertlərini davam etdirir.
PƏRVİN
525-ci qəzet.- 2016.- 13 avqust.- S.11.