Mollanəsrəddinçi publisistikada
elm və təhsil
problemləri
XX əsrin əvvəllərində
Azərbaycanda mollaxanalarla,
mədrəsələrlə yanaşı, yeni tipli üsuli-cədid deyilən Avropa sistemli məktəblər
açılmışdı.
Təhsil sahəsində baş verən bu yeniləşmə
əsasında mollaxana
və mədrəsələrdə
islahatlar başlanmışdı.
Dövrün elmi mənzərəsinə
nəzər saldıqda
görürük ki, artıq XIX əsrdə mövcud olan gerilik, cəhalət, kütləvi savadsızlıq
getdikcə aradan qalxır, yeni mərhələyə qədəm
qoyan təhsil prosesi sahəsində dünya təhsil sisteminə inteqrasiya meylləri güclənirdi. Ancaq bununla
belə, kütləvi
savadsızlığın aradan
qaldırılması üçün
bu məktəblərin
fəaliyyəti hələ
də xalqın elmə, mədəniyyətə,
maarifə olan ehtiyacını ödəmək
iqtidarında deyildi.
Fikrimizi əyaniləşdirmək
üçün keçən
əsrin əvvəllərinin
elmi mənzərəsinə
diqqət yetirək:
“1887-ci ildə Bakıda
birinci rus-tatar, yəni rus-Azərbaycan məktəbi açılmışdı.
Burada əvvəl 42 nəfər
şagird vardı.
1913-cü ildə həmin
məktəblərin 25 illik
yubileyi qeyd edildiyi zaman isə Bakıda 9 rus - Azərbaycan məktəbi, 8 rus - Azərbaycan qız məktəbi və bir altı sinifli
məktəb var idi. Burada azərbaycanlı balalarından 2249 nəfər
şagird oxuyurdu.
Bunlardan
337 nəfəri qız
idi” (Əziz Mirəhmədov. Sabir. Bakı, Azərbaycan
SSR Elmlər Akademiyası
nəşriyyatı, 1958. 444 s.; 8).
XX əsrin əvvəllərində elm, təhsil məsələlərinin
xalqın taleyində mühüm və təxirəsalınmaz rol
oynadığı real gerçəkliklər
kimi ortaya çıxırdı. Elə bu
səbəbdən də
dövrün bir çox ziyalıları gələcəyimiz olan uşaqlara hansı elmləri öyrətməyin
zəruri olduğunu gündəmə gətirir
və geniş müzakirələr aparırdılar.
1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin ilk toplantısında
yeni tədris proqramlarının, dərs
kitablarının və
müəllim kadrlarının
hazırlanması məsələləri
diqqət mərkəzində
saxlanılırdı. Elm və təhsil problemləri, uşaqların
təlim-tərbiyəsi kimi
ümdə məsələlər
bu dövrdə olduqca aktuallaşır, mədəni-maarif işlərinin
sürətlənməsi və
keyfiyyətcə yaxşılaşması
məqsədi ilə
“Nəşri-maarif”, “Cəmiyyəti-xeyriyyə”
və “Nicat” kimi cəmiyyətlər yaradılır.
Şübhəsiz ki, cəmiyyətdə gedən bu mühüm
proseslər “Molla Nəsrəddin” jurnalının
diqqətindən kənarda
qala bilməzdi.
“Azərbaycan xalqının
oyanması, mənəvi
cəhətdən silahlanması
və inqilab yoluna düşməsində,
əsrlərcə feodal
zülm və zülmətində yaşayan
kütlələrin əsarətindən,
“ölülər” aləmindən
qurtarmasında, tərəqqi
və səadət üçün çarpışmasında,
öz müqəddəratı,
azadlığı və
hüququ uğrunda mübarizəsində, maarif
və mədəniyyətin
təbliğ edilməsi
və yayılması
işində, elm işığı
ilə işıqlanmasında
“Molla Nəsrəddin”dən
böyük iş görən ikinci bir xalq jurnalı
göstərmək çətindir”
(Əziz Mirəhmədov.
Sabir.
Bakı,
Azərbaycan SSR Elmlər
Akademiyası nəşriyyatı,
1958. 444 s.; 80).
Doğrudan da, xalqın maariflənməsi işində
“Molla Nəsrəddin”
jurnalının ardıcıl
olaraq 25 illik fədakarlığı yüksək
dəyərləndirilməlidir. O dövrdə
“Həyat” qəzetinin
yazarlarından biri olan Axund Əbu
Turabın “Bizə hansı elmlər lazımdır?”
məqaləsi ətrafında gedən müzakirələrdə “Molla
Nəsrəddin” jurnalı
və “Həyat” qəzetinin əməkdaşları
da fəal iştirak etmişdir. Sözügedən məsələyə Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Ömər
Faiq Nemanzadə və digər ziyalılarımızın müxtəlif
parametrlərdən yanaşma
tərzi birmənalı
qarşılanmamışdır. Əgər Axund Əbu Turab məktəblərin din, şəriət
dərslərindən uzaqlaşaraq
təbiət, hesab, həndəsə, tibb və s. dünyəvi elmləri öyrənmələrinə
qarşı çıxırdısa,
Mirzə Cəlil şagirdlərin dünyəvi
elmləri öyrənməsinə
önəm verir və bu mütərəqqi
ideyanı dəstəkləyirdi.
Yazıçı Axund
Əbu Turaba ünvanladığı “Hansı
elmlər lazım?” felyetonunda məqalə müəllifinin dünyagörüşündəki
məhdudluğu, cəhalət
və mövhumatı
“İbrahimbəyin səyahətnaməsi”
ilə müqayisə
edir və fikrini əsərdən gətirilmiş aşağıdakı
misra ilə tamamlayır:
“Mordəənd vəli
zində, zindəənd
vəli mordə” (Ölüdürlər diri
kimi, diridirlər ölü kimi) (Cəlil Məmmədquluzadə. Əsərləri. 6 cilddə, 3-cü cild. Bakı, Azərnəşr, 1984. 292 s.;
32).
Cəlil Məmmədquluzadə ilə
yanaşı, digər
mollanəsrəddinçilərin yeni təlim üsullarını və
dünyəvi elmlərin
tədrisini təqdir edən yazılarla çıxış etməsi
dövrün mütərrəqqi
ziyalıları tərəfindən
maraqla qarşılanırdı. Bu əhəmiyyətli
müzakirələrdə “Molla Nəsrəddin”in yaradıcılarından biri
olan Ömər Faiq Nemanzadənin din xadimlərinə və müəllimlərə müraciəti
onun açıq fikirli, vətənpərvər,
zəngin insan olduğunu təsdiqləyir:
“Ey axundlar, bəsdir ibtidai məktəblərimizdə böyüklərimizin
belə asanlıqla qanmadığı çətin
məsələləri, ixtilaf
və füruata aid bəhsləri çox yerdə əzbərlədib
balaların zehinlərini
kor etmək...
Əziz
müəllimlər, tərəqqisini
arzu etdiyiniz ibtidai məktəblərdə,
kim nə
deyirsə desin, üsuli-təlimin, qanuni-təkamülün
bir addım xaricinə çıxmamalısınız.
Vallah, millətə, vətənə,
həqiqətə, istiqlala
xəyanət etmiş
olarsınız” (Ömər
Faiq Nemanzadə.
Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb nəşriyyatı,
2006. 352 s.; 149).
Böyük ədibimiz Əli bəy Hüseynzadə gedən mübarizələrdə
iştirak etmiş və məsələlərə
birtərəfli yanaşmamışdır. O, həm
təbiət elmlərini
öyrənməyin vacibliyini
göstərir, həm
də dinin, şəriətin tədris
olunmasının zəruriliyini
vurğulayırdı.
“Molla Nəsrəddin”
jurnalının səhifələrində
elm, maarif, təhsil məsələlərinə aid çoxlu sayda nəsr və nəzm nümunələri
yer almışdı. Xalqın gələcəyini,
milli dirçəlişini,
istiqlalını elmin,
təhsilin inkişafında
görən mollanəsrəddinçilər
müxtəlif janrlı
yazılarda öz həmvətənlərini maarifləndirməyə
səsləyirdilər. Satirik publisistikada C.Məmmədquluzadə,
Ö.F.Nemanzadə, Ə.Haqverdiyev,
M.S.Ordubadi və başqalarının bu mövzulu əsərləri
jurnalın səhifələrində
müntəzəm olaraq
əksini tapmışdır.
Satirik poeziyada isə M.Ə.Sabir, Ə.Qəmküsar,
Ə.Nəzmi, Ə.Razi,
B.Abbaszadə və digər şairlərin elmi, təhsili, maarif və mədəniyyəti təbliğ
edən şeirləri
satiranın ən gözəl nümunələri
kimi diqqəti cəlb edir.
“Molla Nəsrəddin”
jurnalının səhifələrində
geriliyin, cəhalətin,
nadanlığın, savadsızlığın
ifşası Cəlil
Məmmədquluzadənin satirik
publisistikasında geniş
yer almışdı. Yazıçının
müxtəlif dövrlərdə
jurnalda dərc olunan “Niyə məni döyürsünüz?”,
“Niyə mən dərsdən qaçdım”,
“Gimnaziyada təzə
məscid”, “Təzə
təlim kitabı”, “Müəllimlər”, “Baş”,
“Erməni və müsəlman övrətləri”,
“Mikroblar”, “Əlifba”,
“Şura”, “Gözəl
yerlər”, “Ölümaxtaran”,
“Uşaqlarımız”, “Məktəblər”,
“Şəhərlərdə və kəndlərdə hökumət məktəblərinin
müsəlman müəllimlərinə
xitab”, “Maarif işləri” və b. felyetonlarında elm, təhsil,
maarif və mədəniyyət sahəsində
yol verilən nöqsanlar, çatışmazlıqlar
ciddi tənqid atəşinə tutulur.
Kütləvi savadsızlığın aradan
qaldırılması üçün
mövcud şəraitdə
yeni dərslik kitablarının nəşrinə
böyük ehtiyac duyulurdu. Bu çatışmazlığın
aradan qaldırılması
təxirəsalınmaz bir
vəzifə kimi dövrün bir çox ziyalıları kimi mollanəsrəddinçiləri
də narahat edirdi. C.Məmmədquluzadə
“Təzə təlim kitabı” felyetonunda bu aktual məsələlərdən
bəhs edərək yazır: “Məlum şeydir ki, məktəblərdə təzə
üsulla dərs vermək üçün
kitablar azdır. Bu səbəbdən millət,
vətən adına bir qulluq eləmək
niyyəti ilə yoldaşlarım Mozalan,
Hop-hop, Lağlağı və
Hərdəmxəyalla himmət
edib və köməkləşib bir
hesab kitabı cəm etmək fikrinə düşdük”
(Cəlil Məmmədquluzadə.
4 cilddə, 2-ci cild. Bakı, “Öndər nəşriyyatı”,
2004. 584 s.; 38).
Felyetonda yazıçı satirik şəkildə on səkkiz
hesab məsələsi
verir. Bu tapşırıqların
hər biri müxtəlif mövzuları
əhatə etsə də, sətiraltı eyhamla oxucunun diqqəti əsas məqamlara yönəldilir.
Həmin məsələlərdən
elmə və təhsilə, şagirdlərə
qarşı sərt cəza üsullarına
aid verilmiş bəzi
nümunələrə diqqət
yetirək:
“1. Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətdə uşaq həmin kitabı qurtara bilər”.
2. Molla bir uşağın
ayaqlarını fələqqəyə
qoyanda on bir çubuq sındırır.
Yeddi uşağa nə qədər çubuq gərək hazır edə?
3. Müsəlman uşağı
dörd il
rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. Bu hesabla cavan on dörd il oxuyandan
sonra nə dildə danışacaq?”
(Cəlil Məmmədquluzadə.
4 cilddə, 2-ci cild.
Bakı,
“Öndər nəşriyyatı”,
2004. 584 s.; 39).
Verilmiş riyazi məsələlərdə
ilk baxışdan şagirdlərin
zehni qabiliyyətini, idrak fəallığını,
bacarığını aşkara
çıxarmaq fonu yaradılsa da, əslində müəllifin
gizlin məqsədi başqa mahiyyət daşıyır. Mollaxanalarda keçirilən dərslərin keyfiyyətsizliyi,
uşaqlara lazımi elmi biliklərin verilməməsi və bununla yanaşı, şagirdlərə qarşı
qeyri-insani münasibətlər,
fiziki cəza tədbirləri kəskin tənqid atəşinə
tutulur.
(Ardı var)
Gülbəniz BABAYEVA
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı
elmi işçisi, filologiya
üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2016.- 13 avqust.- S.17.