Şair qocalsa da, şeir qocalmır...
CAMAL YUSİFZADƏNİN 75 YAŞINA
Camal Yusifzadə də 75 yaşına gəlib
çatdı.
Altmış-yetmişinci illərin gənc şairləri
sırasında adı tez-tez hallanan, iki ünlü
şairimizdən - Rəsul Rzadan və Əli Kərimdən
xeyir-dua alan Camal səksəninci-doxsanıncı
illərdə artıq müasir poeziyamızın seçilən
nümayəndələrindən biri idi.
Hər dəfə kiçik şeir kitabları nəşr
edilsə, tənqidçilər ondan xəsisliklə bəhs
etsələr də, Camalın istedadlı şair olduğu
göz qabağında idi. Hərçənd ki, o, çox
nadir hallarda ədəbi məclislərdə
görünür, lap arxa cərgələrdə oturub səsini
çıxarmır, heç durub şeir də oxumurdu.
Başını aşağı salıb AzTV-də bir-birindən
maraqlı verilişlər hazırlayırdı.2009-cu ildə
nəhayət, təxminən 400 səhifəlik
"Poeziya" adlı bir şeir kitabı çap olundu və
bu kitab belə bir həqiqəti sübut elədi ki, Camal
Yusifzadə adi şair deyil, orijinal deyim tərzi ilə
seçilən şairdir. Əli Kərimin "İntellekt və
poeziya" məqaləsində (1969) bu sözləri
xatırlayıram: "Camalda nə xoşuma gəldi? Onun elmə, savada, həyata dərin meyli".
Bu yazını yazmağa başlayanda həmin
"Poeziya" kitabında Camal Yusifzadənin vaxtilə dillər
əzbəri olmuş şeirlərini axtardım. Anasının xatirəsinə
həsr etdiyi "Ay qonşu, bu evin yiyəsi hanı?" bir
daha məni kövrəltdi (eyni hissləri keçirdiyim
üçün)
Yağış
suvağını yuyur bu evin,
Külək
şüşəsini döyür bu evin,
Sükut
hay-küyünü qovur bu evin,
Zaman
taxtasını ovur bu evin,
Ay
qonşu, bu evin yiyəsi hanı?
Həzin,
çox həzin bir sevgi şeirini axtardım:
Əllərim
əlində qalsa
Qaytarma mənə-
Nəyimə lazım?
Belinə
dolarsan mən olmayanda,
Saçına
çəkərsən mən olmayanda!
Və bir
də "Piskaryov"da dəfn olunmuş naməlum əsgərlərin
xatirəsinə həsr olunan "Əsgər harayı"
şeirini:
Ehey, kim var orda?
Ehey, kimsən orda?
Eh, nə
yaman darıxdım,
Görəsən, bayırda necədir hava?
Yağış yenə yağırmı?
Günəş yenə doğurmu?
Mən Camaldan yeddi yaş kiçiyəm. Amma o şeirləri
oxuyanda özümü onunla həmyaş saydım, elə bil
həmin şeirlərin aşıladığı
duyğuları, hissləri mən də yaşadım. Beləliklə, Camalın kədəri həm də
mənimkidir. Mən də bu şeirləri
oxuyub Camalla müdam qocalığın həzin hücrəsinə
sığınıram. O hücrədə kimsə yox.
Bir üz tutmalı Allahın var:
Bir də
uşaq olmaq-
Bir də
böyümək!
Bir də
uşaq olmaq-
Ta
böyüməmək!
Bir də
böyüməkçin-
Öləsən
gərək!
Əfsus
ki, böyüdüm-
Böyüdüm,
Aman!
Naməlum
sabahdan,
Gələn
günümdən qorxuram yaman!
Böyüdüm-
Bir ucu
ölümdür daha!
İzn
ver, İlahi, böyüməyim ta!
Əlbəttə, bu hisslər hamıya doğmadır,
amma çoxumuz ölüm haqqında, dünyanın faniliyi
barədə belə nostalji düşüncələrə
dalmırıq. İçimizdə ya doğru, ya da
yalançı nikbinliklə özümüzə təsəlli
veririk. Məncə, Camalın bu tipli
şeirlərini kədərli, qüssəli şeirlər
kimi yox, fəlsəfi şeirlər kimi qavramaq lazımdır.
"Dünya duracaq yer deyil, ey can, səfər eylə" - Nəsiminin
bu misrası isə Camal Yusifzadənin şeirləri
arasında kökdən gələn bir bağlılıq var.
Biz hamımız yol üstündəyik, səfərdəyik...
Camal Yusifzadə "sonuncu"
altmışıncılardandır. "Sonuncu", yəni
həmin ədəbi nəslin sonuncu uşağı.
Fikrət Sadıqdan, Fikrət Qocadan, İsa İsmayılzadədən,
Ələkbər Salahzadədən, Abbas Abdulladan, Vaqif Səmədoğludan
az sonra poeziyaya gəlib və onların cərgəsinə qoşulub.
Ona ilk "uğurlu yol"u o poetik nəslin
avanqardı Əli Kərim yazıb.
Qayıdıram
bir az keçmişə və Camal Yusifzadənin,
mənim fikrimcə, qocalmayan şeirlərinə.
Camal
Yusifzadənin "Lənkəran nəğməsi",
"Atlılar-qanadlılar", "Ümiddən keçən
yol" və "Payızdan gələnlər" şeir
kitabları məndədir və həmin o nazik kitablarda onun
şair səciyyəsini tam və dolğun şəkildə
ifadə edən şeirlər çoxdur. Ümumiyyətlə,
onun havaya atılan boş gülləsi olmayıb, nə
yazıbsa, ŞEİR olub və bu şeirlərin bir
çoxu sözün əsl mənasında POEZİYAya
çevrilib. O şeirlərdən biri doğulduğu Lənkərana
həsr edilib. Və o şeirdən əsl payız havası gəlir:
Bu şəhər
yağışa düşüb ömürlük,
Bu şəhər yağışda islanıb tamam.
Gözümü
açanı
Dəniz
görmüşəm;
Kükrəyən,
çağlayan,
Təmiz görmüşəm.
Bu dəniz
yağışa düşüb ömürlük,
Bu dəniz yağışda islanıb yaman.
Gözümü
açanı
Meşə
görmüşəm,
Qızılı
yarpağı,
Yaşıl
talanı
Yuyulub
-silinmiş
Şüşə görmüşəm.
Altmış-yetmişinci illərin şeirlərinə
xas olan bir çox cizgilər, əlamətlər Camalın
şeirlərində baş-başadır. O zaman üçün təzə
və təravətli səslənən obrazlar, deyimlər, bədii
təsvir vasitələri, assosiativ düşüncə tərzinin
ifadəsi olan maraqlı, orijinal bənzətmələr onun
şeirlərinin də başlıca məziyyətlərindəndir.
Camalın özünəməxsus poetik boyaları, cizgiləri
var. Ona Hüseyn Arifə, Məmməd Aslana, Musa Yaquba
birbaşa deyiləsi "təbiət şairi" təyinini
vermək doğru olmazdı, amma Camalın payızdan
yazdığı əksər şeirlərində payızdan
çox, payızlı duyğuların lövhələrini,
rəsmini görərsən. Çöldəki
payız yox, məhz insanın içindəki payızlar rəsm
olunub bu şeirlərdə. Həmin şeirlərdən
biri yenə əlimdən tutub məni yaralı bir dəmirağacının
yanına gətirir:
Qulağımda
vahiməli,
Küt ağrılı balta səsi.
Dizlərimdə sozalanmış qış nəfəsi.
Yarpaqlarım
laxta-laxta-
qanqırmızı.
Yarpaqlarım oda salıb payızı.
Başım üstdə havalanmış durna səsi.
Xəyalımda
bir gözəlin dizlərimə
sərilməsi.
Uyuyuram, deyəsən?
Soyuyuram, deyəsən?
Ehey, beş addım aralı
cığırla gedən, kimsən?
Əsl payız rəsmidir, amma duyğulardan boylanan
payızdır bu. Camalda belə "rəsmlər"
çoxdur. O
dövrün təbirincə desək, Camal intellektual şair
kimi diqqəti cəlb edirdi. Bəziləri
intellektuallığı şeirdə fikrin aparıcı rol
oynamasında, bəziləri fikrin fəlsəfi axarında, bəziləri
isə dövrün, zamanın bütün texniki nailiyyətlərinin
şeirdə ifadəsi kimi yozurdular. Amma bu
fikirlərin hamısı havaya sovruldu. Əsl
intellektuallıq şeirin, poeziyanın kənarında, xaricində
deyil, içində idi-gözlənilməz və heç
kimin ağlına gəlməyən deyimlər, bənzətmələr,
assosiativ təfəkkürdən doğan məcazlarda idi.
Əli Kərimin poeziyasında olduğu kimi... Camalın
"Cırtdanın əmisi oğlu", "Gecənin gecə
söhbəti", "Dənizin səsi", "Küləyi
döymək olmaz", "Sübh yuxusu", "Avara
qorxu" və sair şeirləri o zamankı modernist
şeirin maraqlı nümunələrindən idi. Həmin illərdə
ustad Rəsul Rza Camal Yusifzadənin şeirləri barədə
yazmışdı: "Camal Yusifzadə kimdir? Bilmirəm.
Cavandır ya oturuşmuşdur? Bilmirəm. Çoxdanmı
yazır, ya onun ilk şeiridir? Bilmirəm.
Bildiyim budur ki, "Ədəbiyyat və incəsənət"
qəzetinin 15 mart tarixli 11-ci (1825) nömrəsində Camal
Yusifzadənin "Qışın nəğməsi"
adlı bir şeiri dərc olunmuşdur. Şeir-nəğmə
belə başlayır:
Qışam,
Qışam,
Qışam
mən,
Bağçalara,
bağlara
Qar olub qonmuşam mən.
Necə yaxşı, təbii, obrazlı deyilmişdir. Qış
sözünün təkrarında bir melodiya yaranır. Qış haqqındakı bu parçadan poetik bahar
qoxusu gəlir".
Camal Yusifzadənin həm ondakı, həm də indiki
şeirlərinin məziyyətləri barədə çox
danışmaq olar. Ancaq onun şeirlərində qədim
türk şeirindən gələn və müasir
şeirimizdə də məqamında işləndikdə
şeirə yaraşıq gətirən alliterasiyalar göz
oxşayır. Səslərin, sözlərin,
ayrı-ayrı ifadələrin təkrarı ilə yaranan bu
düzümlər Camalın şeirlərinə "tabü
təravət" gətirir.
İkimininci
illərdə yazdığı yeni şeirlərində Camal
fikir və düşüncələrini daha çox İnsan
və Ölüm motivi üzərində kökləyib və
bu tipli şeirlərin hamısında nostalji bir əhval-ruhiyyə
hökm sürməkdədir, amma Camalın 30 il əvvəl
yazdığı şeirlərində də ara-sıra həmin
motivin səsləndiyini görəndə içimdə bir
rahatlıq duydum: "Qırx bahar adlamışam - Ömrə-günə
min bərəkət... İçimdə
daş, Gözümdə yaş Gedirəm torpaq
olmağa". Bu, bəlli. Amma məni
sevindirən odur ki, Camal Yusifzadə bəzi şair dostları
və yaşıdlarından fərqli olaraq 30 il, 40 il əvvəl
əldə elədiyi o poetik səviyyədən qətiyyən
aşağı enməyib, həmin səviyyəni saxlaya
bilib.
Oxuculara xatırladım ki, Camal həmişə şeir
yazmır, dəxli yox, bircə qalın şeir kitabı var,
o, heç vaxt SÖZdən ayrı düşməyib.
... Sonda mən Camalın şeirlərindən birinin əlindən
tuturam, üzü qışa doğru yol alıram.
Düzü-dünya
ələnibdi ağappaq,
Meşəsi
ağ,
Bağçası
ağ, dağı ağ,
Dağım, bağım, qarım oy.
Hələ
məni gözləyən
Diri
gözlü dərdim oy!
Varlığım
qara təşnə,
Ardıc
gözlü ocağım,
Çörək
dolu tabağım,
Eşq
havalı otağım,
Ocağım
oy, eşqim oy,
Payızım
oy, qışım oy!
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2016.- 19 avqust.- S..4.