98 il əvvəlin
odlu-atəşli avqust günləri
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNDƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR
Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin,
xüsusən də paytaxtımız Bakının tarixində
ən unudulmaz və şərəfli səhifələrdən
biri kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan
vuruşmaların böyük qismi 1918-ci ilin qızmar avqust
günlərində baş verib. Çünki qardaş Osmanlı
Türkiyəsinin Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə
Nuru Paşanın komandanlığı ilə göndərdiyi
hərbi qüvvələri bu ayda bir sıra tarixi əhəmiyyətli
döyüşlərə girərək qalibiyyətə nail
olub.
Bu
döyüşlər nəticəsində, həm
Cümhuriyyətimizə qarşı yaranacaq ciddi təhlükə
aradan qalxıb, həm də Bakı və ətraf rayonlarda
erməni-bolşevik zülmünə son qoyulub.Bu yazı ilə
o günləri bir daha xatırlayır, vətənimizin,
paytaxtımızın azadlığı uğrunda qəhrəmancasına
savaşmış soydaşlarımızı ehtiramla, minnətdarlıqla
yad edirik.
1918-ci il mayın son günlərində əvvəlcə
Gürcüstan, ardınca isə Azərbaycan və Ermənistan
Tiflisdə öz müstəqilliyini elan etdi. Lakin
Azərbaycanda faktiki olaraq ikihakimiyyətlilik mövcud idi.
Belə ki, Azərbaycanın şərq hissəsi
(Bakı quberniyası) burada fəaliyyət göstərən
Xalq Komissarları Sovetinin təsiri, qərb hissəsi isə
(Yelizavetpol quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin hakimiyyəti altında idi. Göründüyü kimi Azərbaycanın
paytaxtı Bakı Şaumyanın rəhbərlik etdiyi
Bakı Xalq Komissarları Soveti tərəfindən
işğal edildiyindən Gəncə müvəqqəti
paytaxt oldu. Elan olunmuş Azərbaycan Xalq
Cümhuriyyətini yaşatmaq və onu real dövlət
qurumuna çevirmək milli-demokratik qüvvələrin ən
çətin vəzifələrindən biri idi.
1918-ci ilin yayında Azərbaycanın beynəlxalq vəziyyəti
olduqca mürəkkəb idi. Professor Musa
Qasımlı “Birinci Dünya müharibəsi illərində
böyük dövlətlərin Azərbaycan siyasəti”
kitabında qeyd edir ki, Azərbaycanda Böyük Britaniya,
Almaniya və RSFSR kimi üç böyük dövlətin
siyasi və iqtisadi maraqları toqquşurdu.
Onların hər biri Bakı neftinə yiyələnmək
istəyir və bir-biri ilə rəqabət aparırdı. Davam edən
Birinci Dünya müharibəsi şəraitində mübarizə
obyektlərindən biri də Azərbaycan, o cümlədən,
onun ayrılmaz hissəsi olan neft Bakısı idi. Dünyanı yenidən bölüşdürmək
istəyən böyük dövlətlər
üçün həmçinin Xəzər dənizində
öz hökmranlığını bərqərar etmək cəhdləri
səciyyəvi idi. Yaxın Şərqdə
böyük hərbi qüvvəyə malik olan və Sovet
Rusiyasına qarşı hərbi müdaxiləni başlayan
İngiltərə Bakını onun əlindən almağa və
Almaniyanı Bakıya yaxın qoymamağa
çalışırdı. İngiltərənin
baş naziri D.Lloyd Corc öz memuarlarında yazırdı ki,
“biz o vaxt əli qoynunda oturmamışdıq”. Neft mənbələri olan regionların zəbt edilməsi
o zaman yanacağa və digər neft məhsullarına kəskin
ehtiyac duyan Almaniya hökumətinin də planlarında
böyük yer tuturdu. General Lüdendorf
belə hesab edirdi ki, Qafqazı ələ keçirməklə
iqtisadi blokadanı yarmaq və Almaniyanı iqtisadi cəhətdən
gücləndirmək, almanlarda qələbəyə inam
oyatmaq mümkün olacaq. Belə bir şəraitdə
özü çox ağır durumda olsa da, qardaş
Osmanlı Türkiyəsi Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə
Nuru Paşanın komandanlığı ilə hərbi
qüvvələrini ölkəmizə göndərdi.
Quba, Şamaxı, Urmiya, Səlmas, Təbriz, Bakı və
Ərdəbildə on minlərlə günahsız insan erməni-rus
vəhşiliyinə məruz qalarkən igid Nuru Paşa
Osmanlı torpaqlarından qalxıb Azərbaycana gəldi və
Bakını qurtarmağı hədəflədi. Nuru Paşa burada yerli və Cənubi Qafqazdan gələn
könüllüləri də əsgərləri
sırasına qataraq Azərbaycanı erməni-rus quldur dəstələrindən
qurtarmağa başladı. Düzdür, Osmanlı
dövlətinin də Qafqazla bağlı strateji hədəfləri
var idi, lakin Qafqaz İslam Ordusu təkcə strateji maraqlardan
yox, mənəvi borc baxımından da azərbaycanlıların
köməyinə gəlmişdi.
Türk
qoşunları Azərbaycana gəldiyi gündən qaynar
döyüş şəraitinə düşdü.Qafqaz
İslam Ordusu Azərbaycanın istiqlalı uğrunda Gəncədə,
Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər
iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı
dəmiryolu boyunda, Qarabağda və Kür çayı sahillərində
vuruşa-vuruşa 98 il bundan
öncə qızmar avqust günlərində Bakıya
yaxınlaşdı.
Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan
bütün ümidini Rusiyadan köməyə gələcək
hərbi qüvvələrə bağlamışdı. Sovet
Rusiyasının rəhbəri Lenin isə silah və ləvazimat
yardımını artırırdı. Artıq
avqust ayının ilk günündə bolşevik hərbi
qüvvələri Bakını müdafiə etmək
üçün Biləcəri-Heybət dəmir yolunun cənubuna
və şərqinə çəkilərək müdafiə
xətti qurmağa çalışırdı. Bakının qərbində yerləşən dəmir
yolunun şəhərə tərəf olan hissəsindəki
yüksəkliklər onların əlində idi.
Mənbələrə görə, 1 avqust hücumu və
gün boyu davam edən döyüşlər çox şiddətli
olub. Cəbhənin hərbi cinahında bu hadisələr
yaşanarkən, Bakıdakı bəzi erməni
qruplarının böyük qorxuya düşdükləri və
sülh danışıqlarına başlamaq üçün
bir heyət göndərməyin yollarını
axtardıqları barədə xəbərlər
yayılıb. Şərq Cəbhəsi
komandiri Mürsəl paşa bu xəbərə əsasən,
Bakı ermənilərinə göndərdiyi məktubda,
sülh şərtlərinin danışıq əsnasında
razılaşdırılacağı, bununla belə şəhər
sakinləri arasında heç bir ayrı-seçkilik etmədən
hər kəslə yaxşı davranılacağına dair təminat
barədə tutarlı fikirlər yazırdı.
1918-ci ildə
Bakıda olan türk podpolkovnik Rüşdü bəy
“Böyük hərbdə Bakı yollarında”
yazısında bildirir ki, Bakını tamamilə mühasirəyə
alan Mürsəl paşa, 1 avqust 1918-ci il
tarixində Qafqaz İslam Ordusu Komandanı Nuru paşaya,
axşam saatlarında orduların yerləşdiyi mövqelər
barədə məlumat verdi. Rüşdü bəy
Bakının düşməndən təmizlənməsinin
an məsələsi olduğunu bildirir.
Nuru
paşa isə Mürsəl paşaya göndərdiyi əmrdə
Bakının ələ keçiriləcəyi təqdirdə,
qarətə yol verilməməsi, asayiş və əmin-amanlığın
qoruna bilməsi üçün dərhal fövqəladə
hal elan edilməsi, şəhərdə çaxnaşma və
qətllərə yol verilməməsi, düşmənin əlindəki
top və pulemyotlarla Xəzər dənizindəki gəmilərin
dərhal ələ keçirilməsi barədə təlimat
verdi. Ancaq türk əsgərinin top mərmisi
azaldığına görə 1 avqustda Qızıl Ordunun
müdafiəsini qırmaq mümkün olmayıb.
Avqustun
2-də Bakı yaxınlığındakı
döyüşlərdə böyük təzyiq altında
qalan düşmən piyadaları Salxana və
Qırmızı Qışlanın qərbində bir ara geri çəkilməyə
başlamışdılar. Düşmən
süvari qoşunu isə bunların qabağını kəsərək,
piyadalar arasındakı başıpozuqluğu bərpa edib, cəbhədəki
yerlərini qoruyub saxlaya biliblər. Qurd
qapısı təpəsində olan düşmən ordusu isə
gecədən aldıqları əlavə qüvvələrlə
hücuma keçir və hər dəfə də
böyük itkilərlə geri çəkilirdi.
Bakının
şimalındakı Xırdalan-Biləcəri cəbhəsində də
qanlı döyüşlər gedirdi. Düşmənin
Biləcəridə olan zirehli lokomotivinin arxasına və
önünə birləşdirilən açıq vaqonlar
üzərindəki toplardan türk ordusuna atəş
açılırdı. Türk
topçusunun sərrast atəşi ilə bu zirehli lokomotiv
tamam məhv edildi. Bakı-Biləcəri-Xırdalan
dəmir yolu telefon xətti düşmən tərəfindən
kəsilmədiyindən, düşmənin
danışıqları dinlənilir və əhəmiyyətli
informasiya əldə edilirdi.
Avqustun
3-də Mürsəl paşanın Bakıda olan Sentrokaspi
Ordusu Komandanı və Erməni Milli Şurası İdarəsinə
göndərdiyi məktubdan yazır:
“Bakıdakı Erməni Milli Şurası rəhbəri. Bakının
ətrafında Türk Qafqaz İslam Ordusunun
döyüşdüyünü və şəhəri
mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim
etsəniz, milli və dini mənsubiyyətindən
asılı olmayaraq, Bakıdakı bütün insanların
hüququ qorunacaqdır. Xüsusilə Ermənistana
getmək istəyən ermənilərə heç bir maneə
törədilməyəcəyinə zəmanət verirəm.
Əgər şəhər təslim olmasa,
axıdılacaq qanlara və dəymiş zərərə
görə cavabdeh siz olacaqsınız. Şəhəri
təslim etməyə razısınızsa, tezliklə
cavabınızı adamlarınızla göndərin”.
Erməni Milli Şurası və Daşnak Partiyası bu
məktuba cavab vermədi. Çünki həmin
gün köməyə gələcəyi barədə
Biçeraxovdan məktub almışdılar. Lakin Biçeraxovun Quba və Xaçmaz bölgələrində
dayanmayaraq qüvvələrini Dərbəndə çəkməsi
Bakıdakı yeni hökuməti çıxılmaz vəziyyətdə
qoydu. Belə olan halda Sentrokaspi rəhbərliyi
Bakıda yeni bir səfərbərlik elan etdi. Bakı və ətrafı Səfərbərlik
Komissarı Bekzadyan və köməkçisi Qukasyanın
imzası ilə bir əmr yayıldı. Bu əmrə
görə orduya yararlı bütün əhali ilə ev, fabrik, iş yerləri və mədən
komitələrində çalışanların
siyahısının çıxarılaraq 3 avqust axşam
saat 18-ə qədər hökumətə bildirilməsi istənilirdi.
Əks təqdirdə cəza tədbirləri
görüləcəyi qeyd edilirdi.
Stepan
Şaumyanın Bakıdan qaçmaq cəhdi
Bakıda vəziyyətin
ağırlaşdığını görən Stepan
Şaumyan avqustun 3-də Bakıdan qaçmağa cəhd
etdi. Lakin Ter-Qabrielyan ilə birlikdə gizləndikləri
gəmidə Sentrokaspi hökumətinin tabeliyində olan
donanma tərəfindən nəzarətə
götürüldülər və Bakıya qaytarıldılar.
Bakı hökuməti silah və təchizatı
təhvil vermək şərti ilə 26 Bakı
Komissarlarının şəhərdən
çıxmalarına icazə verəcəyinə və bunun
üçün on gəmi ayıracaqlarına dair söz
verdilər. Bolşevik liderlər, əllərindəki
silah, sursat və digər şeyləri təhvil verməyə
razı oldular. Bakı
yaxınlığındakı döyüşlər 3 avqustda
qarşılıqlı pulemyot atəşi ilə davam edirdi.
(Ardı var)
Ramil
HİKMƏT
525-ci qəzet.- 2016.- 20 avqust.- S.23.