İmperiyalar və onların süquta
sürüklənməsi
(Əvvəli
ötən şənbə sayımızda)
Vuruşan imperatorlardan ən qocası
Avstriya-Macarıstan imperatoru, bundan əvvəl isə 1967-ci ilə
qədər Avstriya imperatoru olmuş I Frants-İosif idi.
O, I
Dünya müharibəsinə girmək barədə dekreti
imzalamaqla, dörd il sonra, əlbəttə,
əgər iki il əvvəl ölməsəydi,
imperiyanın xatirəsinə rekviyem oxuyardı. 1882-ci ildə o, Almaniya və İtaliya ilə
Üçlük İttifaqı bağladı. Onun hakimiyyətdə rolu əvvəllər
böyüyüb, onu mütləq monarxa çevirmişdi.
Frants-İosif 1830-cu ildə Vyana yaxınlığındakı
Şonbrun sarayında doğulmuşdu, ershersoq Frants-Karlın
və Bavariya kralı I Maksimilian İosifin qızı
Sofiyanın böyük oğlu idi. Onun əmisi I Ferdinand
övladsız olduğundan, Frans-İosif tacın varisi kimi tərbiyə
olunmuşdu. Onun hərbi məşqlər
keçməsinə xüsusi diqqət verilirdi. 1848-ci ilin dekabrında ölkədə inqilab
başlandıqda imperator Ferdinand taxt-tacı tərk etdikdən
sonra 18 yaslı Frants-İosif imperator elan edilmişdi.
Qoca kansler Metternix Frants-İosifə daha böyük təsir
göstərmişdi. Lakin ona ən güclü təsiri
arvadı olan Bavariya hersoginyası göstərmişdi.
O, bu qadınla 1854-cü ildə evlənmişdi.
1850-ci ildə Prussiya Almaniyada Avstriyanın
ağalığını etiraf etmişdi. 1867-ci ildə
imperiyadakı bütün millətləri razı salmaq
üçün Frants-İosifin həyata keçirmək istədiyi
tədbirlər uğursuzluğa uğradıqda, Macarıstana
qarşı kompromiss imkanından istifadə edildi. Nəticə imperial və ya kral “Dual monarxiyası”
oldu, bunda Avstriya və Macarıstan bərabər partnyorluqda
birgə yaşadılar. Frants-İosif tam
ürəkdən Macarıstan kompromissini dəstəkləyirdi.
Güclü xarici işlər nazirləri xarici siyasəti
aparmaqda Frants-İosifə çox köməklik edirdilər. Onun xarici siyasəti
sülaləyə və şəxsiyyətə əsaslanırdı.
İmperatorun öz ailəsinə münasibəti də
sülalə qaydalarına əsaslanırdı. O, sevdiyi qızla evlənmişdi,
lakin sonralar bu nikah arvadının ekssentrik xasiyyətinin zərbələrinə
məruz qalmışdı. Arvadının
1898-ci ildə Cenevrədə qətlə yetirilməsi onu dərindən
kədərləndirmişdi. Onun varisi olan
Rudolf da 17 yaşlı baronessaya məhəbbətinə
görə özünü intihar etmişdi. O, oğluna
yaxşı tərbiyə verməmişdi, onu Belçika
printsessası Stefaniyə evlənməyə məcbur
etmişdi, dul qalan gəlin ikinci dəfə morqanatik (kral ailəsinə
mənsub olanın kral ailəsinə mənsub olmayanla nikaha
girməsi) nikaha girəndə, Frants-İosif bunu sülalə
əleyhinə cinayət kimi qiymətləndirərək,
qadını bağışlamamışdı. Göründüyü kimi, faciələr imperatorun
şəxsi həyatından yan keçməmişdi və
1914-cü ildə belə bir faciə onu yenidən yaxaladı,
bu da varis Frants-Ferdinandın qətlə yetirilməsi idi.
Frants-Ferdinand morqanatik nikaha girəndə, imperator bununla
barışmalı olmuşdu. Onun ailədə daha
yaxın olduğu kiçik qardaşı Lui Viktor idi. Lakin fransızların köməkliyi ilə
qardaşı ershersoq Maksimilianın Meksika imperatorluğunu
öz üzərinə götürməsi və nəticədə
1867-ci ildə meksikalılar tərəfindən güllələnməsi
kimi bir faciəyə görə o, əvvəlcədən
bundan xəbəri olan kiçik qardaşını heç məzəmmət
də etməmişdi. Frants-İosif 68 il
ərzində taxt-tacda olmuşdu, XX əsrin ikinci onilliyi isə
imperiyanın ləğv edilməsinin şahidi oldu. Onun çox saydakı səhvləri böyük
nailiyyətləri ilə tarazlaşırdı. Səhvlərinə
gəldikdə, 1864-cü ildə Prussiya ilə ittifaqda
Danimarkaya qarşı uğurlu müharibəyə
başladığı halda, Prussiya ilə sözləşməsi
Yeddiillik müharibənin başlanmasına (iyun-iyul 1866-cı
il) səbəb olmuşdu. Beləliklə,
I Frans-İosif bəzi tarixçilər tərəfindən,
Dünya müharibəsi adlandırılan Yeddiillik müharibənin
gerçəkliyə çevrilməsində də, I
Dünya müharibəsinin baş verməsində olduğu
kimi, öz bədnam rolunu oynamışdı.
Nailiyyətləri isə imperatorun öz vəzifəsinə
sakit qaydada özünü həsr etməsinin
möhürünü daşıyırdı. O, memarlığa valeh idi,
arxitektura üslublarına aludə olduğundan öz paytaxt
şəhərləri olan Vyananın və Budapeştin
gözəlləşməsinə, füsunkar
memarlıq abidələrinin yaradılmasına şəxsən
şərik idi. O, incəsənət xadimlərinə
yaradıcılıq azadlığı verirdi. Vals
janrında incilər yaratmış İohann Ştrausla
sarayın balkonunda xalq qarşısına çıxanda
alqışlarla qarşılanan bəstəkarın xidmətləri
müqabilində onu Vyananın əsl kralı adlandırmışdı.
Final səhnədə də Avstriya-Macarıstan
imperatorun şəxsiyyətindən möhkəm köməklik
almaqda davam edirdi.
Frants-İosif böyük ovçu idi, ovçuluğa
xüsusi həvəs göstərirdi, bəlkə də təbiətin
qoynunda keçirdiyi anlar ona şəxsi həyatındakı
faciələri və çiynində gəzdirdiyi
böyük səlahiyyətlər yükünün
ağırlığını bir qədər unutdururdu.
Almaniya imperatoru II Vilhelm 1914-1918-ci illərdəki I
Dünya müharibəsini başlamaqla, bu müharibənin ləkəsini
öz üzərində daşımalı olan, bəlkə də,
birinci şəxs idi. O, 1859-cu ildə Potsdamda doğulmuşdu, anadan olandan zədələnmiş
sol ələ malik idi. Tac prinsi, sonra bir
neçə aylığa imperator olmuş III Fridrixin və
Böyük Britaniya kraliçası Viktoriyanın
böyük qızı olan Viktoriyanın böyük
övladı idi. O, doğulanda sol əli iflic olmuş,
çolağa çevrilmişdi. Anası
Viktoriya 17 yaşında hamilə olarkən ingilis həkimlərinin
məsləhəti ilə o vaxtlar dəbdə olan xloroform qəbul
etmişdi, guya bu kimyəvi maddə doğumu
asanlaşdırır. Körpə çətinliklə
doğuldu. Doğum vaxtı
uşağın qolunun sinir kələfi burulmuşdu. On
il davam edən müalicə də nəticə
vermədi. Bunlar onun psixiki sağlamlağına
da təsir göstərdi, o, aqressiv bir adama çevrildi.
Onun qolunun zədəsi böyüyəndə də
sağalmadı. Bəzi tarixçilər
onun davranışının açarını məhz bu əlillikdə
görürlər. İngiltərə
kralı I Karlın da uşaqlıqda ayaqlarının zəifliyi
onun xarakterinə öz təsirini göstərmişdi. Atası kral Ceyms isə buna fikir vermirdi, öz
homoseksualist məşuqları ilə əylənməsi ona
çox şeyləri unutdururdu. İstənilən
fiziki qüsur isə bəzən xarakterə də öz təsirini
göstərməmiş qalmır.
Anasının Vilhelmi ingilis liberallığı ruhunda tərbiyə
etmək cəhdlərinə baxmayaraq, o, Prussiya xalqının
möhkəm, igid, qənaətcil, özünü qurban verməyə
hazır olan hökmdar yetişdirməyə qadir olduğu
iddiasına rəğbət bəsləməklə, məhz
bu xüsusiyyətlərə yiyələnməyə cəhd
etmişdi. Ona görə də anası Viktoriya ilə
münasibətlərində çətinliklər mövcud
idi, lakin qadın ona müəyyən təsir göstərməyi
də bacarmışdı.
1881-ci ildə Vilhelm printsessa Avqusta Viktoriyaya evləndi,
bu qız Şlezviq-Holsteyn-Sandenburq printsessası idi. Yeddi il
sonra babası I Vilhelm 80 yaşında öldü. Fridrix
1888-ci ildə imperatora çevrildi, lakin tutulduğu boğaz xərçəngi
xəstəliyindən az sonra öldü. Beləliklə, Vilhelm 29 yaşında kayzer oldu.
Bu, Hohensollern sülaləsindən olmaqla, bu vaxt
hökmranlıq üçün ilahi missiyanı qəbul etmək
kimi idi.
İmperatorun ilk tədbirlərindən biri kansler
Bismarkı, Almaniyanı birləşdirən və onun
qüdrətinin qabarmasında böyük xidmətləri
olan bir dövlət xadimini vəzifəsindən
uzaqlaşdırması idi. Əslində o, olduqca
təcrübəli və istedadlı məsləhətçidən
məhrum oldu. Axı qoca kansler onun
qarşılaşdığı problemlərə əla
cavablar tapa bilərdi. Ancaq onu da nəzərə
almaq lazımdır ki, məhz Bismark Fransanı Almaniyanın
barışmaz düşməni etmişdi. 75 yaşlı Bismark da yeni problemləri həll etməkdə
çətinlik çəkirdi. Həm də
Vilhelm qeyri-müəyyən planlar cızırdı və bu,
sarayda müxalifətin meydana gəlməsinə səbəb
olmuşdu.
1896-cı ildə Cənubi Afrika Respublikasının
prezidenti Paul Krigerə Britaniyanın üzərində
qazanılan qələbə münasibətilə Vilhelmin
göndərdiyi təbrik teleqramı İngiltərədə
qəzəb dalğasının yaranmasına səbəb
oldu.
Tanjerə səfər edəndə isə, 1905-ci ildə
burada Mərakeşin müstəqilliyi ideyasını dəstəkləməyi
bəyan etməklə, Fransanın bu ölkədəki
mövqeyinə əslində əks
çıxmışdı. Bundan əvvəl isə
Britaniya Fransa ilə mübahisələrini həll etmişdi.
Bu hərəkəti ilə Vilhelm göstərmək
istəyirdi ki, Britaniyanın Fransa ilə ittifaqının onun
üçün heç bir əhəmiyyəti yoxdur.
1908-ci ildə Vilhelm İngiltərəyə səfər
etdikdən sonra həmin ölkənin “Daily Telegraph” qəzetinə
verdiyi nəzakətdən uzaq olan müsahibəsi Almaniyada
böyük coşqunluq yaratdı. O, intervü götürən
müxbirə demişdi ki, alman xalqının böyük
hissəsi anti-ingilis əhval-ruhiyyədədir. Vilhelm
dialoqun mətnini kanslerə göndərsə də, o,
yazının məzmununa əhəmiyyət verməmiş,
sonra isə Reyxstaqda öz ağasını olduqca yararsız
qaydada müdafiə etmişdi. Bu sözlər
ingilisləri qəzəbləndirməyə bilməzdi.
Britaniyanın mərhum kraliçasının nəvəsi
bu ölkənin xalqı barədə düşmənçiliyə
bərabər olan ifadə işlətməklə, əslində
onu təhqir etmişdi.
1911-ci ildə Mərakeş böhranı vaxtı
fransızların bu ölkəyə müdaxiləsinə bir
daha mane olmağa cəhd göstərmişdi, bu isə
müharibəyə aparıb çıxara bilərdi.
I Dünya müharibəsi Avstriya-Macarıstanı
süqutdan xilas etmək cəhdi kimi başlanmışdı. Serbiya ilə
böhranda o, Avstriya- Macarıstanın tərəfini
saxlamışdı. Bu, dünyanın
Almaniya ilə münaqişəsinə çevrildi. Müharibə dövründə Vilhelm rəsmən
baş komandan olsa da, işi idarə edən generallara
müqavimət göstərə bilmirdi. Almaniya
həlledici qələbə qazanmadığına görə
müharibə illərində onun nüfuzu tənəzzülə
uğramışdı. Artıq ordunun və
donanmanın dəstəyindən məhrum olmuşdu.
1918-ci ilin payızında o, bu fikrə gəldi ki,
Almaniya müharibəni uduzur, lakin məğlubiyyəti öz
tacına yaraşdırmırdı, təslim olmaqdan imtina
edirdi. Lakin 9 noyabrda bunu istəməsə də, taxt-tacdan əl
çəkməyə məcbur edildi və ailəsi ilə
birlikdə özünə Niderlandda sığınacaq
tapdı. O, bununla əsir düşməkdən və
ya cəzası kimi mümkün ola biləcək
ölüm hökmündən (qapını kəsən
inqilab isə özünü, yəqin ki, mülayim
aparmayacaqdı) yaxa qurtara bilsə də, lakin birləşmiş
Almaniyada qısa ömürlü monarxiyanı xilas edə bilmədi,
bu monarxiya çox gənc - 47 yaşında dünyadan getdi.
II Dünya müharibəsinin ikinci ili davam
edəndə 4 iyun 1941-ci ildə II Vilhelmin özü də
Niderlandda vəfat etdi.
1871-ci il Almaniya Konstitusiyası Kayzerə böyük
hüquqlar vermişdi, o, kansleri təyin və azad edə bilərdi.
Reyxstaq isə Kayzerin təyinatlarını
danışıqsız dəstəkləyirdi. Digər tərəfdən, alman ordusu və hərbi-dəniz
donanması mülki hökumətə tabe deyildi və Kayzer
Almaniyada yeganə şəxs idi ki, hərbi siyasəti müəyyən
edə bilərdi. İngilis mətbuatı
Kayzeri Ali Müharibə Ağası kimi qələmə
verirdi, o, müharibəyə başlamaq qərarını
verməkdən başqa isə heç bir şeyə qadir
deyildi.
O,
Britaniyanın dəniz donanması gücündə bir hərbi-dəniz
qüvvəsi yaratmağa cəhd edirdi. O, axını
dayandırmaq əvəzinə, özü də axınla
birlikdə üzməyə üstünlük verdi
və müharibə dalğası onun ağılsız
ideyalarını və özünü də batırdı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2016.- 20 avqust.- S.20.