Muhsin Kadıoğlunun “Küresel
düşün, ulusal davran” əsərində
türkçülük məsələləri
Müasir dünyamızda türkçülük
ideyalarının yeni istiqamətdə inkişafında
mühüm rol oynayan araşdırmaçı və
yazıçılardan biri də Muhsin Kadıoğludur.
Muhsin Kadıoğlu İstanbul Texnik Universitetinin doktoru,
bir çox kitab, elmi məqalə və bədii əsərlərin
müəllifidir. Araşdırmaçı yazar Türkiyə və
dünyanın bir sıra ölkələrində müxtəlif layihələrdə
iştirak edib.
Yazarın “Anlayarak Çok Hızlı Okuma Teknikleri” (Veli
Yayınları, 1990), “Küresel Sorunlara Karşı Ulusal
Tavır” (21.
Asır Yayınevi, 2010), “Küresel
Düşün Ulusal Davran” (21. Asır
Yayınevi, 2010), “Polonyada Türk İzleri” (Postiga
Yayınları, 2011), “Turan Yolunda. Macaristan
İzlenimleri ve Turancılık” (Türk Dünyası
Araştırmaları Vakfı Yayınları, 2014) və digər
kitabları önəmli məsələlərə həsr
olunmuşdur. M.Kadıoğlu, eyni zamanda,
iyirmidən çox e-pub kitabın müəllifidir.
ABŞ və Avropa ölkələrinə
qaçırılan türk və islam əsərləri
ilə əlaqədar çalışmalar bu kitabların əsas
tədqiqat obyektidir.
M.Kadıoğlu türk dilində ilk bilgisayar proqramı
hazırlayan və sürətli oxuma mövzusunda ilk kitab yazan
tədqiqatçıdır. Türkçülüyə gətirdiyi
yenilikləri -
internetdə türkçülük, bioloji
müxtəliflik və türkçülük, gələcəyin
türkçülüyü kimi mövzuları Türkiyədə
ilk dəfə olaraq qələmə almış və
gündəmə gətirmişdir. Eyni zamanda,
texno-milliyyətçilik anlayışını da ilk dəfə
təqdim edərək, bu mövzuda 1995-ci ildə iki məqalə
yazmışdır. “Türkçü
kimdir?” “Turançı kimdir?”
suallarını dəyərləndirən yazar sözügedən
məsələlərdə də yeni düşüncəyə
sahibdir.
M.Kadıoğlu geniş fəaliyyət sahəsinə
malik olmuşdur. Türkiyədə türkçülərin ən
önəmli dərnəklərindən biri olan “Aydınlar
Ocağının” baş katibi, yönətmən qurumunun
üzvü olmuş, “Yeni Düşünce” qəzetində
“Dış Haberler” “Kültür” və “Sanat” səhifələrinin
yönətməni (1984-1988) kimi
çalışmışdır. “Ortadoğu” qəzetində
xarici siyasət sahəsində məqalələr
yazmış (1990-1996), “Kurultay” qəzetində yenə də xarici siyasətlə
bağlı köşə yazıları nəşr
etdirmişdir (1997-2000). 1997-2012-ci illərdə
“Yesevi” dərgisində hər ay önəmli məqalələrlə
çıxış etmişdir. Hal-hazırda
da “Türk Dünyası Tarih ve Kültür” dərgisinin
yazarıdır. “Yesevi Vakfı”, “Deniz Araştırmaları
Vakfı”, “Basın Birliyi Vakfı”nda
çalışmışdır.
Çoxsaylı elmi və bədii əsərlərində
türkçülüyün intellektual istiqamətinə
böyük önəm verən yazar “romantik
türkçülükdən akılçı
türkçülüyə” adlandırdığı fikir
istiqamətinin formalaşması və təbliğində
mühüm işlər görməkdədir.
Muhsin Kadıoğlunun “Küresel düşün, ulusal
davran” adlı əsəri (İstanbul, 21. Asır
Yayınevi, 2010) və bir çox məqalələri
türkçülük ideyalarına ümumdünya milli dəyərlərinə
münasibət kontekstində yanaşılması, türk
dünyası üçün vacib olan məsələlərin
şərhi, yeni prizmadan qiymətləndirilməsi, milli kimlik,
onun qlobal arenada ifadəsi kimi məsələlərin ifadəsi
baxımından əhəmiyyətli əsərlərdəndir.
Muhsin Kadıoğlunun kitabının ən mühüm
əhəmiyyətindən biri hadisələrə, faktlara
standart ölçülərdən deyil, fərqli yanaşma
bucağından baxmasıdır. Ona görə də yazarın
fikirləri çoxlarının düşünmədiyi, bəlkə
də düşünüb ifadə edə bilmədiyi tərəfləri
aydınlaşdırır, alternativ fikirlər ortaya qoyur, həqiqətən
də kürəsəl düşünməyə vadar edir.
Muhsin
Kadıoğlu türk dünyasını vəhdət olaraq qəbul
edir, milli mədəniyyətimizin inkişafında
böyük yeri olmuş mütəfəkkirləri
özünəməxsus şəkildə türk insanına
örnək kimi təqdim edir: “Türk olmak;
Kaşğarlı Mahmudtan Türkçeyi, Hoca Ahmed Yeseviden
inancı, Karamanoğlu Mehmet Beyden dili, Mevlana'dan
hoşgörüyü, Yunus'tan doğruluğu, Fuzuli'den
tasavvufu, Mehmet Akiften Çanakkaleyi ve istiklali, Yahya Kemalden
Suleymaniyeyi, Necip Fazilden Sakaryayı öyrenmek demektir”. Azərbaycanın
milli məfkurə tarixində həlledici rol oynamış
mütəfəkkir, yazıçı və mücahidlərimiz
də Muhsin Kadıoğlunun vahid türkçülük
düşüncəsində xüsusi mövqeyə malikdir:
“Türk olmak, Baküde Hüseynzade Ali Turan, Ahmet
Ağaoğlu, Alimerdan Topçubaşlı, Mehmet Emin Resulzade
olmak demektir”.
Adət-ənənələr,
məişət həyatından tutmuş elm və mədəniyyət
nümunələrinə qədər müxtəlif səviyyələrdə
türk kimliyinin tərifini verən, “türk olmağın”
yüksək məziyyətləri, şərəf və
qürurunu önə çəkən Muhsin Kadıoğlu
çağdaş dünyada türkçülüyün
önəmli vəzifələrinə diqqət çəkmək
üçün dünyanın müxtəlif xalqlarında
milli atributları nəzərdən keçirmiş,
müqayisələr aparmaq, müasir tendensiyanı öyrənmək,
əhəmiyyətli örnəklərdən maariflənmək
imkanları yaratmışdır. Türklərin
müasir dünyada dəyərləndirilməsindəki fərqli
cəhətlər, türklərə münasibət kimi
önəmli məsələlər də Muhsin
Kadıoğlunun əsərlərində diqqət mərkəzindədir.
Sözbaşı
və on yeddi bölümdən ibarət olan “Küresel
düşün, ulusal davran” adlı əsəri
mübaliğəsiz və sözün həqiqi mənasında
hər bir türkün, dövlətindən asılı
olmayaraq, milli-mənəvi dəyərlərlə yaşayan,
türk qürurunu düşünən, türk millətinin
və dövlətlərinin gələcək inkişaf
istiqamətləri haqqında narahatlıq hiss edən, eyni
zamanda da, dünya insanının bir parçası
olduğunu dərk etməyə çalışan hər bir
millətdaşımız üçün önəmə
sahibdir. Örnəkləri təbii olaraq daha
çox Türkiyə Cümhuriyyətindən götürülsə
də, bu əsərin ümumtürk kontekstini, ümummili dəyərlərini
kölgədə qoymur.
Müasir
dünyanın, xüsusilə də kiçik və daha az
inkişaf etmiş, yaxud inkişaf etməkdə olan, öz
milli dövlətçilik tarixinin yeni dövrünə
keçid mərhələsini yaşayan dövlətlərin
ən çox müzakirə etdiyi və əslində isə,
istər-istəməz içərisinə cəlb olunduğu
məsələrdən biri də qloballaşma və
inteqrasiya problemi, onun mənfi tərəfləridir. Qərbin Şərq siyasətində yeni mərhələnin
başlanğıcı kimi XIX əsrin sonları XX əsrin əvvəllərindən
sözügedən məsələ ön plana
çıxmışdır. Bu,
qarşılıqlı əməkdaşlıq, iqtisadi
münasibətlər, siyasi basqı, mədəni hücum,
texnoloji üstünlük və Şərq ölkələrinin
assimilyasiyasına qədər humanist pərdə arxasında
fəaliyyət göstərən bir Qərb siyasətidir.
Qərb mərkəzli qloballaşma modeli XX əsrin
ikinci yarısından bu günümüzə kimi Qərbin
xeyirinə çox uğurlu nəticələr göstərdi
və uzun müddət inteqrasiyanın şirinliyinə və
Qərb modellərinin dadına uyan dövlətlər isə
daha çox milli ictimai şüurda uduzduqlarını
müzakirə etməyə başladılar.
Nəticə o yerə gətirdi ki, qloballaşma
adıyla yabançı sərmayələr kiçik
dövlətlərin iqtisadiyyatını ələ
keçirdi və gələcəyini mənimsədilər. İnteqrasiya
adıyla isə kiçik dövlətlər sakitcə həzm
olundular. Muhsin Kadıoğlunun xarici basqını
müqavimətsiz qarşılayan tendensiya ilə bağlı
söylədiyi kimi”... Sermayenin hem vatanı, hem
de milliyeti var. Eger sermayenin vatanı ve milliyeti olmasaydı;
Alman sermayesi Almanyaya, Amerika sermayesi ABDye döner miydi?”
“Küresel düşün, ulusal davran” əsərinin ən
mühüm əhəmiyyəti də məhz sözügedən
məsələlərə türk düşüncəsi,
türk dövləti sferasında yanaşmaq, həm geniş
mənada humanitar fikirdə, həm də sosial və iqtisadi həyatın
müxtəlif sahələrində problemdən irəli gələn
məsələləri araşdırmaqdır. Təbii ki,
M.Kadıoğlu qloballaşmanın və mədəni
inteqrasiyanın müsbət tərəflərini yüksək
qiymətləndirir, lakin burada daha çox məsələnin,
geniş mənada, milli düşüncəyə zidd tərəflərinə
diqqət yetirmək istərdik.
“Küresel düşün, ulusal davran” kitabının
ikinci əhəmiyyətli cəhəti
araşdırılmağa cəlb olunmuş və dəyərləndirilmiş
mövzular konteksdə Qərbi tanımağa imkan
yaratmağıdır. “Muhsin Kadıoğlu baxışından
Qərbi necə görürük?” sualı çox
maraqlı fikirləri ortaya qoyur. Burada nə
təkzib, nə tənqid, nə də vurğunluq ön
plandadır və məqsəd də Qərb dövlətlərinin
çeşidli siyasi-iqtisadi fəaliyyəti, yaxud da Qərb
insanının milli və ictimai məsələlərdəki
görüşlərini ortaya çıxarmaq deyil. Bütün bu məsələlər müxtəlif
zamanlarda, ayrı-ayrı əsərlərin, istər Şərq,
istərsə də Qərb müəlliflərinin tədqiqat
obyektinə çevrilmiş, fərqli prizmalardan şərh
olunmuşdur. Əsərin məntiqi
vurğusu qlobal düşünən türk insanının
ulusal davranmalı olduğunu göstərmək,
“qloballaşma və inteqrasiya” oyununa uymadan, assimilyasiyaya meyldən
xilas olunması naminə Qərbdən örnəklər gətirməkdir.
Yəni, geniş anlamda, əsər
“Akılçı türkçülük” təlimini ortaya
qoymaq üçün dünya miqyasında nümunələr
təqdim edir, çağdaş zamanın xaotik fikir
burulğanında milli-mənəvi dəyərlər üzərində
qurulmalı və gələcəyə istiqamətləndirilmiş
vacib yolları göstərir.
XX əsrin əvvəllərində geniş şəkildə
ifadə olunan türkçülük ideyalarının
türk dünyasının milli şüurunun
inkişafı, mədəniyyətimizin milli dəyərlərinin
qoruması və gələcək nəsillərə
ötürülməsi baxımından gördüyü
tarixi missiya məlum və təkzibolunmaz həqiqətdir. Miili ideologiya,
milli dövlətçilik ənənələrimiz, milli
ziyalı anlayışları məhz bu mühüm mərhələdə
tarixə öz imzasını qoydu. Bu günümüzdə
də davam edən və türkçülük
düşüncələrimizin təməl daşlarına
çevrilən həmin axının çağdaş
zamanımızda da varisləri az deyil. Bu gün türklük və
türkçülük dəyərlərimizin inkişaf
modeli də yeni dövrün tələbləri ilə
uyğunlaşmalıdır. Elm və
texnologiya inkişaf etdikcə uyğun olaraq humanitar
düşüncədə də tendensiya sürətlə dəyişir.
Ən sabit tərəflərdən olan
psixologiya, mənəvi baza və zəka qatında da dəyişikliklərin
tezləşməsi ideologiyadan da daha çox zamanla
ayaqlaşa bilmək tələb edir. Muhsin
Kadıoğlunun əsərində ortaya qoyduğu
“Akılçı türkçülüyün” təlimi də
qeyd olunan həmin zərurətdən irəli gəlmişdir.
Təsadüfü deyil ki, Türk Dünyası
Araştırmaları Vakfının qurucusu,
araşdırmaçı və yazar, türkçü
ziyalı Turan Yazgan öz çıxışlarının
birində Muhsin Kadıoğlunu “müasir
türkçülüyün yeni ideoloqu”
adlandırmışdır.
Kitabda, ilk növbədə, “Akılçı
türkçülük” təliminin formalaşmasının
tarixi zərurətləri diqqətə
çatdırılır. Bu da qeyd etdiyimiz kimi,
qloballaşmanın lokal sferada törətdiyi problemlərə
qarşı milli dirənc zəruriyyətindən doğur.
M.Kadıoğlu əsərin ön sözündə
yazır: “Küresel sorunlara karşı yerel direnç
odaklarının oluşturulması, hiç şübhesiz
ki, her ülkenin milli/ulusal değerlerinin öne
çıkartılmasını gerektirmektedir. Güclenmiş
milli (yerel) özelliklerin kendi aralarında
çarpıştırılarak ufalanması, küresel
güçler tarafından sıklıkla denenen bir yöntem
olmuştur. Bu bakımdan, yerel direnç
odaklarının küresel güçlere karşı
mücadelede etkin ve diğer milli (yerel) direnç odaklarına
karşı hoşgörülü olması son derece
önemlidir”. Milli və yerli müqavimət
gücünün formalaşdırılmasını yazar,
haqlı olaraq, qlobalaşmanın problemlərinə
qarşı, yabançı axında itməmək adına yeganə yol kimi dəyərləndirir.
“Akılçı türkçülük” təliminin
ənənələr üzərində inkişaf etdiyini
göstərmək üçün Muhsin Kadıoğlu “Kim
bu Türklər” adlı birinci bölümdə türklərin
milli dəyərlərinə, önəmli keyfiyyətlərinə,
dünya insanı arasındakı mövqeyinə yer
ayırmışdır. Burada yazarın daha çox romantik
türkçülüyün ənənələrini davam
etdirdiyini müşahidə edirik. Eyni zamanda, ilk cümləsindən
türkçülüyün müasir mərhələdəki
rolu və gələcəyə yönəlmiş planı
diqqətə çatdırılır: “Türk olmak;
dünle övünürken bugünü değerlendirmek,
yarınlara hazırlanmak demektir”. Nümunədən
də gördüyümüz kimi, bu çox önəmli bir
məsələdir. Milli inkişafa əngəl
olan amillərdən biri tarixin daha parlaq səhifələrinin
təsiri altında qalaraq, passiv düşüncə
içində dayanmaq, yalnız keçmiş qüdrəti və
əzəməti ilə öyünməkdir. Muhsin Kadıoğlu da “bugünü değerlendirmek,
yarınlara hazırlanmak” deməklə çağdaş
dünya içində türkləri dəyərləndirir və
gələcək üçün də “Akılçı
türkçülük” təlimini təqdim edir.
İlk növbədə, Muhsin Kadıoğlu
düşüncəsində “türk kimdir?”
sualının cavabına diqqət
yetirək. Yazarın türklərə aid etdiyi özəllikləri
belə dəyərləndirmək mümkündür:
1.Türklər tarixi keçmişinə sadiq olan, varislik ənənələrini
qoruyub saxlayan millətdir: “Türk olmak; tarihiylə gurur duymak
demektir. Türk olmak; Ata'sını tanımak,
Türk'ün və Türklüğün atasına
sayğıda kusur etmemek demektir.
2.Türklər dünyanın ən qədim millətlərindən
biri olaraq insan inancının ilk pilləsi olan mifoloji
dünyagörüşdən bəhrələnmişlər:
“Türk olmak; bozkurt sesiylə Başbuğ önderliğinde
Ergenekon'dan çıkmak... demektir”.
3.Türklər qəhrəmanlıq tarixinə dəyər verən və
onları yaşadanlardır: Türk olmak; Alp Er-Tunga'nın
öcünü almaktır .
Bu sadalanan özəlliklərdə daha çox qədim
və zəngin tarixə sahib olan, millət kimi bəşər
tarixinin ilkin mərhələsinə gedib çıxan,
mübarizə və qəhrəmanlıq tarixi, dövlətçilik
ənənələri olan türklər oxucuya təqdim
olunur. Bir millətin tarixinə, ənənələrinə
diqqət yetirmədən onun müasir düşüncə
modelini hazırlamağın mümkün
olmadığını anlayan Muhsin Kadıoğlu da
kitabın ilk bölümündən türklər haqqında
ən mühüm məqamları ifadə edir, yığcam və
dəqiq şəkildə türkləri dəyərləndirir.
Sonrakı fikirlərdə bir insan kimi türklərin əsas
xüsusiyyətləri göstərilmişdir. Belə qruplaşdırmaq
mümkündür:
1.Türklər ədalətli, mərd, haqsızlıqdan uzaq, rəhimli,
şəfqətli, savaş mədəniyyətinə malik, cəsarətli
millətdir: “Türk olmak; haksızlığın
karşısında demir pençe, mazlumun yanında şefkat
eli olmak demektir.
2.Türklər imana sahibdirlər; “Türk olmak; Tanrıya yakın
olmaktır”.
3.Türklər dostuğun dəyərini anlayanlardır, sədaqətlidirlər.
“Türk olmak; Pir Sultan Abdal kibi “Bir dost bulamadım, gün
akşam oldu” diyenlere ses olmaktır.
4.Türklər sevgiyə çox önəm verən,
yaxşılığı sevən, sayğıya dəyər
verən insanlardır: “Türk olmak; “Yaratandan
ötürü” yaratılanı sevmek demektir. Türk
olmak; Nesimi gibi her güzellikte Türkü görmektir”.
Muhsin Kadıoğlu türklərə məxsus olan
özəllikləri sadəcə sadalamır, türk
xalqlarının tarixi keçmişi, şəxsiyyətləri,
mütəfəkkir və şairlərindən örnəklər
gətirir.
Burada, Göytürk abidələrindən, “Kitabi-Dədə
Qorqud” dastanlarından nümunələrə, Mahmud
Kaşğari, Yusuf Has Hacib, Mövlana, Nəsimi, Yunis Emre, Pir
Sultan Abdal, Koroğlu, Dadaloğlu, Aşıq Veysəl kimi
türk dünyasının məşhur isimlərinə təsadüf
edirik. Bu da yazarın türkçülük
düşüncəsinin sərhədsizliyindən, millətin
tarixi və mədəniyyətinə bələd
olmasından xəbər verir.
Sözə çox böyük dəyər verən
Muhsin Kadıoğlu türklərin ən mühüm özəlliklərindən
biri kimi sözügedən məsələyə də
xüsusi diqqət yetirmişdir. Kitabda sadalanan keyfiyyətlər
sadəcə bir millətin xüsusiyyətlərini ifadə
etmək məqsədi daşımır. Yazar
o məsələləri daha çox ön plana çəkir
ki, həmin məsələlər milli kimliyin əsasında
dayanmaqla “Akılçı türkçülük” təliminin
təməlində də durmalıdır. Daha çox böhran
hiss etdiyimiz, çozülməsinə ehtiyac olan problemlər
çox məntiqi şəkildə Muhsin Kadıoğlu hədəfinə
seçilir: “Türk olmak; Türkce söylemek, Türkce
dinlemek, Türkce yazmaktır. Türk olmak; Divani
Lügatit-Türkte Kaşğarlı Mahmud olmaktır.
Kutadgu Bilig'de Yusuf
has Hacip olmaktır. Ali Şir Nevai'ce
Türk dilini zenginleştirmek demektir”. Tarixi
keçmişini, millət üçün önəmli rol
oynayan şəxsiyyətlərini, dil, inanc, fəlsəfə,
ədəbiyyat, elm, yaradıcılığı dərk etməyən,
özündə daşımayan və qorumayan insanlar türk adına yalnız xələl gətirə bilərlər.
Türk insanı mədəniyyətinin
daşıyıcısı olmalıdır: “Türk olmak;
Karadenizde kemançeye, İstanbulda kanun ve tambura, Azerbaycan'da tara, Anadoluda bağlamaya, Türkistanda kopuza ses
vermektir”.
Bütün sözügedən məsələlərə
diqqət yetirən Muhsin Kadıoğlu müasir dövrün
türk insanının əsas vəzifələrinə diqqət
yetirir. Daha
çox gələcəyə yönəlmiş kitab ənənələrin
üzərində formalaşan çağdaş
türkün yolunu göstərir: “Türk olmak; yöneltmek
demektir... Türk olmak; Türklüğünün farkında
olmak, Tanrının Türk'e yüklediği misyonu bilmek, o
misyon için çalışmak demektir...
Türk olmak; Türk doğmakla övünmek, Türk
olaraq doğmayanlara şefkat göstermektir”.
Türk kimliyinin xüsusiyyətlərini şərh
etdikdən sonra Muhsin Kadıoğlu ölkəsində və
dünyada türklərə qarşı
formalaşdırılmış stereotiplərdən bəhs
edir. “Qloballaşma və inteqrasiya” oyununun mənfi yekunu
olan assimilyasiyaya meyl, milli aşağılama, “yalançı
türkçülük”, düzgün olmayan siyasətin millətə
gətirdiyi acınacaqlı hallar yazarın qələmində
narahatlıqla ifadə olunur. “Türkiyedeki etnik ve
soyağacına dayalı karalama kampanyalarının
arkasında Türk'ten çok Türk görünen
dönmeler, devşirmeler ve Batının devşirdiyi ilim,
fikir, kültür, sanat ve siyaset adamlarının olması
tesadüfle izah edilemez” deyen Muhsin Kadıoğlu millətinin
arxasında dayanmağı bacarır: “Oysa Türklerin
yapdığı her işte kalite var. Sözlerinde doğruluk,
davranışlarında mertlik, düşüncelerinde
berraklık var. İçi dışı bir olduğundan,
savaşı bile mertlikle kazanan bir millet Türkler”.
Türk kimliyi və ona qarşı siyasət arasındakı ziddiyyətlər tarixin çox müxtəlif dönəmlərində onun problemlərinin əsasında dayanmış və inkişafına əngəl olmuşdur. Türkçülük əslində sözügedən ziddiyyətlərə qarşı milli müqavimət düşüncəsi kimi meydana çıxsa da, bu ideoloji cərəyanın ön plana keçməsi türklərə yönəlmiş açıq və gizli hərəkətləri də gücləndirmişdir. Hələ XX əsrin əvvəllərində türk xalqlarının mövcud durumdakı inkişafına mane olan əngəlləri nəzərdən keçirən Əhməd bəy Ağaoğlu müasir dövrdə də aktuallığının saxlayan çox mühüm bir məqama toxunmuşdur: “Tarix səhnəsinə gəldikləri dövrdən onların daxili inkişafla məşğul olmalarının qarşısını alan əbədi və ciddi maneə meydana çıxır: türklər həmişə özünümüdafiə vəziyyətində dayanmalı olmuşlar. Onların özlərini də, mənsub olduqları islam dinini də hər zaman və hər tərəfdən sıxışdırırdılar”. Bu məsələni Ə.Ağaoğlu intellektual inkişafa ən böyük maneə kimi qiymətləndirmişdir. Eyni tendensiya yenə də davam edir və Muhsin Kadıoğlunun düşüncə hədəfində də sözügedən məsələlər yer alır.
Milli dirəncin ən yüksək forması milli dövlətin möhkəmlənməsi, hakimiyyətdə milli kimliyin üstünlük təşkil etməsidir. Bu nə qlobal düşüncəyə, nə demokratiyaya, nə də tolerantlığa zidd olan bir cəhətdir, bu millətin dövlətçilik, idarəçilik haqqıdır. Muhsin Kadıoğlu da həmin cəhətlərə mühüm önəm vermişdir: “Türkiyede kendini Türk kabul eden herkesin görevi, devletin Türkleşmesini sağlamaktır”.
“Akılçı türkçülük” təliminin əsas xüsusiyyətləri, eyni zamanda, türkçülüyün ifrat milli hərəkat kimi dəyərləndirilməsinin əks arqumentlərini göstərmək üçün Muhsin Kadıoğlu kitabın ayrı-ayrı bölmələrində bayraq sevgisi, milli dilin qorunması, türk dili məsələsi, vətənsevərlik, milli ziyalı, dini dəyərlərə sevgi, milli güvənlik kimi mövzuları Qərb dünyasının örnəkləri ilə müqayisəli şəkildə şərh edir. Qeyd olunan məsələlər milli düşüncənin əsasında dayanır və qlobal dünyada “akılçı türkçülüyün” sözügedən dəyərlərinin qorunmasındakı başlıca prinsipləri burada öz əksini tapır. “XXI əsrdə, dünyanın kürəsəl düzəni qurulduqdan sonra milli axınların rolu, yaxud əhəmiyyəti nə qədər aktualdır?” sualına gəlincə isə, elə kitabın bölümlərində ona cavab tapırıq. Qərb modellərinin təqdimi də həmin məqsədə xidmət edir. Müəllif çox cəsarətlə yazır: “Bayrak için “Aman canım... bir bez parçası...” zihniyetini yaymaya çalışanların yüzlerindeki maskeyi indirmeniz için küresel manada bayrağ sevgisinin çeşitli ölkelerde nasıl yaşandığını bilmek ve anlamak gerekiyor”. Araşdırmaçı yazar “heç bir Qərb ölkəsində belə şeylər yoxdur” sözlərinin “moda halına gəldiyi və ya gətirildiyi” zamanda Qərb örnəklərinin verilməsini haqlı olaraq çox vacib hesab edir. Bu da qeyd etdiyimiz “qloballaşma və inteqrasiya” siyasətinin Qərb hegemonluğu və Şərq assimilyasiyasının törətdiyi problemlərdən qaynaqlanır. Bu bölümdə Rusiya, İspaniya, İngiltərə, ABŞ, Almaniyada bayrağa verilən dəyərdən nümunələr təqdim olunur və bayraq sevgisi kürəsəl dairədə qiymətləndirilir: “Bayrağ sevgisi ya da bayrağa sayğı, sadəcə Türk millətinə has bir duyğu değil. Bayrağ sevgisi, millet ve ülkeyle özdeşleşiyor. Bu manada, her millet, kendi bayrağına ilişkin “sayği ve hürmet” istiyor”.
Milli dil məsələsi Muhsin Kadıoğlunun kitabında diqqəti cəlb edən çox mühüm məsələlərdəndir. Burada dörd əsas məsələyə təsadüf edirik: Türk dilinin qlobal basqıdan qorunması; Qərbdə milli dili qorumaq məsələləri, yəni milli dil məsələsinin “millətçilik” deyil, dünya hadisəsi olması; Türk dilinə qarşı mənfi mövqe; “yabançı dil” sevdası. Hər biri geniş problemi əhatə etdiyi və araşdırmaçı yazarın dərin analizləri ilə şərh olunduğu üçün sözügedən məsələni ayrıca bir yazı ilə təhlil etmək lazımdır. Burada əsas məqamlara diqqət çəkdik.
Qlobal basqıdan, kürəsəlləşmənin mənfi meyllərindən qorunmağın yeganə yolu güclü milli resurs və kadrlara söykənən iqtisadiyyata nail olmaqdır. İqtisadi gücü və inkişaf etmiş mədəni səviyyəsi olmadan heç bir dövlət milli dirənc ilə bu basqıdan qurtara bilməyəcək. Milli dirənc kürəsəl basqıya qarşı sadəcə ilkin addımdır. Yalnız mədəniyyətin müxtəlif yaruslarında milli kimliyi qorumaq və gələcək nəsillərə ötürmək də “Akılçı türkçülük” təliminin yeganə meyarı və məqsədi deyil, iqtisadi, sosial həyatın, elmin müxtəlif sahələrinin milli zəmində inkişafı, milli resurslardan gələcəyə hesablanmış proqram çərçivəsində istifadə etmək kürəsəl basqıya qarşı dayanmaq deməkdir. Təsadüfi deyil ki, kitabda iqtisadi milliyyətçilik, yabançı sərmayə və milli güvənlik, qida böhranı kimi sahələri əhatə edən ayrıca bölümlər vardır ki, bunlar da yeni bir tədqiqatın mövzusudur.
Bütün bu məsələləri şərh edən Muhsin Kadıoğlu inteqrasiyanın assimilyasiyaya gətirib çıxara bilən təhlükəli məqamlarını önə çəkir, Qərb nümunələrini də təqdim etməklə qoyulan problemlərin qlobal və dünyəvi xarakter daşıdığını, hər bir millətin haqqına sahib olmasının kürəsəl düşüncəyə zidd olmadığını əsaslandırır.
Kitabın önsözündə Muhsin Kadıoğlu “milli bünyemize olumlu veya olumsuz tesir edebilecek iç ve dış olaylar karşısında toplumuzu bilgilendirmek aydınların görevidir” yazıb. Türk dünyasının dəyərli aydınlarından biri kimi “Küresel düşün, ulusal davran” kitabında Muhsin Kadıoğlu da öz görəvini layiqincə həyata keçirib.
Bəsirə
ƏZİZƏLİYEVA
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2016.- 20 avqust.-
S.18-19.