“Öz
içindən yanan bir ocağam mən…”
XALQ
ŞAİRİ MİRVARİD DİLBAZİNİN ANADAN
OLMASINDAN 104 İL ÖTÜR
Özünün yazdığı kimi,
od üstündə
doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar,
milli qırğınlar
və milli əsarət görmüş
nəslin nümayəndəsi
idi Mirvarid Dilbazi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin
sevinci, süqutunun kədəri, kəndlərinə
qəfil erməni hücumları, Qırmızı
ordunun işğalı,
sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin
yaddaşında dərin
izlər buraxmışdı. Babası,
dayıları Qazaxıstanda,
Türkiyədə torpağa
tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu...
“Qadınların hürriyyəti”
adlı ilk şeiri
1927-ci, “Bizim səsimiz”
adlı ilk kitabı
1934-cü ildə nəşr
edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə
qoşa doğulur”, “Həyat lövhələri”,
“Xatirələr aləmində”,
“Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç
cilddə “Seçilmiş
əsərləri”, “Qar
çiçəkləri”, “Durnalar ötüşəndə”,
uşaqlar üçün
“Nağıllar”, “Kiçik
dostlarıma”, “Gülbahar”,
“Yaz gəlir”, “Lalənin ağacları”,
“Abşeron bağlarında”
və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”,
“Əlcəzairli qız”,
“Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir
Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin
“İppolit” faciəsini
dilimizə tərcümə
edib. Əsərləri xarici dillərə
tərcümə olunub.
Bəstəkarlarımız Mirvarid Dilbazinin
sözlərinə mahnılar
yazıblar. Ağabacı
Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”,
“Laylay”, “Azərbaycan elləri” şeirlərinə
yazdığı mahnılar
bu gün də sevilə-sevilə dinlənilir.
Doğma Azərbaycanı qarış-qarış
gəzmiş şair onun hər guşəsinin
gözəlliyini dərindən
duya-duya, mənəvi
dünyasından keçirərək
bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma
hisslərlə bağlı
olduğu üçün
zəhmət adamlarının
saf mənəviyyatını
da ilhamla qələmə alıb.
İkinci Dünya müharibəsi
dövründə onun
qəhrəmanı - sevgilisinin
yolunu intizarla gözləyən gənc
qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə
çətinliyə qatlaşan
mərd qadın olub. Daha çox lirik
şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə
axtaran, etibar, sədaqət timsalı olan bir qadındır.
Bu qəhrəman aşiqindən vəfasızlıq
görəndə qürurunu
itirmir, əyilmir.
Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının
rəngarəng məqamları
dərin emosionallıqla
verilib. Belə şeirlərdə həm ana və
övladın bir-birinə
olan duyğularına,
həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii
inikasına rast gəlinir. Ana olmağı əvəzsiz
bir səadət bilən şair özü haqqında “Şair və ana - tale iki şahlıq tacını
bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda”
- deyən şair gözəl insani keyfiyyətlərlə zəngin,
təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə
etməyi ən böyük analıq şərəfi sayıb.
Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi
həyatında XX əsrin
sonlarındakı tarixi
hadisələri dərindən
yaşayaraq səciyyəvi
lirik lövhələri
yaradıb. Bu dövrdə
şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır.
Vətənin, xalqın taleyi
ən ağrılı
enişləri ilə
onun varlığından
keçərək şeirə
çevrilir. Yurd-yuvalarından
didərgin düşmüş
qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün
bu qanlı torpağı”, “Şəhidlər
qəbiristanında” və
digər şeirləri
bu mövzuda yazılmış çox
gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında
xalqımızın qələbəsini
görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində
Qarabağ dərdi ilə 2001-ci il
iyulun 12-də dünyadan
köçən şair
əbədi sənəti
ilə qəlbimizdə
dərin izlər qoyub.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
- yazan Mirvarid
Dilbazinin əsərləri
hər zaman insanlara güc, inam verir, onları
paklığa, ülvi
duyğulara səsləyir.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid
Dilbazi Əməkdar Mədəniyyət İşçisi,
Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”,
“Qırmızı əmək
bayrağı”, “İstiqlal”
ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində
keçirilən 85 illik
yubileyi mərasimində
ümummilli lider Heydər Əliyev şəxsən iştirak
edib. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
2012-ci il 16 may tarixli Sərəncamına
əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
525-ci qəzet.- 2016.- 20 avqust.- S.13.