Köhnə dost
...Mən 57-də doğulmuşam
və 59 yaşım
var. O isə 59-da doğulub
və 57 yaşı
var.
Doğma
şəhərim Sumqayıtda,
35 dərəcə istidə,
binasının divarında
35, qapısının üstündə
116 yazılmış ünvanımda
oturub onun haqqında qeydlərimi ipə-sapa düzmək istəyirəm. Baxıram, 59 və 57-nin də
cəmi qapımın
nömrəsinə bərabərdir
- 116 eləyir.
Deyəcəksiniz ki, bu rəqəm
manipulyasiyalarının mətləbə
nə dəxli var? Mətləb birinin ad günüdür
və deməli, rəqəmlərsiz ötüşmək
olmaz. Adətən
ad günü arzuları
sonda rəqəmə
bağlanmırmı, “günahkar”a
100 il sağlam
ömür diləmirikmi?
Məncə, rəqəmlər olmasa, hərflər dul qadın kimi görünər.
Bəs, o kimdir? Tələsməyin. Vaxtilə televiziyada işləyəndə
birisi haqqında oçerk yazmaq lazım gəldimi, Moskvanın “Mavi işıq” verilişindəki
kimi, ilk abzaslarda adını çəkmədən
ondan bəhs edər və tamaşaçını bir
müddət intizarda saxlayardıq. Başqa sözlə,
qəhrəmanı novellavari
formada təqdim edərdik. İndi də mən,
deyəsən, onun haqqında yazıma həmin cür başladım. Amma bu istidə sizi çox əndişədə qoymadan
qəhrəmanımı artıq
təqdim edirəm: İlqar Musa oğlu Həsənov! Avqustun
24-ü doğum günü
olan İlqar Həsənov!
Bu, o İlqardır ki,
Azərbaycanın çağdaş
jurnalistika aləmində
özü boyda ad-sanı var. El arasında da, elitar aləmdə
də çoxlarının
dostudur. Azərbaycan boyda hörmət-izzət
sahibidir. İlqarın yaxında olması adamda inam, güvən
yaradır. Çünki o, etibarlı arxadır, səmimi silahdaşdır.
Bilmirəm, kimin sözüdür, deyir ki, silahdan dost olmaz, dostdan silah olar...
Yenidən qayıdaq rəqəmlərə. Bəzi rəqəmlərin
düşərli-düşərsiz olması da məlumdur. Məsələn, çoxlarının nəhs saydığı
13 rəqəmi mənim
üçün həmişə
düşərli olub.
İlk mətbu yazım 13 yaşımda Sumqayıtın
şəhər qəzetində
çıxıb. Universitetə qəbul siyahısında adım 13-cü yazılıb.
Hər ayın həmin günü kefim kök olur və sair...
İlqara gəlincə isə,
onun da ilk yazısı 13 yaşındaykən
dərc olunub. Özü də Gəncə şəhər qəzetində
çalışan hələm-hələm
jurnalistin qapısından
içəri keçə
bilmədiyi dondurma sexindən olub həmin yazısı.
Özü danışıb ki,
qəzetə nəsə
yazmaq üçün
rəisinin zəhmli bir adam
olduğu həmin sexin qapısına gedib. Soruşublar, nə istəyirsən?
Cavab verib ki, rəisə deyin, müxbir gəlib. İsrar etdiyini görüncə
rəisə məlumat
veriblər. Yeniyetmə müxbiri
içəri buraxdıran
rəis də onun bu cəsarətinə
görə müsahibə
verməyə razılaşıb.
Sonda isə İlqara “rüşvət” olaraq
5-10 dənə dondurma
verib. Dondurmaları dostlarına paylayan
İlqar sonra sexdən yazdığı
xəbəri redaksiyaya
aparıb. Bığlı-saqqallı jurnalistlər onun bu fərasətinə “afərin” deyərək yazısını qəzetdə
dərc eləyiblər.
Necə deyərlər, siftəsi uğurlu alınıb.
Peşəkar jurnalistlik İlqarın xarakterinin birmənalı mübahisə doğurmayan
cəhətidir. İki daşın arasında
olsa belə, operativ informasiyanı dizinin üstündəcə
yazıb göndərir.
Özü də hadisələri
fəhmlə duyur.
Bilir ki, nə vaxt
harda olmalıdır -
əks təqdirdə
“qatar” gedəcək.
O da ki, arxadan bağrı çatlaya-çatlaya, qaranəfəs
əl eləyənlərdən
deyil.
İlqarın dövlətçilik mövqeli məqalələri
- müqəddəs nəsnə,
nostalji yazıları
- xiffət rəsmləri, məhkəmə
salonundan reportajları
- şərin ifşası,
qəribə talelər
barədə qeydləri
- qismətin istehzası
kimi diqqət çəkir. Əsas olan faktlara peşəkar jurnalist yanaşmasıdır. O, yazanda
nə üzgörənlik
edər, nə də haqqı nahaqqa verər. Duzu, istiotu da qədərində
işlədər. Nəyinsə xatirinə əqidəsindən
dönməz, düşüncəsindən
daşınmaz. Bəzən reportajlarında
qarşı tərəflərin
də fikirlərini təqdim eləyir, öz qənaətlərini
də. Axırda oxucu, bilirsiniz,
kimə daha çox inanır? Əlbəttə, İlqara!
Çünki onun arqumentləri
daha güclü, söylədikləri daha gerçək təsir bağışlayır. Bu
üstün keyfiyyət
heç də hər jurnalistin qələminə xas deyil. Məndən olsa, “İlqar
Həsənov” imzalı
örnək yazıları
sidq-ürəklə universitetin
Jurnalistika fakültəsinin
seminar dərsləri üçün
başlıca təlim
vasitəsi seçərəm.
Bax, bu olar
əsl təcrübə
məktəbi!
Daha nə yazım onun haqqında? Yeddi il öncə,
50 yaşının tamamında
bütün gücümü
vurub bildiklərimi qələmə almışam.
“Ürəyimdir yazanım” adlı kitabımda da çıxıb. Yəni, o, mənim
üçün bir növ tam kəşf olunmuş planetdir. Bəs, onda niyə təzədən qələmə
sarıldım? Görünür,
həm də ona görə ki,
İlqar mövzusunun
maraq dairəsində olduğu minlərlə oxucunun bu yazını
gözləri ilə
“öpəcəyinə” inanıram.
Əslində, İlqar Həsənov sanki bir radiodur - hansı dalğanı tutsan, dinləməyə maraqlı bir şey tapılacaq... Mərc gəlirəm: haqqında çoxsaylı yazılar olan tək jurnalist elə İlqardır ki, var. Bəlkə də dünya miqyasında. Başqa birisini misal çəkə bilsəniz, bir qonaqlıq məndən!
“Vətən eşqi maya kimidir, südü xarab olanlarda tutmaz”. Bu baxımdan İlqar şəksiz vətənpərvərdir. Böyük Azərbaycan sevdasının misli yoxdur. Kefinə düşdümü, qəfildən durub Daşkəsənə, Gəncəyə, Yardımlıya... getməkləri var onun. Bu gün burdadır, sabah sorağı, kim bilir, hardan gələcək. Həm də hara getsə, özü ilə işıq aparır. Lap dinamo kimidir - vurhay hərəkər enerjisini işıq enerjisinə çevirir.
Yuxarıda bildirdim ki, mən İlqardan iki yaş böyüyəm. Amma həmişə onu özümdən böyük hesab etmişəm. Müdrik, ağayana davranışları, təmkini, qətiyyəti, minnətsiz yaxşılıqları, qocafəndi təhər-tövrü onu böyük göstərir. Ağıl yaşda deyil ki...
İlqarın məşhur gündaşları çoxdur. Söhbət onunla eyni gündə doğulanlardan gedir. Məşhur Argentina yazıçısı Borxes İlqardan düz 60 il əvvəl (1899), Fələstin Milli Muxtariyyətinin keçmiş lideri Yasir Ərəfat isə düz 30 il əvvəl (1929) məhz avqustun 24-də anadan olublar. Buraya Finlandiyanın hazırkı prezidenti Sauli Niinistönü, qırğız kosmonavt Salijan Şaripovu, Braziliya yazarı Paulo Koelyonu da qataq ki, siyahı dolğunlaşsın. Bunlar heç... amma bir braziliyalı da var ki, İlqardan düz 30 il sonra (1989) həmin gündə doğulub. O, bizim “Qarabağ”ın məşhur futbolçusu Reynaldodur və adları çəkilən sələflərindən fərqli, həm də tam real olaraq bir gündaş kimi İlqarla təbrikləşə bilmək şansına malikdir. Minnəti olsun! Jurnalistlərdən Sahib Alıyevin və Sevil Nuriyevanın da bu fürsəti var.
Köhnə dostum İlqarın haqqında əvvəl yazdıqlarımın təkrarına yol vermədən deyim ki, yaxşı jurnalist olduğu kimi, zövqlü fotoqraf da sayıla bilər. Şəxsən çəkdiyi maraqlı fotoları bizim “Xalq qəzeti”nin səhifələrində, lap elə arabir başını qatdığı “Facebook” sosial şəbəkəsində yaymağa ürək eləyir. Məsələn, İsmayıllının Basqal kəndində Ayın işığını çox gözəl çəkib. Bölgə müxbiri olduğu şimal rayonlarına gedərkən birdən maşını saxlayıb gördüyü maraqlı mənzərəni lentin yaddaşına köçürməyə də ərinməyib.
...Bu yaxınlarda İlqarla Səməd Hüseynoğlu məni Bakıdan Sumqayıta qatarla yola salmaq üçün dəmiryol vağzalına qədər ötürürdü. İlqar Cəfər Cabbarlının abidəsinin qarşısındakı göyərçin dəstəsini görcək köşkdən 1 manatlıq günəbaxan tumu aldı ki, gəlin, bu quşları yemləyək. Və Səmədlə mənim göyərçinlərə tum səpdiyimiz anı ustalıqla əbədiləşdirdi. (Pulu o xərclədi, tarixə düşən biz olduq).
İlqarın poeziyaya, musiqiyə sevgisi də özəldir. Rəhmətlik Eldar Baxışın “Sərçə balası” şeirini həmkarımız İlham Tumasın səsində telefonuna köçürüb xiridar dostları üçün səsləndirməkdən fərəh duyur. “İlahi, neyləsən, sən mənə eylə, İlahi bu qızla işin olmasın”... Nizami Gəncəvidən, Səməd Vurğundan üzü belə, çox şairlərin şeirlərini əzbər bilir. Milli musiqimizə, estradamıza vurğunluğu öz yerində, babat səsinin olmasıyla da işim yoxdur, sən demə, İlqar könlünə yatan əcnəbiləri də sevə-sevə dinləyirmiş. O gün “Facebook”da baxıb görürəm ki, fransız müğənni Co Dassenin ifasında məşhur “Əgər sən olmasaydın” mahnısını paylaşıb.
Bu dünyaya qazanca gəlsək də, hər birimiz zaman-zaman itirə-itirə gedirik. İndiyə kimi İlqar da neçə əzizini, dostunu itirib. Hamısının işıqlı xatirəsi ürəyində közərir. Bu ilin mayında anası da haqq dünyasına qovuşdu. Belə bir oğul doğan ananın məkanı yüzə-yüz cənnətdir. Cənnət - anaların ayağı altında!
İlqarın çox sevindiyi günlər də az olmayıb. Yadımdadır, böyük qızı Aygülü gəlin köçürəndə elə həzinləşmişdi ki... Artıq baba olmaq sevincini də dadıb. Digər qızı Gülşənin, oğlu İbrahimin toyları hələ irəlidədir.
Beləcə, həyat davam edir. Həmişəki kimi nikbin yaşa, gözəl yarat, yaxşı yarıt, köhnə dost!
Əli
NƏCƏFXANLI
525-ci qəzet.- 2016.- 20 avqust.- S.11.