Televiziyamızın yaşıdı, yaxud
“olduğu kimi görünən, göründüyü kimi
olan adam”...
Əməkdar jurnalist
Faiq Sadıqovun 60 yaşı tamam olur
Sözün düzü, ad günümü heç
sevmirəm. Ona görə yox ki, yaşım çoxalır,
ömrüm azalır, o dünyaya bir addım da
yaxınlaşıram. Yox, sadəcə sevmirəm... Həmin
gün sevincimə tək bircə səbəb olur:
“uşaqlaşıram”, bəxtəvər uşaqlıq illərimi
yada salıram, valideynlərimi düşünürəm,
onlarla “dərdləşirəm”...
Bu xasiyyətimin başqalarına qətiyyən dəxli
yoxdur. Ətrafımın ad günü “ad
günü”dür, yubileyi isə “yubiley”. Hətta bu əlamətdar
tarixləri insanların bir-birinə hörmət və
ehtiramını ifadə etməsi üçün bir bəhanə,
bir fürsət hesab edirəm...
Bu il ürəklə qoşulacağım
üç 60 illik yubiley var. Biri uzun illərdir “ikinci ev”imə
çevrilən AzTV-nin yubileyidir. O biri elə ilk dəfə
AzTV-də görüb tanıdığım,
televiziyamızın yaşıdı, Əməkdar jurnalist
Faiq Sadıqovun yubileyidir. Üçüncüsü
isə ailəmizin ən əziz, ən dəyərli
üzvünün yubileyidir. Hər üçü
çox mübarək! Ömürləri uzun olsun!..
lll
Faiq mənə çox doğmadır. Ona görə yox ki, həmkarıq,
ikimiz də Universitetin Jurnalistika fakültəsini
bitirmişik, eyni azman müəllimlərdən dərs
almışıq, uzun illərdir bir yerdə işləyirik,
bir-birimizin xeyrinə-şərinə yarayırıq... Yox, təkcə
bu deyil...
lll
Faiq
Ağdaş rayonunda anadan olub - Ləki kəndində...
Ağdam...
Ağdaş... Bircə hərf fərqi var bu
adlarda. Hər ikisi hamımız
üçün Azərbaycanın bir parçasıdır.
Amma mənim üçün ikiqat doğma,
ürəyimdə məxsusi yeri olan şəhərlərdir.
Ağdam doğulduğum, Ağdaş
doğulduğum yer qədər bağlı olduğum yerdir.
Və Ağdaşı, az qala elə Ağdam qədər
tanıyıram. Spesifik evləri, dalanları,
küçələri, məhəllələri, məscidi,
sinəsini iki yerə bölən Türyan çayı
Ağdamdakı evlər, məhəllələr, dalanlar, məscid,
Kötəl, Qarqar çayı qədər gözümün
önündədir. Allah adamı olan, hədsiz dərəcədə
saf, ürəyigeniş, mehriban, yanımcıl sakinlərinin
də elə ağdamlılar qədər yeri var ürəyimdə...
Amma bir məqam
hələ də qaranlıqdır mənə: ermənilər
Ağdamı, dədə-baba yurdumuzu işğal edəndə
valideynlərim, qardaş-bacılarım
ağrı-acılarını, dərd-sərlərini də
götürüb nədən iki addımlıqdakı Bərdəyə,
Tərtərə, yaxud Bakıya - mənim yanıma yox, məhz
Ağdaşa üz tutublar, Ağdaşa
sığınıblar? O vaxt Ağdaşda qohum-əqrəbamız
yaşamırdı, get-gəlimiz yox idi, ağdaşlılara
qız verib qız almamışdıq. Heç mən
özüm də, bir dəfə də olsun, Ağdaşa getməmişdim...
Ağdaş
“didərginçilik”də ailəmizin çox dözülməz
günlərinə şahidlik edib, üç dağ boyda əzizimizi,
gözəl qardaşımızı, tək, bircə
oğlundan sonra yaşaya bilməyib, yaşamaq istəməyib
özünə qəsd edən Atamızı, hər ikisinin dərdindən
xəstə düşən Anamızı bu şəhərdən
Haqq dünyasına yola salmışıq. Ağdaşlılar
çox ağır yaslarımıza təsəlli verib, dərdimizə
şərik olub, göz yaşımızı silib,
qarışan saatların, üzüntülü günlərin
içində “başımızı itirəndə” min bir
yolla ovutmaq istəyiblər bizi. Nə deyim, əzizlərim
Ağdaşda ağdaşlılardan elə böyük mənəvi
dayaq görüblər ki, bu günədək də heç
birinin dilindən düşmür...
Və o vaxt bütün bunların heç birindən nə
Faiqin, nə də Ləkidəki ata ocağından kimsənin
xəbəri olub. Faiqi ən əvvəl həmyerliləri,
ağdaşlılar doğmalaşdırıb mənə...
lll
Faiqlə
mənəvi doğmalığımın bir səbəbi də
onun “ağdamlı”, “qarabağlı” olmasıdır...
Çox böyük istedad sahibi, yazıçı, millət
vəkili, qeyrətli vətəndaş Aqil Abbasın
sözü düşür yadıma. Ağdamla bağlı
film hazırlayırdıq, ondan da müsahibə
almışdım. Belə bir fikir də söyləmişdi
Aqil Abbas: “Ağdamda 6 minə yaxın adam
şəhid olub. Söhbət təkcə ağdamlılardan
getmir ha... Mən dəfələrlə demişəm, bir lənkəranlı,
bir naxçıvanlı, bir gəncəli, qazaxlı,
qubalı, bakılı gəlib Ağdamda
döyüşüb, Ağdamda şəhid olubsa, onlar hamısı
ağdamlıdır, mənnən çox onlar
ağdamlıdır...”
Faiq də Qarabağ müharibəsinin od-alovundan
keçib, silahla yox, qələmlə döyüşüb. Xocalı, Laçın,
Ağdam... od tutub yananda “Ədalət”in cəbhə
müxbiri kimi əynində hərbi geyim, əlində qələm
ən qaynar nöqtələrdə olub, cəbhədən,
isti-isti xəbərlər göndərib Bakıya. Düzdür, bunların hamısı heç də
xoş xəbərlər deyildi. Amma hər
halda, informasiya qıtlığı dövründə
hamını baş verənlərdən xəbərdar edən
xəbərlər idi. Xocalının
harayını ilk olaraq böyük üzüntü
içində Faiq çatdırıb “Ədalət”ə.
Amma təkcə “Ədalət”əmi? O vaxtlar dövlət
radiosunda çalışan Əməkdar jurnalist İttifaq
Mirzəbəyli bu suala çox gözəl cavab verib: “...səmimi
şəkildə etiraf etməliyəm ki, o, həm də bizim
ən çox istinad etdiyimiz mənbə, müharibə illərində
dövlət radiosunda çalışan həmkarlarımızın
qeyri-rəsmi müxbiri idi. Çünki biz onun
yazılarına nə qədər istinad edirdiksə, bir
özümüz bilirdik, bir də Allah. Doğrudur,
cəbhə bölgələrində radionun da müxbirləri
var idi. Amma radio qəzet deyil ki, gündə
bir xəbər yazmaqla kifayətlənmək mümkün
olsun. Gündə 5-6 dəfə efirə
çıxan xəbərlər proqramlarında mütləq
dəyişikliklər etmək zərurəti yaranırdı.
Odur ki, Faiq Sadıqov kimi, sözün həqiqi
mənasında, cəbhədə, döyüşlərdə
...yaşayan həmkarımızın qələminə
ehtiyacımız böyük idi. Mobil
telefonların olmadığı, mövcud telefonların isə
demək olar ki, işləmədiyi həmin günlərdə,
necə deyərlər, informasiya aclığı
yaşanırdı. “Azərinform” susur,
hakimiyyət yetkililəri bircə kəlmə belə söz
danışmaq üçün günlərlə kimdənsə
icazə gözləyirdilər. Bir tərəfdə
isə milyonlarla dinləyici dövlət radiosundan cəbhədəki
vəziyyət, münaqişənin reallıqları barədə
nə isə yeni bir söz eşitmək istəyirdi. Həmin günlərdə Faiq kimi vətənpərvər
həmkarlarımızın cəbhədən göndərdiyi
istənilən xəbər dinləyicinin ürəyində
az da olsa, ümid işığı yaradırdı”.
Faiq Qarabağ müharibəsi haqqında həqiqətləri
öz gözləri ilə görüb yazan jurnalistlərdəndir. Onun bu müharibənin
ağırlığını özündə əks etdirən
“Qarabağdan xəbər var” adlı kitabı da təsadüfən
yazılmayıb, hansısa təxəyyülün məhsulu
deyil, fədakar, cəsur, “canından keçməyi bacara bilən”,
qeyrətli bir jurnalistin səngərdən yazdığı
“özünəməxsus döyüş salnaməsi”dir.
Kitabın “Ön söz”ünün müəllifi Aqil Abbas
yazır: “Faiqin yazılarında 1990-1994-cü illərin
döyüş xəritəsini də görmək
mümkündür”. Bu xəritə Qarabağ müharibəsinin
ümumi mənzərəsini, döyüşlərin getdiyi
illərin reallıqlarını bu gün də göz
önünə gətirir...
Bəli,
Aqil Abbasın sözü olmasın, Faiq “mənnən
çox ağdamlıdır, mənnən çox
qarabağlıdır”...
lll
Faiq Sadıqov televiziyamızın
yaşıdıdır. Universiteti bitirəndən taleyini bu
kollektivlə bağlayıb. Dediyim kimi,
müharibə başlayandan imzasını, həm də
“Ədalət”də tanıdıb. 20 il
əvvəl AzTV-yə qayıdıb. Bu illərdə
televiziyada böyük peşəkarlıqla, böyük məsuliyyətlə
çalışır. “Onun qələmi
jurnalistikanın bütün sahələrində
özünü göstərir.” (Aqil Abbas). Faiqin televiziyadakı fəaliyyəti “Xəbərlər”
proqramı ilə bağlıdır, mühüm ictimai-siyasi
hadisələrin tamaşaçılara
çatdırılmasında böyük əməyi var. Dəfələrlə
ulu öndər Heydər Əliyevin xarici səfərlərini
işıqlandırıb. Uzun illərdə
qazanılan təcrübə və məsuliyyət bu gün
də öz sözünü deyir. Prezident
İlham Əliyevin çoxşaxəli fəaliyyətinin, eləcə
də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın ölkədə və xaricdə həyata
keçirdiyi tədbirlərin
işıqlandırılmasında böyük peşəkarlıq
nümayiş etdirir. O, xalqını, millətini sevən,
dövlətimiz, dövlətçiliyimiz naminə sədaqətlə,
fədakarcasına çalışan, ərazi
bütövlüyümüz, suverenliyimiz, milli müstəqilliyimiz
naminə idealların təbliğində mühüm xidməti
olan jurnalistdir.
2011-ci ilin 4 noyabrı. Teleradio günü ərəfəsində
Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar
jurnalist” fəxri adına layiq görülən həmkarlarımın
sırasında Faiq Sadıqov da var idi. Heç
şübhəsiz, “Jurnalistlərin dostu”, Prezident İlham
Əliyevin göstərdiyi bu diqqət və qayğı Faiq
Sadıqov üçün də ən böyük
mükafatdır. Bunun üçün o,
dövlətimizin başçısına minnətdardır.
Televiziyamızın sədri Arif
Alışanovun təqdimatını da mütləq yada salmaq
lazımdır. Sağ olsun Arif müəllimi, hər
zaman peşəkar və zəhmətkeş əməkdaşları,
eyni zamanda istedadlı gəncləri dəyərləndirir, təltif
olunmaları üçün möhtərəm Prezidentimizə
təqdim edir. Onu da deyim ki, o vaxt Faiqin Azərbaycan
dövləti adından aldığı bu mükafat, layiq
görüldüyü bu yüksək fəxri ad onun
özü qədər sevindirmişdi məni. Həm də ona görə sevinmişdim ki, Faiq layiq
olan hər kəsin uğuruna sevinəcək qədər
sağlam xarakterə malik bir insandır. Etiraf
edək, başqasının acısına, dərdinə
üzülmək asandır, onun uğuruna sevinmək isə
böyük “ürək” istəyir. Bu “ürək” var
Faiqdə...
lll
Hər dəfə
Faiqlə həmsöhbət olanda Mövlananın bir məşhur
düsturunu da xatırlayıram: Comərdlikdə “axar su”, əsəbdə
“ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə
“dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi
görün, ya da göründüyü kimi ol”. Faiq
“olduğu kimi görünən, göründüyü kimi
olan adam”dır.
Olduqca təmkinli,
az danışıb çox iş görən
və öz işini görən Faiq təmənnasız,
iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist
ömrü yaşayıb və yaşayır. Çox uzun
olsun bu ömür...
60 yaş
isə... Deyəsən, çox tez gəldi.
Neyləməli, artıq vaxtla ayaqlaşmaq olmur,
vaxt uçur, bizə ancaq onun arxasınca baxmaq qalır.
Amma 60-ı qarşılamaq da, inanıram ki,
çox xoşdur Faiq üçün. İlləri
havayı xərcləməyib. Qazandığı
mövqe və hörmət, “olduğu kimi görünən,
göründüyü kimi olan adam” kimi qəbul
edilməsi, gözəl ailəsi, övladları, nəvələri...
Ən vacib olanı bax budur, məncə...
Faiqin bir böyük ailəsi də var. Valideynləri, rəhmətlik
Nurəhməd atanın, Məhbuzə ananın özlərindən
sonra “ağsaqqallığını, böyüklüyünü”
ona əmanət etdikləri ailə. 12 nəfər - 9
bacı, 3 qardaşdan ibarət bu “əmanət”in yükü,
ağırlığı da böyük oğul kimi Faiqin
çiynində olub həmişə. Amma
bu ailənin böyüklüyü təkcə külfətin
böyüklüyü ilə bitmir. Cəmi ikicə
sinif təhsili olan Nurəhməd kişi
övladlarının əksəriyyətinə ali təhsil
verib, onları mənən çox varlı
böyüdüb...
Elə isə Faiqə səslənirəm:
“Keçmişin qarşısında baş əy, gələcək
qarşısında qollarını çırmala”.
Qarşıda, Allahın izni ilə, hələ neçə-neçə
illər var. Elə yaşamaq üçün də, işləmək
üçün də. Təki sağlam ol! Sağlam ol və
sağlam yaşa!..
Firuzə NADİR
525-ci qəzet.- 2016.- 20 avqust.- S.17.