Afaq Məsud dünyası - (on yeddinci yazı)

 

 

 

“Can üstə”dən sonra Afaq Məsud ikinci dramaturji uğurunu “Qatarın altına atılan qadın”la qazandı...

 

Tamaşa haqqında çıxan çoxlu yazıların birində deyilir:

 

“Vağzal... Perronda  vurnuxan adamlar... Platformadan qatarın altına atılan qadın...

 

Qatar əyləcinin, sinirləri sıyırıb aparan səsi... Bir anlıq  sükut... Sonra tükürpədici hayqırtı... Və bunu boğan gur tamaşaçı alqışları...

 

Tamaşa bitdi.

 

Bayaqkı sükutu xatırlayıram... Tamaşaçılar kresloların qoltuqlarından bərk-bərk yapışıblar... Səhnəyə tərəf gərilərək, sehrlənmişlər...

 

... Bu nə idi?.. Son iyirmi ildə ilk dəfəydi mən tamaşaçı zalını bu halda görürdüm... Yanaşı kresloda oturan tələbə qızın, içini çəkərək, ağlamağı məni reallığa qaytardı”...

 

Əvvəl “Yol üstə” adlandırılan, sonra isə oxuculara (və tamaşaçılara) “Qatarın altına atılan qadın” adı ilə təqdim olunan dram ciddi sosial-mənəvi problemlər qaldırır.

 

Mətn dərhal göstərir ki, bu, nasirlə dramaturqun birgə əsəridir...

 

“Fəhlələrin köməyi ilə platformaya qalxıb üst- başının tozunu çırpır. Fəhlələr çıxırlar.

 

Perronun əks tərəfindən səhnəyə nimdaş əyin- başı, tük basmış sifətiylə evsiz- eşiksiz küçə əyyaşını xatırladan Xasay Muradov daxil olur. O, Gültəkini sezmədən dağınıq addımlarla perronun mərkəzinə yeriyib vağzal saatı ilə üzbəüz dayanır,  qolunu çirmələyib dəstəyi pürşüklənmiş saatının əqrəblərini vağzal saatının əqrəblərinə uyğunlaşdırmağa çalışırsa da,  zəiflikdən, ya sərxoşluqdan müvazinətini saxlaya bilmir, dayandığı yerdə arxaya səndələyir.

 

Hardansa yaxınlıqdan, təkan götürüb aramla yola düşən qatarın səsi, uzun-uzadı ləng fiti eşidilir.

 

Xasay fitin səsinə dik atılır və getdikcə uzaqlaşan görünməz qatarın ardınca baxa- baxa doluxsunur, cibindən çıxardığı əzik yaylıqla burnunu, gözlərini silir. Qatar səsi uzaqlaşıb itdikdən sonra skamyalardan birinə yaxınlaşır və gözü perronun əks  tərəfindəki skamyada oturan Gültəkinə  sataşır, heyrət  içində donub qalır. Ehmal addımlarla kənara çəkilir və işıq dirəklərindən birinin ardında “gizlənir”.

 

Gültəkin. (Xasayı sezmir, kədərlə ətrafına boylanır) Bu da  vağzal... Ayrılıq və nisgil qoxuyan kədərli məkan... (Qəfildən dəyişir, üzündə yalançı təbəssüm) Niyə də kədərli?.. Bəlkə,  əksinə?.. Çıxılmaz darısqallıqlara son qoyacaq yeganə qurtuluş  yolu?..”

 

 Yazıçı ilə aktrisa qarşılaşırlar... Və “tanışlıq” başlanır... Bu “tanışlıq”, əslində, eyni dövrün - “keçid” dövrünün övladları olan, nəinki oxşar, hətta eyni taleyə malik yaradıcı insanların, əgər belə demək mümkünsə, gecikmiş tanışlığıdır...

 

“...Xasay. Bunu necə oynayırdız, ilahi?!. Adamın iliyi  donurdu!.. (qəfildən skamyaların birinin üstünə dırmaşıb  teatral pafosla tamaşaçı zalına) Nifrət olsun bu insanlığa ki, hər  an özünü nəfs və tamah təkərləri üstə uçuruma sürükləyir!.. Nifrət olsun bu səltənətlərə, o fəvvarə vuran neft buruqlarına ki, hər şeydən ucuzu insandı!..

 

Gültəkin. Bu nədi?.. İndicə dediyini deyirəm... (Xasaya zillənir)

 

Xasay. Həmin o əsərdəndi də. “Aktrisanın taleyi”ndən.

 

Gültəkin. Aktrisanın taleyi?.. (Çiyinlərini çəkir) Birinci  dəfədi eşidirəm. (Qəfildən şaqqanaq çəkib gülür)”...

 

Xasay Gültəkini axır ki, yada salır...

 

“...Xasay. (Üzü işıqlanır) Yadıma düşdü!!. Özüdü ki, var!.. Gültəkin Sarabskaya!.. (valehliklə) Gültəkin Sarabskaya!.. (qəfildən konfransye pozasında, qalın səslə) Baş rolu ifa edir - Gültəkin Sarabskaya!..

 

Gültəkin. (Xasayı eşitmir, təslim olmuş kimi aramla skamyaya enir, kədərlə)... Bütün o məzhəkələr... sonu kimsəsiz, qaranlıq mənzillə bitən o mənasız qalibiyyət yürüşləri kimə,  nəyə lazım idi?..”

 

Gültəkin də özünü tanımağa başlayır...   Nəzarətçinin müdaxiləsi...

 

“...Nəzarətçi. (Tamaşaçılara) Pa atennən!.. Deyirəm, bu da xalqa xidmətin axırı!.. O qədər külüng çal, bu da axırun! Tolstoy kimi gəl çıx vağzala kin, bəs o söz...

 

Gültəkin. (Gözü Xasayda) Külüng?.. Neftçi olub bəyəm?..

 

Nəzarətçi. Neftçi olseydi, nə vardı ki?!. (Tamaşaçılara) Göndərərdiy indi onu Neft daşlarına, borudan- zaddan tapıb qurdalanardı orda özüyçün. (Xasaya baxa-baxa içini çəkir) yazıçı olub bədbəxt. Oxxartana da kitab yazıb ki, indi ha  simişka büküb satıllar, qurtarmaq bilmir. Bir dənə trilogiyası var... adı da bir təhər idi ey... Təkcə bir ona əlli ton simişka pükməy olar! (əl atıb Xasayın əlindəki vərəqi alır, əsəbi hərəkətlə cırıb yerə tökür) Adam nə qədər yazar, ay başuva dönüm?..

 

Gültəkin. (Xasaya baxır) Belə de- e... (qəfildən Xasayı tanıyır) Dayan- dayan, bu ki...

 

Nəzarətçi. (Saxta kədərlə) Özüdü ki, var.

 

Gültəkin. (Nifrətlə) Bir cür qəribə də ləqəbi var idi. Kəfkir idi, cibgir idi?..

 

Nəzarətçi. (Hüznlə) Xasay Dilgir...

 

Gültəkin. (Xasaya nifrətlə baxır) Hə- ə, özüdü ki, var. dilgir. Biz də lağnan “Dılğır” deyirdik”...

 

Nəhayət, son...

 

“...Musiqi. Səhnəyə Rejissor daxil olur.

 

Rejissor. (Ağır addımlarla bir addım irəliyə çıxıb hüznlü səslə tamaşaçılara) Ölkə mədəniyyətinə ağır itki üz verib. Tanınmış, qocaman  aktrisamız qəfildən dünyasını dəyişib. O hələ neçə- neçə  gözəl rollar oynaya bilərdi... (Hamı hüznlə başını aşağı salır. Bir qədər pauzadan sonra) Amma nə etməli?.. Həyat davam edir. (İşgüzar tərzdə ətrafdakılara) Tez olun, tamaşanın başlanmasına az qalıb. Hərə öz yerinə!.. (Harasa yuxarı) İşıq!.. Pərdə!..

 

Səhnə boşalır. Musiqi. Səhnəyə cavan aktrisa çıxır.

 

Cavan aktrisa. (Səhnə boyu gəzişir, xoflu baxşlarla ətrafına nəzər salır) Bura haradı?.. Mən hardayam?.. (Ayağının altında qalan afişanı yerdən qaldırır) Bu nədi belə?.. (Oxuyur) Qata-rın al-tına atılan qadın”...

 

Müəllif müsahibələrindən birində deyir:

 

“...Milli Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş  Qatarın altına atılan qadın” pyesi incəsənətin və  sənətkarın fövqəladəliyi, sənətkar ömrünə tuş gələn qəzavü- qədər barədədir. Daha dəqiq desəm, sənəti özünə yaşam tərzi seçmiş, bütün ömrünü, həyatını teatra, səhnəyə həsr etsə də, son ucda gərəksiz, köhnə əşya kimi küçəyə atılmış istedadlı aktrisa - Gültəkin Sarabskayanın acı taleyi barədədir. Digər baş qəhrəman - vaxtı ilə xidmət etdiyi quruluş üçün yazıb-yaradan, bu əsərlərinə görə yüksək vəzifələr, orden və medallarla təltif olunan, lakin Zamanın axarıyla kitabları vağzallarda tum bükülülərinə istifadə olunan, bütün imtiyazlarıyla bir, özünü də  itirib evsiz- eşiksiz vağzal sakininə çevrilmiş Yazıçıdır”...

 

Əsəri geniş şərh edən tənqidçi- ədəbiyyatşünas Əsəd Cahangir yazır:

 

“...Pyesdə qoyulan əsas problem düşüncə koordinatlarının kəskin dəyişdiyi yeni dönəmdə sənət adamının taleyi məsələsidir. Çoxsaylı məişət rekvizitləri ilə birlikdə dəmiryol vağzalına gələn məşhur, amma yaşlanmış, dəbdən düşmüş aktrisa Gültəkin Sarabskaya etinasızlıqdan baş götürüb başqa ölkəyə köçmək istəyir. Pyesin əsas məzmunu bu gedişin səbəblərinin açılışından ibarətdir. Aktrisa finalda  Anna Karenina rolunda özünü qatarın altına atır, lakin bunun ölüm, yoxsa oyun olduğu sual işarəsi altında qalır. Və romantik aktrisanın aqibəti bütövlükdə romantizmin tragikomik finalı anlamını qazanır. Lakin məsələ bununla bitmir”...

 

Və Əsəd Cahangir davam edir:

 

“...Pyesdə simvolist düşüncə konturları aydın sezilir. Hadisələrin məkanı kimi seçilən vağzal öz ilkin mənasından başqa  həm teatr səhnəsi, həm keçid dövrü, həm də o dünyaya  keçidi işarələyir; vağzal nəzarətçisi həm də şeytanı, rejissor Allahı,  fəhlələr mələkləri rəmzləşdirir. Lakin ikibaşlı ironiyanın maksimal həddə çatması, Şekspirdən R.Rövşənə qədər ardıcıl sitatlar, səhnə içində səhnə üsuluna müraciət, gerçəklik və fantaziyanın bir- birinə qarışması,  xüsusən də sual işarəsi ilə bitən,  dünya və həyatın oyun mahiyyətinə işarə edən final akkordu postmodernizmin burda artıq aparıcı mövqeyə keçdiyini göstərir”...

 

“Qatarın altına atılan qadın” da Gültəkin Sarabskaya da, Xasay Dilgir də - hər ikisi ictimai etinasızlığın qurbanlarıdır. Ancaq məsələ bununla bitmir...  Gültəkin buna layiq olmadığı halda belə bir  etinasızlığa tuş gəldiyinə görə, günah  cəmiyyətdə, onun sənətə, mədəniyyətə, insanlığa münasibətindədir, hətta düşünmək  olar ki, cəmiyyətin “keçid dövrü” xəstəliyinə immuniteti olmamasında, nəticə etibarilə,  qeyri- mükəmməlliyindədir... Xasay isə belə  bir münasibətə layiqdir, lakin burada da günahın çoxu o mənada cəmiyyətin üzərinə düşür ki, vaxtilə onun “dılğır-dılğır” əsərlərinin tamaşasına  durub, alqışlayıb, təltiflər almasına imkan verib. Və indi də ondan imtina edib...

 

Dramın adı da kəşfdir: bir mənası “sənətkarın cəmiyyət tərəfindən ölümə məhkum edilməsidirsə (atılmasıdırsa)”, ikinci  mənası “sənətkarın özünün intiharı”dır...

 

“Kərbəla” dramı müsəlman dünyasının təfəkküründə çox möhtəşəm (və əbədi!) yer tutan bir mövzuya həsr olunmuşdur...

 

İki hissəli epik dramda tarixi şəxsiyyətlər iştirak edirlər: İmam Hüseyni bacıları Zeynəb, Ümmi Gülsüm, oğlu İmam Zeynal, qızları...

 

Və Yezid ibn Müaviyyə ilə tərəfdarları...

 

Demək olar ki, hər məqamda faciəli (və insanlıq tarixi üçün ibrətamiz) səhnələr canlandırılır...

 

Neçə ki dünyada zülm, zalım   məzlum var, “Kərbəla müsibəti” davam edir...

 

“Xanım Zeynəb. (Gedə- gedə tamaşaçılara.) Biz yenə ora - Kərbəla çölünə qayıdırıq. Orda hələ də döyüş gedir. Qanlı- qadalı, ədalətsiz döyüş. Bu döyüşün sonu, qurtaracağı yoxdur. Uca Allaha və Mühəmmədə olan sevginin və imanın sonu,  qurtaracağı olmadığı kimi...

 

Xorun səsi eşidilir. Xanım Zeynəb, ümmi Gülsüm, İmam Səccad, Fatimə və Səkinə işıq bərqlərinin üzəriylə yeriyir və Məkanı tərk edirlər.

 

Səhnəyə iki başı örtüklü yaşlı qadın və uzun əbalı qoca çıxır.

 

Birinci qadın. (Xanım Zeynəbin ardınca baxa- baxa.) Bu, həmin o Zeynəbdi ki, sözləri minlərlə ölü qəlbləri diriltdi, yatmış ürəkləri oyatdı, azğın və xəstə beyinlərə şəfa gətirdi.

 

Kişi. (Tamaşaçılara) Həmin o Zeynəbdi ki, Rəsulullah ümmətinin uca şəhidliyini təsdiqə yetirdi.

 

İkinci qadın. O, varlıq aləminin bəxtəvər siması. Allah- Təalanın fərqli yaratdığı insan nümunəsidi. Böyük ilahi ayətlər məzhəri və bəşəriyyətin iftixar mənbəyidir. Allah ona yar olsun!

 

Xorun səsi güclənir. Hər üçü gedənlərin ardınca baxırlar”...

 

Afaq Məsudun ümumən yaradıcılığı   ya yazıçı üslubu üçün səciyyəvi olan üç  mühüm cəhət “Kərbəla”da olduğu kimi “Həllac Mənsur”da  da özünü parlaq şəkildə göstərir:

 

1) mövzunun aktuallığı, yaxud son dərəcədə müasirliyi, ümumbəşəriliyi və xüsusi miqyas genişliyi;

 

2) təsvir və ya təqdim olunan hadisələrin, təfsilatın və ya təfərrüatın bilavasitə yazıçını ideya- məramına, məfkurəsinə xidmət etməsi;

 

3) təhkiyənin dramatizmi, simvolizmi və informativ- estetik punktuallığı.

 

Bu gün dünyanın (və onun əşrəfi olan İnsanın!) hansı qlobal gərginlik (və ümidsizlik)  girdabında olduğu hamıya məlumdur. Və  o da məlumdur ki, bu gərginliyin (və  ümidsizliyin) tarixi kökləri çox dərindir. Bəşər cəmiyyəti yaranandan bəri İnsan azadlıq axtarır, ancaq azadlıq barədəki təsəvvürlərimizin miqyası  genişləndikcə, praktik olaraq,  azadlığımızın meydanı daralır. Və  təbii ki, İnsan min illər bundan qabaq olduğu kimi bu gün də  təhtəlşüur (lakin kifayət qədər mükəmməl, bitib- tükənməz!) bir enerji ilə  Allah axtarır. Yerdəki həyatı hər addımda pozulan qanunların konyukturları ilə  idarə edən, İnsanı köləyə, cinayətkara,  nəhayət, “üsyançı”ya çevirib özünün  müxtəlif təzahürlərində ona məhbus həyatı  yaşatdıran müxtəlif səviyyəli (ranqlı) yer “allahlar”ından fərqli olan  mərhəmətli., mehriban, doğma bir Allah!..   Ancaq o Allaha qovuşmaq üçün bu günün daha intellektual, daha texnoloji,  daha təşəxxüslü İnsanının imkanları  min illər bundan əvvəl yaşamış əcdadından genişdirmi?

 

 

Nizami CƏFƏROV

525-ci qəzet.- 2016.- 20 avqust.- S.14.