Lələtəpədən görünən
ellər
YAXUD ZƏFƏR İNAMLI SƏTİRLƏR
Bu günlük evdə görüləsi işi
qalmamışdı. Otaqları səliqə-sahmana
salmış, tənha vaxtlarının həmsöhbətlərinə
çevrilən kitablara, albomlara, onu illərin dərinliklərinə
hər an aparmağa qadir eksponatlara nəvazişlə əl gəzdirmiş,
nəhayət oğlunun sevimli yeməklərindən birini
hazırlamışdı. Qalırdı işdən
tezliklə dönəcək övladı Azərlə ana-bala
şam edib gəlmişdən-keçmişdən söhbətləşmələri.
“Hələ vaxta var” deyə düşünərək
televizoru açdı.
Ekranda dördgünlük müharibəyə, Lələ
təpə fatehlərinə aid sənədli, publisistik veriliş
yenicə başlamışdı. Tank-top mərmilərinin
yeri-göyü lərzəyə salan sədaları,
döyüşçülərimizin
işğalçıları qovduqları səngərlərə
sığmayan qələbə əzmi, azadlığa
qovuşan Lələ təpədə dalğalanan Azərbaycan
bayrağı və bu fonda dahi sənətkarımız
Xan Şuşinskinin möhtəşəm “Heyratı”sı
bir-biri ilə həmahənglik təşkil edirdi. Bu hava onu
musiqi qanadlarında 74 il əvvələ,
doğulub boya-başa çatdığı Cəbrayılda
şahidi olduğu müharibəyə yola salınma mərasimlərinə
qovuşdurdu. Adətən marşdan əvvəl
“Heyratı”, yaxud “Cəngi” meydan sulayırdı. Kimsənin, hətta qapılarını qara xəbər
döyənlərin də gözlərində yaş
görünməzdi. Yaxşı bilirdilər
ki, bütün bəşəriyyətə qənim kəsilən
alman faşizmi məhv edilmədən fəlakət bitməyəcək.
Altı övlad atası Allahverən kişinin
könüllü cəbhəyə getmək istəyinə də
həyat yoldaşı Ağca məhz bu səbəbdən
etiraz etməmişdi.
Kiçik Rəfiqənin yadında qalan bir o
döyüş ruhlu havalar, bir də anasının komandirdən
icazəli atasını özü at belində yola düşəcəyi
məntəqəyədək ötürməsi idi. “Müharibə
başa çatdı, amma anam yenə arada atla həmin
cığırları dolaşırdı. Anama elə gəlirdi ki, dünyalar qədər
sevdiyi insanla məhz ayrıldığı yerdə
qarşılaşacaq və onu ailəsinə,
doğmalarına qovuşduracaq. Pirlərə,
ziyarətgahlara nəzir də demişdi. O cümlədən,
Lələ təpəyə”.
Ağca ana Lələnin kimliyi ilə maraqlanan
övladlarına əfsanə də
danışmışdı. Yoxdan var edən
Tanrının sonsuz taciri xeyirxah əməlləri
müqabilində daşdan oğul övladı yaradaraq
mükafatlandırdığını söyləmişdi.
İlahi vergili şəxs insanlara təmənnasız,
dava-dərmansız şəfa verdiyinə, misilsiz söz-hikmət
sahibi olduğuna, digər nəcib əməlləri ilə
şöhrət tapdığına görə təpədəki
tənha məzarının ziyarətgaha çevrildiyini
söyləmişdi. Kəsilən
qurbanlar, verilən nəzirlər düşərli
olduğundan oranın ilboyu ziyarət edildiyini bildirmişdi.
Rəfiqə xanım andı ki,
döyüşçü övladları necə möhtəşəm,
müqəddəs, rəşadətli igidliyə imza
atıblar. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
yaxınlığındakı təpənin azad olunmasıyla
ulu Lələ ilə yanaşı onun qonşuluğunda
uyumağı özlərinə şərəf bilən
onlarca həmyerlisinin ruhu da rahatlıq tapmışdı.
Həcmə gələndə Lələ təpə
böyük Qarabağın kiçik hissəsidir. Torpaqdan pay olmaz. Məgər müharibədə
böyük-kiçik ərazi anlamı varmı?! Strateji əhəmiyyətli ərazilər sahəsindən
asılı olmayaraq tərəflərdən birinin probleminə,
baş ağrısına çevrilir. Hərbi ekspertlərin
söylədikləri kimi Cəbrayılın, Füzulinin kəndlərinin,
Arazboyunun ovuc içində göründüyü yüksəkliyi
24 il əvvəl əldən verməsəydik indiyə kimi bu
qədər itkimiz olmazdı, qələbə
bayrağımız sərhədlər boyu digər ərazilərdə
də dalğalanardı.
Ətraf
coğrafi məkanı beş
barmağıtək tanıyan R.Məmmədovanın
gördüyü, gəzib dolaşdığı yerlər
gözləri önündə canlandı. Horadizə
cəmi 7, Füzuliyə, Cəbrayıla isə 25-30
kilometrdir. Müasir silahlarla təchiz olunan Silahlı
Qüvvələrimizin əlində bu məsafənin sürətlə
qət edilməsi nədir ki!..
“Əl atsan nənə və xalasının gəlin
köçdüyü Qacar kəndinə çatar. Az adam
bilir ki, Məhəmmədəli şah Qacarın süvari
qoşunları vaxtı ilə həmin ərazidə
düşərgə salıb. Kəsə dağ yolu ilə
yarım saata Şuşa önünə
çatıb.Ümumiyyətlə Qacar sakinləri at
çapmağı bacarmayan qadınlara belə qəribə
baxıblar. Ona görə də
şuşalı qızı olan doğmaları bu kəndə
gəlin köçəndə əvvəlcədən
işlərini ehtiyatlı tutublar. Allahverən kişi Ağcanı da köhlən belində
görüb bəyənib.
Rəfiqə
xanımın daxilindən həyəcan dolu bir
üşütmə keçdi.. “İnanmıram ermənilər Qacarda da
daşın-daş üstündə qalmasını rəva
bilələr. On illərdir dünyanın
ən qədim sakinləri olduqlarını başqa xalqlara
sırımaq üçün dəridən-qabıqdan
çıxırlar. Maddi mədəniyyət
nümunələrimizi mənimsəmək üçün nələrə
əl atmırlar. Yəqin girəcəyi kəndin
yaxınlığında olan ulu Azıx mağarasında da
vurnuxmaqdadırlar. Babalarının
çürük qafalarını,
sür-sümüyünü yığıb qədimilikdən,
bəşərilikdən dəm vururlar. Təbiidir,
mahiyyətində faşizm yatan erməni xislətidir”.
Onun faşizmə kəskin nifrəti daxilinə hakim kəsilən
duyğulardan qaynaqlanır. Fəqət erməni
faşizmini qəddarlığının dərəcəsinə
görə alman modelindən daha qorxulu, dəhşətli
sayırdı. Daşnak törəmələri
qanlı əməlləri ilə ideya qardaşlarından daha
irəli getdiklərini çoxdan sübuta yetirmişlər.
Dünya hələ elə bir müharibə
tanımır ki, işğalçı qarşı tərəfi
onun böyükdən-kiçiyədək son nəfərinə
kimi məhv etmək niyyətini nümayiş etdirsin. Yaşayış yerlərini, hətta təbiətini
xarabazara çevirmək istəsin. Xalqımızın
igid oğulları olmasaydı bəlkə də bu niyyət
beynəlxalq ictimaiyyətdən çəkinməyərək
həyata keçirilərdi. İndi
özlərinin yuxuları ərşə çəkilib,
hesab vaxtı yetişib. “Necə cənnətməkan
yerlərimiz, yurdlarımız viranə hala salınıb!
Meşələri, düzləri minbir güllü-çiçəkli,
ağacları meyvəli, sərinliyi barmaq kəsən
bulaqlı, zəngin quş və heyvanat aləmli. Xoşbəxtəm ki, gözəllikləri duymaqla,
sevməklə kifayətlənmədim. Gördüklərimi,
müşahidələrimi qələmə almaq
üçün İlahim mənə güc və təb verdi. Şeirlər, hekayələr,
nəğmələr, iri həcmli əsərlər
yazdım, bunları ilk növbədə övladlarıma, nəvələrimə
ərməğan etdim”.
Rəflərə düzdüyü 15 kitabına nəzər yetirdi. “İnam”dan, “Könül”dən,”Şəfəq nəğməsi”ndən, “Dostluq”dan, “Güllü, kəpənəkli bağ”dan, hətta barıt qoxulu “Dolu”dan, “Mənim Şahinim”dən öncə Qarabağ palitrası boylanırdı. “O yerləri qarış-qarış gəzmədən, buz bulaqlarından su içmədən, dadlı-sulu meyvələrindən dərmədən, ətirli gül-çiçəyini sinə dolusu qoxulamadan necə gözəlliyi, Vətən duyğulu hissləri misralara, sətirlərə köçürmək mümkündür ?!”
Təsəllisindən biri də bu idi ki, qismətinə var-dövlət hərisi olmayan, Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində sədr müavini kimi məsul vəzifədə çalışmasına baxmayaraq ailəsinə şərəfli addan qeyri miras qoymayan ağdamlı həyat yoldaşı Əmir kişinin sonsuz Azərbaycan sevgisi idi. Elə hey deyirdi ki, Vətənə layiq insan böyütmək istəyən gərək öncə övladına Vətəni tanıda. Bəlkə də ölkədə gəzmədikləri, görmədikləri füsunkar yerlər qalmamışdı. Beləcə həmin yerləri nəzmə çəkmişdi, Azərbaycanın demək olar bütün guşələrini əhatə edən silsilə şeirləri yaranmışdı. Fotoqrafları da Əmir kişinin özü idi. Heyhat, bu lövhələri yaşadan çox az şəkil xatirə kimi qalmaqdadır. Şuşanın İsa bulağında çəkilmiş şəkillər kimi. “Hər halda Qarabağ haqqında danışdıqlarım, yazdıqlarım nəvələrimdən fərqli olaraq övladlarıma nağıl təsiri bağışlamır”.
Ekranda Lələ təpə igidlərinin simaları canlanırdı. Onlar erməni işğalçılarının yeni plasdarıma yiyələnmək məqsədi ilə atəşkəsi necə xaincəsinə pozduqlarından, əks hücuma keçib düşməni mövqelərindən qovduqlarından danışırdılar. Bir qədər kənarda dalğalanan üç rəngli bayrağa baxanda yadına “Əsgər oğluma” şeirindən misralar düşdü:
Bu bayraq dünyaya məhəbbət, kömək,
Müjdədir ən böyük qələbələrdən...
Göstər xalqımıza sədaqətini,
Keşikdə igid ol babalar kimi.
Yaşat
ürəyində el qüdrətini
Bizim al günəşli bu diyar kimi.
“İlahi bu ərazini təmizləmək
üçün necə şir ürəkli
oğullarımız şəhid oldu. Atam da Lələ təpəni
götürən Elnur Əliyev kimi kəşfiyyatçı
idi. Komandiri mühüm tapşırığı yerinə
yetirib geri qayıdarkən həlak olduğunu
yazmışdı. Məzarı haradadır, bu
günədək məlum deyil. Təsəllimi “Naməlum
əsgər” abidəsindən və 31 il əvvəl
keçmiş “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində
dərc olunmuş “Oğul andı” hekayəsindən
almışam. İki uşaq atası mayor Elnur
döyüş yoldaşlarının həyatını xilas
etmək üçün özünü qumbara üstünə
atdı, Gərayların ölməzliyini,
varlığını sübuta yetirdi. Məzarı
Füzulinin Dədəli kəndindədir. Şəhid tankçı mayor Rasim Məmmədov
İkinci Dünya Müharibəsində döyüş
maşını ilə neçə-neçə alman
faşistini məhv edən xalam oğlu Qubadın sanki
prototipidir. Taleyə bax, Qara dəniz tibb
batalyonunda xidmət edən qohumumuz Əminə ilə
nişanlı idi. Qubad ölüm ayağında
yazdığı məktubu, Əminə isə son
döyüş ərəfəsində nişan
üzüyünü bir-birinə çatdırmağı
komandirlərindən xahiş etmişdilər. Bağlama
hərlənib-fırlanıb Cəbrayıla gəlib
çıxdı. Çox iztirablı,
unudulmaz bir səhnə idi”.
Şəhidlərin orden və medallarının
övladlarına təqdim olunması səhnələri həm
üzüntülü, həm də vüqar doğuran
görüntülər idi. “Şəhid atam barədə
eşitmək mənim üçün həmişə
xoş olub. Atasızlığın isə
nə olduğunu həyatımda, yaşantılarımda hiss
etmişəm”.
Lələ təpə şəhidlərinin
siyahısına nəzər saldı. Ölkənin bütün coğrafi
istiqamətlərini-Naxçıvanı, Lənkəranı,
Gəncəni... Borçalını təmsil etdiklərini
görəndə istər-istəməz dilə gəldi: “Bəli,
Qarabağın azadlığı harada doğulmasından, məskunlaşmasından
asılı olmayaraq hər bir azərbaycanlının qeyrət
borcudur. Lələ təpə zəfəri isə
işğalçıya üzü sulu torpaqların tərk
edilməsi üçün son xəbərdarlıqdır”...
Necə
yuxuya daldığını hiss eləmədi. Yanağındakı
öpüşə ayıldı. Oğlu Azər əlində
tər çiçək dəstəsi tutmuşdu: Ad
günün mübarək, ana!
Rəhim HÜSEYNZADƏ
Əməkdar jurnalist
525-ci qəzet.- 2016.- 23 avqust.- S.9.