Xanım Bottonun arzuları... Və gerçəklik!
Hər kəsin
qəlbində, xəyallarında
bir utopiyası var. Hardasa uzaqda, hər şeyin əla olduğu, yaxud əla olacağı yer – böyük meqapolis və ya balaca
bir kənd, iri imarət, ya da kiçik
daxma, fərqi yoxdu. Amma o inam, xoşbəxtliyin
uzaqda olmasına, gec-tez ona yetişəcəyinə
ümid hamıda var.
Ona görə
həyat bəzən bir məşq kimi görünür adama, düşünürsən
ki, bu, sadəcə
təcrübədi keçirsən,
bax o utopiyada – “xoşbəxtlər ölkəsində”
bütün bacarığını,
biliyini, ürəyini,
ruhunu qoyub hər şeyi sıfırdan başlayacaqsan. Bax onda azad olacaqsan,
səhvlərini təkrar
etməyəcəksən, düz
yaşayacaqsan, unudacaqsan
ağrılarını... Ən əsası
xoşbəxt olacaqsan.
Mütləq! Axı xoşbəxtlər
ölkəsində ayrı
cür mümkün də deyil?!
***
Fransada yaşayan
azərbaycanlı yazıçı-ssenarist
Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat”
romanını oxuduqca
təzadlı hisslər
keçirirdim, əsərin
açarını tapmaqda
çətinlik çəkirdim. İkinci
Dünya müharibəsi
illərində Fransada
tanış olduğu bir
azərbaycanlı partizana,
hərbçiyə - Şəmməd
Şirməmmədova qoşulub
ölkəmizə gələn
fransız qızının
acınacaqlı taleyi
haqqındadı əsər.
Yaşı səksəni keçmiş
İvon nənə ilə görüşən
yazıçı əhvalatı
onun öz dilindən eşidib, daha sonra arxivlərdə,
Fransadakı qohumlarla,
müxtəlif adamlarla
görüşlərdə faktları toplayıb, dəqiqləşdirib. Və nəticədə
bütün bu faktlar əsasında yarıbədii, yarı sənədli bir roman yazıb. Bütün bu acınacaqlı
hekayənin, faktların
gerçək həyatdan
götürülməsi, ölkəmizdə
yaşayan bir qadının başına
gəlməsi əsərin
təsir gücünü
daha da artırır.
Yəni oxuduqca, “bu sadəcə
bir yazıçı
uydurması deyil” düşüncəsi beynini
tərk etmir və istər Şəmməd Şirməmmədovun
(Jozef Şimidov) partizan kimi müharibə
zamanı keçdiyi məşəqqətlərdən, istərsə də İvonun müharibədən
sonrakı həyatından
dəhşətə gəlirsən.
Lakin onu da qeyd
etmək lazımdır
ki, “İvon Bottonun arzuladığı
həyat” romanı konkret insanların yaşantılarını əks
etdirən sadə bir kitab deyil,
Şain Sinarianın müstəqil əsəridir.
Yəni müəllif real faktları
özününküləşdirə bilib, gerçək həyat hadisələrini
istədiyi şəklə
salıb oxucusuna təqdim etməyi bacarıb. Elə o dediyim açarı tapmaq da buna
görə çətinləşir!
Romanın nəql edilmiş həyat hekayəsi olduğunu düşünəndə
ona ayrı bucaqdan yanaşır, yazıçı qələminin
məhsulu kimi qəbul edəndə tamam başqa tərəfdən baxırsan. Və yəqin
ki, əsər boyu hər iki
düşüncənin, baxışın
bir-biri ilə yarışa girməsi də elə müəllifin uğurudu.
Daha böyük uğur isə yazıçının
bir insanın taleyini dünyanın taleyi – tarixi ilə paralel yazması, bu cür təqdim etməsidi.
Axı doğrudan da yer üzündə sevgilisinə qoşulub dünyanın o üzünə
qaçan, sonra başına müxtəlif
qəribə işlər
gələn minlərlə
adam var. Amma o adamların çoxusu roman qəhrəmanı
ola bilmirlər. Bəs elə isə nədir İvon Bottonun taleyini bu qədər təsirli edən? Təkcə yaşadıqlarımı? Həm də yaşadıqları... Amma
həm də dünya müharibəsi kimi dəhşətli fon... Həm
də Sovet hökuməti kimi qəliz şərait... Həm də yazıçının
bütün bunları
necə yazması.
Bir əsərdə dünyanın
tarixini, Azərbaycanın
taleyini, Avropanın və Şərqin yazılmış - yazılmamış
qanunlarını, iki gəncin daşlı-qayalı
həyat yolunu bu cür maraqlı,
oxunaqlı şəkildə
qələmə almaq
yazıçıdan böyük
ustalıq tələb
edir. Üstəgəl fransız və
türk mentallığına,
millətlər arasındakı
fərqlərə bələd
olmaq. Uzun illərdir Parisdə
yaşayan Şain
Sinariya üçün
bu məsələlər
çətin deyil. Fransa mühitinə, insanlarına
kifayət qədər
qaynayıb qarışmış,
fransızcanı ana dili kimi mənimsəmiş,
öz sahəsində
yetərincə uğurlar
qazanmış bu yazıçı Azərbaycanı,
ona məxsusluğunu itirməyib. Bu mənada
onu mədəniyyətlərin
qovşağında duran
adam hesab
etmək olar. Görünür elə bu sadaladığım cəhətləri
həm İvonu, həm də Şəmmədi “anlamağına”,
duymağına yardımçı
olub. Oxucu üçün isə onların ikisini də anlamaq sadə deyil. Tək bir “fakt”, yəni sevgi İvonun fədakarlığının,
Şəmmədin gücünün,
olmazın təhlükələrdən
keçməyinin səbəbi
sayıla bilər.
***
Şəmməd sadəcə
şabalıdı saçları, iri
gözləriylə adamı valeh edən
gənc qıza vurulmuşdusa, İvonun sevgisi həm də
tərbiyəsindən gəlirdi. Atası Jan Botto gerçək bir kommunist idi
və əqidəsinə
görə Fransada incidilsə də yolundan dönmürdü. İvon da
məhz bu əqidənin təsiri ilə, Sovetlər haqqında “nağıl”larla
böyümüşdü. Ona görə Şəmməd onun üçün sadəcə
maraqlı, qeyri-adi, olmazın əzablara tab gətirən güclü
kişi yox, həm də
utopiyasından, “xoşbəxtlər
ölkəsi”ndən gələn
elçi
idi. Və ən kiçik qığılcım da ona qoşulub xəyallarının arxasınca getməyə, Fransanı birdəfəlik tərk etməyə yetərdi. Və o gün Şəmməd ona evlilik təklif edəndə:
“ - Nə olub? – qorxuya düşən İvon həyəcanla səslənib, Jozefə qısılır, - hara qaçır bu camaat belə?
* Necə yəni “nə olub”? – yaxınlıqdan keçən kök bir kişi sevincək ona cavab verir, - müharibə qurtardı! Qələbə! ”
Mənə görə bu gətirdiyim parça əsərin ən təsirli, həm də düşündürücü məqamıdır. Adama elə gəlir ki, məhz bu yerdə yeni həyat başlanır, müharibə bitir, qələbə çalınır və iki gənc xoşbəxtliyə doğru addım atır. Amma... Qarşıda onları tükürpədici, qorxulu, qəribə, acınacaqlı hadisələr gözləyir. O gün ki, İvon vağzalda valideynləri ilə vidalaşır, “Bir də Fransaya qayıtmaram” – deyir... Və bununla da dəhşətli bir proqnoz vermiş olur. Bu, İvonun Fransadan, vətənindən ilk imtinasıdı, bundan sonra düz iki dəfə sevdiyi kişilərə görə - ikinci dəfə Moskvada komissar onu öz ölkəsinə geri göndərib, Şəmmədi tutacağını deyəndə, üçüncü dəfə İmişlidə oğlunu burda qoyub tək-tənha Fransaya qayıda biləcəyi bəlli olanda – imtina edəcək vətənindən... Və bununla da Fransaya gedən yolları uzun illər bağlanacaq... Qapılar çırpılacaq üzünə...Vaqonun qapısı, səfirliyin qapısı... İvon həmvətənlərindən küsəcək, ürəyi sınacaq onlardan, sıtqı sıyrılacaq... Sevgili Şəmmədinin ölümündən sonra əvvəlcə birdəfəlik qayıtmaq istəsə də, zaman keçəndən sonra, yeganə oğlunu qorumaqdan ötrü ikinci dəfə ailə quran, oğul-uşaq, nəvə-nəticə sahibi olan bu qadın sadəcə səfər etmək istəyəcək ölkəsinə... Valideynlərinin qəbrini ziyarət etmək üçün. Amma!
Məhz bu yerdə müəllif Azərbaycan mentalitetinin fransız dünyagörüşü ilə fərqini göstərir, Avropa soyuqqanlığı ilə bizim emosionallığımızın necə seçilməsini vurğulayır. Yalnız soyuq xarakterə, merkantil düşüncəyə malik olanlar illərdir ki, vətənindən ayrı düşən həmyerlisinin yol xərclərini ödəməkdən imtina edə bilərlər. Belə də olur və yol xərclərini Avropa Azərbaycan Cəmiyyəti öz üzərinə götürür. Elə kitabın da sifarişçisi Avropa Azərbaycan Cəmiyyətidir. Fransızcadan tərcüməçisi Cavanşir Yusiflidir. Məhz azərbaycanlıların İvon Bottoya həssas münasibəti, kövrək yanaşması nəticəsində onun
taleyi dünyanın, Fransanın müzakirə obyektinə çevrilir, hətta prezident Fransua Olland səviyyəsində hər kəsi təsirləndirir. Doğrusu yazıçının qələmə aldığı bütün o məşəqqətli həyatın son dayanacağında İvonun arzusuna çatması xeyli kədərlidi, amma həm də ibrətamiz. Demək mübarizə aparmağa dəyər, demək axıra qədər yorulmadan çalışsan, istədiyinə yetəcəksən. Bir vaxt üzünə bağlanan qapılar mütləq açılacaq.
***
Daha öncə vurğuladığım kimi əsərin bədii cəhətdən bir çox məziyyətləri var. Bunlardan biri də dildir. Birinci hissə yazıçının dilindən, ikinci hissə İvonun öz dilindən verilir. Və ən maraqlısı odur ki, birinci hissədə şıltaq, dəcəl bir fransız qızı kimi qəbul etdiyimiz qəhrəman, ikinci hissədə ağır, əzabkeş bir azərbaycanlı xanıma çevrilir. Və əsərin sonuna kimi bizlərə xas xarakterik məqamlar onun nəqlində dəfələrlə görünür. Xüsusən Qarabağ məsələlərinə görə ürəkdən yanması, əzab çəkməsi. Əsərin həmin bölümlərini oxuyanda əslən laçınlı olan Şain Sinaria ilə redaksiyamızda görüşəndə ona verdiyim sual tez-
tez yadıma düşürdü. Paris kimi qaynar, müasir bir şəhərdə torpaq itkisinin necə yaşanması maraqlı idi mənə. Bəlkə bu, sadəcə yazıçı marağı idi, bilmirəm. Bəlkə sualım yanlış idi, bilmirəm. Amma hər halda soruşdum. Və Şain bəy səmimi şəkildə öz ağrılarından, yuxularından, Laçına aid xəyallarından danışdı. Elə İvonun da Qarabağ dərdləri haqqında dedikləri müəllifin o vaxt söz açdığı hisslərinə çox yaxın göründü mənə. Bəlkə zamanla, söhbət etdikcə bir-birinə qarışıblar ona görə. Bəlkə İvon Botto gerçək insan olmaqla bərabər bir nasirin qəhrəmanına çevrilib, onun arzularının, qorxularının, əzablarının, gözləntilərinin, yuxularının “daşıyıcısına” çevrilib, ona görə. Bilmirəm! Amma onu bilirəm ki, müəllifin sonda təşəkkür etdiyi adamların hamısı - yardımını əsirgəməyən insanlar da, həyat yoldaşı İlahə xanım da, böyründə dəcəllik edib mane olan oğlu Alvin də... oxucuları da sevib bu xanımı: Fədakar, əzmkar, dönməz bir qadın kimi... Cəsarətli bir insan kimi... köksündə şərqli ürəyini, hisslərini daşıyan sevgili kimi... Azərbaycanın çörəyini, suyunu müqəddəs bilən vəfalı adam kimi... Şain Sinarianın qəhrəmanı kimi!
PƏRVİN
525-ci qəzet.- 2016.- 20 avqust.- S.15.