98 il əvvəlin odlu-atəşli avqust
günləri
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR
(Əvvəli
ötən sayımızda)
Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin,
xüsusən də paytaxtımız Bakının tarixində
ən unudulmaz və şərəfli səhifələrdən
biri kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan
vuruşmaların böyük qismi 1918-ci ilin qızmar avqust
günlərində baş verib. Çünki qardaş Osmanlı
Türkiyəsinin Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə
Nuru Paşanın komandanlığı ilə göndərdiyi
hərbi qüvvələri bu ayda bir sıra tarixi əhəmiyyətli
döyüşlərə girərək qalibiyyətə nail
olub.
Bu
döyüşlər nəticəsində, həm
Cümhuriyyətimizə qarşı yaranacaq ciddi təhlükə
aradan qalxıb, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik
zülmünə son qoyulub.Bu yazı ilə o günləri
bir daha xatırlayır, vətənimizin,
paytaxtımızın azadlığı uğrunda qəhrəmancasına
savaşmış soydaşlarımızı ehtiramla, minnətdarlıqla
yad edirik.
Daşnak
və bolşeviklərin türk qorxusu
Bakını müdafiə edən Qızıl Ordu
birliklərinin çox hissəsini erməni daşnakları və
rus bolşevikləri təşkil edirdi. Onlar Türk
ordusunun Bakı üzərinə yeriməsindən
böyük bir qorxu və təlaşa
qapılmışdılar. Çünki
Bakıda türk əhaliyə qarşı həyata
keçirdikləri 31 mart soyqırımı ilə
Şamaxı və Qubada gerçəkləşdirdikləri
etnik təmizliyin hesabını verə bilməyəcəklərindən
əndişə duyurdular. Həqiqətən
də o tarixlərdə, sayı on minlərlə ifadə edilən
günahsız türk soylu əhalini vəhşicəsinə
qətlə yetirmişdilər. Bu səbəbdən
də Bakını müdafiə etmək üçün hər
çarəyə baş vururdular.
İngilislərin Bakıya girməsindən ruhlanan erməni
və ruslar, 1.500 nəfərlik qüvvənin ardınca 20-30
min nəfərlik bir qüvvənin də Ənzəlidən
hərəkət edəcəyini söyləyirdilər.
Şərq Cəbhəsi Komandanı Mürsəl
paşa, Bakıda baş verənləri diqqətlə izləyir
və Nuru paşaya məlumat verirdi. İkinci Bakı
hücumuna hazırlıqların getdiyi bu dövrdə
türk topçusu, şəhərdəki kazarmaları
dayanmadan vururdu. Bu bombardmanda sahildəki
ingilis hərbi qərargahı da vurulmuş və təxminən
200 əsgər ölmuş, yaxud yaralanmışdı.
Bakı ətrafının
düşməndən təmizlənməsi
Şəhərin
top atəşinə tutulmasından sonra yanğın baş
vermiş neft quyusu Birinci Bakı hücumunun uğursuzluqla
başa çatması nəticəsində Türk ordusu 5
avqustda geri çəkilmişdi. Bakını
müdafiə edən birləşmiş qüvvələr 6
avqustda Türk ordusuna özünə gəlməyə imkan
verməmək məqsədilə əks-hücuma
keçmişdi. Türk ordusu bu hücumu dəf
etmiş, üstəlik bir az da sursat ələ
keçirmişdi. Birləşmiş qüvvələr
o tarixdən etibarən kiçik çaplı
çarpışmalara keçdilər. Ancaq
yenə də əsasən müdafiədə qalmağa
üstünlük verirdilər. İngilislərin
də türklərə qarşı ediləcək hücumda
uğur qazanmayacaqları aydın idi. Buna
görə də Bakıda olan rus, erməni və ingilis birləşmiş
orduları bütün qüvvələrini şəhərin
müdafiəsinə yönəltmişdilər. Türklər ikinci bir həmlə edəcəkləri
halda, bu həmlənin qarşısı alındıqdan sonra,
əks-hücuma keçilməsi və türk qüvvələrinin
bütün Azərbaycandan çıxarılması
planlaşdırılmışdı.
Şərq Cəbhəsi Komandanlığı
Abşeron yarımadasında yerləşən qəsəbə
və kəndlərə bəzi komandirlər göndərərək,
türklərdən milis birlikləri qurmağa başladı. Bəzi
yaralıları da bu kəndlərə daşıyaraq
müalicələrini təmin etdi.Binəqədi, Sabunçu
və Balaxanı ətrafında yeni cəbhələr qurdu.
Cəbhə xəttində olan tərəflər 25 avqust
1918-ci il tarixinə qədər heç
bir ciddi hərəkət etmədilər, əhəmiyyətli
bir döyüşə girmədilər. Birləşmiş
düşmən qüvvələri şəhərin
müdafiəsi üçün mövqelərini möhkəmləndirirdi.
Hücuma keçəcək 13-cü Qafqaz alayına
bağlı topçu və piyada bölüklərinin
komandirləri, lazımi hazırlıq işlərini görərək,
26 avqust günü səhər saatlarında hərəkətə
başladılar. Orduya, mümkün qədər mərmidən
istifadə edilməməsi, bunun əvəzinə top atəşləri
və süngü tətbiq edilməsi
tapşırılmışdı. İlk
olaraq Yanardağın qərbində olan və tikanlı məftil
və başqa maneələrlə bərkidilmiş Sarıtəpə,
süngü və bomba hücumu ilə saat 11-də ələ
keçirildi. Dağınıq halda
Sarıtəpədən qaçmağa çalışan
düşmən əsgərləri pulemyot atəşi
altında ağır itkilər verirdi.
Binəqədi təpələrinə qarşı
hücuma keçən Maştağa dəstəsinə tabe
olan 29-cu batalyon isə şiddətli müqavimətlə
qarşılaşdı. Top atəşinin hədəfi vura bilməməsi və
təpəni qoruyan birləşmiş düşmən
qüvvələrinin iki batalyon əlavə qüvvə
alması səbəbindən türk əsgərləri ancaq
təpənin ətəklərində dayanmaqla kifayətləndi.
31 avqusta qədər tərəflər bu vəziyyəti
saxladı. 13-cü Qafqaz alayı ilə
38-ci alayın 1-ci və 26-cı batalyonu səhər erkən
hərəkətə keçdi. Binəqədi
Yanardağ təpəsindəki üç sıralı
tikanlı məftillər səhər saat 6:30-da kəsilərək
birləşmiş düşmən əsgərlərindən
təmizləndi. İngilislərin
Bakının müdafiəsinə qoşularaq, rus və erməni
birlikləri ilə birgə döyüşə girdikləri
də görüldü.
Binəqədi və Bakı istiqamətində
qaçmağa çalışan düşmən əsgərlərini
təqib edən Türk ordusu güclü pulemyot atəşi
ilə onları ağır itkilərə məruz qoyurdu. Bakıdan qalxan bir təyyarə
də top atəşi ilə vurulub salındı. 38-ci alayın 29-cu batalyonu Sarıtəpənin şərqindəki
Digah kəndini ələ keçirmək üçün
başladığı hücumu da uğurla başa
çatdırdı.
364 m yüksəklikli təpədən geri çəkilən ingilislər Binəqədi kəndinin şimalından Biləcəri məntəqəsinə gələn cəbhə xəttində müdafiə olunmağa çalışırdılar. Burada iki yerdə müdafiə xətti qurdular. Yanardağın şərqindəki neft quyuları Varvisk batalyonunun bir bölüyü tərəfindən mühafizə olunurdu. Stanford alayının bir bölüyü də bir az cənub tərəfdən Biləcəri məntəqəsi yaxınlığındakı cəbhə xəttində müdafiə təşkil etmişdi. Biləcəridə ehtiyat qüvvələri saxlanırdı. General Deustervil, əgər ingilis əsgərləri olmasaydı, türklərin 26 avqust tarixində Bakıya girə biləcəkləri barədə yazır.
26 avqustda gedən Yanardağ və Biləcəri döyüşlərində ingilislərin cəbhədəki komandirinin Deustervilə yazdığı raportda belə deyilirdi:
"Türklərin
hücumu, 26 avqust 1918-ci il. Yanardağ
sahəsi Stanford alayının D bölüyü tərəfindən
müdafiə olunurdu. Yanar dağın cənub-qərbində
düşmənin hərəkətləri başlandı.
Türklər sol cinahdan süvari ordusu ilə
dörd düz xətli zəncir şəklində hücuma
keçmişdi. Sayı təxminən min
nəfər olan düşmən, topçu atəşi ilə
müşayiət olunurdu. Zəncir şəklində
hücum edən Türk orduları, bizim pulemyot və piyada atəşləri
qarşısında dayanmaq məcburiyyətində
qaldılar. Cəbhə xəttinin lap
başlanğıcında, birinci müdafiə xəttində
olan əsgərlərimizə beş dəfə
hücum etdilər. Birliklərimiz beşinci
hücumdan sonra səngərləri tərk edərək, geri
çəkilmək məcburiyyətində qaldılar.
Düşmən günorta saatlarından etibarən 12:30 radələrində
Yanardağın sağ tərəfinə çıxmağa
müvəffəq olaraq, orada pulemyotlar yerləşdirdi. Buradan ikinci və üçüncü müdafiə
xəttimizi atəşə tutdular. Bu arada
türklərin bizə sol tərəfdən
başladığı hücumun qarşısını
almağa başladıq. Lakin 13:30 radələrində
ikinci və üçüncü müdafiə xətlərimiz
də düşmənin əlinə keçdi. Buradan
yalnız 6 əsgərimiz xilas ola bildi.
Zabit və sıravilərdən ümumilikdə 80 adam itirdik. Müdafiə xəttində bu
döyüşlər gedərkən, saat 13:30-da yük
maşınları ilə Bakıdan göndərilən 130 nəfərlik
əlavə qüvvə cəbhə xəttinə
çatmaqda gecikdi. Vəziyyəti düzəltmək
mümkün olmadı. 9-cu Vourçester
alayından göndərilən əlavə kömək isə
15:30 radələrində cəbhəyə çatdı.
Düşmən, Binəqədi kəndinin
şimalındakı yüksək təpələrə
qarşı hücuma keçmişdi. Bu təpələr
erməni batalyonu tərəfindən qorunurdu. Yanardağa edilən həmlə əsnasında bir
bölük əsgər, oradakı erməni diviziyasına
kömək məqsədilə Binəqədiyə göndərildi.
Oraya saat 12:15-də çatan birliklərimiz erməni birliklərindən
heç birini tapa bilmədi. Sonra dağa
çıxdılar, dağın şimal istiqamətindən
təxminən 250 nəfərlik bir Türk ordusunun irəlilədiyi
göründü. Təpəni və
buradakı səngərləri ələ keçirən
birliklərimiz, piyada tüfəngləri və pulemyotlarla atəş
açdı. Düşmən ağır
itkilər verərək geri çəkildi".
Sentrokaspi hökumətinə tabe hərbi komandanlıq
26 avqustda Qafqaz İslam Ordusuna qarşı hücuma
keçilməsini əmr etmişdi. Bu əmrdə Türklərin
Novxanı, Pirşağı, Goradil, Kürdəxanı və
Fatmayı kəndlərini ələ keçirdiyi bildirilir və
Fatmayıda bir topçu batareyası yerləşdirildiyi,
Maştağa və Hökməli kəndləri ilə
Yanardağdakı mövqelərini də gücləndirdikləri
qeyd edilirdi. Bundan əlavə, Fatmayı,
Pirşağı və Goradil kəndlərinin də ələ
keçirilməsi əmr edilirdi. Bu
bölgədəki göllər ilə dəniz
arasındakı sahədə ələ keçiriləcək
mövqeləri gücləndirdikdən sonra, hücumu davam
etdirərək Novxanı kəndinin də zəbt edilməsi
istənilirdi. Birləşmiş
düşmən qüvvələrinin 27 avqustda cəbhə xəttinin
sağ tərəfindən planlaşdırdığı
hücum baş tutmadı.
Yanardağ və Binəqədi təpələrində
meydana gələn döyüşlərdə 13-cü alaydan
üç zabit şəhid oldu, ikisi yaralandı. Sıravilərdən
20 nəfər şəhid oldu, 55-i isə yaralandı. 29-cu batalyondan isə üç sıravi şəhid
olmuş, bir zabit və 15 sıravi isə
yaralanmışdı. Birləşmiş düşmən
qüvvələrindən isə bir ingilis zabiti ilə
çoxu ingilis olan 150 sıravi öldürülmüş,
üç rus və iki ingilis zabiti ilə birlikdə 51 ingilis
əsgəri əsir götürülmüşdü. Bu
müharibədə 14 pulemyot, yüz ədəd top mərmisi
və 70 qutu tüfəng mərmisi ələ keçirildi.
General Deustervil öz xatirələrində
şimaldakı cəbhə xəttində çoxlu itkilər
verilməsində bakılı rus və erməni əsgərlərini
günahkar sayırdı. Sentrokaspi Diktaturası
Hərbi Şurası 31 avqustda bir yığıncaq
keçirərək, düşdükləri vəziyyətdən
çıxış yolu axtarmışdılar, ancaq əhəmiyyətli
bir qərar çıxara bilməmişdilər. Bundan sonra general Deustervil 1 sentyabr səhəri Qərargah
heyəti və ingilis ordu komandirlərinin iştirakı ilə
bir yığıncaq keçirmişdi. Yığıncaqda
Bakıdakı birləşmiş hərbi qüvvələrin
Türk Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəklərinə
və Bakını müdafiə etməyəcəklərinə
qərar verilmişdi. Deustervil bu qərarı
açıqlamaq üçün Bakıdakı mülki və
hərbi idarə təmsilçilərini saat 16:00-da bir
yığıncağa dəvət etmiş və
yığıncaqdakı çıxışında belə
demişdi:
"Yer üzündə heç bir qüvvə,
Bakını türklərdən qoruya bilməz. Şəhərin
müdafiəsinin davam etdirilməsi, təslim
gününü uzatmaqdan başqa bir şeyə yaramır.
İndiyə qədər yalnız ingilis əsgərləri
döyüşdü. Mənim əsgərlərimin
qəhrəmancasına döyüşməsinə baxmayaraq,
türklər hər hücumda qalib gəldilər. Yerli hərbi birliklər bizimkilərə kömək
etmədi. Mən adamlarımın boş yerə həlak
olmasına razı ola bilmərəm. Biz türklərə qarşı vuruşmaq
üçün sizin əsgərlərinizə köməyə
gəlmişdik. Ancaq sizin əsgərlərinizin
yerinə biz vuruşuruq. Sizlərə,
Bakının təslim edilməsi barədə
danışıqlara başlamaq üçün türklərə
bir nümayəndə göndərməyi tövsiyə edirəm.
Qadın və uşaqların şəhərdən
çıxarılmasına imkan verəcək uyğun şərtlərin
əldə edilməsi, sizin üçün çətin
olmayacaq. Sizlər bununla da türklərin
şəhəri silah gücünə ələ keçirməsindənsə,
hadisələrin gedişinə daha yaxşı istiqamət
verə bilərsiniz".
Ramil
HİKMƏT
525-ci qəzet.- 2016.- 25 avqust.- S.4.