Yoxluğun yaxın mənə...

 

Həsrətin yeddi arşın,

Yoxluğun yaxın mənə.

Bir eşq duasına dön,

Astaca oxun mənə.

 

Mən yorardım yolları

Bu dərd məni yormasa.

 Arada zəng et barı

Sevinim heç olmasa.

 

Həsrətindən tutuşar

Yanar ağzımda dilim.

Yenə küsülü qaldıq

Heyf, getdi bir ilim.

 

Məni yuxuda görsən,

Balıncını tərs çevir.

Nə olaydı gözlərin

Deyəydi “səni sevir”.

 

Yeyər ömrü qız ahı...

 

Həyatı əllərində

Sönmüş çıraq kimiydi.

Seçəmmirdi insanı

Yaxın - qıraq kimiydi?.

 

Üzü xəzan yarpağı,

Əlləri qabar idi.

O keçdiyi küçələr,

İndi dardan dar idi.

 

Necə qəribsəmişdi,

Dost-tanışdan aralı.

Meyli hara ilişsə,

Ehh, olardı oralı.

 

Neçə-neçə ürəkdən

Süzdürdü o sazağı.

Ona demişdim vallah,

“Yeyər ömrü qız ahı!”...

 

Bircə yol görüm özümü...

 

Gör necə yalqızlamışam

Danışıram öz-özümə...

Xatirələr narahatdı

Yoxluğun düşüb izimə...

Sənsizlikdən qəm yemişəm

Udub arzular qəhəri...

Bir gecənin hənirtisi

Aydınlaşdırır səhəri...

 

Nədir ki həsrət dediyin?!

Bir az ölüm, bir az sağlıq...

Gedəndə “Sağol” demişdin

Sevgimizə üzrxahlıq...

 

Yerdəkilər anlamadı

Göylərə dedim sözümü...

Bir yol qırılsın güzgülər

Bircə yol görüm özümü...

 

Tonqal

 

Boynu bükük qalıb bu boz tonqalın

Başına fırlanan bir kəsi yoxdu...

Bütün çıl-çırpısı alovdan yalın,

Kül olub, qırmızı çöhrəsi yoxdu...

 

Niyə yaddan çıxıb görəsən, Allah,

Ümidi alışan bu tənha tonqal?

Ehh... külü sovrulub öz ürəyinə

Danışmır, ağlayır, kirimişcə, lal...

 

Hanı bu tonqalı quran yiyəsi?

Bayram nəşəsindən qaçaqmı yoxsa?

Vallah bağışlamaz QURAN YİYƏSİ,

İnsan bu bayramı kinində boğsa...

 

Bəlkə də ürəyi yandı tonqalın,

İldırım səsiydi- amanı, ünü!

Elə bu tonqalın göz yaşlarıymış-

Buluddan töküldü bu bayram günü.

 

Sən bir köhnə evsən indi

 

Sən bir köhnə evsən indi

Yox sahibin... Yoxdur yiyən...

Heç olmasa ərk eləyib

Arada qapını döyən...

 

Sən bir köhnə evsən indi

Yoxdur pəncərəni silən!

Hərdənbir sərçələr olur

Kövrəlmiş gözünə gülən...

 

Sən bir köhnə evsən indi

Xatirələr məzarısan...

Toz-torpaqdan  bezməmisən,

Təkliyinin bezarısan...

 

Sən bir köhnə evsən indi

Qəmdən savayı nəyin var?!

Bu yollara kölgə salır

Qəlbinə çəkilən dağlar...

 

Sən bir köhnə evsən indi,

Sən keçmişin harayısan...

Küsmə yenə taleyindən-

Bayquşların sarayısan!..

 

 

Məhəmməd TURAN

525-ci qəzet.-2016.- 27 avqust.- S.22.