Özümə yazdığım misralar
Düşdünmü taleyin sərt qışına sən?
Dözdünmü qarına, yağışına sən?
Bir ürək oduna ya isinəsən,
Ya ölüb gedəsən bu yer üzündən!
Yoxdu bu dünyada adam mən
adda,
Çəkməyin adımı çəkilən adda!
Daş olub qalınca qara daş altda,
Quş olub gedəsən bu yer üzündən!
İnsandı, büdrədib yıxan
insanı,
İnsandı, sonuna çıxan
insanın!
Göydə buludları bir hədəf sanıb,
Tuş olub gedəsən bu yer üzündən!
Hər ömür arzudan min addım qısa,
Nə tapdı
bu Yerdə udan, uduzan?
Gəlib
yaşadığım Yer
yaxşıdısa,
Niyə ərşə çıxır
su yer üzündən?
Qayıtmaq qayıtmaqdısa...
Ürəyim ağ varaq idi,
Ləkələr hardan çıxdı?
Gözükölgəli deyildim,
Kölgələr hardan çıxdı?
Atəş səsi... Körpə
səsi...
Qəlb
doğrayır, nəfəs
kəsir...
Bütöv idi Yer kürəsi,
Ölkələr hardan çıxdı?
Qarabağ “pay” torpaqdısa,
Qorxu uzun, qeyrət qısa.
Qayıtmaq qayıtmaqdısa,
“Bəlkə”lər hardan
çıxdı?
Gəlmədin
Baxışlarım asılıb qalmışdı dan yerində,
Düşüncələr selində fikrim səfərə çıxdı.
Gecə
də gecələdi gecələrin birində,
Səhərlərin birində səhər səhərə
çıxdı,
- Gəlmədin ki, gəlmədin!
Məni
özümdən alan gülüşünü,
səsini,
Şirin xatirələrin selində
axtarmışam.
Qara buludlar tutub ömrümün çevrəsini,
Səni
ağ buludların
belində axtarmışam,
- Gəlmədin ki, gəlmədin!
Sən gedəli ömrümə
kədər kədərlə
gəldi,
Qara yaylıq asılıb könlümün qapısından!
Nə gəldi səndən sonra böhtanla, şərlə gəldi,
Özümü də tapmıram
adamlar arasında,
- Gəlmədin ki, gəlmədin!
Qeybəmi çəkilmisən, səsin yox, sorağın yox,
Ya Aya çevrilmisən, ya Günə çevrilmisən?
Ya da bir insan
kimi qalmağa marağın yox,
Bəlkə çıxıb bu Yerin peykinə çevrilmisən?
- Gəlmədin ki, gəlmədin!
Yoxsa, zaman kimisən-gedirsən,
dönüşün yox...
Hicrana necə
qıydın, həsrətə
necə qıydın?!
Bu hüsnü-camal ilə bu Yerlərlə işin yox,
Sən elə mələyiydin, göydə yaşamalıydın,
- Gəlmədin ki, gəlmədin!
Sevsən...
Bir bağçada bar verməyən
ağaca tənsən,
Bu həyatda açılacaq
izin olmursa.
Niyə
görən seviləndə
sən elə sənsən,
Fəqət sevsən, dəyişirsən,
özün olmursan?
Dərdin
yoxsa, həmdəminin
dərdidi dərdin,
Necə dönür əqidənin
avandı tərsə?
Bir vaxt ölüm qorxusundan sən gizlənərdin,
İndi onun əvəzinə ölüb gedərsən.
Gözlərində yaş dayanmaz, damar qəlbinə,
İçin-için ağlayarsan hicrana görə!
Sanarsan ki, bu dünyada
döyünür sinən
Yorulmadan,
usanmadan bir ona görə...
Bir gün tutar əllərindən o sirli
qadın,
Düşünərsən ucalardan ucasan, uca.
Sanarsan ki, bu dünyada
dərdin qalmadı...
Bir də onda ayılarsan,
yuxuymuş ancaq...
İlğımdı gözümdən
uzaq sevinclər
Nə xeyir, nə şərdə görünməz
yeri,
Kim ki, ayırmadı
xeyirdən şəri.
Tutar sevincin də yaşı gözləri,
Kimin ki, könlündə qəm izi yoxdu.
İlğımdı gözümdən
uzaq sevinclər,
Titrədir könlümü sazaq sevinclər.
Çox
olub qəlbimə qonaq sevinclər,
Amma kədərimdən
əzizi yoxdu.
Köçərəm, dünyada qalacaq nəyim?
Qanadlı illərdi işıqdan yeyin.
Allahın verdiyi ömrün,
taleyin,
Yaxşı ki, üstündə faizi yoxdu.
lll
Necə
könlüm vurulmasın,
necə gözüm düşməsin,
Qar üstündə
yeri görüm qara izin düşməsin.
Bu dünyada tənha yoxdu, kimsəsi var hər kəsin,
Mənim məhkum taleyimə hakim olan, hardasan?
Məndə qalan quru candı, ruhum sənlə gedəndi,
Ahım zildən zilə çıxan, könlüm
fəryad edəndi.
İslandığın yağış
deyil, gözümdəki
bu nəmdi,
Bu biçarə dərdlərimə
həkim olan , hardasan?
Hər buludun arxasında gizlənməz gün səmada,
Səndən uzaq sahil mənəm,
məndən uzaq sən ada.
Açar
verməz dəli könlüm nə qohuma, nə yada,
Min-min gözəl sırasında
təkim olan, hardasan?
Elməddin MƏTLƏB
525-ci qəzet.-2016.- 27 avqust.- S.22.