“Nahaq yaşanmayan ömür”

 

YAXUD “YARIMÇIQ KİTAB”DAN SƏHİFƏLƏR...

 

 

“Heç kim həyatınıza təsadüfən gəlməz: kimisi imtahan, kimisi cəza, kimisi hədiyyədir...”

 

O, ölkəmizdə minlərin, yüz minlərin tanıdığı bir şəxsdir. Elə təkcə 26 il rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecinin indiyədək 130 mindən çox məzunu var. Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Qadınlar Şurası təqribən 300 min nəfər qadını öz ətrafında birləşdirir. Rektoru olduğu Bakı Slavyan Universitetinin yüzlərlə elmi titullu pedaqoji kollektivi, minlərlə tələbəsi var. Və s. və i...

 

Və mən heç şübhə etmirəm ki, onu tanıyanların hamısı bir fikirdə yekdildir: “O, həyatımıza “hədiyyə” kimi daxil olan insandır.” Mən də bunu etiraf edənlərdənəm. Qarşına çıxan yaxşı insan Tanrının ən böyük hədiyyəsidir...

 

Onunla ilk müsahibəmin 20-ə yaxın yaşı var. Sonralar bu sıraya saysız-hesabsız telesüjetlər, reportajlar, məqalələr, video-çarxlar, “Nurlu ömrün nağılı”, “Həsrətin sonu”, “Zəka və ülviyyət məbədi” adlı filmlər də əlavə olunub. Bütün bunlar onu yaddaşımda şərqə məxsus bütün adət-ənənələrin daşıyıcısı, amma bununla bahəm, şüurlardakı tipik şərq qadını obrazını yenisi ilə əvəzləyən, milli və bəşəri dəyərləri öz xarakterində cəmləşdirən müasir Azərbaycan qadını kimi saxlayıb. Bu qadın ağlı və zəkası, savad və biliyi, inamlı və qətiyyətli addımları, ən əsası, fədakarlığı ilə öz həyatının “uğur hekayəsi”ni yazıb. Hədəfləri doğru seçib, çevik qərar verməyi bacarıb, bu günündən sabahını görüb, ona görə də cığırdan geniş yola tez çıxa bilib. Ətrafındakılara da doğru-dürüst yol göstərib, xeyirxahlıq edib...

 

Tanınmış ictimai-siyasi xadim, YAP İdarə Heyətinin üzvü, bacarıqlı təhsil təşkilatçısı, ədəbiyyatşünas alim, dəyərli şəxsiyyət və ziyalı, filologiya elmləri doktoru, professor Nurlana Müzəffər qızı Əliyeva...

 

70 yaşını qeyd edir. Bu yaşına dopdolu əllərlə gəlib: müəllim kimi yetirmələri, alim kimi əsərləri, siyasətçi kimi fəal mövqeyi, insan kimi xeyirli əməlləri, ana kimi alim övladları, nənə kimi ağıllı, mənəviyyatlı nəvələri... Və bu anlamların hər birində çox gözəl bir nümunə...

 

“Nahaq yaşanmayan ömür” – 70 illik ömrünə isə özü belə qiymət verir. Haqqı var...

 

Dövrünün parlaq zərrəsi... 

 

70 il – bu rəqəmin arxasında bir insan ömründə yaşananlar dayanır. Bu rəqəmi ətə-qana dolduran, mənalandıran gecəli-gündüzlü sərf olunan zehni və fiziki əməkdir. İndi ömrünün zirvəsindən baxır: yaşına da, ötən illərə də, həyata da, cəmiyyətə də, uğurlarına da. Əlbəttə ki, bu qədər uğur təsadüf deyil. Zahiri görkəmindən yağan qürur zəhmətinə güvənən, istedadına arxalanan bir insanın halal haqqıdır. Ciddi siması, ağır-batman xarakteri və davranışı, ağıllı və səmimi, ölçülü-biçili danışığı özü bir örnəkdir...

 

70 illik yubileyinin hesabatını verir. Bu “hesabat”ın böyüklüyünü, sevincini, əzab-əziyyətini özündən başqa kimsə bilməz! Ömrü haradan başlayıb, hansı yollardan keçib, hansı sevinclərə sevinib, hansı kədərlərə qalib gəlib – özündən yaxşı kimsə bilə bilməz!..

 

Cəmiyyətimizdə çoxlarının həsəd apara biləcəyi kifayət qədər hörmət və nüfuz sahibidir. Onunla istənilən mövzuda söhbət etmək olar: siyasət, elm, təhsil, ədəbiyyat, qızların təhsili və tərbiyəsi, qadınların ictimai-siyasi mövqeyi, fəallığı... Və əvvəlcədən əmin ola bilərsən ki, sadaladığım yönlərdə öz fikri, öz mövqeyi olan bir ziyalı ilə həmsöhbət olacaqsan. Onun müsahibləri olduqca sadə, amma ciddi və çox zəngin bir insanla üz-üzə olduqlarının da fərqinə varırlar...

 

Yubileyi ərəfəsində ömür yoluna nəzər salmaq, portretini “çəkmək” istədim. Bu portret onun özünün də çox böyük dəyər verdiyi sözlə çəkildi. Əslində, söz insanın daha mükəmməl portretini yaratmağa qadirdir. Söz insanı daha gözəl anlada bilir. Bir etirafım da var: portretin ən parlaq rəngləri, ən zəngin boyaları onun özünə məxsusdur...

 

Onun ömrü zamanın, vaxtın axarına qoşulub itən ömür deyil, yaşadığı dövrün zərrəsinə, özü də parlaq zərrəsinə çevrilən ömürdür. Həyata qalib gələn ömürdür, qələbənin dadını yaxşı bilən ömürdür...

 

Etiraf... 

 

“İlqara (oğlu – F.N.) dedim, 70 illik yubileyimə bir kitab yazıb ürəyimi boşaltmaq istəyirəm, amma qorxuram. Qorxuram ki, o kitabı yazana qədər “infarkt” vurar məni... Dedim, istəyirəm, bu kitabda bir İNSAN portreti olsun, bu İNSAN o portretdə görünsün – olduğu kimi, göründüyü kimi. Allah hər bir insana xoşbəxtlik də verir, bədbəxtlik də. Həyatın qəribəliyi də bundadır: həm sevinc var, həm kədər, həm doğru var, həm yanlış, səhv. Bütün bunların hamısı qəlbimdə əbədi kök salıb... Amma insan çox qapalı məxluqdur, çox sirri saxlayır özündə, hər şeyi açıb-ağartmır, çünki ətraf çevrə var, cəmiyyət var...

 

İlqar düşünmədən dedi yaz, yaz o kitabı, o kitab sənin ömür kitabındır, ömrünün kitabıdır...“

 

Yazıldımı o kitab?..

 

Nurlu ömrün nağılı: “Bu dünya bir nağıldır...”

 

“Bakı haqqında çox sevdiyim bir nəğmə var:

 

“Bu dünyada nağıl çoxdu,

Hamısı da belə başlar:

“Biri vardı, biri yoxdu...”

Mənim də öz nağılım var.

İstəyirəm danışım mən

Bir dənizin sahilində

Nağıl olan şəhərimdən...” 

 

Bütün nağıllar “Biri vardı, biri yoxdu” ilə başlar. Və “Göydən üç alma düşdü” ilə sona yetər. Məncə, təkcə bu dünya yox, insan ömrünün özü bir nağıldı. Adilikdən başlayıb, müdrikliyə gedən yolda insanı müşaiət edən bir nağıl. Heyf ki, çox qısadı bu nağıl...

 

Mənim ömrüm də bir nağıldı... Və heyf ki, o da tez ötüb keçən bir nağıla bənzəyir. Amma mən tez ötüb-keçən vaxta heyfislənirəm, bu ömürdə yaşadıqlarımın heç birinə görə təəssüflənmirəm. Bu ömrü mənə Allah verdi, bu taleyi mənə Tanrı yazdı və bu ömrü mən özüm yaşadım. Bu ömür bütün uğur və uğursuzluqları, bütün sevinc və ağrıları ilə mənim ömrümdü. Və mən öz ömrümü sevdim!..

 

Nağıl demişkən, nağıllardakı sirli-sehirli qapıları xatırlayırsızmı?..

 

Mənim nağıl payımın ilk qapısı qədim Gəncədə bir ziyalının təmiz, halal ocağında açılıb. Baxın, o qapının açılmasından 70 il keçir. Amma o ocağın gur işığı hələ də ömrümə, taleyimə nur çiləyir...

 

Bakı və Gəncə taleymin şəhəridir. Azərbaycanın bu iki qədim və möhtəşəm şəhərində yaşamaq düşüb qismətimə. Bu, mənim xoşbəxtliyimdir. Amma təsadüf deyil. Çünki Gəncə ata yurdumdu, doğulduğum, dünyaya göz açdığım şəhərdir. Gəncədən Bakıya isə elmi, təhsili seçdiyim üçün üz tutdum. Sabahımı, gələcəyimi düşündüyüm üçün gəldim. Heç vaxt da bu seçimimə peşman olmadım. Və Bakını da elə Gəncə qədər doğma bildim...”

 

İnsanın Vətəni onun uşaqlığıdır...

 

İnsan öz keçmişini daim xatırlayır. Dünən əzizdir, yaddan çıxan deyil, orada unudulmayan insanlar var, orada paslanmayan xatirələr var. O da dünənindən sevgi ilə söhbət açır. Danışdıqca da gülümsəyir, gözlərinin nuru artır, çöhrəsi işıqlanır. Bu, xoşbəxt günlərinin təbəssümüdür. Hərdən də baxışlarını naməlum nöqtəyə dikib susur, xəyala dalır. Bu isə xiffətin sükutudur – bir andaca üzündəki təbəssümü yox edir, xəfif bir kədərə dönüb gözlərinə çökür...

 

Dünəninə boylanır... Möhkəm yaddaşı köməyinə çatır...

 

Gəncə...

 

Bu qədim və müasir şəhər onun uşaqlığının Vətənidir. Burada doğulub, uşaqlıq illəri bu şəhərdə keçib...

 

Bir şəkil var uşaqlıq şəkilləri arasında. Həmin şəkildə uşaqlıq illərinin, bəlkə də, ən bəxtəvər anı donub, əbədiləşib. O saf, məsum uşağın o anda yaşadığı duyğular, keçirdiyi hisslər bütün rəngləri ilə hopub bu şəklə. Bu şəkil sevinci kədərlə bir arada o qədər gözəl əks etdirib ki... Təbii ki, şəkillər də məxsusi vaxtlarda çəkilir – özü də ola 60-65 il əvvəl. Bu şəklin hansı məxsusi gündə, hansı əlamətdar hadisə münasibətilə çəkildiyini xatırlamasa da, yenə də onu ən xoş xatirə, yadigar kimi əzizləyir. Bu şəklin ən böyük dəyəri odur ki, o doğma ocağı xatırladır, uşaqlığını bu günənə gətirir...

 

Nurlana... 

 

Ad insanın həyatına bu və ya başqa dərəcədə təsir edir, deyirlər. Bunu təsdiq edən faktlar da var. Amma daha dəqiqini demək də çətindir. Qəhrəmanımla bağlı bir həqiqəti isə ürəklə demək olar: o, bu fikri doğruldanlardandır, işıqlı bir ömür yaşayıb. Ömrünü Allah verib, adını da valideynləri. Adının mənası nur, işıq, parlaq, ziya saçmaq, parlatmaq deməkdir. O isə adına və alnına yazılanı “oxuya bilib”, əməlləri ilə adına və ömrünə bəzək vurub...

 

“Müəllim ailəsində böyümüşəm. Anam rus dili, atam riyaziyyat müəllimi idi. Bəlkə, buna görə uşaqlıqdan kitab əlimdən düşməyib. 12-13 yaşımda daha çox kitab oxumuşam. Həyətimizdə bir ağ gilas ağacı vardı, yay vaxtı daha çox onun dibində oturub kitab oxuyardım. Gəncədə Makarenko adına kitabxana vardı. Yayda da, qışda da əl çəkməzdim o kitabxanadan. Hətta qışda ayaqqabımın üstündən atamın qaloşunu geyinib gedərdim kitabxanaya. Qaloşu bayırda çıxarıb, tərtəmiz ayaqqabı ilə girərdim içəri. Kitabxanaçı bu vərdişimə də bələd idi, başqa uşaqlarda bunu görmədiyindən məni daha çox sevərdi. Hər dəfə gəlişimə sevinər, məni görüncə gülümsəyib: “Yenə gəlmisən?” deyərdi. Elə kitab yox idi ki, oxumayım, hətta eləsi vardı ki, iki dəfə oxumuşdum. Kitablara elə bağlanmışdım ki... Nizamini, Şoto Rustavelini, az qala, əzbər bilirdim. Hərdən öz-özümə şeirləri əzbər söyləyərdim, hərdən də “qəhrəmanlarım” yadıma düşəndə gah gülər, gah kədərlənərdim. Anam bunu sezmişdi və qorxuya düşmüşdü. Qorxurdu ki, çox oxumaqdan başım xarab olacaq. Hətta kitabxanaçıya tapşırmışdı ki, mənə kitab verməsin. Atam isə, əksinə, məni dəstəkləyərdi. O, həm də gözəl kitabxana yaratmışdı evimizdə. Məndən fərqli olaraq qardaşım tənbəl, yatağan idi, kitabla da heç arası yox idi. Yadımdadı, bir dəfə atam Nizaminin bu misralarını yazıb onun çarpayısının başına asmışdı:

 

Çox iti beyinlər yatan oldular,

Axırda saxsı qab satan oldular...   

 

Evimizdə stolun üstündə süfrənin altından klyonka örtük olardı, o vaxtlar bu, dəb idi. Çox vaxt həmin klyonkaların alt üzü parça kimi olardı. Ora yazmışdım ki, “Professor Nurlana Əliyeva”. Ümumiyyətlə, pəncərənin divarına, ağacın gövdəsinə uşaq vaxtı əlimə nə keçsəydi, üstünə belə yazardım. Hətta yadımdadı, həyətimizdəki bostanda hərənin öz ləki vardı: qardaşımın, mənim və bacım Rənanın. Mən öz ləkimin başında da “Professor Nurlana Əliyeva” yazmışdım. O da yadımdadır ki, bacımla qardaşım bu yazıya baxıb oğrun-oğrun gülərdilər. Bundan inciməz, heç eynimə də almazdım. O zaman 9-10 yaşım vardı...

 

Gerçəyə çevrilən uşaqlıq arzusu...

 

“Professor Nurlana Əliyeva”. Bu arzu da böyüdüyü mühitdən, aldığı tərbiyədən gəlirdi, heç şübhəsiz. O, məhz bunu arzulaya bilərdi – professor olmağı...

 

”Niyyətin hara, mənzilin ora”. Balaca qızcığazın uşaqlıq arzusu illər sonra gerçəyə çevriləcək, o, həqiqətən, “professor Nurlana Əliyeva” olacaqdı...

 

Hələliksə Gəncədə idi. Uşaqlığının atalı-analı, nənəli... bəxtəvər günlərini yaşayırdı. Nənəsinin sevgisi ilə böyüyürdü. Müzəffər kişi ilə Tamara xanımın ailəsində tərbiyə alırdı, onların öyüdünü eşidirdi, onların nəsihətlərini qulaqlarında “sırğa edirdi”. Bu bünövrə, bu təməl ailədən uzaqda – qaynar bir şəhərdə, paytaxt Bakıda təhsil illərində çox karına gələcəkdi...

 

“İnsanın həyatında körpəlikdə, uşaqlıqda gördüyü tərbiyədən vacib heç nə yoxdu. İnsan 10 yaşa qədər anasından, nənəsindən layla, nağıl eşidir. Anamın, nənəmin laylaları, türküləri indi də qulaqlarımdadı...

 

NƏNƏmi çox sevmişəm – bütün nəvələr öz nənələrini sevdiyi kimi. Uşaqlığımın qəhrəmanı deyərdim Məşədi Firat nənəmə. Onun nağılları ilə böyümüşəm. Hər gecə nağıl danışmasaydı, yuxuya getməzdim. Sonralar nəvəm Nihada hər gecə nağıl danışardım. Elə gün olardı, işdən yorğun gələrdim evə, danışa bilməzdim...O gecə Nihad narahat yatardı... İndi 18 yaşı var Nihadın, elə ağıllı baladı, maşallah, inanmıram söylədiyim o nağıllar onun xislətinə təsir etməsin...

 

Nənəmin zümzümələri yadımdan çıxmır.

 

Adalardan bir qız gəlir bizlərə,

Aman Allah, gözlərə bax, gözlərə...

 

55 il sonra mən o türkünün sözlərini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi beynəlxalq tədbirdə, Türkiyədən gələn qonaqların qarşısındakı çıxışımda belə səsləndirdim.

 

Adalardan adalara keçəriz,

Zəhər olsa, dost əlindən içəriz

Bu dostluqdan nasıl, necə keçəriz

Adalar qızı?!

 

O qədər alqışladılar ki... Dediyim odur ki, uşaqlıqda insanın beyninə həkk olanlar ömür boyu unudulmur.

 

...Tutubəyim nənəm Gəncədə məşhur Hacı Seyid Rza Axundun qızı idi. Seyid Rza Axund Gəncənin çox hörmətli, xeyirxah, xeyriyyəçi insanlarından biri olub. Araba ilə kasıblara pay göndərər, faytonçuya da bərk-bərk tapşırarmış ki, bax, kimin göndərdiyini demə ha sabah məni ğörəndə utanarlar. Belə bir kişinin qızı olub nənəm. Bütün gəncəlilər ağır seyid olduğuna görə ona böyük hörmətlə yanaşar, yolunu saxlayardılar. “Böyük ana” deyərdik nənəmə. Elə bütün gəncəlilər onu “böyük ana” çağırar, cəddinə and içərdilər: “Böyük ananın cəddi haqqı”. Namaz qılar, mərsiyə oxuyar, imam ehsanları verərdi. Onun alğışı da, qarğışı da yerdə qalmazdı. Ruslar Gəncəyə gələndə əmimi güllələmişdilər. “Sənin bayrağın yerlə yeksan olsun” deyə qarğımışdı onları. Bir gün məsciddən gələndə görür ki, evin işığı yanmır, bilir ki, qonşunun işidir. Çünki qonşu həmişə onun işığını kəsərmiş. “Mənim işığımı kəsənlə Allah bilsin” deyir. Səhəri gün həmin qonşunun evi yanır, gəlib nənəmin ayaqlarına düşüb yalvarır ki, onu bağışlasın...

 

...Nənəm ən çox insanlıq öyrədib bizə. O da çox kitab oxumağıma razı deyildi. Müxtəlif bəhanələrlə buna mane olardı. Amma o, anam kimi “çox oxumaqdan başımın xarab olacağından” qorxmazdı. Onun məqsədi ayrı idi. Nənəmin fikrincə, qız uşağı daha çox ev işlərini öyrənməli idi. Elə hey məni buyurardı: get noxud islat, get hovuzu yu, get yaylıqları ütülə... Hərdən onu yarıtmayanda həmin işi təkrar gördürərdi. Ütülədiyim süfrəni bəyənməyəndə “Bu, nədir, get əməlli-başlı ütülə” deyərdi. O vaxt kraxmal yox idi, bəlkə də, vardı, amma bizim üçün əlçatan deyildi, mən də süfrəni isladıb yenidən şax ütüləyərdim. “Bəs niyə əvvəlcədən belə ütüləmirdin?” deyərdi,  bəyəndiyini bildirərdi.

 

Sonralar başa düşdüm ki, nənəm bunları nə üçün edirmiş. Təki mən ev işlərini də yaxşı öyrənim. Milli xörəklərimizi belə dadlı bişirməyimin səbəbkarı da rəhmətlik nənəmdi. Çox təmizkar qadın idi. Ev-eşiyi, həyət-bacanı, çarhovuzu gül kimi saxlayırdı. O, rəhmətə gedəndə 15 yaşım vardı. Novruz bayramı günü səhər tezdən durub həyət-bacanı təmizlədim ,təndiri ağartdım anama dedim ki, qoy nənəmin ruhu şad olsun...”

 

ATA-ANAmla bağlı heç bir detal hafizəmdən silinən deyil. Valideynlərimin bir-birinə, övladlarına hədsiz diqqəti, onların sabahı ilə bağlı nigarançılığı, qohum-əqrəbaya, dostlara münasibəti... – hər şey ideal idi...

 

Bir xəfif xatirə danışım. 11 yaşım vardı, atamı işdən çıxartmışdılar. Özünü qürurlu aparsa da, çox qayğılı gəzirdi. Bir gün yenə  fikirli-fikirli eyvanda oturmuşdu. Anam çay gətirdi ona, sonra uşağın başına sığal çəkirmiş kimi əlini ehmalca onun başına çəkdi. Bu mənzərəyə biganə qala bilmədim, atama baxıb ağladım, onun halına acıdım. O vaxt atam evə pul gətirə bilmirdi. Onun çay süfrəsinin arxasındakı üzüntüsünü, anamın onun başına əl çəkməsini indi də yadımdan çıxara bilmirəm. Onda anam gözlərimdə daha da böyümüşdü, göylərə qalxmışdı. Mən elə bilirdim, qadınlar evə çörək gətirə bilməyən kişiləri sevməzlər. O vaxtdan bir həqiqəti də bütün çılpaqlığı ilə anladım. Ehtiyacın ağırlığına hər bir insan tab gətirə bilməz. Amma, sən demə, bu qorxulu kabus, həm də insanı durulda bilərmiş. Yaxşı ki, ehtiyac mənim valideynlərimi “kirlətməmişdi”, onları daha da durultmuşdu. Ehtiyac onların münasibətinə xələl gətirməmişdi, kölgə salmamışdı, əksinə, onlar bir-birinə daha qayğıkeş olmuşdular. Ehtiyac ərini anamın gözündən salmamışdı, əksinə, onu əvvəlkindən daha çox qorumağa çalışırdı. Bir həqiqət də odur ki, ehtiyac qədər insanı əsl insan edən iksir yoxdur. 

 

Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli orta məktəbdə oxuyurdum. Əlaçıydım. Məktəbdə drujina şurasının sədri idim. Yadımdadır, manqa sədrlərinin qolunda iki, drujina şurası sədri kimi mənim qolumda 4 qırmızı xətt olardı. 1955-ci ildə “Azərbaycan pioneri” qəzetində mənim haqqımda yazı getmişdi, şəklimi də vurmuşdular. Sovetlər vaxtı idi, şəhərdə çox sayda tədbirlər keçirilirdi, bütün tədbirlərdə pionerlərə də söz verərdilər. Mən də çox fəal idim, həmişə tədbirlərdə aparıcılığı mənə etibar edərdilər. Yazıçı Mir Cəlal Paşayevin 50 illik yubileyində də şeir söylədim, Mir Cəlal gəlib başımı sığalladı. O vaxt Gəncənin birinci katibi olan Aleksandr Cəmiloviç Əliyev də çıxışımdan razı qalmışdı, haqqımda xoş sözlər söyləmişdi...

 

Bu tədbir atamın işdən çıxarıldığı dövrə təsadüf edirdi. Evdə atamla anamın söhbətindən eşitmişdim ki, Firuz Məlikov adlı birisi atamın müəllimliyini, elmi iş  etməsini istəmir. Ertəsi gün dərsdən çıxıb Gəncə şəhər Partiya Komitəsinə getdim, maneəsiz-filansız yuxarı qalxdım, yəqin uşaq olduğuma görə diqqəti çəkməmişdim. Qəbul otağına girib katibəyə yaxınlaşdım: “Aleksandr Cəmiloviçə deyin ki, Nurlana gəlib.” İndiki ağlımla düşünəndə uşaq cəsarətimə heyran oluram. Mənə elə gəlirdi ki, əgər tədbirlərdə çıxışımı bəyənirlərsə, demək, mən  onlar üçün əziz adamam... Təsəvvür edin, katib məni qəbul etdi, hətta tədbirdə söylədiyim şeiri də xatırlatdı. Ona dedim ki, atamı ədalətsiz olaraq işdən çıxarıblar. O güldü:

 

– Sən haradan bilirsən ədalətsiz çıxarıblar?

 

– Atam anama danışanda eşitdim. Xahiş edirəm, atamı işinə qaytarın. Mən istəmirəm o, fikir eləsin...

 

Cəsarətim hədər getmədi, elə həmin gün atamı çağırıb direktor müavini göndərdilər. Bu, mənim ədalətsizlik üzərində ilk qələbəm idi. Aleksandr Cəmiloviç isə o gündən dünyanın ən ədalətli adamı kimi yaddaşıma yazıldı... Əslində, mənə bu cəsarəti verən valideynlərimin özü idi. Onlar bizə ağıllı olmağı, yalan danışmamağı, xeyirxah, ədalətli olmağı, çətinə düşən, darda qalan insanlara kömək etməyi öyrədirdilər. Mən onlarla fəxr edirdim. Valideynli günlərimiz bizim üçün dünyanın özü boyda xoşbəxtlik demək idi. Məhz onların sayəsində biz, həm də o dövrün ən gözəl alimlərini, ziyalılarını evimizdə görmüşdük. Onlardan biri də biologiya üzrə ilk qadın elmlər dokoru, akademik Validə Tutayuk idi. O, gələndə saatlarla çay süfrəsi ətrafında maraqlı söhbətlər gedərdi. Çətinliklər üzərində qələbəsindən söz açardı. Atam təbiətə bələd idi. Arıların xasiyyətləri, təbiətdə özlərini hansı havada necə aparmaları, elə sirli-sehirli xasiyyətləri barədə danışardı ki, gözümüzü qırpmadan dinləyərdik. Sən demə, bu söhbətlər bizi insan kimi əməlli-başlı yetişdirirmiş... atamın arıçılığa böyük həvəsi vardı. Bu peşəni elmi səviyyədə mənimsəmişdi. Hətta “Amerika çürük xəstəliyi” mövzusunda tədqiqatla məşğul idi. Onu Kənd Təsərrüfatı İnstitutuna mühazirə oxumağa dəvət etmişdilər. Yüzlərlə arı ailələrini yeşiklərdə bəsləyirdi. Yazın ilk ayından arıları Qabaqtəpə adlanan güllər-çiçəklər diyarına köçürürdü. Ziyalılar , alimlər atamın bu peşəsinə maraq göstərir, tez-tez onun başına yığılardılar. Professor A.Ağabəyli , professor C.Axundov və başqaları atama çox yaxın ziyalılar idilər. Valideynlərimin nəsihətləri bu yaşımda da əlimdən tutur. Atam onu da deyərdi ki, zəhməti sevməyi, həyat uğrunda mübarizəni arılardan öyrənin.

 

“Əlvida Gəncə...”

 

Həyatın düsturu belədir: insan ən gözəl cəhətlərini ailədən, yaşadığı mühitdən, məktəbdən götürür. O, Gəncədə, həm də nümunəvi məktəbdə oxuyurdu. Arzuları böyük idi. Müəllim olmaq, əlində jurnal sinfə girmək, dərs demək istəyirdi. Valideynlərinin peşəsini seçmişdi. Universitet təhsili almaq, Universitet məzunu olmaq istəyirdi...

 

Ötən əsrin 60-cı illəri. Gəncədən Bakıya gəldi. Bakı onun da arzularının şəhəri idi. Paytaxt sərhədsiz arzuların qanadında ona tələsən yeniyetmə qızı sevgi ilə qarşıladı. Qəbul imtahanlarını uğurla verdi, istəyi gerçəyə çevrildi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi idi. Bu adı qazanan gündən də “əlvida” dedi Gəncəyə – uşaqlığının Vətəninə. Qarşıda isə Bakı vardı. Buna qədər ömrü Gəncədə keçmişdi, Gəncədən heç hara çıxmamışdı. Beləliklə, ömrünün Bakı dövrü başladı...

 

Qərib şəhər... 

 

Bakı qərib bir şəhər idi onun üçün. Yad deyildi, amma çox qərib idi. Ya, bəlkə, o özü qərib idi bu şəhərdə. Fərq etməz, ilk günlər görünən o idi ki, heç uyuşa bilmirdi paytaxta. Ürəyi Gəncədə idi, əzizlərini orada qoyub gəlmişdi. Qayğısız uşaqlıq çağları, məktəb illəri, acılı-şirinli xatirələr orada qalmışdı. Yaddaşında o xatirələr, ağlında, ruhunda o əziz insanlar varkən, bu qərib şəhərə doğmalaşmaq asan deyildi, əsl hünər istəyirdi ondan. Buna hazır deyildi hələ, paytaxta, onun basırığına qaynayıb-qarışa bilmirdi. İllər sonra Bakıya bu qədər bağlanacağını isə heç ağlının ucundan belə keçirmirdi. Onsuz da həmişəlik gəlməmişdi, təhsil alıb geri qayıdacaqdı – arzusu belə idi. Bakıya düşdüyü gündən bir qəribə hiss də rahat buraxmırdı onu, nədənsə ona elə bilirdi ki, bir daha Gəncəyə dönməyəcək. İllər sonra ürəyinə damanlar başına gəldi, tale, qismət onu Bakıda saxladı...

 

Xiffət hissi...

 

Qısa zamanda təhsildəki nailiyyətləri ilə müəllimləri özünə cəlb etdi. Tərbiyəsi, nizam-intizamı da diqqətdən yayınmadı. Əla qiymətlərlə oxudu, Universitetin ictimai işlərində fəallığı ilə seçildi, gənclər təşkilatında təmsil olundu. Günlər tez ötüb keçirdi və hər ötən günün arxasında yuxusuz gecələr, öyrənməyə, oxumağa böyük həvəs, sabaha inam, bir sözlə, pillə-pillə dəf olunan mərhələlər vardı. Artıq özünü tanıtmışdı, özünü təsdiq etmişdi. Öz yolunu gedirdi və özü gedirdi. Kimsənin köməyi olmadan. Göydə Allaha, yerdə öz gücünə, qabiliyyətinə sığınıb gedirdi. Ən əsası, bu yolun xoşbəxt sonluğuna inanırdı. Özü dediyi kimi, seçimini yaxşı bilirdi: elm, təhsil yolunu seçmişdi və bu yolda hər cəfakeşlliyə, fədakarlığa hazır idi...

 

Bakıda da bir şakərini tərgitməmişdi. Kitab əlindən yerə düşmürdü. İndi onu kitabdan qoruyan, kitaba qısqanan da yox idi. Mehrini, həm də kitabdakı sevimli qəhrəmanlarına salmışdı...

 

Uğur pillələri…

 

1969-cu il. Universiteti uğurla bitirdi. Gəncəyə döndü – amma həmişəlik yox. Sevincini paylaşmağa gəlmişdi. Artıq ali təhsilli, yetkin bir gənc idi. Uğurlarında bu torpağın, əzizlərinin rolu az olmamışdı. Sonra geriyə – Bakıya dönəcəkdi. Və döndü də, bu dəfə həmişəlik. İlk iş yeri 134 nömrəli orta məktəb oldu, sonra Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədi. 29 dekabr 1990-cı ildən tale onu Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) gətirdi. Nə az, nə çox, düz 26 il bu təhsil ocağına rəhbərlik etdi. 2016-cı il aprelin 8-də təhsil naziri Mikayıl Cabbarov Nurlana Əliyevanı Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsindən azad etdi və özünə müşavir təyin etdi. Prezident İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə o, Bakı Slavyan Universitetinin rektoru təyin edildi. Beləcə, 70 illik yubileyi ərəfəsində vəzifə pillələri ilə iki addım da irəlilədi. Bu, illər boyu yorulmaz fəaliyyətinin nəticəsi idi. Bu, təhsil sistemində, cəmiyyətdə qazandığı nüfuzun göstəricisi idi. Bu, onun əməyinə yüksək mərtəbədən verilən dəyər idi...

 

Bu uğur pillələrini öz zəhməti, sevgisi ilə qalxdı: özünə, yaşadığı ömrə, gördüyü işə, insanlara, onu əhatə edən ətrafına sevgisi, bir də güclü xarakteri ilə. Həyat zəifləri qəbul etmir, güclüləri sevir...

 

Zərdüşt Peyğəmbər deyib ki, “insan kamilləşməyə möhtacdır.” O, daim çalışmaqla, öyrənməklə özünü inkişaf etdirib, təkmilləşdirib, müdrikləşdirib. Bu səbəbdən irəli gedə bildi. Pedaqoq kimi, təşkilatçı kimi təhsilimizə, alim kimi elmimizə, ədəbiyyatşünas kimi ədəbiyyatımıza fayda verdi, ictimai-siyasi xadim kimi səmərəli fəaliyyət göstərdi, ölkənin lider qadınlarından birinə çevrildi...

 

Ömründə sevgi də gördü, nifrət də. Diqqət də gördü, yersiz qəzəb də. Ñanıyananlıq da gördü, qərəz də, paxıllıq da. Amma o insanları sevdi və bu sevgi ilə paxıllara, nadanlara da qalib gəldi, onları susdurdu...

 

“İnsan var, ipəkdən-ipək, insan var, cod, kobud, zalım. İnsanın nəsli, kökü onun xislətində çox böyük rol oynayır. İnsan xisləti deyəndə, birinci, ədalət və qədirbilənlik yada düşür. Hər ikisi insanda qoşa qanad olmalıdı. Gərək haqqı, ədaləti unutmayasan. İnsan gərək qapısını döyən insanın da qədrini bilsin. Bilsin ki, onu insan bilib qapısını döyən var. İnsan gərək şirin sözü də, acı sözü də qiymətləndirə bilsin. Şirin sözün dadı ilə yuxuya getsin, acı sözün təsiri ilə bərkisin. Mən özümü o acı söz deyənin yerinə də qoyuram, onun mövqeyini, durumunu nəzərə alıram. Götür-qoy edirəm, ya onu çıxdaş edirəm, ya da barışıram...”- Bu həyatda ən xoşbəxt insan ədalətli insandır...

 

Müəllimlər müəllimi...

 

Onu auditoriyada mühazirə oxuyarkən göz önünə gətirirsən. Hansısa mötəbər tədbirdə nitq söyləyərkən xatırlayırsan. Qadınların əhatəsində hansısa mühüm mövzunu müzakirə edərkən yada salırsan. Yaxud hansısa xarici ölkəyə səfəri zamanı Azərbaycan həqiqətlərindən danışdığı zaman xəyalında canlandırırsan... Nəhayət, ailədə övladlarının, gəlinlərinin, nəvələrinin əhatəsində “görürsən”. Bunun hamısı çox yaraşır ona...          

 

Nurlana xanım hər şeydən əvvəl müəllimdir. Hər kəlməbaşı tələbələrinə “Savad, bilik sənin həyat çırağındır” deyən müəllim. Hər gün “Salam, müəllim!” salam-kəlamını eşitməkdən qürur duyan müəllim. Amma o, təkcə ixtisasca, peşə baxımından yox, ruhən, qəlbən, fitrətən, bütün varlığı ilə müəllimdir. Onu auditoriyada görəsiniz! O, təkcə mövzudan danışmır, Azərbaycan dilinin gözəlliyindən söhbət açır, onu qorumağı tövsiyə edir. Özü də elə-belə yox. Hər fikrinin əvvəlində də, sonunda da şeir söyləyir. Azərbaycan şeirini, az qala, əzbər bilir. Heyran qalmamaq mümkün deyil. Əvvəla, yaddaşına. İkincisi, vətənpərvərliyinə. Həmin şeirləri söyləyəndə onun çöhrəsindəki təbəssümü görəsiniz...

 

Bu müəllim təkcə dərsi, fənni tədris etmir, müəllimliyi öyrətmir, bütöv əxlaqi dəyərlər sistemini aşılayır. Ədalət və düzgünlük, təmizlik və halallıq, gözütoxluq, analıq hissi, uşaqlara sevgi, diqqət və qayğı, humanizm və xeyirxahlıq, mərhəmət və xeyriyyəçilik, vətənpərvərlik, cəsarət və qətiyyət, tolerantlıq, zəhmətsevərlik həmin əxlaqi dəyərlər sisteminin özəyini təşkil edir...

 

O, müəllimlər müəllimidir. Prezident İlham Əliyevin Sərəncamı ilə layiq görüldüyü “Əməkdar müəllim” adını iftixarla daşıyır.

 

Şəxsən mənim qənaətimdir: o, bir kitab kimidir, kitabxana kimidir – ondan öyrənirsən...

 

Bir fakt da danılmazdır: Nurlana xanımın müəllim qayğısı çoxlarının yüksəliş nərdivanının ilk pilləsi olub. Bu baxımdan, tələbələrinin hər birində ondan nəsə var – mütləq var!..

 

“Zəka və ülviyyət məbədi...”

 

Nurlana xanım Əliyeva bütün mənəviyyatı ilə təhsilə bağlıdır. Onun təhsil sahəsindəki xidməti daha çox Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə bağlıdır. Əsası 1919-cu ildə qoyulan, bir əsrə yaxın yaşı olan bu Kollec elm, təhsil və mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Onun hər daşında-divarında mütərəqqi ziyalılarımızın ruhu, məktəb və pedaqoji fikir tariximizin görkəmli nümayəndələrinin izi, mənəviyyatı yaşayır. Kollecdə, əsasən təhsilimizin təməlini qoyan, hər bir insanın həyatına əbədi möhür vuran ibtidai sinif müəllimləri hazırlanır, burada ölkə təhsilinə fədakarcasına xidmət edən çoxminli müəllim ordusu yetişib.

 

Nurlana Əliyeva  bir igidin ömrü qədər, 26 il bu Kollecə böyük bacarıqla rəhbərlik etdi, öz adını zəngin ənənələri olan bu təhsil ocağının qurucularının sırasına yazdı. Kollec onun rəhbərliyi dövründə nüfuzunu daha da artırdı, “Zəka və ülviyyət məbədi”, mənəviyyat məktəbi, tərbiyə məktəbi kimi tanındı, “yeni islahatların beşiyi” adlandırıldı, ölkəmizin hər yerində onun məzunlarını “əl-əl gəzdilər”.

 

Kollecdə vahid geyim tətbiq etdi, səbəb o idi ki, heç kimin gözü kiminsə geyimində qalmasın, heç kim heç kimə paxıllıq etməsin, diqqət kiminsə geyimində yox, yalnız dərsdə olsun...

 

Beləcə, bir vaxtlar “Sabir məktəbi” kimi tanınan Kollec onun rəhbərliyi illərində “Nurlana xanımın məktəbi” kimi məşhurlaşdı...

 

Müstəqillik illərində Kollecin dörd dəfə əlamətdar yubileyi qeyd olunub, onların hamısını keçirmək direktor kimi Nurlana xanıma nəsib olub. 80 illik yubileydə Ulu öndər Heydər Əliyev kollektivə təbrik ünvanlamışdı: ”Əminəm ki, siz texnikumunuzun uzun illər toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə daha da artıracaq və respublikada müasir tələblərə cavab verən müəllimlər hazırlanması işinə bundan sonra da var qüvvənizi sərf edəcəksiniz.”

 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu il noyabrın 18-də Kollecin 90 illik yubileyi “Gülüstan” sarayında təntənə ilə qeyd olundu. Kollektiv üzvlərinin “Əməkdar müəllim” fəxri adına, “Tərəqqi” medalına layiq görülməsi Prezidentin bu təhsil ocağına böyük qayğısı idi...

 

2014-cü il dekabrın 25-də Kollec 95 illik yubileyini də uğurları ilə qeyd etdi. Mərasimdə çıxış edən görkəmli elm adamları, ictimai-siyasi xadimlər, təhsil biliciləri, ziyalılar, bir sözlə, dövlət məmurlarından tutmuş sadə insanlara qədər hər kəs professor Nurlana Əliyevanın bu təhsil ocağında gördüyü işlərdən ürəklə, minnətdarlıqla danışırdı və bu fakt indi də etiraf olunur...

 

“Nurlana xanımın tərbiyə məktəbi...”

 

Kollecdə keçirilən saysız-hesabsız tədbirləri jurnalist kimi izləmişəm. Tanınmış pedaqoqların, mötəbər qonaqların, eyni zamanda tələbələrin məktəblə bağlı fikirlərini öyrənmişəm. “Nurlana Əliyeva yenilikçi, islahatçı bir təhsil adamıdır. Onun Kollecin həyatına gətirdiyi yeniliklər saysız-hesabsızdır.” Hər kəs belə deyir.

 

Bir tələbənin sözlərini heç unuda bilmirəm. “Mənim burada aldığım ən böyük dərs “Nurlana Əliyevanın tərbiyə dərsidir” demişdi həmin tələbə qız...

 

Kollecdəki təhsil, tədris mühiti öz yerində, burada tələbələri əhatə edən milli ab-hava da həmişə diqqətimi çəkib. Bu dəyərlər məktəbdə zaman-zaman qorunub. O isə həmin ənənənin ən sədaqətli davamçısı oldu, üstəlik, bu dəyərlər sisteminə yenilərini əlavə etdi. Onun fikrincə: “Hər bir dərsin məzmununda, formasında, hətta keçirilən tədbirlərdə də milli ruh əks olunmalıdır, biz bu mühiti yaradandan sonra gənclərdən milli-mənəvi dəyərlərə sədaqət tələb edə bilərik.” Nurlana Əliyeva Kollecdə unikal şərait yaratdı. Məktəbin hər guşəsində milli mühitlə müasirliyin vəhdətinə rast gəlirdin. Bu, sadəcə görüntü deyildi, böyük tərbiyəvi əhəmiyyətə malik tədbirlərin də yaddaşı idi. Təkrarına dəyər: bunu yaradan Nurlana xanım idi...

 

O, Kolleci olduqca aktual mövzuların müzakirə məkanına da çevirdi, burada davamlı olaraq müxtəlif mövzularda konfranslar, seminarlar təşkil olundu. Ən heyrətlisi isə o idi ki, bu tədbirlərin çoxunun ssenarisini, məhz Nurlana xanım özü yazırdı. (Pedaqoq, təhsil təşkilatçısı, ictimai-siyasi xadim kimi daşıdığı “yükün ağırlığı” yaxşı məlumdur. Baxın, bu qədər işə, min bir qayğısına rəğmən hələ vaxt tapıb ssenari də yazırdı! Bu, bir tərəfdən onun məsuliyyət hissindən xəbər verirdisə, digər tərəfdən yüksək bədii zövqünü də ortaya qoyurdu.)

 

“Unutmayaq ki, qloballaşan dünyada xalqın milli-mənəvi dəyərlərinin qorunması mütəşəkkil bir ordunun yetişdirilməsi qədər önəmlidir və ədəbi nümunələr də bu tərbiyədə mühüm rol oynayır” deyən Nurlana xanımın təşəbbüsü ilə Kollecdə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda silsilə tədbirlər hazırlanıb, ədəbi mühitin diqqətində olan əsərlərin fərqli formatda təqdimatı, müzakirəsi təşkil olunub, müasirimiz olan yazıçılarla, eləcə də klassiklərimizin tədqiqatçıları ilə görüşlər keçirilirdi. Alimlər, ziyalılar, millət vəkilləri, ədəbi ictimaiyyətin nümayəndələri də həmin tədbirlərə dəvət olunurdu.

 

Görkəmli yazıçı, böyük ədib Mir Cəlalın “Bir gəncin manifesti” əsəri. Bax, Nurlana xanım bu cür əsərlərin Kollecdə müzakirəsinin təşkilini vacib sayırdı. Yaxşı bilirdi ki, həmin əsərlər insanları mənən saflaşdırır, zənginləşdirir, xüsusilıə gənclərin milli ruhunu qidalandırır, milli düşüncəsini, təfəkkürünü formalaşdırır. Və insan qeyri-ixtiyari “Bu dəyərlər mənim xalqıma məxsusdur” deyə iftixar hissi keçirir. Yaxud, yazıçı-dramaturq Hüseynbala Mirələmovun xalqımızın pozulmaz adət-ənənələrindən bəhs edən, gəncləri səhv addım atmaqdan çəkindirən “Gəlinlik paltarı” əsərinin müzakirəsi. Müəllim və tələbələrin həmin əsəri müəlliflə üz-üzə sual-cavab şəklində təhlil etməsi böyük maraqla qarşılanmışdı və bu ideyanın nə qədər aktual olduğunu bir daha təsdiq etmişdi. Hüseynbala Mirələmovun Qarabağ müharibəsi mövzusunda yazılmış, yüksək vətənpərvərlik ruhu aşılayan “Xəcalət” əsərinin müzakirəsi də yaddaşlarda dərin iz buraxmışdı. Düşünəndə ki, Kollecdə təhsil alanlar sabahın müəllimləri, sabahın analarıdır, onda həmin tədbirlərin əhəmiyyətini daha yaxşı anlayırsan...

 

Yaxud, “Təhsil: milli ruh, milli mühit, istiqamətlər, nəticələr” mövzusunda ümumrespublika elmi-praktiki konfransı. Yüksək səviyyəli təşkilatçılıq, tədbirin missiyası bir yana, Kollecdəki şərait, “müəllim-tələbə münasibəti” (bu münasibət daha doğma münasibətə, ana-övlad münasibətinə çevrilmişdi – F.N.) iştirakçıları heyran etmişdi.

 

Xalqımızın mənəvi zənginliyi, tolerantlığı qloballaşan dünyada daha çox diqqəti çəkir, çünki bu, həm də milli dəyərlərin uca tutulması ilə bağlıdır. Kollecdəki tədbirlər də, məhz bu siyasətə xidmət edir, üstəlik, qloballaşan dünyada milli dəyərlərə yaranan təhlükədən qorunmağın faydalı vasitələrindən birinə çevrilirdi...

 

Ədəbiyyatın, kitabın, mütaliənin təbliği ilə bağlı tədbirlər də unudulmazdır. Xalq yazıçısı Anarla Akademik Milli Dram Teatrındakı görüşü xatırlatmaya bilmirəm. Görkəmli ictimai-siyasi xadimlər, ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri də zalda idilər, yəqin onlar da həmin gecəni unutmayıblar. Sanki  Anar və onun yaradıcılığı haqqında bir filmə, tamaşaya baxırdın. Heç şübhəsiz, tədbirin belə səviyyəli alınmasında professor Nurlana Əliyevanın Anar yaradıcılığının tədqiqatçılarından olması faktı da öz sözünü demişdi. Nurlana xanım “altmışıncılar” nəslinin ən görkəmli nümayəndələrindən biri, ilk hekayələrindən özü haqqında orijinal sənətkar imici formalaşdıran Anarın yaradıcılığını dərindən təhlil edib, sanballı əsər ortaya qoyub. Şəhər həyatı, insan taleləri ilə bağlı olduqca maraqlı ədəbi nümunələrin müəllifi Anarla bağlı bu əsər Nurlana Əliyevanı gözəl ədəbiyyatşünas kimi tanıtdı. Görüşdə Anara “Siz xoşbəxt sənətkarsınız, Allahın sevimli bəndəsisiniz, iki görkəmli şəxsiyyətin övladısınız” deyə müraciət edən Nurlana xanım yazıçı haqqında ətraflı bir məruzə etdi. 

 

“...Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində anadan olan Anar Azərbaycan ədəbiyyatının yeni səhifəsini yaradıb, ədəbi mühitə milli nəfəs gətirib, bir sözlə, valideynləri kimi Azərbaycan ədəbiyyatına qızıl hərflərlə imza atıb. Anar bütün əsərlərində, bütün ədəbi proseslərdə Azərbaycan psixologiyasına bələdliyini göstərir. Anar, “Dədə Qorqud”u sevdirən yazıçıdır. Anar Mirzə Cəlili anladan, “yaşadan” Anardır. Anarın Mirzə Cəlil sevgisi illərlə tükənmir, azalmır. Qəlbində, qələmində yaşadır onu. Bu sevgi onun özünü də oxuculara sevdirir. Anar “Ağ qoç, qara qoç” kimi mükəmməl əsəri ilə nağılın həqiqətini, həqiqətin nağılını yaradan Anardır. Anarın şəxsiyyət, vətəndaş mövqeyi özünü xalqının, millətinin ən ağır günlərində də büruzə verib – 20 Yanvar faciəsi, Qarabağ hadisələri və s. Anarın böyüklüyü ondadır ki, onun obrazları ilə sanki hər gün qarşılaşırıq...”

 

Nurlana xanımın çıxışından sonra tələbələr onun ssenarisini böyük məharətlə təqdim etdilər, Anarın qəhrəmanlarını duyaraq “oynadılar”. Tədbirə, sadəcə “Anarla görüş” demək insafsızlıq olardı. Bu, Anar yaradıcılığı haqqında mükəmməl təqdimat idi. Özü də təkcə yaradıcılığı haqqında yox! Mübaliğə olmasın, Anarı yazıçı, şair, ictimai xadim, insan, övlad, ata... kimi bundan gözəl tanıdan tədbir, bəlkə də, indiyədək olmamışdı! Sonralar bir şad xəbər də gələcəkdi Kollecə: Anarla görüşdə çıxış edən tələbələrdən bir neçəsini Akademik Milli Dram Teatrına işə dəvət ediblər! Professor Nurlana Əliyeva bu tədbirlə istedadlı tələbələri də üzə çıxarmışdı...

 

Sonda Anar Nurlana xanımın qələm tutan əlindən öpdü, ona böyük hörmətini ifadə etdi, çox təsirləndiyini, sevindiyini, kövrəldiyini söylədi. Bu görüşün İnternet əsrində gənclər haqqında formalaşan fikirləri dəyişdiyini, ədəbiyyatın sabahına ümid yaratdığını da dilə gətirdi.

 

“Bəzən deyirlər ki, internet əsridir, gənclər daha kitab oxumurlar, amma bu görüş həmin fikri alt-üst etdi, bu gənclər nəinki kitab oxuyurlar, hətta duyaraq oxuyurlar, sənəti, sözü, şeiri, poeziyanı, musiqini bu qədər yaxından duyurlar. Duymasaydılar, sevməsəydilər, belə gözəl söyləyə bilməzdilər. Onlara minnətdaram. Professor Nurlana Əliyevaya, müəllimlərə minnətdaram ki, gənclərimizə ədəbiyyatımızı belə sevdirirlər. Bu tədbir ədəbiyyatın, şeirin sabahına böyük ümid yaradır.”

 

Ədəbiyyata xidmət budur, kitabı təbliğin nəticəsi budur! Belə tədbirlər söz adamlarını tanıtmaq baxımından da mühüm rola malikdir. Təkcə Anar deyil axı, ədəbiyyatımıza xidmət edən neçə-neçə imzalar var...

 

Ayrılıq...

 

2016-cı il. Bir-birinin ardınca iki mühüm təyinat. Bu, yüsəlişin yeni pilləsi idi. Həm də ayrılıq idi – doğma kollektivdən ayrılıq. Çətin idi: özünə də, illərdir başına and içən böyük bir kollektivə də. Nurlana Əliyevanı özünə müəllim, ustad, ana, bacı sayan müəllimlərə də. Onun, az qala hər addımını özünə örnək bilən gənc qızlara da...

 

Amma... Bu, xoş bir ayrılıq idi...

 

O, Kollecin tarixinə öz “möhür”ünü vuraraq gedirdi, adını bu təhsil ocağının çox mötəbər, unudulmaz direktorlarının sırasına yazaraq gedirdi...

 

Neçə-neçə müəllimin, neçə-neçə tələbənin mənəvi anasına çevrilərək gedirdi...

 

Bu ayrılıqdan ancaq və ancaq xoş xatirələr qalırdı...

 

Bu ayrılıq yeni bir uğurun başlanğıcı idi...

 

Və kollektivin hər bir üzvü onu sevinc göz yaşları ilə yola saldı...

 

Ədəbiyyatşünüs alim...

 

Yaradıcılıq ruha bağlı məsələdir. Onun ədəbiyyata sevgisi də ötəri olmayıb. Ədəbiyyatşünaslığa aydın ədəbi təfəkkürünə, cəsarət və zəhmətinə güvənərək gəlib, dövrünün aktual məsələlərini ədəbi təhlilə cəlb edib. Bu sahədə yaradıcılığı pedaqoji fəaliyyəti ilə paralel gedib.

 

Professor Qulu Xəlillinin fikrini xatırlatmaq istəyirəm: “Nurlana xanım elm aləminə gələnə qədər üstünü ot-ələf basmış bir parça münbit torpağa bənzəyir. Bu torpaq parçasının münbitliyi üzə çıxdıqca parladı, bəhəri göründü, hiss etdim ki, zəhmətkeşlik, çalışqanlıq, təmiz vicdan, iti, parlaq mühakimə, sözündə dəqiqlik, bütövlük, vətəndaş yanğısı, qadın – ana ləyaqəti onun simasında vəhdət təşkil edir.”

 

Həyatın reallığını düzgün müşahidə və təhlil etmək qabiliyyəti onu, həm də ədəbiyyata “işlədib”. Ədəbiyyatımızda hadisəyə çevrilən elə bir əsər yoxdur ki, onu oxumasın, haqqında fikir söyləməsin. Yeri gələndə həmin əsərləri tənqid etməkdən də çəkinməyib. Bu, müstəqil araşdırıcı, tədqiqatçı kimi həqiqəti görmək, qiymətləndirmək bacarığının və tənqidçi cəsarətinin göstəricisidir.

 

Kitab adi sənəd deyil, ictimaiyyətə təqdim olunan, insanlara yol göstərən mənbədir. Kitab zövq verir, mənəviyyatı zənginləşdirir. Nurlana xanım onlarla kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir. Bu nəşrlər də onun ömrünün mənasını çox dəqiq ifadə edir...

 

Onunla hər söhbətdə zəngin mütaliəsinə, yüsək ədəbi zövqünə heyran qalırsan. Azərbaycan, rus, dünya ədəbiyyatının incilərindən saatlarla danışar, yorulmaz. Elə əsərlər var ki, onları, az qala əzbərdən söyləyər.

 

“İstər Azərbaycan, istər dünya ədəbiyyatında o qədər çox sevdiyim əsərlər var ki, onları bu yaşımda da yenidən oxumaq istərdim. Biz o əsərlərin təsiri ilə böyümüşük, zövqümüzü daha çox bu əsərlər formalaşdırıb. Yaxşılıq, xeyirxahlıq, insansevərlik, sədaqətlilik, vətənpərvərlik kimi duyğuları, gözəllik, zəriflik anlayışını ilk dəfə bu əsərlər təlqin edib bizə. Uşaqlıqda bir kitab oxumuşdum: “Anjelikanın sərgüzəştləri”. Jofrey De Peyrakdir onun qəhrəmanı. O, zahirən o qədər çirkindir ki... Yazıçı isə onun daxili aləmini o qədər məharətlə təsvir edir ki, oxucu həmin qəhrəmana vurulur. Və hətta ürəyindən belə bir hiss keçir: kaş qarşıma belə bir insan çıxaydı. Sonralar həmin əsərin əsasında çəkilən filmə də baxdım. Jofrey De Peyrak rolunu dünyaşöhrətli, əfsanəvi aktyor, əslən azərbaycanlı Rober Osseyn oynayıb. Onun atası Andre Osseyn – Əminulla Hüseynov Səmərqənd azərbaycanlısıdır. Məşhur bəstəkar və skripkaçı olub. Rober Osseyn özü isə Parisdə anadan olub. O, Jofrey De Peyrak rolunu elə gözəl oynayıb ki, özü də öz roluna vurulub, onu yaradıcılığının zirvəsi adlandırıb. Hətta müsahibələrindən birində deyib ki, mən qəbrimin baş daşında özümün yox, Jofrey De Peyrakın obrazının əksinin çəkilməsini istərdim. Sonralar Rober Osseyn Bakıya da gəlmişdi, “Bakı-2015” I Avropa Oyunlarının məşəlçilərindən biri olmuşdu... Yəni dediyim odur ki, incəsənətin digər növləri kimi ədəbiyyat da insanın “insan” kimi yetişməsində mühüm rol oynayır. Bu əsər “deyir” ki, insanda “insan” axtarmaq lazımdır, zahiri gözəllik müvəqqətidir. İnsanı “insan” edən onun xarakteridir, “insan”lığıdır. Mənim fikrim birmənalıdır: gözəlliyi zahirdə deyil, batində axtar. Bu fikrimi nəvələrimə də aşılayıram: kitab oxuyun, kitab insandan insan yaradır, kitab həyatın min bir rəngini açır gözlərimizin qarşısında...”

 

Nurlana Əliyeva elmi axtarışlarının, davamlı çalışmalarının bəhrəsi olan elmi titullarını da çiyinlərində qürurla daşıyır. 1988-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktoru, professordur. 2004-cü ildən Rusiya Federasiyası Psixologiya və və Pedaqogika Akademiyasının müxbir üzvüdür...

 

İctimai-siyasi xadim, YAP Qadınlar Şurasının sədri...

 

Onun fəaliyyətində üç istiqamət qırmızı xətt təşkil edir: təhsil, elm, ictimai-siyasi fəaliyyət. Üçünü bir arada cəmləmək, hər birində eyni uğurla çalışmaq, elmi fəaliyyəti ictimai-siyasi fəaliyyətlə bacarıqla uzlaşdırmaq, qazandığı nailiyyətləri qoruyub saxlamaq olduqca çətindir. O, məhz bu çətin olanı bacaranlardandır...

 

O, hər zaman fəal vətəndaş olub, ölkədə gedən mühüm ictimai-siyasi proseslərə biganə qalmayıb. Yüksək təşkilatçılıq bacarığı, işgüzarlığı ilə seçilib. İki dəfə (1998 və 2003-cü illərdə) ölkəmizdə keçirilən prezident seçkilərində çox böyük siyasət və dövlət adamı, Ulu öndər Heydər Əliyevin vəkili olub.

 

Heydər Əliyev YAP-ı yaradanda cəmiyyətin avanqard qadınları bu partiyaya qoşuldular. Bu, Ulu öndərə məhəbbət və inamın nəticəsi idi. Heydər Əliyev Azərbaycan qadınlarının mənəvi sifətlərini, səbrini, dözümünü, fədakarlığını, sədaqətini, etibarını, zəhmətsevərliyini sevirdi, onları cəmiyyət həyatında fəallığa ruhlandırırdı, idarəçiliyə cəlb edirdi, bununla da onların qarşısında yol açırdı. Bu yol qadınları dövlətə, dövlətçiliyə, dövlətin rəhbərinə daha da sıx bağlayırdı...

 

Nurlana Əliyeva da Heydər Əliyevin dövlət qadın siyasətinin yetirməsidir, müdrik siyasətçinin qarşısında yaşıl işıq yandırdığı lider qadınlardan biridir...

 

YAP yeni yarananda ona üzv yazıldı. Bu, təkcə üzvlük deyildi, demək olar ki, qadınların önündə idi, partiyanın qurulmasında, qadınların partiyaya cəlb edilməsində böyük fəallıq göstərirdi...

 

“Üç dəfə görüşmüşəm o böyük insanla. O qədər əzəmətli təsir bağışlayıb ki... Həm qüdrətli dövlət baççısı, həm sadə insan kimi. Birini yada salacağam. 1998-ci ilin mayı idi. Böyük öndərin 75 yaşı tamam olurdu. Tanrı bizə də həmin yubileyi onunla birgə qeyd etməyin xoşbəxtliyini bəxş etdi, Onun görüşünə getdik. Bizi nurani çöhrəsindəki pak, təmiz təbəssüm və özünəxas sevinclə qarşıladı. Hər birimizlə əl tutub görüşdü, yenə də qadınların ünvanına sonsuz məhəbbətlə danışdı, “Azərbaycan qadınları dünyanın ən gözəl və ən qeyrətli qadınlarıdır” dedi. Əliboş getməmişdik, simvolik bir hədiyyəmiz vardı. Bu, at üstündə əyləşmiş, çiyninə içərisində ox-yay olan xurcun aşırmış bir qadın fiquru idi. O vaxt Dövlət Qadın Komitəsinin sədri olan Zəhra Quliyeva hədiyyəni təqdim etməyi mənə həvalə etmişdi. Mən dedim: “Möhtərəm Prezidentimiz, bu, rəmzi bir hədiyyədir. At xalqımızın təfəkküründə arzuya, murada çatmaq rəmzidir. Onun üstündə əyləşən silahlı qadın isə Azərbaycan qadınıdır. Bu, o deməkdir ki, Azərbaycan qadını bu gün müharibə şəraitində nigaran yaşayır – elindən-obasından, yurdundan, ev-eşiyindən, atasından, ərindən, qardaşından, övladından, nəhayət, Vətənindən nigaran. Ona görə də silahlanıb. Dastanlarımızdan, əfsanələrimizdən də bəllidir ki, Azərbaycan qadını heç vaxt öz ərini darda, çətində tək qoymayıb, lazım gələrsə, at minib, silaha sarılıb. Əziz Heydər Əliyev, Sizinlə görüşmək fürsətindən istifadə edərək demək istəyirik ki, biz də Ali Baş Komandanın bircə kəlməsinə bəndik ki, silah götürüb düşmən üzərinə gedək. Təki torpağımız yağı tapdağında qalmasın, təki övladlarımız qurban getməsin. Azərbaycan qadınları yalnız Sizin siyasətinizin arxasınca getməyə hazırdır. Başa düşürük ki, min bir zəhmətlə böyütdüyümüz övladlarımız yalnız sizin müdrikliklə qurduğunuz gözəl cəmiyyətdə azad yaşaya bilərlər. Ona görə də Sizin siyasətinizi dəstəkləyir və dəstəkləyəcəyik!” Heydər Əliyev məni dinləyib güldü və dedi: “Buna ürəkdən inanıram. Dünyada Azərbaycan qadınları qədər dəyanətli qadın yoxdur və mən çox xoşbəxtəm ki, onlar mənim siyasətimi bu cür dəstəkləyirlər.”

 

Deyir ki, ideyalarının əsasında dövlətçilik fəlsəfəsi dayanan Heydər Əliyevin yolu bizi məbədə aparır. O məbəd azadlıq, istiqlaliyyət, demokratiya, ədalətli insanların məbədidir. Biz o məbədə tərəf getməyə bilmərik. O məbəddə böyük öndərin davamçısı Prezident İlham Əliyevin Azərbaycanın daha da çiçəklənməsi, qüdrətlənməsi, tanınmasına hesablanan qlobal işlər dayanır...

 

Nurlana Əliyevanın əqidə bütövlüyü heç vaxt şübhə doğurmayıb, ictimai-siyasi fəaliyyətinə ilk cığır açan gündən indiyədək siyasi həmfikirlərində ona qarşı dəyişməz fikir formalaşdırıb. O, dövlətinə, millətinə, xalqına, onun milli dəyərlərinə sədaqətinə tam əmin olduğun insandır. Qibtəedici qətiyyət, güclü xarakter onun xarakterinin əsas cizgiləridir.

 

Milli Məclis sədrinin müavini, YAP İcra katibinin müavini Bahar Muradova: “Nurlana xanım bir xalqın, bir millətin öyünəcəyi, qürur duyacağı insanlardan biridir. Azərbaycannda çox az, haqqında ən yüksək fikirlər söylənən ictimai-siyasi xadimlərimizdən biridir. Çoxminli bir partiyanın içərisində uğur qazanmaq, seçilmək olduqca çətindir və YAP kimi bir partiyada, mən bunun canlı şahidiyəm və bilirəm ki, burada seçkili orqanlara seçilmək üçün nə qədər böyük rəqabət var. Amma Nurlana xanımın namizədliyi hər zaman birmənalı şəkildə müsbət qarşılanıb və o, təklif olunan bütün vəzifələrə mütləq əksəriyyətin rəyi ilə gəlib. Ən əsası, bizim milli liderimiz, ölkə prezidenti, bizim hamımızın sevimlisi, YAP-ın qurucusu Heydər Əliyevin Nurlana xanıma çox böyük hörməti var idi. Bir fakt kifayət edər ki, Nurlana xanım iki dəfə milli liderimizin prezidentliyə namizədliyi zamanı onun rəsmi vəkili olmuşdu və bütün təbliğat işlərində öndə getmişdi.”

 

1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə YAP-ın Qadınlar Şurası yaradıldı. Onun fəallığı isə diqqətdən yayınmadı. YAP Yasamal rayon Təşkilatı Qadınlar Şurasının sədri kimi böyük əzmlə çalışdı. Qadın hərəkatında və partiyadakı fəallığının nəticəsi idi ki, YAP sədri, Prezident İlham Əliyevin tövsiyyəsi ilə o, 2009-cu il aprelin 25-də YAP Qadınlar Şurasının ümumrespublika konfransında Partiyanın Qadınlar Şurasının sədri seçildi. Bu təyinatla təşkilatın həyatında böyük canlanma yarandı. YAP Qadınlar Şurası aktual mövzuları gündəmə gətirdi, onların müzakirəsini təşkil etdi, xeyriyyə aksiyaları keçirdi. Bu tədbirlər ardıcıl xarakter aldı. Tədbirlərin bir neçəsinin adını çəkmək kifayətdir ki, bu fəaliyyətin miqyası görünsün. “Tarix və müasirlik: 21-ci əsrin çağırışlarına cavab”, “Ölkəni xilas edən Böyük Qayıdış günü”, “Heydər Əliyev və milli dirçəlişimiz”, “Təhsil: milli ruh, milli mühit, istiqamətlər, nəticələr”, “Multikultural dəyərlər və azərbaycançılıq”, “Virtual aləm: sosial şəbəkələr və milli-mənəvi dəyərlər” mövzusunda ümumrespublika konfransları və s… Son konfransın miqyası daha geniş idi. Prezident İlham Əliyevin “Multikulturalizm ili” elan etdiyi 2016-cı ildə YAP Qadınlar Şurası Bakıda və bölgələrdə “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda konfransla bütün dünyanı narahat edən məsələni gündəmə gətirdi...

 

O, ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı tədbirlərin mövzusunu inanılmaz dərəcə dəqiqliklə seçir. Təşkilatçılıq, insanları inandırmaq, səfərbər etmək bacarığı, ünsiyyəti heyranedicidir. Əcnəbi qonaqlarla söhbətlərində də bu xüsusiyyəti daha qabarıq üzə çıxır. 2014-cü ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatının Qadın Məsələləri üzrə məsul nazirlərin 5-ci beynəlxalq konfransı keçirilirdi. İran İslam Respublikası prezidentinin Qadın və Ailə Məsələləri üzrə müavini, xanım Şahindoxt Mollaverdi konfransda iştirakı çərçivəsində Pedaqoji Kollecə gəlmişdi. Görüşü AzTV-nin “Xəbərlər” proqramının əməkdaşı kimi izləyirdim. Nurlana xanım ölkəmizdə qadınların fəallığı, onlara verilən dəyər, eləcə də Qarabağ həqiqətləri haqqında müfəssəl məlumatı ilə qonağın diqqətini çəkmişdi. Bunu xanım Şahindoxt Mollaverdi özü etirtaf etmişdi...

 

Nurlana xanım qadınlarımız haqqında da yüksək fikirdədir. Fəxrlə deyir ki, YAP üzvlərinin 40 faizindən çoxu qadındır, hətta 400, 500, 700 mininci üzvləri xanımdır.

 

“Dünya qadınlarının ən gur nöqtəsində Azərbaycan qadınları addımlayır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nümunəsi bizə qürur verir. Onun işgüzarlığından, vətənpərvərliyindən nümunə götürməliyik. Ən çox da məqsədyönlü, ardıcıl olmaq baxımından. O, Azərbaycan mədəni irsinin hamisidir, mədəniyyətimizi dünyaya təbliğ etməklə Azərbaycan anasının səviyyəsini, mütərəqqi cəhətlərini sərgiləyir.”

 

“Zəriflik” – Azərbaycan qadınlarının tribunası...

 

YAP Qadınlar Şurası 2010-cu ilin dekabrında özünün mətbu orqanının – “Zəriflik” jurnalının nəşrinə də başladı…

 

Yeri gəlmişkən, Nurlana xanım KİV-də də fəal mövqeyi ilə seçilən, imzası tez-tez görünən, aktual mövzulu çıxışları, müsahibələri ilə seçilən, mətbuata, mətbuat nümayəndələrinə açıq ziyalılardandır. Hətta onun ölkəmizin ictimai-siyasi həyatı, böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, eləcə də təhsillə bağlı irihəcmli təhlil yazıları həmişə, sözün yaxşı mənasında, müzakirə mövzusuna çevrilir (“Azərbaycanı dəyişən məhəbbət və ya Olimpiya ideallarının təntənəsi”, “Təhsil cəmiyyətin uğur faktorudur” və s.).

 

Onu tanıyanlar yaxşı bilirlər ki, rahat dayanan adam deyil, mütləq insanları təəccübləndirməlidir. Bu dəfə “Zəriflik” jurnalı ilə təəccübləndirdi. Bu jurnal onun naşirlik bacarığını da ortaya qoydu. Ümumiyyətlə, o, fəaliyyətin hansı yönündə çıxış edirsə, dürüst, inandırıcı mövqe sərgiləyir, ortaya mükəməl fakt qoyur. Jurnalın ilk nömrəsində belə yazmışdı:

 

“Zəriflik”... Qadın ülviyyətini, qadın zərifliyini, qadın sədaqətini bundan gözəl ifadə edən söz tapmaq çətindir. Bu deyim yadımıza hər şeydən əvvəl Ananı gətirir. Bizim ünvanımız isə Azərbaycan anasıdır, Azərbaycan qadınıdır...

 

Biz hər bir Azərbaycan qadınına diqqət göstərəcəyik. Onların uğurlarını gətirəcəyik öz səhifələrimizə. Həyat tərzinizdən, iş-gücünüzdən, planlarınızdan yazacağıq. Arzularınızı soruşacağıq. Problemlərinizə, qayğılarınıza da biganə qalmayacağıq. Gündəmdə olan mövzuları sizinlə birgə müzakirə edib, çıxış yollarını da birgə axtaracağıq. Diqqətinizi adət-ənənələrimizə, milli geyimlərimizə, mətbəximizə aid maraqlı rubrikalara, qadın gözəlliyindən, moda aləmindən bəhs edən səhifələrimizə yönəldəcəyik...

 

Bir sözlə, “Zəriflik” hər biriniz üçün müdrik bir Azərbaycan Anası olmaqda qərarlıdır...”

 

2011-ci ilin martında, Novruz ərəfəsində jurnalın ilk nömrəsinin təqdimatı oldu. “Zəriflik” az vaxtda geniş oxucu auditoriyası qazandı. Qəhrəmanların seçimi, materialların təqdimatı, gözəl dizaynı ilə seçildi. Əslində, bu, gözlənilən idi, çünki baş redaktor Nurlana Əliyeva, hər şeydən əvvəl ədəbiyyat adamıdır...

 

Natiq, milli dəyərlərin daşıyıcısı...

 

İnsanın biliyi, dünyagörüşü, intellektual səviyyəsi nitqində üzə çıxır. Nurlana xanımın mötəbər tədbirlərdə (məsələn, dövlət qadın siyasəti ilə bağlı toplantıda, təhsil işçilərinin qurultayında, multikultural dəyərlərə həsr olunan konfransda, ədəbi seminarda, televiziya verilişində...) iti zəkasını üzə çıxaran təmkinli, tutarlı arqumentlərə söykənən məntiqli çıxışlarını çox eşitmişəm. Ana dilimizdə bəlağətlə danışır, obrazlı təfəkkürü var. Rəvan, səlist, axıcı nitqi ilə auditoriyanı çox ustalıqla ələ alır. Şəxsiyyətindəki qətiyyət, cəsarət nitqində də öz əksini tapır. Yaxud hansısa tədbirdə ekspromt söz verilsə, heç çətinlik çəkmədən mövzu ilə bağlı dopdolu bir çıxış edəcəyinə şübhə yoxdur. Amma... O, çox məsuliyyətlidir. Özüm şahidəm, onu hansısa verilişə, proqrama dəvət edəndə ilk sözü belə olur: “Vaxt verin, hazırlaşmalıyam axı!” Bu, onun özünə və çıxış edəcəyi auditoriyaya hörmətidir. Bir dəfə “Həftə” proqramına çəkirdik onu. “Nə qədər vaxtım var?” soruşdu. “5 dəqiqə”. O, ayrılan vaxtda fikrini o qədər dəqiqliklə tamamladı ki... O da yadımdadır ki, çox alındığından verilişi bir dəqiqə azaltmalıydıq, onun fikirləri isə o qədər ardıcıl, məntiqli, zəncir kimi bağlı idi ki, kəsməkdə çətinlik çəkdik...

 

Nurlana xanım tələbkar dövlət məmuru, partiya işçisi, ictimai-siyasi xadimdir, eyni zamanda milli ziyalılığın nümunəsidir. Bütün mənəviyyatı ilə millidir, milli düşüncə sahibidir. Adət-ənənələrimizə, əxlaqımıza, mənəvi dəyərlərimizə tükənməz hörmət hissi var. Zahiri görkəmindən tutmuş geyiminədək ən incə detalda da bunu hiss etmək mümkündür.

 

Hər səhər evdən “Qurani-Kərim”i öpüb çıxar, tez-tez müqəddəs yerlərimizi ziyarət edər. Həcc ziyarətində olub. Allahın müqəddəs evində dualar etmək ona da nəsib olub...

 

O, həm də bəşəri dəyərlərə dəyər verən, modern düşüncəli insandır, olduqca müasirdir, yeniliklərə açıqdır.

 

Sadəcə, insan...

 

Nə etdiyini, nə edəcəyini yaxşı bilən insandır. Özü üçün müəyyən etdiyi “qızıl qayda”lar var. Bu onun üçün çox vacibdir. Ömrü boyu ən çox buna can atıb – nəcabətli insan olmağa. Dövlət məmuru kimi nə qədər rəsmi, tələbkardırsa, insanlarla davranışında o dərəcədə həssasdır. Gərgin iş rejimi onun insani keyfiyyətlərinə toxuna bilməyib. Ağır təbiəti, ciddi görkəmi bəzən qorxudub insanları, ondan ehtiyat ediblər, çəkiniblər. İçindəki zərifliyi, mərdi-mərdanəliyi, xeyirxahlığı görənlər isə çaışb qalıblar. Uğurlarında bunun da rolu az deyil. “Gözəl ürəyə sahib olmaq mükəmməl olmaqdan daha yaxşıdır” deyir.

 

Emosiyalarını ustalıqla gizlətməyi bacarır, bu, siyasətçi üçün vacib elementlərdəndir. Amma nə qədər ciddi olsa da, çöhrəsindəki təbəssüm heç vaxt itmir...

 

Özünə tələbkar olduğu kimi, işçilərinə, tələbələrinə, övladlarına də tələbkardır. Bundan ən çox qazanan isə tələbkarlıq etdiyi insanlardır...

 

“Bir insanda qədribilənlik, sədaqət varsa, xeyirxahlıq, mərhəmət də var. Yalan varsa, bəd niyyət də var, şər-böhtan da. Heydər Əliyev kimi dahi öz siyasətini “Qoy ədalət zəfər çalsın!” üzərində qurdu. Dünyanın gözünü açan həqiqətdir. Siyasət də ən çox həqiqətə arxalanır. Gənclikdə qüsur varsa, yaşlı nəsil səbəbi özündə axtarmalıdır. Çünki hər şey tərbiyədən, şəxsi nümunədən gəlir... Seretelinin “Mürəbbiyə” hekayəsini yada salın. İki qardaşdan biri digərinə xəyanət edir. Qardaş “Get mürəbbiyəndən soruş, gör günahkar kimdir?” deyir. Mürəbbiyə onu dinlədikdən sonra “Günah mənimdir” deyə güllə ilə özünü öldürür... Biz elə tərbiyə etməliyik ki, gənclər milli-mental dəyərlərimizə dəyər verib, qorusunlar.”

 

Əziz bayramlarımızda Bilgəhdəki “Müharibə və əmək əlilləri üçün pansionat”a, internatlara, uşaq evlərinə, əllillər üçün pansionatlara gedir, bayramlaşır, hal-əhval tutur və bütün bunları ürəyinin hökmü ilə edir. “Ahıllar evi”nə ziyarətlərindən birində yenə onların könlünü aldı: “Bu görüş insanlıq borcumuzdur. Dövlətimiz sizə yetərincə qayğı göstərir, heç nəyə ehtiyacınız yoxdur. Biz isə, sadəcə sizə baş çəkmək üçün gəlirik”.

 

Övladlarının atdığı, dövlətin yiyə durduğu ahıllarla görüşəndə kövrəlir, onları ziyarət edəndən sonra günlərlə özünə gələ bilmədiyini söyləyir...

 

Xarakterinə uyğun, səliqəli və zövqlü...

 

Geyim mədəniyyəti – bu ifadəni, adətən, mədəniyyət, incəsənət, səhnə adamları üçün işlədirlər. Əslində, geyim hər bir insanı “tanıdan”, “təqdim edən”, haqqında “fikir formalaşdıran” amildir. O, geyimi ilə də fərqlidir. Bu geyim təkcə cəmiyyətdəki statusuna uyğun deyil, həm də xarakterinin göstəricisidir. Xarakterini geyimi, geyimini xarakteri ilə əla şəkildə uyğunlaşdırmağı bacarır.

 

Onu heç vaxt dəbdəbəli geyimdə, qızıl, qaş-daşın içində görməzsən, əksinə, söz-söhbətlərini qızıla bürünmüş görərsən. Qızıl, qaş-daş onun hər gün vücudunda gəzdirdiyi sadəliyi, zahiri və daxili mədəniyyətidir.    Bu mənada, tələbələrinə yalnız savadı, nitqi, davranışı ilə deyil, geyimi ilə də örnəkdir. Yüksək mənəvi dəyərlərimizin daşıyıcısı və ötürücüsü, milli ruhu, milli xarakteri ilə nümunədir. Bu nümunədən öyrənməmək mümkün deyil...

 

Dilimizdə çox gözəl bir deyim var: xanım-xatınlıq. Xanım-xatınlıq təkcə onun zahiri görkəmində deyil, həm də xarakterində, xasiyyətindədir...

 

Ailə... “Sən də təkcə mənim adıma düşdün...”

 

...Bakıya alışa bilmədiyi zamanlar idi. Universitetdə oxuyurdu, gül qönçəsi kimi bir qız idi, ömrünün çiçək çağında idi. Başına pərvanə tək dolananlar az deyildi. Amma Allah ayın-ilin xoş saatında öz yarısını çıxardı onun qarşısına. Bu, Faiq idi. Ruhən, qəlbən hiss edirdi ki, onun yarısı məhz bu gəncdir. Faiq onun bir ömür boyu birgə addımlaya biləcəyi, ömrünü paylaşa biləcəyi bir insandır. Bu tanışlıq çoxdandır isnişə bilmədiyi şəhəri də ona doğmalaşdırmışdı. Amma hələ də tərəddüd içində idi: “Evdəkilərin münasibəti necə olacaq?..

 

“...Biz telefonla tanış olmuşduq. Anarın bir əsəri var ey: “Mən, sən, o və telefon”. Bu hekayə mənə, həm də həmin oxşarlığa görə çox əzizdir. “Mən, sən, o və telefon” bizim gənclyimizdə – 1967-ci ildə yazılıb. Hekayənin qəhrəmanı Seymur adlı gəncdir. Onlar beş dostdur. Seymurdan savayı hamısı evlidir. Dostları tez-tez Seymura söz atır, evlənməyə tələsdirirlər. Bir gün başqa dostlarının toyu olur. Toydan sonra dostlarının hərəsi Seymura bir rəqəm deyib taksofondan həmin nömrəyə zəng vurmasını söyləyirlər. Seymur razılaşır, amma həmin nömrədə heç kim cavab vermir. Tək-tənha evə qayıdan Seymur qəflətən bayaqkı nömrəni yığır, bu dəfə dəstəyin o başından qadın səsi eşidilir. Beləcə, onların hekayəsi başlayır... Bax belə... Əgər yenidən cavan olsaydım və soruşsaydılar, kiminlə ailə qurardın, yenə də deyərdim ki, ancaq Faiqlə. O, çox fərqli insan idi...”

 

Tanrı onları seçdi, tale onları qarşılaşdırdı. Ailələr də bu sevgiyə xeyir-dua verdi. Necə deyərlər, onlar bir-birinin adına düşdü. Evləndilər. Xoş gündə də, çətin anda da bir-birinə söykək oldular. Ev-eşik qurdular, bu ocağın yükünü birgə çəkdilər, iki oğul böyütdülər, qohum-əqrəba üçün də ümid yeri, həyan oldular, çörəklərini neçə yerə böldülər. Məhəbbətlə qayğı, sevgi, hörmət dolu uzun bir yolu birgə gəldilər. Və bu sevgiyə görə heç zaman peşmançılıq hissi keçirmədilər. O, bir evin xanımı, bir təpərli kişinin həyat yoldaşı, ömür-gün dostu, iki oğul anası oldu. Sonra övlad toyu, nəvələr... Onların da nazını birgə çəkdilər...

 

Adqoyma mərasimi – uşaqlar üçün ən böyük mənəvi yadigar...

 

Nurlana xanım milli dəyərlərimizi, adət-ənənələrimizi öz ailəsində də yaşadır. Kaş siz onun nəvələrinə çaldığı laylaları eşidəydiniz! Mən inanıram ki, nəvələri səs yaddaşlarındakı o “səsi” mütləq xatırlayacaqlar...

 

Kaş siz Nurlana xanımın nəvələrinə adqoyma mərasimini müşahidə edəydiniz! Mən onun əkiz nəvələrinə adqoyma ritualını, adlarını qulaqlarına pıçıldamaq mərasimini izləmişəm. Xalqımızın az qala unudulan bu qədim adətini yaşadır, örnək olaraq sabaha ötürür. Bu sevginin kökü, mayası nəsildən gəlir, ailədən gəlir, valideynlərdən gəlir...

 

O həm də ona görə xoşbəxtdir ki, adını qulağına pıçıldadığı, adını yaşadacaq bir xanım nəvəsi də var. “Adını qoydum Nurlana, Nurlana, Nurlana... Adımı verdim sana, adınla yaşa! Adını mən qoydum, taleyini Allah versin! Şükür olsun səni verən Xudaya! Ağıllı, ağıllı bir qız olmağını arzulayıram. Sənə Allahdan gözəl bir bəxt istəyirəm!..

 

“Ən dəyərli nemət övladdır. Gözəl övlad insanın əsəridir. İşim nə qədər gərgin olsa da, öz ailəmdə mənən dincəlirəm. Çünki evimdə böyük-kiçik var, hər kəsin öz yeri, öz məhəbbəti var. Nəvə insanı həyata bağlayır, yaşadır onu. Mənə zövq verən, qürur verən nəvələrimdir: Nihadım, Nurayım, Məryəmim, Ağababam, Nurlanamdır...”

 

Kaş siz Nurlana xanımı Gəncə plovu dəmləyəndə görəydiniz! Ailəsini zövqlə açdığı süfrənin ətrafına yığanda görəydiniz!..

 

Kaş Nurlana xanımın pianoda çaldığı “Alagözlüm”ü dinləyəydiniz!..

 

Kaş...

 

Onun nəvələrinə də danışmağa xatirələri çoxdur. Bu da hər kəsə nəsib olan xoşbəxtlik deyil...

 

Ayrılıq olmasaydı...

 

Ayrılıq həmişə kədərlidir, üzüntü, sarsıntı gətirir, göz yaşı gətirir. Faiq müəllimin ayrılığı da nəinki ailəni, onu tanıyanların hamısını kədərə boğdu. Ağır xəstəlik yaxalamışdı onu. Nə qədər sarsılsa da, müdrikliyini, səbr və təmkinini qorudu Nurlana xanım. Həyat yoldaşına da, uşaqlara da dəstəyi, təsəllisi lazım idi. Bacardığından çoxunu etdi. Bilə-bilə ki, geriyə yol yoxdur, sağalması mümkün deyil, yenə də onu son gedişindən bir az da ləngitmək, bu dünyada bir gün də olsun artıq saxlamaq istədi. Ömrünü bir saat da olsa uzatmaq üçün nələr etmədi? Qadın dediyin, bax budur...

 

“Faiq ölüm ayağında idi. Son taqətini, gücünü toplayıb ayağa qalxmaq istəyirdi. Baxışları ilə məndən mənim əlimdə olmayanı istəyirdi. Gözlərini üzümə zilləyib, sanki: “Qoyma ölüm, sizdən ayrılmaq istəmirəm” deyirdi. “Qanını qaraltma, qorxma, heç səni qoyaram öləsən?..” hərdən zarafata salıb belə deyərdim, zorla gülümsəyərdim. Artıq hamımız bilirdik ki, ömrünə, ölümünə sayılı günlər qalıb. Bunu bilə-bilə onun gözlərinə baxıb yalan danışmaq elə əzablı idi ki... İnsan yalanı sevir, yalan danışmaq insana xas xüsusiyyətdir. Nəyinsə xatirinə, məcbur olub danışır, bilə-bilə danışır və s.. Bir də var müqəddəs yalan. Mən də yalan demişdim ona. Bu, ona ümid vermək üçün dediyim yalan idi. Xəstəliyini gizlətmişdim ondan. Bəlkə də, yersiz hərəkət idi bu... Adam var ki, hönkürtü ilə ağlayıb ürəyini boşalda bilir. Bulud kimi dolu idim, amma hönkürüb ağlaya bilmirdim, ağlamırdım. Onu bu əlacsız, çarəsiz vəziyyətdə görmək çox ağır idi... Elə hey gözlərini tavana zilləyib susurdı. Bu lal süküt, bu qışqıran, haray çəkən səssizlik, az qala, dəli edirdi adamı. Sükutu sevməzdi, sükutdan qaçardı, sakitliyi xoşlamazdı, deyərdi, qoy səs-küy olsun evdə həmişə. Mənim də, uşaqların da dəstəyi ona güc verirdi, yaşamağa inamını artırırdı. Hərdən ümidsizcəsinə sağalacağını gözləyirdi. Amma son günlərində “Daha Allahdan ümidim üzülüb, daha mənim ipim qırılıb” deyirdi. Onun bu sözü əslində, həqiqət idi...

 

...Övladlarının hər birində onun zərrəsi var – hansınınsa çöhrəsində, təbəssümündə, gülüşündə, hansınınsa ciddiyyətində, xarakterində, mərdliyində, bütövlüyündə, qədirbilənliyində, xeyirxahlığında, etibarında... Bu gün ailəmizdə beş alim yaşayır...”

 

Faiq müəllimdən sonra anası Tamara xanımı itirdi. Dalbadal gələn bu iki ölüm həyatının ən böyük itkisi oldu... 

 

“Gəlimlə gedim arasında necə yaşamısansa həyat odur...”

 

 “Hər kəsin dünyaya gəldiyi bir gün var. O gün insan üçün çox kövrək gündür, adam özü özündən qaçmaq istəyir. Bəlkə, yaşını hiss etməmək üçün? Çünki illər keçdikcə insan öz ömrünün sonuna yaxınlaşır, əslində, dünyaya gələrkən ora gedir. Gəlimlə gedim arasında necə yaşamısansa, həyat odur. Özümü 100 yaşında müdrik kimi hesab edirəm. Ömər Xəyyam deyib: “Mən bu dünyadan gedəndə bildim ki, heç nə anlamamışam.”

 

Zəhmət çəkməsən, istəyinə nail ola bilməzsən. O insan xoşbəxtdir ki, zəhmətinin bəhrəsini görür. Gəncliyimi itirmişəm, amma gözəl ailə qurmuşam, gözəl övladlar tapmışam. Cəmiyyətdə hörmət, kollektivimdə məhəbbət qazanmışam. İki övladım var, iki gəlinim var. Vüqar sağ, İlqar sol qanadımdır. O qanadlara bir cüt qanad da yapışıb. Gəlinlərim Günay və Sevda qızlarımdır. Nəvələrim Allahın mənə verdiklərinin ən şirini, ən qiymətlisi, ən bahalısıdır. Tapdıqlarım itirdiklərimdən çoxdur. Qat-qat çoxdur. İnsan öz yaşına inanmır, çünki ürək cavan qalır, yaş artır, insan müdrikləşir...

 

...Keçmişimi qısqanclıqla yada salmıram, bugünümlə yaşayıram, gələcəyə nikbin baxıram və çalışıram ki, yaşım qədər müdrik olum, gümrah və sağlam olum, zəhmətimlə cəmiyyətə fayda verim...”

 

Yubileylər ili...

 

“70 illik yubiley çox ciddi yubileydir. Bu ərəfədə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Slavyan Universitetinə rektor təyin olunmaqdan sonsuz məmnunluq duyuram. Bu, çox yüksək etimaddır. 70 illik ömrümün də ən sanballı nəticəsidir...

 

60 illik yubileyimdə “Şöhrət” ordeni ilə təltif olunmağım da Prezidentimizin əməyimə verdiyi yüksək qiymət idi. Müstəqil Azərbaycanın bu ali mükafatı bütün təltiflərdən əzizdir mənə...

 

Bu il Bakı Slavyan Universitetinin də 70 yaşı tamam olur. Onu layiqincə qeyd edəcəyik...

 

Rektorluq siyasi fəaliyyətimə maneəçilik etməyəcək. Əksinə, düşünürəm ki, bu, həm Universitet, həm də Partiyamızdakı işimin xeyrinə olacaq. YAP dövlətçiliyimizlə sıx bağlıdır, dövlətçiliyimizlə qoşa qanad kimidir. Gənclərimizi dövlətçilik ruhunda böyütmək isə bizim əsas işimizdir. Hər bir gəncin öz Vətəninin layiqli təmsilçisi olması üçün var-gücümüzlə çalışmalıyıq...

 

...Bir ildən sonra Bakı Slavyan Universitetinin tələbəsinin üzündə bir razılıq görəcəksiniz, sevinc görəcəksiniz. Heç bir şeydən nigaran, narahat olmadan başlarını aşağı salıb dərslərini oxuyacaqlar. Tələbə-müəllim münasibətlərində böyük bir şəffaflıq, hörmət olacaq. Tələbələr Bakı Slavyan Universitetinin məzunu olmaqdan qürur hissi keçirəcəklər...”

 

Bu vədin gerçək olacağına da heç kimin şübhəsi yoxdur...

 

“Yarımçıq kitab”...

 

“Professor Nurlana Əliyeva”... O, üç zümrəni, üç təbəqəni – Azərbaycan qadınlarını, xanımlarını, analarını, təhsil işçilərini, təhsil ictimaiyyətini və Yeni Azərbaycan Partiyasını layiqincə təmsil edir...

 

7 qızıl onluğu var...

 

Bu, bir ömürdür. Tanrının bəxş etdiyi, sahibinin isə nahaq yaşamadığı ömür...

 

Bu, bir həyat tarixçəsidir. Sevinci-acısı, asanı-çətini, qazancı-itkisi, hər zaman onu ovunduran xatirələri ilə...

 

Bu, bir həyat məktəbidir. Ağlı, savadı, təfəkkürü, işgüzarlığı, zərrə-zərrə topladığı təcrübəsi ilə...

 

Bu ömrün davamı gəlir. Hələ çox illər yaşasın, hələ çox illər işləsin! Həm öz ömrünü, həm davamçılarının yolunu, həm də “Yarımçıq kitab”ın səhifələrini işıqlandırsın, nurlandırsın!..

 

O yarımçıq kitab... mütləq tamamlanacaq!..

 

Bu yubiley yazısı isə, sadəcə onun PORTRET cizgiləri idi... Alındımı? Çəkə bildimmi?..

 

 

Firuzə NADİR

525-ci qəzet.-2016.- 27 avqust.- S.18-19.