Səsimdən yapış...
Uzun zamandı bir-birimizdən xəbərimiz yox idi. Ali məktəbdə
bir yerdə oxumuşduq. Təmasımız
ya sürəkli, ya da adda-budda olurdu.
İki-üç ay əvvəl küçədə
onu qəfildən görəndə xeyli dəyişmişdi. Az qala ağlamsınaraq mənə
ürəyini açıb tökdü ki, daha gözlərimlə
bacara bilmirəm, eynəyimin şüşələri +10-a
çatıb, bununla belə yenə də çox şeyi
görmürəm, hara baxıram, hər şey
qarışır bir-birinə, mənə elə gəlir ki,
mən gördüyüm o andaca nə cür olursa, dəyişir,
əvvəlki halından çıxır, itir, yox olur. Bir sözlə, aləm qarışıb bir-birinə.
Sabah yox, o biri gün əməliyyata gedəcəyəm.
“Yastığın yüngül olsun” deyib
üzümə qəmli ifadə verdim.
Bir yas məclisində təsadüfən üzbəüz
oturduq. Darıxan adamlar kimi elə hey ətrafına
boylanır, kimisə axtarırdı. Mənə
etinasız-etinasız baxır, elə bil, məni
tanımırdı. Əvvəlcə nə
cür reaksiya verəcəyimi bilmədim.
Mən özüm də eynəksiz olduğu
üçün birdən-birə onu
tanımamışdım. Çünki
tanıdığım gündən bu günəcən tələbəlik
dostumu harda görmüşdümsə, gözü eynəkli
görmüşdüm və mənə həmişə elə
gəlmişdi ki, eynək çoxdandan bəri onun təbii
bir əzasına çevrilib. Qonşu
stolda kiməsə gülümsədi, ondan tanıdım.
Dişlərini ağardıb bu cür yalandan
gülümsəməyi ancaq o bacarırdı.
- Hər şey normaldı? - Məhrəm
adamlar kimi soruşdum. - Əməliyyat necə
keçdi? Bağışla, yanına gələ
bilmədim.
-
Normaldı. - Üzünün ifadəsindən gördüm
ki, avtomatik olaraq saymazyana cavab vermək istəyir. Amma elə ki, səsimi, intonasiyamı eşitdi,
gözlərini - rəngsiz gözlərini (sən demə, rəngsiz
də göz olurmuş) həzin bir maraqla yavaş-yavaş ətrafdan
yığıb üzümə dikdi, maddım-maddım
baxdıqca baxdı, elə bil, nəyisə xatırlamaq istədi.
Əlbəttə ki, xatırlayıb rahat
köks ötürdü. - Baxıram, eynəksizsən
daha, maşallah. Əməliyyatdan sonra adam
tanımırsan?! Xeyirdimi?
Maraq və
hətta həsrətlə baxışlarını pilləkən
kimi üzümə dirəyib duranda isə daha dözmədim,
bu dəfə bilə-bilə kobud olmağa
çalışdım:
- Deyəsən,
artıq bu bədbaxt dünyamız sənin
sağalmış gözlərinə başqa cür
görünür?! Mənəm, mən.
Otuz illik can bir, tən ayrı qardaşın. Yəqin
adımı da unutmusan. Düz eləmisən.
Vecinə də alma. Sən nə
birincisən, nə də sonuncu. Yəni, adam
unudanlar sırasında...
O, mənim
səsimi musiqi nömrəsi ifa edən
çalğıçılar bundan əvvəl musiqi alətlərini
yoxlayıb nəvaziş və diqqətlə dinlədikləri
kimi dinləyirdi.
- Vay, vay,
vay... - Əvvəlcə vaysılandı, sonra səsinə təəccüb
dolu bir ahəng verdi. - Doğrudan, bu sənsən?!
Sənsən. Səsini eşidəndən sonra
tanıdım. İnanmazsan, mən elə
indicə ora-bura baxıb səni axtarırdım, bilirdim,
hökmən burda olmalısan. Amma... sən
özün də, elə bil, xeyli dəyişmisən. -
Zənlə gözlərini üzümə dikdi.
Məni birdən belə bir fikir sarsıtdı ki,
üzümdə, gözümdə acgözlüklə gəzişən
baxışları ilə o, başqa bir şey deyil, mənim
özümü deyil, ancaq mənim səsimi axtarır.
Yas yerindən birlikdə çıxdıq. Yolda qoluma
girib mənə dərdini danışmağa başladı.
Dostum gözündəki əməliyyatdan sonra artıq
heç bir köhnə tanışını
tanımırmış. Üzlər onun üçün
başqa, tamam yeni üzlərə çevrilmişdi. Yollar, küçələr, binalar da həmçinin.
Öz evlərinə gedən yolu da unutmuşdu,
evlərini də, yaşadığı mənzili də.
Bu hələ harasıdı, arvadını,
uşaqlarını da əməliyyatdan sonra ancaq səsləri
vasitəsilə bir-birindən seçirdi.
- Əvvəl-əvvəl
bilmirdim, vəziyyətdən necə çıxacağam.
Yaxşı ki, məni xəstəxanadan evə
bizimkilər gətirdi. Yoxsa evi necə
tapacaqdım, inanırsan, təsəvvür eləmirdim.
Evdəkilər mənə eynən paravoz Anna
Kareninaya baxan kimi baxırdılar. - Bu sözləri deyib
şit-şit dişlərini ağartdı.
Bu, curluq etdiyimiz köhnə zamanlardan bu günəcən
yeri gəldi-gəlmədi aramızda işlətdiyimiz
nimdaş bir zarafat idi. Mən bu dəfə ona qoşula bilmədim,
çünki beynimə bir qəribə fikir girmişdi, məni
əyri-üyrü yollara çəkirdi.
- Mən
indi çalışıram, yenicə tanıdığım
adamların ən əvvəl səslərini, sonra
üzünü-gözünü yadımda saxlayım. Asan deyil. Bayaq özün yas yerində
gördün ki... Səni, səni tanıya bilməmişdim.
- Özünü yığışdırıb
köksünü ötürdü və nədənsə mənim
qolumu bərk-bərk sıxdı.
Daha belə fürsət ələ düşməzdi. Hökmən
bu məsələni öyrənməliydim. Həqiqətənmi,
bu saat onun qarşısında duran adam, yəni,
mən əməliyyatdan əvvəlki mən idim, yoxsa yox?! O vaxtkı
mən ilə indiki mən arasında fərq var idimi, əgər
var idisə, nə dərəcədə idi?! Bunu ondan
yaxşı heç kim bilə bilməz.
Özü axı bayaq belə dedi: sən də, yəni, mən
də dəyişmişəm, həm də tanınmayacaq dərəcədə.
Üzbəüzümdə oturduğu halda, gözlərini
üzümə dikdiyi halda məni ora-bura boylanıb kənarda
axtarırdı...
O mənim
sualımı əvvəl-əvvəl doğru-düzgün
başa düşmədi. Tez cavab verdi:
- Axı
dəyişən sən deyilsən, mənəm. - Bu tələsik
cavabla mənə elə gəldi ki, o, boynunu məsələdən
qaçırmaq istəyir.
Amma mənim izinə düşmək istədiyim bir
başqa müəmma idi. Və mən
inadımdan dönməyəcəkdim.
- Qulaq as
mənə. Sən məni bayaq yasda üzümə
baxa-baxa tanımadın, eləmi?
- Əvvəl-əvvəl sifətini yarıyacan kölgə
tutmuşdu... - Bu bir bəhanə idi. Üzünü yana
çevirdi.
- Bura
bax... - Mən onun paltosunun yaxasından yapışıb
üzünü üzümə çevirdim və təkidlə
gözlərinin düz içinə baxdım. Ürəyimi
sanki neştər çaldı. Gözlərində həmişəki
eynək yox idi deyin, indi bu adamın gözləri onun
üzündə süni əza kimi idi. Adamın
qəlbinin, ruhunun içinə nüfuz edir,
qırılmış kompas kimi belədən belə, elədən
elə fırlanırdılar.
O məsələnin
mənim üçün nə qədər ciddi olduğunu əllərimlə
yaxasından tutub silkələyəndə, deyəsən,
anladı. Birnəfəsə üyütməyə
başladı:
- Sakit ol,
səsin ki, var, mənim üçün sənin səsin həmənki
səsdi. Bu yetər. Mən
sənin səsindən yapışıb səni
tanıdım... bu bəs deyil?! - Az
qala yalvarırdı. Yaxasından ki, hələ
də bərk-bərk yapışmışdım,
buraxdım. O, günahkar adam kimi
baxışlarını yenə də məndən gizləyə-gizləyə
sözünə davam elədi. - Yaxşı. Yaxşı.
Deyəcəyəm. Sən
özün bunu istədin. Amma məni
qınama. Bilmək istəyirsənsə,
mən səni indi də tanımıram. Səsin
olmasa idi, yəni, sən sussa idin, hələ də
tanımayacaqdım. Elə bil, kimsə, başqa bir kimsə
amma sənin köhnə səsinlə mənə dedi: səsimdən
yapış.
Mən nəfəs dərmədən ona qulaq
asırdım.
O isə get-gedə kəskinləşən və yadlaşan
səsiylə deyirdi:
- Bax, indi
sən özün, biləsən, o vaxtkı sən deyilsən.
O vaxtkı sən nooldun, bunu mən bilmirəm. Sənə
elə gəlir, sən osan. Sən isə
o deyilsən. Bu gün mən səni
görüb tanımayanda sən artıq o deyildin. Yasdan sonra sən bir başqasısan. Bəlkə də yasdan daha əvvəl
başqası idin, amma bunu bilmirdin?! İndi
bildin?! Ağlın artdımı?! -
Onun səsində artıq bir istehza var idi.
Qəribə idi, amma mən artıq sakitləşmişdim. Əlimi
aparıb onun paltosunun ora-burasını düzəltdim,
qırışlarını tumarladım. “Bu
adamın ağlı uçub gedib ki. Necə
yəni, səsimdən yapış?! Gör
məni haralarda azdırmaq istiyir...” - düşündüm.
Ayrılmazdan əvvəl son dəfə diqqətlə gözlərinin içinə baxdım. Xatırlamağa çalışdım. Yox ki, yox. Bu rəngdə gözləri mən, vallah və billah, heç haçan görməmişəm. Bu rəngin adını da tapmaq çətin idi. Hər rəssam rəngi rəngə qarışdırıb onu ala bilməzdi. Bu rəngin arxasında etibarlı istehkam kimi gizlənmiş gözlər isə... artıq mənim ürəyimin düz içinə, qanıma, canıma tuşlanıb beynimi deşirdi... Ümumiyyətlə, bu adam kim idi və mən indi onunla niyə yolun ortasında durmuşam və nədən söhbət edirəm - onu da anlamadım. “Yasda üzbəüz oturmuşduq, tanış da olmadıq, mənasız-mənasız danışırdı. Adi yasiçi söhbət... Çıxanda ilişdi mənə, buraxmadı...”
Ondan, nəhayət, ayrılanda elə bildim ki, ağır bir bəladan canımı qurtardım. Rahatlıq içində evimə tərəf yol aldım. Bütün ruhuma hakim kəsilmiş, amma əsla tanış olmayan bu qəribə rahatlığın içində mənə elə gəldi ki, vampirlər qan axtaran kimi onun da səs axtaran baxışları mənim qanımda-canımda hələ də ilişib qalıb və mənimlə bir yol gedir. Bir az da belə keçdi və mən artıq hara getdiyimi kəsdirə bilmədim. Ətrafda hər şey mənə yad kimi gəlirdi. Tanımadığım, böyüklü-balacalı binalar, geniş və əyri-üyrü küçələr belədən-belə, elədən-elə baş alıb gedirdi. Mənim yaddaşıma birdən-birə nooldu? Mən haradayam? Ora-bura baxıram, boylanıram, ürəyim təntiyir, artıq nəinki buranı, heç haranı tanımıram. Ev ünvanım niyə yadımdan çıxmalıdı ki?! Evdə axı mənim gözləyənim var. Məni gözləməliydilər. Amma kim? Kim məni gözləyəcəkdi? Mənim evim vardımı, yoxdumu? O harada idi?! Yavaş-yavaş hiss edirəm ki, əvvəlki kimi düşünə də bilmirəm, fikirlərim bir-birinə ilişir. Bayaq danışdığım dili də yavaş-yavaş unuduram. Mən kiməm?!
...O, ürəyi hövlnak dar bir küçə ilə dörd tərəfinə boylanaraq tələsə-tələsə gedir, hərdən qaçıb geri qayıdır, hansısa həyətə yenidən baxır və bu ara nigaran gözlərilə nəyi isə, kimi isə axtarır. Nəhayət, əlbəttə ki, haldan-heydən düşür, bir balaca evin yöndəmsiz qapısı ağzında yekə bir daş var, əlacsız, ümidsiz halda o daşın üstünə oturub öz-özü ilə anlaşılmaz bir dildə nəsə danışır, dərindən köksünü ötürür, əllərilə başını qucaqlayır və beləcə donub qalır.
SON
Kamal
ABDULLA
525-ci qəzet.- 2016.- 27 avqust.- S.17.