Böyükkişi Mirzəzadə:
böyük vətəndaş və şair
QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI
Ədəbiyyatımızın ötən əsrdə
yazıb-yaratmış elə nümayəndələri
vardır ki, onların ədəbi fəaliyyətindən və
yaradıcılığından bəhs edərkən, istər-istəməz,
bütün vətənimizin keçdiyi tarixi mübarizə
yolundan, xalqımızın yaşadığı tarixdən
bəhs etməli olursan.
XX
yüzil bədii təfəkkürümüzün inkişaf
mərhələləri haqqında dərin elmi ümumiləşdirmələrlə
zəngin, fundamental tədqiqatları ilə tanınan görkəmli
ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli
"Xalq şairi Məmməd Araz" kitabında yazır:
"Hazırkı mərhələdə Məmməd Araz
milli Azərbaycan şeirinin görkəmli nümayəndəsidir.
İndiki səviyyədə onun şeirləri
və poemaları, bədii publisistikası yalnız öz
yaradıcısının deyil, mənsub olduğu xalqın da
tərcümeyi-halının əsas hissəsidir, orijinal əks-sədasıdır.
İkinci Dünya müharibəsindən
sonrakı yarım əsrdən artıq bir tarixi dövrün
bədii, mənəvi tərcümeyi-halı Məmməd
Araz sənətində özünün aydın və
dolğun bədii əksini tapmışdır. Bu müdrik, ağır siqlətli, uzaqgörən,
kövrək və ağıllı, düşünən və
düşündürən poeziya mənalı bir ədəbi-tarixi
salnamədir". Bu dərin mənalı
və mühüm elmi mülahizələri bir çox
tanınmış və vətənpərvər sənətkarlarımızın
yaradıcılığına aid etmək olar.
İstedadlı və mübariz ədib, şair,
yazıçı, dramaturq və publisist Təmkin
-Böyükkişi Mirzəzadə məhz belə ədəbi
simalarımızdan biridir. 1925-ci ildə qədim
Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın
Göyçə mahalının Basarkeçər rayonunun Zod
kəndində dünyaya gələn şair çox mürəkkəb
və mübarizələrlə zəngin bir ömür
yaşayıb. Böyükkişi Mirzəzadənin
ailəsi öz doğma yurdunda təqib və hücumlara məruz
qaldığından hələ ötən əsrin 40-cı
illərində Gəncə şəhərinə
köçmüş və gələcək şair orta məktəbi
bu şəhərdə bitirmişdir. Bundan
sonra isə o, müxtəlif və bir-birindən çətin
həyat universitetlərində ağır zəhmətə
qatlaşaraq təhsil almışdır. Bu
həyat yolu gələcək şairin yaradıcılıq
dünyasını və manerasını müəyyən
edib. O, birbaşa həyatın özündən ədəbiyyata
gəldiyinə görə, onun bütün əsərlərində
və yazdıqlarında keçdiyi ömür yolunun nəfəsi
və möhürü aydın surətdə görünməkdədir.
Xalq
şairi Nəriman Həsənzadə şairin
"Seçilmiş əsərləri"nin
iki cildliyinə yazdığı ön sözdə
aşağıdakıları qeyd edir:
"Böyükkişi Mirzəzadənin uşaqlıq və
gənclik illəri elə bir mühitdə keçmişdir
ki, istər-istəməz onun həyatı, tərcümeyi-halı
təkcə ailəsi, uşaqları üçün deyil, həm
də sonra gələn nəsillər üçün də
olduqca maraqlı və ibrətamizdir. Bəlkə
də elə buna görə "Təmkin" təxəllüsünü
özü seçməyib, zaman özü ona diqtə
etmişdir. O, təmkinli olmalı,
yaşadığı Göyçə mahalında namərd
qonşuları öz istedadı ilə, iradəsi və zəhməti,
poetik duyğuları ilə məğlub etməli idi. Bununla belə, onun şeir
yaradıcılığında mənəvi
sıxıntıları, iztirabları tam
aydınlığı ilə əks olunmuşdur".
Əgər şairin həyat yolu onun
yaradıcılığının ictimai-fəlsəfi mənasını,
əsərlərinin həyati məzmununu təyin etmişdisə,
onun doğulub boya-başa
çatdığı Göyçə mahalı, ustad
Aşıq Ələsgərin sənət məskəni bir sənətkar
kimi formalaşmasına qüvvətli təsir göstərmişdir.
Böyükkişi Mirzəzadə poeziyasının həm də
ilk mötəbər tədqiqatçılarından biri kimi
xalq şairi Nəriman Həsənzadə Təmkinin poetik tərcümeyi-halı
ilə bağlı qiymətli müşahidələrini irəli
sürür: "Təmkin şeirimizin müxtəlif növlərində
gözəl əsərlər yaradan və qədim
Göyçə mahalında ustad Aşıq Ələsgər
ədəbi məktəbindən qaynaqlanan bir sənətkar
kimi sonralar ata-baba yuvaları olan türk torpaqlarından
deportasiya edilir, ailəsi ilə birlikdə mənəvi
ağrılar keçirir,tarixinə, millətinə dövlət
səviyyəsində olan qəsdləri unuda bilmirdi. Lakin o
ürəyinin çırpıntılarını
yazdığı şeirlərinə köçürür,
müasirəri ilə ümumi bir dillə, xalqının
başa düşəcəyi bir yöndə
danışır, tariximizi, taleyimizi varaqlayır və
müxtəlif iş yerlərində fəaliyyət göstərsə
də, yaradıcılığını davam etdirir".
Qeyrətli
bir vətəndaş və həssas bir şair kimi
Böyükkişi Mirzəzadə doğma yurd-yuvanı,
qürbətdə və darda qalan Vətəni unuda bilmir,
unutmaq istəmir, daha doğrusu, unudaraq yaşamağı təsəvvürünə
belə gətirmir:
"Qürbət
eldə bağrım bişdi,
Heyif,
ömrüm sizsiz keçdi,
Ötən
günlər yada düşdü
Görünəndə gözə dağlar.
Dolama
cığırla qalxdım,
Çiçəklərin
dərib, qoxdum,
Qayada
oturub baxdım
Dayandıq üz-üzə, dağlar.
Sıldırımdan
gəlir səslər,
Orda qartal
bala bəslər,
Sizdən
ayrı düşən kəslər
Çətin olur dözə, dağlar".
Bu misralarda Qərbi Azərbaycan poeziyasına xas olan təbii
ayrılıq iztirabları, səmimi həsrət boyaları
bariz surətdə nəzərə çarpır. Ümumən,
Qərbi Azərbaycan şairlərindəki
yaşadıqları coğrafiyanın və ictimai-siyasi
mühitin diqtə etdiyi dağ həsrəti, dözüm-iradə,
yüksəklik və mənəvi ucalıq motivləri
Böyükkişi Mirzəzadənin poeziyasında da aydın
görünür. Dağlar və yaylaqlar diyarına
sonsuz məhəbbət, qarşısıalınmaz
keçmiş həsrəti, dağların və
bulaqların, oba və oymaqların vüsalına təşnəlik
Böyükkişi Mirzəzadənin "Dağlar"
şeirində bütün cazibəsi ilə əks edib:
"Zirvələrdə
hələ qar var,
Çeşmələrin
coşar, qaynar,
Elə
ki, gəldi ilk bahar,
Geyinər tər-təzə dağlar.
Göy
üzünü bulud aldı,
Qılıncını
şimşək çaldı,
Nur ələndi,
leysan oldu
Otun qalxar dizə, dağlar.
Bir meh əsdi
sərin-sərin,
Açıldı
üzü səhərin,
Rəngli-rəngli
çiçəklərin
Rəssam tək bəzədi, dağlar".
Azərbaycan poeziyasında "Dağlar" adı ilə
məşhur olan xeyli poetik nümunələr mövcuddur. Ustad Aşıq Ələsgərin,
Səməd Vurğunun, Aşıq Şəmşirin,
Hüseyn Arifin, Məmməd Arazın, Məmməd Aslanın
və başqa məşhur klassiklərimizin bu
mövzudakı və addakı şeirlərini burada
xatırlatmaq yerinə düşər. Böyükkişi
Mirzəzadənin "Dağlar" şeiri də həmin ənənənin
gözəl davamıdır. Bu şeirin qiyməti
və özünəməxsusluğu təkcə ənənəni
layiqincə davam etdirməsində deyil. Əsərin orijinal estetik keyfiyyətlərindən
biri də müəllifin öz mənəvi və dünyəvi
Vətəni - Dağları dörd fəsil müstəvisində
məharətlə təsvir etməsidir.
Dağların yazı, yayı, payızı və
qışını şair özünəməxsus sənətkarlıqla
gözlərimiz önündə canlandırır. Əgər dağlar yazda rəngbərəng
çiçəkləri ilə bir gəlin kimi bəzənirsə,
yayda isə doğma insanlar, onun vüsalından doymağa gəlmiş
ellərlə, onların qurduğu məclislərlə daha da
cazibədar olur:
Ayağın
dərin dərələr,
Başın
buludları dələr,
Ellər
tamaşana gələr,
Qurular mey-məzə, dağlar.
Şeirdə dağların payız
çağlarının təsviri də şairanə və
yaddaqalandır. Yazın, yayın səsli-küylü
çağları payız dumanlarının içində əriyib
yox olur, dağları sakitlik və səssizlik öz qoynuna
alır:
Payızda
çənin, dumanın,
Görünməz
olur heç yanın,
Yetkin vaxtında
aranın
Elat köçür düzə, dağlar.
Dağların qış fəsli də gözəldir. Dağlar
yazda-yayda necə mehriban, gözəl, qonaqpərvərdisə,
payızda və qışda isə bir o qədər sərt və
amansızdır. Bu dağların xasiyyətidir.
Əzəmətli dağlar öz qışı-qarı,
buzu-soyuğu ilə də sevimli və doğmadır:
Elə
ki, boran-qış olur,
Yaylaqların
bomboş olur,
Təbiət
süst, donmuş olur,
Qərq olursan buza, dağlar.
Müəllif qəlbinin doğma məskənlərə
olan sonsuz mehrini həm də bu fəsillərin təsviri vasitəsilə
ifadə etməyə can atır.
Öz duyğularını nə qədər
gözəl və təsirli ifadə etməsi şair sanki
bununla kifayətlənmək istəmir. Öz sevgisinin və
həsrətinin sətirlərə və sözlərə
sığmadığını hiss edərək, bunu səmimiyyətlə
etiraf etməli olur:
"Gözəlliyin
saymaq olmaz,
Dağlar,
sizdən doymaq olmaz,
Belə
gözəl oymaq olmaz,
Mədhin sığmır sözə, dağlar.
...Görüm
sizi var olasız!
Qucağı
gülzar olasız!
Daim
füsunkar olasız,
Təmkin gəlib, gəzə, dağlar".
Azərbaycanın şeir mədəniyyətinə dərindən bələd olan bir şair kimi Böyükkişi Mirzəzadənin yaradıcılığında müxtəlif bədii növ və janrlardan istifadə edilib. Onun rəngbərəng janrlarda yaratdığı poetik nümunələri oxuyarkən buna əminlik hasil edirsən. Şair Təmkinin poeziyası ilə tanış olduqca, o, Dədə Qorqud, Xaqani, Nizami, Nəsimi, Füzuli, Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər şeirinin layiqli varisi və davamçısı kimi gözlərimiz önündə yüksəlir.
Vətənpərvər şair böyük Füzuliyə həsr etdiyi atəşin və səmimi mədhiyyəsində yazır:
"Boyat soyundansan, Qorqud övladı,
Müdriklik, məğrurluq öyrətdin bizə.
Nə qədər dünya var, Füzuli adı
Örnək olacaqdır nəsillərimizə.
Sənin zamanından beş yüz il keçib,
Dəyişib o qədər qış da, bahar da.
Gah mülayim, gah da sərt dövran keçib,
Tarixlər gizlənib xarabalarda.
Beş yüz illik tarixi söyləmək çətin,
Neçə qəsbkarlar gəlib-gedibdi.
Qabığı soyulub məzlum millətin,
Hər gələn ölkəni talan edibdi".
Təmkin
bu geniş məzmunlu mənzuməsində yalnız Füzuli
babaya xitab etməklə kifayətlənmir, sanki beş yüz illik tariximizi nəzərdən
keçirir, türk soylarının şanlı
keçmişindən, şah və sultan babalarımızdan,
əsrləri və zamanları diz
çökdürmüş Füzuli babamızdan kömək
istəyir. Bugünümüzün və gələcəyimizin
Füzuli böyüklüyü, Füzuli qüdrəti ilə
yoğrulmasını və rövnəqlənməsini istəyir:
"Beş yüz illik yuxudan oyan, ay Baba!
Barı türklüyümüzü sübuta yetir.
Xalqımın
önündə dayan, ay Baba,
Vətən
övladını qeyrətə gətir!
Təmkin
övladına icazə ver sən,
Düşüm ayağına, səcdə qılım
mən.
Azərbaycan
adlı bu qədim diyar,
Xeyir-duan ilə ucalsın Vətən".
(Ardı var)
Yaşar QASIMBƏYLİ
Filologiya üzrə elmlər
doktoru
525-ci qəzet.- 2016.- 30 avqust.- S.4.