Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair

 

QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI

 

 

(Əvvəli ötən sayımızda)

 

Milli poetik tariximizin bilicisi, əsl varisi kimi çıxış edən Böyükkişi Mirzəzadənin şeirlərində böyük vətəndaş sənətkar şəxsiyyəti üzvi surətdə birləşmişdir.

 

Keçmişlərin unudulmasından narahatlıq, doğma xalqının ictimai-siyasi qadağalar repressiyalar nəticəsində öz mənliyini, mahiyyətini itirmək təhlükəsi, milli gələcəyin dumanlı olması çağdaş Vətən övladlarının hamısında milli qeyrətin, təəssübkeşliyin yetərincə olmaması şairi iztirablara salır.

 

O, öz şeirləri ilə milli varlığımızı qorumağa hifz etməyə çalışır. Milli mənəvi mədəniyyətimizin gələcək nəsillərə zədələnmədən öz mahiyyətini itirmədən çatmasını ürəkdən arzulayır. Böyükkişi Mirzəzadə poeziyasının həm milli-mənəvi dəyərlər, həm bədii ənənələrin, poetik sərvət dəyərlərimizin daşıyıcısı olduğunu da Xalq şairi Nəriman Həsənzadə yerli-yerində vurğulayır: "Şair Təmkin Azərbaycan şeir texnologiyasının bütün üsullarından məharətlə istifadə edə bilir. O, həm şeirdə, həm qəzəldə, həm rübaidə, həm təcnisdə, həm dodaqdəyməzdə özünü uğurla sınaya bilir. Onun fikri istənilən janrda dolğundur, təkrarlanmır, Azərbaycan dilinin ahənginə uyğundur. O, şeirə axıcılıq verən sözlər seçir, başqa dillərin sözlərindən istifadəyə meylli deyil, bəndləri, misraları asanlıqla yadda qalır".

 

Təmkinin yaradıcılığı öz sənətkar vətəndaş əqidəsinin uyğunluğu ilə diqqəti cəlb edir. Müəllif ilk əsərlərindən son əsərlərinə qədər öz millətinə vətəninə, sənətin saflığına dəyərinə sadiq qalmağa çalışıb. O, öz şeirlərindən birində söylədiyi kimi:

 

"Bir zaman heç idim, heçdən yarandım,

Dərk etdim dünyaya gələndən sonra.

 Həyatın sirrini anladım, qandım,

Yaxşını, yamanı biləndən sonra.

 

Qara günlər düşdü cavan yaşıma,

Qəzalar, qovğalar gəldi başıma,

Fələk zəhər qatdı, bildim aşıma,

Əl çəkdi göz yaşım siləndən sonra".

 

Şairin bütün yaradıcılığı boyu öz sənət kredosuna həyatda gördüklərinə, yaşadıqlarına yaşantılarına sənətkar səmimiyyəti sədaqəti ilə yanaşmağa çalışdığını müşahidə edirik. Bu tendensiyalar-mənəviyyat mədəniyyətinizi, milli bədii dəyərləri təcrübəni qoruyub saxlamaq, Vətən yurd yaddaşını, amansız təqib təzyiqlərə baxmayaraq xalqın təfəkküründən silinməməsinə çalışmaq Təmkinin əsərlərində nəzərəçarpan poetik fəzilətlərdir. Müəllif öz əsərlərini xalqımızın sevdiyi bədii forma şəkillərdə yazmağa çalışırdı. Elə bu səbəbdən onun şeirlərinin bir hissəsi klassik poetikamızın populyar janrları olan rübai qəzəl janrındadırsa, əksər şeirləri isə şifahi ədəbiyyatımızın geniş yayılmış janrları hesab olunan qoşma, gəraylı, ustadnamə nəsihətnamələr, divanilər, gözəlləmə, təcnislər s. şəkillərdədir. Şair qələm çaldığı əksər ədəbi janrlarda uğur qazanmış qəlbində yuva salmış ən munis, müqəddəs Vətən dərdlərini, vətən həsrətini yorulmadan, ürəkdən vəsf etmişdir. O, qəlbinin  bütün səmimiyyəti ilə Vətənə üz tutub deyirdi:

 

Soruşdu birisi sevdiyin nədir?

Dedim: - Ana,Vətən, Eli sevirəm.

Duyub, düşündüyüm, dərk elədiyim,

Anam öyrətdiyi dili sevirəm.

 

Sevirəm muğamı, mahnı səsini,

Aşığın saz tutub deyişməsini,

Xalqımızın adət-ənənəsini,

Məclisləri mey-məzəli sevirəm.

 

...Məskənim olubdu o qarlı dağlar,

Çəmənli yaylaqlar, sərin bulaqlar,

İldırımlar çaxar, buludlar ağlar,

Qayadan süzülən seli sevirəm.

 

Şairin Vətən həsrəti, Vətən məhəbbəti döyüşkən vətənpərvərlik duyğuları ilə yoğrulmuş şeirlər xüsusi ilə diqqəti cəlb edir. Vətəndaşlıq hissləri ovqatı müəllifin bütün yaradıcılığına hopmuşdur. Amma onun bir sıra əsərlərində bu  motivlər daha çox nəzərəçarpır. Xüsusən, müəllifin "Seçilmiş əsərlər"ində "Vətən, millət mövzuları" sərlövhəsi altında cəmlənmiş şeirlər bu nöqteyi-nəzərdən daha maraqlı cəlbedicidir. Cəsarətlə söyləmək mümkündür ki, bu silsilədən olan 20-yə yaxın şeir öz estetik pafosuna məzmununa görə qeyri-ixtiyari olaraq qəlbinizi riqqətə gətirir. "Vətən, ey Vətən!", "Sevirəm", "Cavadxan babam", "Demə o yerlərdə nəyim var", "Tiran dağıldı", "Hünər, qeyrət dəmi", "Bu millət", "Bizimkidir". "Türk oğluyam", "Axşamlar", "Qalmadı", "Şikayət", "Vurğunluq", "Biz niyə beləyik", "Əsgər andı", "Amandı" s. şeirlər ustad sənətkarın həmişə Vətən üçün döyünən düşünən qəlbindən süzülüb gəlmiş emosional poetik nümunələrdir. Bu şeirlərin hər biri XX yüzilin amansız faciələri, müsibətləri haqqında gələcək nəsillərə ünvanlanmış nisgilli unudulmaz yaşantılardır. Milli yaddaşın qırıqlığını aradan qaldırmaq, Vətən yaddaşını bütövləşdirmək nöqteyi-nəzərindən bu əsərlərin əhəmiyyəti qiyməti əvəzsizdir.

 

Azərbaycanda bədii təfəkkür nümunələrinin, o cümlədən, ədəbiyyatın dəyərini gərəkliliyini təyin edən əsas məhək daşlarından biri Vətənimizin taleyindəki ən acı qanlı hadisələrə münasibətdir. 

 

Azərbaycan ədəbiyyatında Babək hərəkatına, orta əsrlərin feodal müharibələrinə, Türkmənçay müqaviləsinə, Cavad xan, Fətəli xan, Kalbalı xan kimi tarixi şəxsiyyətlərə həsr edilmiş onlarla bədii əsərlər yazılmışdır.

 

Bununla belə, bünövrəsi XIX əsrin ortalarında qoyulmuş və müəyyən siyasi güclərin vasitəsi ilə davam etdirilən, ərazi bütövlüyümüzə qəsd etmək baxımından daha amansız və dağıdıcı olan Qərbi Azərbaycan itkisi uzun illər ərzində Azərbaycan xalqının yaddaşında keyidilmiş vəziyyətdə yaşamışdır. Daha doğrusu, sabiq Sovet bolşevik hökumətinin geniş xalq kütlələrindən gizli saxlamağa çalışdığı bu böyük milli faciənin bütün məzmunu və təfərrüatları yalnız müəyyən və vicdanlı dövlət adamlarına, ziyalılara məlum idi. Yalnız Qarabağ müharibəsi XX əsrin 80-ci illərinin sonlarından etibarən alovlanmağa başladığı dövrdən biz ayıq və soyuq başla itirdiyimiz Qərbi Azərbaycan barəsində də ürək və vicdan ağrısı ilə düşünməyə başladıq. Keçən əsrin 90-cı illərində Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Qərbi Azərbaycanın tarixi taleyi ilə, soyqırımlar və deportasiyalarla bağlı imzaladığı fərman və sərəncamlar milli yaddaşımızın dirçəldilməsi, bərpası yönündə çox mühüm bir missiyanı yerinə yetirdi. Məhz həmin dövrdən etibarən Qərbi Azərbaycan həsrəti və yarası bütün Azərbaycan xalqını yandırmağa, onun milli mənəviyyatının və düşüncəsinin ayrılmaz bir parçasına çevrilməyə başladı.

 

Etiraf etməliyik ki, Qərbi Azərbaycan yaraları Sovet rejiminin və məfkurəsinin kəskin yasaqları, qadağaları nəticəsində Azərbaycan faciəsi kimi ədəbiyyatımızda geniş və hərtərəfli əks etdirilməmişdir. XX əsrin əvvəllərində millətlərarası münasibətlər sahəsində qanlı münaqişələrdən bəhs edən məqalələr və şeirlər Sovet rejimi dövründə məqsədli şəkildə arxa plana keçirilmiş, çox vaxt arxivlərdə "məxfi" qrifi ilə saxlanılmışdır. Məmməd Səid Ordubadinin 1911-ci ildə çap edilmiş "Qanlı sənələr" kitabı qadağan olunmuş, ədəbiyyat kimi unutdurulmuş arxivlərdə, fondlarda saxlanılmış, mütaliə və tədqiqat üçün açıq olmamışdır.

 

Bundan başqa, Sovet hakimiyyəti illərində Azərbaycan-Ermənistan münasibətləri hakim ideologiyanın süni şəkildə formalaşdırdığı xalqlar dostluğu motivi üstündə təsvir və tərənnüm edilmişdir. Məhz bu nöqteyi-nəzərdən yanaşanda, yəni məlum səbəblərə görə XX əsr Azərbaycan ədəbiyyatında Qərbi Azərbaycan dərdlərinin və problemlərinin zəif işıqlandırılmasını nəzərə alsaq, bir sıra görkəmli şairlərimizlə birlikdə Təmkinin yaradıcılığı da mühüm əhəmiyyət kəsb edir. Şair haqlı olaraq Qərbi Azərbaycan məsələsinə ölkəmizin çar Rusiyası tərəfindən işğal edilməsi hadisəsi ilə vəhdətdə nəzər salır. Məhz çar Rusiyası işğaldan dərhal sonra İrəvan Quberniyasını yaratmaqla Azərbaycanın parçalanmasının, gələcək Qərbi Azərbaycan probleminin əsasını qoymuşdur. Ona görə də şair Böyükkişi Mirzəzadə-Təmkin bu gündavam edən erməni təcavüzünə tarix boyu müqavimət göstərən vətənpərvər Azərbaycan oğullarını öz şeirlərində böyük ürəklə tərənnüm etmişdir.

 

Məsələn, Təmkinin "Cavadxan babam" şeirini oxuyan hər bir vətəndaş, təbii ki, heç cür laqeyd qala bilmir  şeirdə ifadə olunmuş həqiqətlərlə qətiyyən barışmaq istəmir: "Gəldim məzarını ziyarət edim, Ziyadxan oğlu Cavadxan babam. Qeyrət rəmzisən Azərbaycanda, Vüqarlı dağlardan uca, xan babam. Şərəflə yazıldı tarixə adın, Azğın düşmənlərə təslim olmadın, Vuruşdu Gəncədə kişi, həm qadın, Töküldü nə qədər nahaq qan, babam. İki əsr əsarətdə nəslimiz, Mərəzləşdi, cılızlaşdı nəslimiz, Türk ikən türklükdən uzaqlaşdıq biz, Olmuşdu türk sözü qadağan, babam." Şeir sanki işğalçılarla döyüşlərdə həlak olmuş, bütün nəsli-nəsəbi və qohum-əqrəbası qırılmış, vətən uğrunda şəhid olmuş bir insana, qəhrəmana, azadlıq mücahidinə, sərkərdəyə və dövlət başçısına iki yüz illik mənəvi, milli hesabat və üzrxahlıq kimi yazılıb. Çünki sonrakı nəsillər, təbii ki, düşmənə qarşı Cavadxan səviyyəsində və dərəcəsində müqavimət göstərə bilmədilər.

 

Babək ərəb işğalçılarına qarşı mübarizə və müharibələrimizin ümumiləşdirilmiş və ideal rəmzidirsə, Cavadxan son müstəmləkəçilərə qarşı amansız və qanlı mübarizənin ali rəmzlərindən biridir.  Məhz bu səbəbdən əzabkeş və başı müsibətlər çəkmiş lirik "mən"in dərdlərini bölüşmək, öz iztirablarını paylaşmaq üçün yaxın tariximizdən arayıb tapdığı və seçdiyi milli azadlıq mücahidlərindən biri kimi Cavadxan obrazı şairin qaldırdığı milli şərəf və ləyaqət zirvəsinə tamamilə layiqdir. Müəllifin Cavadxan babamıza söylədiyi həqiqətlər və gerçəkliklər isə sözün əsl mənasında dəhşətli, dözülməz və ağlasığmazdır:

 

Taladı imperiya sərvət varımı,

Hərraca qoymuşdu torpaqlarımı,

Zəngəzur, Vedi, Zəngibasarımı,

Əldən çıxdı Göyçə, İrəvan, babam.

 

Daşnaqlar üz aldı yaman qudurdu,

Moskva onların dalında durdu,

Govur fürsət tapdı, öldürdü, qırdı,

Etdilər hər yanı yox, viran, babam.

 

Bu parçalarda ifadə olunduğu kimi Azərbaycan da doğma vətənin ayrılmaz bir parçasıdır. Şair Təmkin ayrılıqların dəhşətli həqiqətlərini dünyaya bağırır, ədalətsiz, vicdansız "mürüvvətsiz" insanlardan dünyadan imdad diləyir.

 

(Ardı var)

Qasımbəyli Yaşar

525-ci qəzet.- 2016.- 31 avqust.- S.4.