"Samidə məktub" məramına yetibmi?

 

"AZƏRBAYCANIN MILLI QƏHRƏMANLARI" SILSILƏSINDƏN ÇƏKİLMİŞ YENİ FİLM HAQQINDA QEYDLƏR

 

 

2016-cı ilin aprel ayında Qarabağ bölgəsində aparılan döyüşlər Azərbaycan tarixinə Dördgünlük Müharibə adı ilə daxil oldu.

 

Həmin döyüşlərdə ordumuz böyük şücaət göstərərək Taliş kəndi ətrafındakı yüksəklikləri, Seysulan, Lələtəpə məntəqələrini, eləcə Ağdərə-Madagiz istiqamətindəki yollara nəzarəti ələ keçirdi. Bu döyüşlərdə Azərbaycanın onlarla oğlu şəhid olaraq adlarını tariximizə öz qanları ilə yazdı. Onlardan biri ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Samid İmanovdur. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin "Yaddaş" Sənədli Filmlər Studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən rejissor-ssenarist Kamran Qasımovun çəkdiyi "Samidə məktub" qeyri-oyun filmi Samid İmanovun döyüş yoluna nəzər salır.

 

Filmin ilk kadrlarında Aprel Döyüşləri haqqında qısa məlumat verildikdən sonra Samidə müraciətlə müəllif mətninin diktorun səsi ilə eşidilməsi, ardınca Samidin hərbi formada papağını tutaraq bir istiqamətə boylandığı fotosunun ekrana gəlməsi  filmin ideyasını bəlli etmiş olur. Bu təqdimatla Jan Lyük Qodarın foto estetikasından istifadə etməklə yaratdığı "Ceynə məktub" qeyri-oyun filminin təsiri filmdə öz əksini tapır. J.L. Qodar filmdə mətndən geniş istifadə etmiş "Mən mətnin ekran hüququnu özünə qaytarıram" fikrini söyləmişdir. Görünür, rejissor-ssenarist Kamran Qasımov da onun mətnlə bağlı fikirləri ilə razılaşmışdır ki, "Samidə məktub" filmində həmin üslubda işləmişdir. Onu da qeyd etmək istərdim ki, hər iki qeyri-oyun filmində oxşarlıqlar olsa da, öz orijinallığına görə bir-birindən tamamilə fərqlənirlər.

 

Növbəti səhnədə zabitin "N saylı" Hərbi Hissənin Təlim Tədris Mərkəzinə daxil olması kino zalında real döyüş təlimlərini izləməsi film daxilində film təəssüratını yaratsa da, filmin dramaturgiyasına xələl gətirmir. Təlimlərin ardınca bayrağın görünməsi səngərdə xidməti vəzifəsini yerinə yetirən hərbçilərin görüntüsündə Ali Baş Komandanın səsinin verilməsi, Prezidentin Azərbaycan Silahlı Qüvvələri haqqında, Şəhidlər haqqında söylədikləri fikirlər musiqinin müşaəti ilə öz təsirliliyini artırır. Polkovnik-Leytenant Qardaşağa Cavadovun Aprel Döyüşləri zamanı xalqımızın ruh yüksəkliyindən, Samidin xidməti borcunu layiqincə yerinə yetirə bilmək bacarığının olduğundan, qohumu İlqar Sadıqovun Samidin Ali Hərbi Akademiyaya imtahana getməsindən danışması zamanı onun kursant vaxtlarındakı şəkillərinin ekrana gəlməsi necə səbrli, dözümlü biri olduğunu, vətənə, millətə, hərbə olan sevgisinə işarə edir. Bunun ardınca Samidin ilk səhnədəki şəklinin ekrana gəlməsi diktorun onun hərbi təlimlərdə səfərlərdə iştirak etdiyindən danışması növbəti səhnə barədə ilkintəəssürat yaradır. Müəllifin sözlərinin ardından Milli Qəhrəmanın böyüyüb boya-başa çatdığı Neftçalaya getməsi, burada onun valideynləri ilə görüşməsi emosionallığı artırır. Valideynlərinin Samidlə bağlı xatirələrini bölüşməsi, Samidin övladıyla başqa şəkillərinin ekrana gəlməsi, bunun ardınca qəhrəmanın anası Xuraman xanımın "ayın 1-dən sonra heç bir xəbər gəlmədi", Atası Gülağa bəyin "heç vaxt şəhərdə qalmazdım, amma bu dəfə oğlumu görməsəm, qayıdan deyiləm dedim"  yenidən Xuraman xanımın "Görə bilmədi" sözlərindən sonra təlim şəkillərinin görüntüsündə vertolyot pərlərinin səsinin eşidilməsi mövcud vəziyyətdən təsirli şəkildə xəbər verərək duyğulandırır.

 

Yenidən İlqar Sadıqovun polkovnik-leytenant Qardaşağa Cavadovun ekrana gələrək Samidin təlimlərə getməsindən danışmaları filmin müəllifinin öncəki səhnələrdə Samidin Hərbi təlimlərə getməsi haqqında söylədiyi fikirləri öz təsdiqini tapır. Müəllifin Samidin 2014-cü ildə düşmən təxribatının qarşısını almaqda göstərdiyi şücaətdən danışması, İlqar Sadıqovun onun bu xidmətlərinin qarşılıqsız qalmadığı Ali Baş Komandan tərəfindən mükafatlandırıldığından söz etməsinin ardından həmin Mükafatlandırma Mərasimindən olan görüntülərin ekrana gəlməsi vizuallığı artırır. Daha sonra İlqar Sadıqovun vaxtı ilə Ulu Öndərin Samidi mükafatlandırmasını qeyd etməsi Heydər Əliyevlə Samidin birlikdə şəklinin ekrana gəlməsi  ilə rejissor, Dövlətimizin eləcə Dövlət başçılarımızın hərbə, əsgər zabitlərimizə göstərdikləri qayğıya işarə etmişdir. Kamran Qasımov bu barədə ann.az xəbər saytına müsahibəsində demişdir: "Biz qərb filmlərinə baxanda orada əsgər, vətənə bağlılıq dövlət başçısı anlayışlarının doğrudanda ali olduğunu görürük. Mən bu filmdə o Aliliyi göstərməyə çalışmışam". Bu müsahibə ilə bağlı olaraq düşünürəm ki, Kamran Qasımov öz istəyinə nail ola bilmişdir bunu biz filmin elə ilk səhnələrindən - Ali Baş Komandan İlham Əliyevin səsini eşitdiyimiz andan görə bilirik.

 

Müəllif Samidin fotosu fonunda onun beş dil, həmçinin erməni dilini bilməsini söyləməsi ilə onun yaxşı bir kəşfiyyatçı olduğuna işarə edir. Ardınca yenidən Samidin hərbi formada papağını tutaraq gözlərini bir istiqamətə tuşladığı şəklinin ekrana gəlməsi bu şəkildə Samidin papağı sıxmasını onun son döyüşdə əsir düşməmək üçün qumbaranı əlində sıxması ilə eyniləşdirən müəllif həmin şəkli metaforaya çevirir. Kinozalda döyüş təlimlərinin görüntüsü Aprel Döyüşlərini sinvolizə edir. Xuraman xanımın İlqar Sadığovun Samidlə son danışıqlarından söyləmələri, onun "Təlimə gedirəm" deyərək döyüşlərə qorxusuz, qətiyyətlə getməsi, polkovnik-leytenant Qardaşağa Cavadovun Samidin son anlarında ağır yaralı olmasına baxmayaraq əsgərlərini düşünməsini söyləməsi, onun təlimlərdəki şəkillərinin ekrana gəlməsi film boyu formalaşan xarakterini açmış olur.

 

Şəhidin atasının onun "Bəs bu torpaqları biz almadıq, mən almadım, kim alsın? Qoy biz alaq, balalara qalmasın" sözlərini təkrar etməsi onun vətənpərvər bir gənc zabit, vətəndaş olduğunu bir daha təsdiqləyir. Növbəti səhnələrdə Milli Qəhrəmanın dəfnindən fotoların ekrana gəlməsi ilə filmin duyğusallığı, təsirliliyi özünün ən pik nöqtəsinə çatır. Bu duyğusallıq kədərlə sevincin qarışığından doğaraq tamaşaçının hisslərinə toxunur.

 

Son səhnələrdə müəllif mətninin fonunda Gülağa bəyin evə daxil olub Samidin təltif olunduğu medal və mükafatları dəsmalla silməsi audiovizuallığı artırmaqla Kamran Qasımovun müsahibəsində söylədiyi  "Əsgər, Vətənə bağlılıq və Dövlət Başçısı" fikri bir daha özünü təsdiqləmiş olur. Daha sonra müəllif və Gülağa bəyin birlikdə Samidin məzarını ziyarət etməsi, Samidin məzarı başında ucaldılan Azərbaycan Respublikası bayrağının görüntülənməsi və ardınca Samidin yenidən fotosunun ekrana gəlməsi ilə film sonlanır. Filmin bu foto ilə başlayıb və sonlanması dairəvi montaj - eyni dramaturji nöqtədən başlayan xətlərin həmin nöqtədə birləşməsini əks etdirir.

 

Müəllif və Gülağa bəyin "birlikdə" Samidin məzarına getməsi səhnə filmin finalını gözlənilməz sonluğa gətirib çıxarır. Baxmayaraq ki, kadrda biz yalnız Gülağa bəyi görürük, müəllif də iştirak edir. Burada müəllif  qeyri-oyun filmlərinin banisi görkəmli rejissor  Dziqa Vertovun öz nəzəriyyəsində söylədiyi "kinogöz"dür, yəni obyektivin insan gözünü əvəz etməsidir və biz filmi onun gözləri ilə görürük.

 

Qeyri-oyun filminin nəzəri müddəalarını ardıcıllıqla özündə birləşdirən "Samidə məktub", ekranda Ali Baş Komandan, Vətən və Əsgər məfhumlarının arxitektonika prinsipləri - ekran əsərinin hissələri arasında ümumi prinsiplərin tapılması - əsasında birləşdiyindən xəbər verir.

 

Sahib KƏRİMOV

tənqidçi

525-ci qəzet.- 2016.- 1 dekabr.- S.8.