Abdulla Şaiq irsinə biblioqrafik abidə
Bugünlərdə
Firidun bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasının növbəti layihəsi -
şəxsi elmi-köməkçi biblioqrafiya mənbəyi
olan "Abdulla Şaiq" biblioqrafiyası geniş ictimaiyyətə
təqdim edildi.
"Uşaq ədəbiyyatı xəzinəsindən"
seriyası ilə nəşr edilmiş bu mühüm
biblioqrafiya sayca üçüncüdür. Respublika Uşaq Kitabxanası
bu seriya ilə daha öncə 2 biblioqrafiya çap etdirib:
bunlardan birincisi 2014-cü ildə nəşr edilmiş,
görkəmli ədəbiyyatşünas alim,
publisist-yazıçı, ictimai xadim Firidun bəy
Köçərliyə həsr olunan, digəri isə 2015-ci
ildə nəşr edilən, tanınmış şair-tərcüməçi,
uşaq ədəbiyyatının inkişafı və zənginləşməsində
xüsusi dəsti-xətti olan İlyas Tapdıq irsinə aid
biblioqrafiyasıdır.
"Abdulla Şaiq" biblioqrafiyası XX əsr Azərbaycan
ədəbiyyatı tarixində, xüsusilə də uşaq ədəbiyyatının
təşəkkülü və inkişafında
böyük xidmətləri olmuş görkəmli şair,
nasir, dramaturq, ədəbiyyatşünas alim, maarifpərvər
ziyalı Abdulla Şaiqin həm ədəbi, həm də
elmi-nəzəri irsini 1906-2016-cı illər çərçivəsində
geniş bir dövrü əhatə edir.
Biblioqrafiya
yüksək səriştəli və təcrübəli
kitabxanaçı-biblioqraflar, mədəniyyətimizin,
xüsusilə də kitab mədəniyyətinin
inkişafında, uşaq ədəbiyyatının təbliğində
mühüm xidmətləri olmuş şəxslər -
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru, Əməkdar mədəniyyət
işçisi Şəhla Qəmbərova (ixtisas redaktoru və
buraxılışa məsul), kitabxananın şöbə
müdiri, Əməkdar mədəniyyət işçisi
Nazilə Tahirova (tərtibçi-müəllif), Milli
Kitabxananın nəşriyyat işləri üzrə baş
mütəxəssisi, Əməkdar mədəniyyət
işçisi Gülbəniz Səfərəliyeva (redaktor) və
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının digər əməkdaşları tərəfindən
tərtib edilib.
Fundamental
elmi tədqiqatın və iki illik gərgin əməyin nəticəsi
olan Abdulla Şaiq biblioqrafiyasına görkəmli alim,
filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu 46 səhifədən
ibarət ədibin zəngin ədəbi və elmi irsini hərtərəfli
işıqlandıran geniş və məzmunlu ön söz
yazıb, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar
mədəniyyət işçisi, professor Kərim Tahirov və
Abdulla Şaiqin nəvəsi, onun mənzil-muzeyinin direktoru,
Əməkdar mədəniyyət işçisi Ülkər
Talıbzadə isə rəy yazıblar.
Nəfis
tərtibatla hazırlanmış biblioqrafiya ilə ilkin
tanışlıq onu deməyə imkan verir ki, belə bir
sanballı mənbəni hazırlamaq üçün tərtibçilər
respublika əhəmiyyətli iri kitabxanaların fondlarına,
şəxsi kitabxanalara, arxivlərə, muzeylərə və
mümkün olan onlarla mənbəyə müraciət
etmiş, hər bir sənədi, hər bir materialı dəfələrlə
yoxlamış, faktları dəqiqləşdirmiş,
çox böyük zəhmət və fədakar əmək
sayəsində möhtəşəm bir iş ərsəyə
gətirmişlər.
Geniş
oxucu kütləsi- tələbələr, tədqiqatçı-alimlər,
mütəxəssislər və bütün ədəbiyyat həvəskarları
üçün nəzərdə tutulmuş 448 səhifədən
ibarət fundamental vəsaiti təhlil edərkən
görürük ki, bu biblioqrafiya bundan öncə tərtib
edilmiş digər iki biblioqrafiyadan həm həcmi, həm
quruluşu, həm də əhatə etdiyi materiallar etibarı
ilə çox fərqlənir. Belə ki, "Firidun bəy
Köçərli", "İlyas Tapdıq"
biblioqrafiyalarında materiallar iki hissədə
toplanmış, iki dildə: Azərbaycan və rus dillərində
əhatə edilmiş, biblioqrafiyadan istifadəni
asanlaşdırmaq üçün iki adda köməkçi
göstərici verilmişdir. Abdulla Şaiq biblioqrafiyasında
isə Abdulla Şaiqin həyatını, ədəbi-ictimai fəaliyyətini
müfəssəl əks etdirən "Abdulla Şaiqin əsərləri",
"Abdulla Şaiq haqqında", "Abdulla Şaiqin əsərləri
xarici dillərdə", "Köməkçi göstəricilər"
adlı 4 hissə, sözlərinə yazılmış musiqi
əsərləri, notlar, ilk dəfə olaraq ədibin
çap olunmamış yazıları, arxiv sənədləri,
əsərlərinin əlyazması, ailə üzvləri ilə
şəxsi məktubları və mənzil muzeyinin
eksponatlarını tam şəkildə əhatə edən əlavələr
müfəssəl külliyat halında toplanmışdır.
Burada çox müxtəlif mənbələrdən
əldə edilmiş sənədlər təhlil edilmiş,
müvafiq bölmələrdə dillər üzrə
qruplaşdırılaraq daxili əlifba prinsipi gözlənilməklə
xronoloji ardıcıllıqla təqdim edilmişdir. Bu
müqayisəli təhlil onu göstərir ki, F.Köçərli
adına Respublika Uşaq
Kitabxanasının əməkdaşları illər
keçdikcə biblioqrafiyaların tərtibi istiqamətində
xüsusi vərdiş və bacarıqlarını inkişaf
etdirmiş, püxtələşmiş, əldə etdikləri
təcrübədən yararlanaraq böyük uğur
qazanmışdır. Əbəs yerə deyil
ki, bu biblioqrafik tədqiqat işi görkəmli ədəbiyyatşünas
alimlər, yazıçılar, elm və mədəniyyət
xadimləri, tanınmış ziyalılar tərəfindən
çox yüksək qiymətləndirilmişdir.
Biblioqrafiya "Tərtibçidən" adlı
giriş sözü ilə başlayır və burada
biblioqrafiyanın məqsəd və oxucu istiqaməti, məzmunu
və quruluşu, biblioqrafiyanın əhatə etdiyi dövr,
materialların toplanmasında müraciət edilmiş əsas
mənbələr, eləcə də Abdulla Şaiq
haqqında 1985-ci ildə nəşr olunmuş ilk biblioqrafik
göstərici barədə məlumat verilir.
İlk olaraq Abdulla Şaiqin həyat və
yaradıcılığının əsas tarixləri, ədibin
müdrik deyimləri, görkəmli şəxsiyyətlər
haqqında fikirləri, eləcə də görkəmli elm və
mədəniyyət xadimlərinin Şaiq haqqında fikirləri
əks etdirilmişdir.
Ümumilikdə, 2025 mənbə haqqında biblioqrafik
informasiyanı əks etdirən biblioqrafiyanın I hissəsində
A.Şaiqin 1906-cı ildən bu günə qədər
çap edilmiş kitabları haqqında 144 mənbədən
ibarət ətraflı informasiya təqdim edilmişdir. Tərtibçilər
uğurlu təqdimat metodu tətbiq edərək kitablar haqda təkcə
onların çap olunduğu yer, tarix və həcmi barədə
informasiya verməklə kifayətlənməmiş, həmin
kitabların içində toplanmış əsərləri
də ayrı-ayrılıqda təsvir etməklə
onların məzmununu açaraq oxucuların diqqətinə təqdim
etmişlər. Bu bölmədə
haqqında informasiya verilmiş ilk kitab 1906-cı ildə kitab
nəşri sahəsində böyük xidmətləri
olmuş Orucov qardaşları mətbəəsində ərəb
əlifbasında çap edilmiş "İki uşaq" mənzum
hekayəsidir. Bundan sonra xronoloji ardıcıllıqla
"Uşaq çeşməyi", "Gülşəni-ədəbiyyat",
"Uşaq gözlüyü", "Tıq-tıq
xanım", "Tülkü və xoruz", "Gözəl
bahar", "Kimdir haqlı?", "Milli qiraət
kitabı" və s. kimi uşaqlar üçün dərsliklər,
hekayə və pyeslər, mənzum romanlar, təmsillər,
xalq nağıllarından alınmış mənzum
nağıllar haqqında məlumat verilir. Birinci hissədə
kitablarla yanaşı görkəmli şair-dramaturq və
publisistin kitab və dərsliklərdə, məcmuələrdə
və Azərbaycan mətbuatının ən dəyərli və
qiymətli nümunələri hesab olunan - "Dəbistan",
"Molla Nəsrəddin", "İrşad", "Məktəb",
"Nicat", "Həqiqət", "İnqilab",
"Açıq söz", "Şərq
qadını" kimi dövri nəşrlərdə dərc
edilmiş əsərləri, məktubları, ədəbi-tənqidi
və publisistik məqalələri, sözlərinə
yazılmış musiqi əsərləri, notlar, tərcümə
etdiyi, tərtib etdiyi, redaktoru olduğu və rəy verdiyi əsərlər
ətraflı tədqiq edilərək müxtəlif mənbələrlə
yoxlanmış və əks etdirilmişdir. Bir
hissə daxilində belə çoxşaxəli və hərtərəfli
bölgü tərtibçilərin yüksək peşəkarlığı,
dəqiq və müfəssəl təhlil qabiliyyətinin
olması və biblioqrafik vəsaitlərin tərtibi
metodikasını dərindən bilməsinin bariz nümunəsidir.
"Abdulla Şaiq haqqında materiallar" adlanan II hissədə
A.Şaiq haqqında kitablar, kitab və dərsliklərdə nəşr
edilən materiallar, dövri mətbuat və məcmuələrdə
dərc olunan məqalələr, dissertasiya və avtoreferatlar
işıqlandırılmışdır. Görkəmli ədibin
müxtəlif xarici dillərdə-rus, türk, ingilis, alman,
fransız, fars, litva, ukrayna, tacik, türkmən, özbək,
gürcü və eləcə də azsaylı xalqların
dillərində (tat və talış) çap edilmiş əsərləri,
haqqında yazılmış kitablar, dissertasiya və
avtoreferatlar barədə biblioqrafik informasiya göstəricinin
III hissəsində toplanmışdır.
Hər bir biblioqrafiyanı hazırlayarkən mənbələrdən
istifadəni asanlaşdırmaq məqsədilə köməkçi
aparat, yəni köməkçi göstəricilər tərtib
edilir. Haqqında bəhs etdiyimiz biblioqrafik göstəricinin
IV hissəsində ənənəyə sadiq qalaraq müxtəlif
axtarış əlamətləri üzrə axtarışda
oxuculara kömək göstərmək və soruşulan mənbəni
operativ və rahat tapmaq məqsədilə zəngin köməkçi
göstəricilər verilmişdir. Abdulla Şaiqin əsərlərinin
əlifba göstəricisində görkəmli
şair-dramaturqun qələmindən çıxmış əsərlər
həm janrına, həm nəşr növünə, həm
də dilinə görə ayrıca
qruplaşdırılmış, A.Şaiqin sözlərinə
mahnı bəstələyən bəstəkarlar, haqqında
yazan müəlliflər, şairə məktub yazan görkəmli
şəxslər və sərlövhə üzrə təsvir
olunmuş materiallar ayrıca bölmədə təqdim
edilmişdir. Belə zəngin köməkçi
aparat görülən işin biblioqrafik əhatəsinin
geniş olduğunu göstərməklə yanaşı,
şair-dramaturqun ədəbi, elmi, publisistik irsinin müxtəlif
aspektdə axtarışını təmin edir, elmi-tədqiqatla
məşğul olan mütəxəssislərin və digər
oxucuların işini asanlaşdırır və mühüm
biblioqrafik bələdçi rolunu oynayır.
Biblioqrafiyanın ən mühüm məziyyətlərindən
biri də sonda "Əlavələr"
başlığı altında təqdim edilmiş çox dəyərli
mənbələrin ictimaiyyətin diqqətinə
çatdırılmasıdır. Burada A.Şaiqin həyat və
yaradıcılığı, ayrı-ayrı əsərləri
əsasında ekranlaşdırılmış filmlər,
tamaşaya qoyulmuş əsərləri barədə
informasiya, görkəmli Xalq şairləri Səməd
Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, eləcə
də Məhəmməd Səad, Atababa Musaxanlı, Bədri
Seyidzadə, Hüseyn Nəcdət, Adil Nəcdət,
Əflatun Saraclı kimi müəlliflərin Abdulla Şaiqə
ithaf edilmiş şeirləri də öz əksini
tapmışdır.
Əlavə
kimi ayrıca bölmədə təqdim edilmiş Abdulla
Şaiqin Mənzil Muzeyində saxlanılan əsas arxiv
materialları və dəyərli əlyazmalar, şəxsi məktubları
yəni çap edilməmiş sənədlər, muzeydə
mühafizə edilən dəyərli fond materialları
haqqında geniş və əhatəli informasiyanın təqdim
edilməsi zənnimcə bütün oxucular və mütəxəssislər
üçün böyük töhfədir və bu qiymətli
materialların ilk dəfə elmi dövriyyəyə
çıxarılmasına imkan yaradacaqdır.
Biblioqrafiyanın
geniş əhatə dairəsi, materialların zənginliyi,
ilk dəfə olaraq filmoqrafiyanın, çap olunmamış
materialların, arxiv sənədlərinin, muzey eksponatlarını
əhatə edilməsi, biblioqrafik informasiya ilə
yanaşı mətnlərin də təqdim edilməsi
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasını ümumilikdə 11 bölmədən ibarət
olan "Abdulla Şaiq" elektron məlumat bazasının da
hazırlanmasına ruhlandırmışdır.
Belə
möhtəşəm bir biblioqrafiyanın, elmi tədqiqat əsərinin
meydana gəlməsi zəngin ədəbi, elmi, ictimai fəaliyyəti
olan, gənc nəslin milli ruhda tərbiyə edilməsi,
onların maariflənməsi, vətənpərvər
ziyalı kimi yetişməsində, milli dildə təhsilin
inkişafında əvəzolunmaz xidmətləri olan Abdulla
Şaiqin böyüklüyündə idisə, digər bir səbəb
tərtibçi müəlliflərin peşə məharəti
və müfəssəl elmi tədqiqat qabiliyyətinin
yüksək səviyyədə olmasında, yorulmadan əzmlə
çalışmasında idi.
Beləliklə, bu tədqiqat işi ilə Azərbaycan ədəbiyyatının,
elminin, təhsilinin, ictimai fikrinin inkişafı və
formalaşmasına səbəb olan görkəmli bir şəxsin
yaradıcılığı və fəaliyyətinin mükəmməl
biblioqrafik modeli yaradılmış, ədibin bütün
külliyyatı əhatə edilmişdir.
Belə monumental biblioqrafik əsərin işıq
üzü görməsi zənnimizcə Azərbaycan ədəbiyyatı
tarixinə, eləcə də milli biblioqrafik resurs bazasına
çox böyük bir töhfədir. Və bu
münasibətlə bütün ziyalıları, alimləri,
tədqiqatçıları, mütəxəssisləri,
kitabxana ictimaiyyətini və geniş oxucu kütləsini təbrik
edirəm. Tərtibçilərə yeni
yaradıcılıq uğurları arzulayır, uşaq ədəbiyyatı
xəzinəsinin digər görkəmli simaları haqqında
növbəti biblioqrafik elmi-tədqiqat əsərlərini
gözləyirik.
Adilə ABDULLAYEVA
Azərbaycan Milli Kitabxanasının şöbə
müdiri, AMEA-nın doktorantı
525-ci qəzet.- 2016.- 1 dekabr.- S.6.