Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı keçirilir

 

Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı işə başlayıb.

 AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

"Marxal" müalicə-istirahət kompleksində keçirilən toplantının gündəliyinə qurumun ötənilki fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxildir.

Toplantı iştirakçıları əvvəlcə AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair çap etdirdiyi kitabların sərgisinə baxıblar.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq TÜRKSOY tərəfindən 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilən qədim Şəkinin yüksək mədəniyyəti, özünəməxsusluğu ilə yalnız Azərbaycan xalqına deyil, bütün türk xalqlarına mənsub tarixi şəhər olduğunu vurğulayıb.

Nazir "Türk dünyasının mədəniyyət paytaxtı" çərçivəsində keçirilən tədbirlərdən sonra Şəki şəhərinə TÜRKSOY-a üzv ölkələrdən, bütün türk dövlətlərindən yüzlərlə, minlərlə qonağın təşrif buyuracağına, Şəkinin türk dünyasında daha geniş təbliğ olunacağına əminliyini bildirib.

Qeyd olunub ki, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY 20 ildən artıqdır türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində səmərəli iş aparır. Təşkilatın ən uğurlu layihələrindən biri də 2012-ci ildən başlayaraq türk dünyasının mədəniyyət paytaxtlarının seçilməsidir.

Fərəhli haldır ki, 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.

Bildirilib ki, noyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddisbəbə şəhərində keçirilən 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən "Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəkinin qədim tarixi abidələri, sənətkarlıq incilərini özündə birləşdirən nadir bir xəzinə olduğunu vurğulayıb. Baş katib bildirib ki, Şəkinin mənəvi dəyərlərlə yanaşı, insanın könlünü oxşayan gözəlliyinə qonaqpərvərliyinə heyran qalmamaq mümkün deyil. Şəkinin, həm böyük dramaturq Mirzə Fətəli Axundzadənin, tanınmış şair Bəxtiyar Vahabzadənin, digər görkəmli elm sənət xadimlərinin vətəni olduğunu vurğulayan TÜRKSOY-un baş katibi bu şəhərin qədim tarixi abidələri, dadlı şirniyyatı yumoru ilə məşhur olduğunu diqqətə çatdırıb. Düsen Kaseinov bütün bu amillərin Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsində mühüm rol oynadığını bildirib.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov türk dünyasının tanınmış dövlət xadimlərini, elm sənət adamlarını qədim Şəkidə görməkdən məmnun qaldığını bildirib. Şəkinin 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinin heç təsadüfi olmadığını vurğulayan icra hakimiyyətinin başçısı Azərbaycanda mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət göstərildiyini deyib.

TÜRKSOY-la əməkdaşlıq əlaqələrindən danışan Elxan Usubov 2012-ci ildə qurum tərəfindən Şəki şəhərinin "Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı" seçildiyini, 2012-ci ilin "Mirzə Fətəli Axundzadə ili" elan edildiyini, 2014-cü ildə qurumun təşkilatçılığı ilə Şəkidə rəssamların sərgisinin türkdilli ölkələrin milli geyimlərindən ibarət moda nümayişinin təşkil olunduğunu diqqətə çatdırıb.

"Paytaxt ili" çərçivəsində Şəkidə keçirilən silsilə tədbirlər barədə ətraflı məlumat verən Elxan Usubov bu tədbirlərin Şəkinin, o cümlədən, Azərbaycanın zəngin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynadığını bildirib.

Toplantının növbəti bölməsində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşkilat tərəfindən 2016-cı ildə həyata keçirilmiş layihələrə dair, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun "Türk dünyasının mədəniyyət paytaxtı" Şəki şəhərində il ərzində həyata keçirilən tədbirlər barədə hesabatları dinlənilib. İclasda, həmçinin TÜRKSOY-a üzv ölkələrin nümayəndələri çıxış ediblər.

 

525-ci qəzet.- 2016.- 2 dekabr.- S.1, 3.