İslamın
"ispişka"sı
(hekayə)
Nə vaxtsa savadsızın birindən
mənə xeyir gələcəyini desəydilər,
vallah heç inanmazdım.
Qələmə almağa yenicə
qol qoyduğum bu iş başıma
gələndən sonra
inanmaqdan başqa çarəm qalmadı.
Redaksiyaya
işə düzələndən
az müddət
sonra heç əməlli-başlı tanış
olmağa macal tapmadığım İslam
adlı fotoqrafla ezamiyyətə gedəsi oldum. İslam qaraqabaq, özünə
qapananın biriydi.
Elə bil dodağını tərpədib danışmağa
da ərinirdi. Zalım oğlu ağzını güclə açırdı.
Bir söznən fotoqraf söhbətcil deyildi.
Ona görə də İslamla ezamiyyətdə
olduğum günlər
çox cansıxıcı
keçirdi. Ondan adama
fərli yol yoldaşı olmazdı.
Dediyinə görə uzun
müddət rayon mərkəzindəki
foto-atelyedə şəkil
çəkməklə məşğul
olurmuş. İşinə görə babat da pul qazanırmış.
Aramızda olan qısa söhbətdən
hiss elədim ki, İslam ötən illər ərzində bu sənəti yaxşı-pis öyrənsə
də, ömründə
bircə dəfə də olsun kitab-dəftər
üzü açmayıb.
Hiss edirdim ki, Azərbaycan dilinin adi qrammatik qaydalarından
xəbəri yoxdu. Rayon və kənd
adlarını, hətta
öz ad-familiyasını
da kiçik hərflərlə yazırdı.
Bu, onun savadının
hansı səviyyədə
olduğunun göstəricisi
idi. Çox güman ki,
adını balaca hərflərlə yazan adamın Nizamidən, Füzulidən, Sədi Şirazidən, Şekspirdən,
Dostoyevskidən və
başqa dühalardan heç xəbəri də olmazdı. Bəlkə də İslam heç bu dahilərin
adlarını belə
eşitməmişdi.
Fotoqraflıq peşəsi hələ uşaqlıq çağlarından
mənə yaman çətin gəlirdi. Nədənsə
bu işdən bir az gözüm qorxurdu. Çünki fotoqrafın məktəbə
gəlib şəklimizi
çəkib çıxarması
bir aya qədər
uzanırdı. Fikirləşirdim ki, yəqin bu elə bir
çətin sənətdir
ki, gərək həftələrlə, günlərlə
onun üzərində
dayanmadan işləyib
tər tökəsən.
İslamla ilk ezamiyyətim üzücü
və darıxdırıcı
oldu. Fotoqraf qəzet üçün
şəkil çəkib
qurtarana kimi məni əsəbiləşdirib
özümdən çıxartdı.
Uzun müddət rəsmi sənədlər üçün
şəkil çəkmiş
İslamın yaradıcı
düşüncəsi yerli-dibli
yox idi desəm,
yəqin ki, səhv etmərəm.
Şəkilləri eyni formada, eyni çeşiddə çəkirdi. Sanki tarzən barmaqlarını
bir xanada saxlayıb mizrabı eyni simlərə vururdu. Şəkillər hamısı bir-birinə
oxşayırdı, elə
bil pasport üçün çəkilmişdi.
Mən onu başa salmağa
çalışırdım ki, qəzet üçün çəkilən
şəkillərdə dinamika,
hərəkət olmalıdı.
O razılaşmayıb deyirdi
ki, mən neçə illərin fotoqrafıyam, indi sən, dünənki uşaq gəlib mənə şəkil çəkməyi öyrədəcəksən?
Çox
mübahisədən sonra
bir neçə şəkli öz bildiyi, bir neçəsini
də mən göstərdiyim kimi çəkdi. Redaksiyanın rəhbərliyi mənim təklifimlə çəkilmiş
şəkilləri bəyəndi.
İslamla ezamiyyətə çox gedəsi oldum, darıxdırıcı günlər
yaşadım. Dediyim kimi, onun nə
sənətkarlığı, nə də yol yoldaşlığı
beş qəpiyə
dəymirdi. Hər addımda adamı
bezdirib əsəbiləşdirirdi.
Onunla ezamiyyətə gedib-gəldikcə
əvvəllər mənə
çətin görünən
fotoqraflıq sənəti
yavaş-yavaş gözümdə
adiləşib asanlaşırdı.
Günlərin birində haradansa
ağlıma gözəl
bir fikir gəldi. Ağlıma təşrif buyuran
fikri götür-qoy edib düşündüm
ki, ömründə bir kitab üzü
açmayan İslam bu balaca fotoaparatın
öhdəsindən gəlirsə,
onunla işləməyi
bacarırsa, deməli,
mənim üçün
də onu öyrənmək çətin
olmaz. Əgər şəkil çəkməyi
bacarsaydım, daha İslamla ezamiyyətə
getməyin işgəncəsindən
canım qurtarardı.
Qəfil
ağlıma gələn
bu fikri yaddaşıma yazıb sürətlə həyata
keçirməyə başladım.
Elə İslamın özü ilə gedib təzə bir fotoaparat aldım. Bəzi texniki şərtləri də ondan öyrəndim.
Bir-iki dəfə sınaq çəkilişi apardım.
Cəhdlərim pis alınmadı.
Yavaş-yavaş vərdişləri mənimsədim. İşimi çox
həvəslə görürdüm.
Bacarığımla çətinlikləri məğlub etməyə
çalışırdim. Şəkil çəkməyi yaxşı-yaxşı
öyrənib İslamla
ezamiyyətə getməyin
əzab-əziyyətindən qurtuldum. Arada-bərədə vaxt olanda başqa yerlərdə də şəkillər çəkib az-çox pul da qazandım.
Əgər İslamla rastlaşmasaydım,
yəqin heç vaxt bu peşəyə
sahib olmayacaqdım. Bax, buna
görə həmişə
ona minnətdaram.
İslamın işində isə heç bir irəliləyiş yox idi. O yenə də
həmişəki kimi
bir-birinə bənzəyən
şəkillər çəkməkdə
davam edirdi. Ha çalışsa da ölü nöqtədən
bir addım da olsun irəli
gedə bilmirdi. Kor kimi tutduğunu əlindən buraxmaq istəmirdi. Mən heç
vaxt onun işlərinə qarışıb
məsləhət-filan verməzdim.
Bilirdim ki, tərsin biridir. Deyilən ağıllı sözləri də eşitməyəcək.
Bir dəfə
savadsızlığının ucbatından İslamın
başına çox
gülməli hadisə
gəldi. Məsul katibimiz Mətləbin
qardaşı Şamil
Rusiyada yaşayırdı.
Özü də deyəsən,
babat da vəzifədə işləyirdi.
O Bakıya gələndə
hərdən vaxt tapıb redaksiyaya da baş çəkib
bizimlə görüşərdi.
Bir dəfə Şamil yenə də iş yerimizə gəlmişdi.
Rusiyada gördüyü işlərdən,
azərbaycanlıların orada
necə yaşadıqlarından
ətraflı danışdı.
Biz də bəzi şeyləri bir az da ətraflı öyrənmək
üçün ona çoxlu suallar verdik. Sağollaşıb
gedəndə dedi ki, ay uşaqlar, kimə nə lazımdırsa, yazıb versin, Rusiyadan
alıb göndərim.
İş yoldaşlarından kimsə qımıldanmadı.
Hamımız ona yaxşı
yol arzuladıq. Yalnız İslam məsul katibin qardaşına nə isə yazıb verdi. Biz onun Şamildən nə xahiş elədiyi ilə heç maraqlanmadıq da.
Üstündən iki həftə
keçəndən sonra
məsul katib İslamı çağırıb
ona bir bağlama
verib dedi ki, qardaşım tapşırdığını alıb göndərib. Fotoqraf bağlamanı elə bizim yanımızdaca açdı. Hamımız maraqla gözləyirdik ki, görəsən, Şamilin Rusiyadan İslama göndərdiyi nədir? Bağlama açılanda hamımızı
heyrət bürüdü.
Onun içində yüzdən
çox kibrit qutusu var idi.
Bunu görəndə düşündük
ki, bu qədər
kibrit fotoqrafın nəyinə lazımdır?
İslam
niyə Şamili əziyyətə salıb
kibritləri Rusiyadan aldırıb? Elə buralardan
da nə qədər istəsən
kibrit almaq olardı də. Fotoqraf özü də qutulara baxıb mağmın-mağmın gözlərini
xeyli döyüb başını aşağı
saldı. Susub bir
söz demədi.
Sonra bağlamanın ağzını
bağlayıb sakitcə
dayandı.
Bir neçə
dəqiqə çəkən
sükut və heyrətdən sonra İslamdan bu kibritləri nə üçün məhz Rusiyadan Şamilə aldırdığının səbəbini
soruşduq. Fotoqraf qızarıb, pörtüb
başını aşağı
salıb bir söz demədən bağlamanı götürüb
otaqdan çıxdı.
Sonra məsul katib qardaşı ilə telefon əlaqəsi yaradıb kibrit məsələsini öyrəndi.
Məlum
oldu ki, İslam Şamilə verdiyi kağızda ondan "ispişka" alıb göndərməyi
xahiş edib. O da fotoqrafın tapşırığını yerinə yetirərək kibrit qutularını alıb göndərib.
Sonralar öyrəndik
ki, bu anlaşılmazlığa
İslamın savadsızlığı
səbəb olub. Sən demə,
fotoqrafa aparatın üstünə taxıb şəkil çəkmək
üçün istifadə
etdiyi "vspışka",
yəni işıqsaçan
lazım imiş.
İslam
isə bu sözü dəqiq yaza bilmədiyindən səhvə yol verib. Necə deyərlər, işlər
kəllə-mayallaq olub.
Nəticədə belə anlaşılmazlıq
ortaya çıxıb.
Şamil
yazıq da elə zənn edib ki, yəqin
İslama kibrit lazımdır. Onu da artıqlaması ilə alıb göndərib.
Bunu eşidəndə hamımız
doyunca güldük.
Amma baş verən bu hadisə İslamın vecinə də deyildi. O heç kefini də pozmadı. Yenə də öz işindəydi, qəzet üçün "pasport"
şəkilləri çəkməkdə
davam edirdi. Hələ də adını balaca hərflərlə yazırdı.
Yaşı çatanda İslam təqaüdə çıxdı. Bir neçə
gün əvvəl onu şəhərdə uzaqdan gördüm. Yenə də şəkil çəkirdi. Fotoaparatının üstünə də iri bir işıqlandırıcı
taxmışdı. Onu
görən kimi neçə illər əvvəl baş verən hadisəni xatırlayıb öz-özümə
sual verdim: "Görəsən İslam
onu haradan almışdı?.."
İyul,
2014
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.- 2016.- 20 dekabr.- S.8.