Bişkekdə Rəşid Behbudov
və Müslüm Maqomayev
yad edilib
Dekabrın 17-də Bişkek şəhərində
Abdılas Maldıbayev
adına Qırğız
Milli Akademik Opera və Balet Teatrında
Rəşid Behbudovun
100 illik yubileyinə və Müslüm Maqomayevin yaradıcılığına
həsr olunmuş
"Göy əbədiyyət"
adlı qala-konsert keçirilib.
Tədbirin əvvəlində teatrın
foyesində qonaqları
Qırğızıstanda yaşayan
azərbaycanlıların İctimai
Birliyi olan "Azəri"nin musiqi ansamblı qonaqları Azərbaycanın
milli mahnıları ilə qarşılayıblar.
Tamaşaçılarla dolu olan nəhəng
salonda Qırğız
Respublikasının rəsmiləri,
görkəmli ziyalılar
- elm, mədəniyyət, ədəbiyyat
xadimləri, ictimaiyyətin
tanınmış təmsilçiləri,
soydaşlarımız iştirak
ediblər.
A.Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının baş direktoru Bolotbek Osmonov gecəni açaraq, növbəti dəfə Azərbaycan mədəniyyəti
ilə bağlı belə böyük tədbirin onun rəhbərliyini etdiyi teatrda keçirildiyinə
görə böyük
fəxr və həyəcan duyğusu yaşadığını, qala-konsertin
dahi sənətkarlar Rəşid Behbudov və Müslüm Maqomayevə həsr olunmasının xüsusi
önəm daşıdığını,
qırğız xalqının
onlara böyük rəğbət və sevgi bəslədiyini qeyd edib.
Baş direktor belə tədbirlərin hazırlanmasında və
keçirilməsində verdiyi
ardıcıl dəstəyə
görə Azərbaycanın
Qırğız Respublikasındakı
Səfirliyinə minnətdarlığını
bildirib.
Sonra səfir
Hidayət Orucov çıxış edərək,
Azərbaycanın dahi
sənətkarlarına verilən
qiymətə görə
qırğız xalqına
təşəkkürünü dilə gətirib. Səfir
son zamanlar həm Azərbaycanda, həm də Qırğızıstanda
mədəni əlaqələr
baxımından bir çox vacib tədbirlərin keçirildiyini
qeyd edib. O, belə tədbirlərin təşkil olunmasının
iki qardaş xalqı daha da yaxınlaşdırdığını
vurğulayıb. Sonra H.Orucov
həm R.Behbudovun, həm də M.Maqomayevin şəxsiyyəti
və yaradıcılığı
barədə fikirlərini
bölüşüb, prezident
İlham Əliyevin təşəbbüs və
tapşırıqları əsasında
hər iki korifey sənətkarın
xatirəsinin layiqincə
anıldığını və əbədiləşdirildiyini
diqqətə çatdırıb.
Sonra rejissor İskender Saatbayevin quruluş verdiyi, Rəşid Behbudovun repertuarından, Müslüm Maqomayevin, Üzeyir Hacıbəyovun
əsərlərindən, həmçinin
Sevil Əliyevanın,
Gövhər Həsənzadənin
musiqilərindən ibarət
qala-konsert başlanıb.
Qala-konsertdə Qırğızıstanın
populyar opera müğənniləri
Yuliya Babiç, Almaz İstambayev, Ayzirek Momunova, Yelena Ovçinnikova, Elnura Kanatbekova, Said Bekmuratov, Aleksandr Donis, Kamçıbek İsenbayev,
Anton Leshov ilə yanaşı həmyerlimiz
Faik Baxışev,
"Almaz-studio" qrupunun
üzvləri, "Bişkek
Biq-bend" rəqs qrupu çıxış
edib. Bir çox mahnılar
Azərbaycan dilində
səsləndirilib. Müslüm Maqomayevin "Azərbaycan"
mahnısı ilə bitən qala-konsert gur alqışlarla müşayiət olunub.
Tədbir yaxın günlərdə
göstərilmək üçün
ölkənin əsas
dövlət kanalı
olan İctimai Televiziya (KTRK) vasitəsi ilə tam şəkildə
lentə alınıb.
CEYHUN
525-ci qəzet.- 2016.- 20 dekabr.- S.8.