Nağıl kimi bir ömür: Nüsrət Kəsəmənli

 

UNUDULMAZ ŞAİRİMİZİN 70 İLLİYİNƏ

 

 

(Əvvəli ötən sayımızda)

 

Beləcə, "Nüsrət və Rəhilə" məhəbbət dastanının da təməli qoyulur. Nüsrət bir gün ona ürəyini açır, Rəhilə isə çox fikirləşir, əvvəlcə razılıq vermir, tərəddüd edir.

 

Axı Nüsrət Kəsəmənli artıq məşhur şair, gənclərin dilinin əzbəri, çox qızların sevimlisi idi. O həm də "Nüsrət və Sevda" macərası haqqında da eşitmişdi. Belə bir adamla ailə qurmaq olardımı? Valideynləri buna necə baxacaqdı? Amma onu da hiss etmişdi ki, Nüsrət onun alın yazısı, könül dünyasıdı.

 

Bu ərəfədə iyirmi yeddi yaşlı Nüsrəti orduya həqiqi hərbi xidmətə çağırırlar. O, bir il əvvəlcə Naxçıvanda, sonra Ukraynada əsgərlikdə olur. Qayıdanda eşidir ki, istəklisi Sevdanı ərə veriblər. Özü yazdığı kimi:

 

Mən orduya nələr görüb getmişdim,

Ürək alıb, ürək verib getmişdim,

İki qıza könül verib getmişdim,

Qayıdanda biri vardı, biri yox.

 

Sevdanı tamam itirən Nüsrət bütün meylini salır Rəhilə xanıma, ona söz verir ki, nə olur olsun, o, ona yaxşı ömür-gün yoldaşı, ailəsinə layiqli başçı olacaq. Rəhilə xanım razılıq verir, Qazaxdan Bakıya elçilər gəlir, nişan taxılır və çox keçmədən onların toyları olur. Uzun müddət kirayədə yaşayırlar, çətinlik çəkirlər. İki oğul övladları olur, böyüyün adını Rəşad, kiçiyin adını isə Araz qoyurlar. Üzünü Araza tutaraq Nüsrət yazmışdır:

 

Vətən alov etsin odunu sənin,

Böyü bu torpaqla, bu yurdla öyün,

Mən Araz qoydum ki, adını sənin,

Evimdə Arazı çağırım hər gün.

 

Nüsrət Kəsəmənli tez bir zamanda Azərbaycan Yazıçılar İttifaqının üzvü, sonra referenti, ədəbi məsləhətçisi, SSRİ Yazıçılar İttifaqının üzvü olur, Moskvada gənc yazıçıların VI və VIII qurultaylarında İdarə Heyətinin üzvü, poeziya şurasının sədri seçilir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyir. "İlham" və "Dünyaya pəncərə" sənədli televiziya verilişlərinin ssenari müəllifi və aparıcısı olur. Respublika Lenin mükafatına layiq görülür. "Boş kəndlərin harayı",  "Mövzu  üzrə improvizasiya" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərinin ssenarisini yazır. Bir neçə şeir kitabını çap etdirib oxucularına təqdim edir. Ali məktəblərdə, orta məktəblərdə gənclərlə görüşlər keçirir və onların pərəstişkahına çevrilir. Dörd yüzdən çox şeirinə mahnılar bəstələnir, ən məşhur bəstəkarlar, müğənnilər onun yaradıcılığına müraciət edir, onunla iş birliyi qururlar.

 

Nüsrətin bütün şeirlərində bir musiqi, bir melodiya duyulur, sanki şair onları elə özü oxuya-oxuya yazır, bəstəkarlar da o musiqini çox asanlıqla tapırlar. Ona görə onun yüzlərlə şeiri mahnı kimi oxunur. "İkimizdə bir ürək var, yarı məndə, yarı səndə. / Sevgi adlı bir ağacıq, budaq məndə, narı səndə..." və yaxud "Bu təbəssüm bir çiçəyin izidi, / Ala gözün bulaqlarım gözüdü, / Ürəyimdə məhəbbətin özüdü, / Ürəyimlə bacarmıram, neyləyim?.." Nə qədər şirin, nə qədər sadə və harmonik söz birləşmələri, hisslər, duyğular! Bu şeirlər Azərbaycan musiqisinin bütün janrlarında - muğamda, həzin lirik mahnılarda, estrada musiqilərində, ritmik bəstəlar mahnılarında layiqincə istifadə olunur. Nüsrət çoxları kimi oturub söz gəzmir, özü demiş, "şeir yazmır", sadəcə şeirlə danışır, "ürəyindən yük atır", gördüklərini, yaşadıqlarını çox böyük səmimiyyətlə söyləyir: "Axı nə verəcək bu sevgi bizə, / Köhnəlmiş hicranmı, / Təzə vüsalmı? / Nə qədər gec deyil, get evinizə, / Axı nə verəcək bu sevgi bizə!.." və yaxud "Getmək istəyirsən, bəhanəsiz get, / Oyatma mürgülü xatirələri. / Səsin həmin səsdir, baxışın ögey, / Gedirsən, səsin də yad olsun barı"... Budur Nüsrət Kəsəmənli səmimiyyəti, şeiriyyəti.

 

Nüsrət boş yerdən "məhəbbət şairi" adını qazanmayıb. O, sevginin, məhəbbətin hər üzünə, hər məqamına elə ürəklə yanaşır, söz qoşub ki, onu başqa cür gözəl və poetik şəkildə ifadə etmək olmur. Xüsusən də eşqin, məhəbbətin əzabını, dərdini sevir və sevdirir şair, vüsala qədər olan məhəbbətin incəliklərindən, böyüklüyündən danışır.

 

Başqalarının cəsarət edib yaza bilmədikləri sevgi macəralarını Nüsrət Kəsəmənli çox böyük məharətlə dilə gətirir, poeziyaya çevirir: "Yolun sonuna gəldik. / Bu sevgi burda bitər. / Yalvarma, geriyə dön, üzrün günahdan betər. / Gözlərimin önündə nə əyil, nə də alçal. / Ayrıldı yollarımız. / Mən getdim, salamat qal..." və yaxud "Mən səni unuda bilmirəm axı, / Unutsam, nələri unudam gərək. / Göylərə baxmışıq aylı gecədə, / Unutsam, göyləri unudam gərək"... Sevən gənclər bu poeziyadan istədikləri sözləri seçib öz sevgililərinə göndərirlər.

 

Bu sevgi şeirlərinin, əlbəttə, hamısının öz ünvanı var, lakin onların əksəriyyəti Nüsrət Kəsəmənlinin ilk məhəbbəti Sevda xanıma və onun çox sevdiyi qeyrətli ömür-gün yoldaşı Rəhilə xanıma həsr olunmuşdu.

 

Heç kim üçün sirr deyil ki, bu lirik şeirlərin bəziləri isə digər, Nüsrəti sevən və şairin biganə qalmadığı gözəllərdən bəhs edir. Ünvanından asılı olmayaraq, bu şeirlərin heç birində zərrəcə yalançılıq, saxtalıq hiss olunmur, əksinə, onların hər birində bir ağrı, bir yanğı, bir danılmaz səmimiyyət var: "Eşqinlə yanardım, köz istəsəydin, / Bir nəğmən olardım, söz istəsəydim, / Məni görmək üçün göz istəsəydin, /  Kor qalıb verərdim gözümü sənə..." və yaxud "Nə biləydik bu sevginin sonu yox, / Nə biləydik dünya belə dönəcək.  / Nə biləydik sevgi adlı bir qonaq, / İkimizin arasında öləcək"...

 

Yəni Nüsrət kimi sevirdisə, ürəkdən sevirdi, qəlbdən sevirdi, qəlbən sevirdi, çünki o əsl şair idi, çünki o, məhəbbətlə dolu məhəbbət şairi idi, həyat aşiqi idi. Və bunların hamısını onun çox müdrik, çox ağıllı və ziyalı ömür-gün yoldaşı Rəhilə xanım başa düşürdü, ona heç vaxt bir söz demirdi, gecə yarısına kimi onun yolunu gözləyirdi, gələndə üzünə gülümsəyərək onu xoş sözlərlə qarşılayırdı, başqaları kimi qanqaraçılıq salmırdı, vay-şivən qoparmırdı.

 

Əziz oxucular, burda bir haşiyə çıxmaq istəyirəm. Müdriklərdən biri deyib ki, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Çox böyük, məşhur insanlar tanıyıram ki, ailə sarıdan bəxtləri gətirməyib, ailə onların yaradıcılığına, inkişafına mane olub, əngəl olub, onları bəzən hörmətdən, nüfuzdan salıb, bəzən də onların dünyadan vaxtsız köçməsinə, məhvinə səbəb olub. Qadınlar da tanıyıram ki, öz xanımlıq missiyasını, analıq borcunu, keçmişimizdən üzü bəri gələn qadınlıq yerini, vəzifəsini düzgün dərk edib, həmişə səbr, təmkin nümayiş etdirmiş, heç bir halda ərinin üzünə ağ olmamış, əksinə, ona hər zaman dəstək, dayaq olmuş, onu uca tutmuş, ailəni qoruyub saxlamışdır. Belə nümunəvi Azərbaycan qadınlarından biri də Nüsrət Kəsəmənlinin həyat yoldaşı, ən yaxın dostu və sirdaşı, müdrik Rəhilə xanımdır. O, Rəhilə xanım ki, Sevda xanım sağalmaz xəstəliyə düçar olub xəstəxanada yatan zaman Nüsrəti bir neçə dəfə onun yanına göndərir, hətta bir dəfə də özü gedir. O, Rəhilə xanım ki, ərinin bütün "şair şıltaqlıqlarına" dözüb, axırda onu məşhur "Etiraf" şeirini yazmağa məcbur etmişdir. Bu şeirdə Azərbaycan qadınının  qədər mərd, uzaqgörən, mətanətli, qeyrətli və böyük məhəbbətə qadir olduğu etiraf edilir və hər bir oxucuda böyük heyrət doğurur. Nə qədər açıq etiraf, nə qədər böyük səmimiyyət! Əhsən sənə şair! Əhsən sənə Rəhilə xanım!...

 

Hər bir şair öz yaradıcılığından başqa, həm də öz şəxsiyyəti - məğrurluğu, mərdliyi, kişiliyi ilə də fərqlənməlidir. Əgər şair payız küləyi kimi  hər tərəfə əsirsə, bu gün dediyini sabah danırsa, nəyinsə naminə kiməsə yaltaqlanırsa, yarınırsa, o heç zaman yaşamaz, yadda qalmaz. Nüsrət Kəsəmənlinin bir sifəti var idi, o heç vaxt haqqı nahaqqa vermədi, əqidəsinə sadiq, mərd, məğrur, vətənpərvər, elcanlı, kövrəkqəlbli, incə təbiətli bir şəxsiyyət olaraq qaldı.

 

Məhz elə buna görə də Nüsrəti milyonlarla sevənlərlə yanaşı, onu sevməyənlər, ona paxıllıq edənlər, üzünə gülüb arxasınca danışanlar, çörəyini yeyib, dostam deyib, sonradan ona dönük çıxanlar, onu sındırmağa çalışanlar da az deyildi.

 

Mənim bu şəhərdə kimim var axı?

Taleyin verdiyi paya - paxıllıq,

Boyu ki mən özüm qazanmamışam,

Allahın verdiyi boya - paxıllıq...

 

Nüsrət həm də cəmiyyətimizdə olan bütün xoşagəlməz keyfiyyətlərə, qeyri-insani münasibətlərə qarşı çıxır, onları cəsarətlə qamçılayır, satira atəşinə tuturdu. Onun "Kirayə çarpayı", "Seyid Əhməd", "Laqeyd adamlar arasında", "Özgələr qapısında", "Ağrı", "Ekran-yaxud bir aktyorun teatrı", "Oğru olmaq istəyirəm" kimi şeirləri deyilənlərə sübutdur.

 

Nüsrət Kəsəmənlinin ən böyük arzusu bütöv Azərbaycan arzusu, ən böyük dərdi Araz dərdi, Təbriz dərdi idi. Ancaq təəssüflər olsun ki, o nəinki o arzusuna  çatmadı, o böyük dərdinə məlhəmi tapmadı, onun bu böyük dərdinin üstünə yeni-yeni dərdlər ələndi: Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın qovulub çıxarılması, 20 Yanvar faciəsi, Xocalı dəhşəti, Qarabağ müsibəti... Ən tanınmış və xalqın sevgisini qazanmış ziyalılarımızla bərabər Azadlıq meydanında tribunaya qalxdı və xalqımızı düşmənlərimizlə mübarizəyə, müstəqillik uğrunda əlindən gələni etməyə çağırdı, bir şair kimi bütün bu hadisələri qələmə aldı, ürəyinin süzgəcindən keçirdi, "Yaddan çıxmaz Qarabağ" epik-dramatik poemasını yazdı. Torpaqlarımızın, rayonlarımızın bir-bir əldən getdiyi bir zamanda Bakıda gedən hakimiyyət davasını, vəzifə davasını gördü, məyus oldu, sıxıldı, sızıldadı və bu sızıltını qələmə aldı.

 

Beləcə, bu sızıltı, bu yanğı şam kimi əritdi onu içindən, bir tərəfdən də "sapı özümüzdən olan baltaların" bu yenilməz, məğrur şairin qol-qanadını baltalaması sındırdı Nüsrəti, gözlənilməz xəstəliyə düçar elədi, apardı onu aramızdan. O, öz ölümünü də görürdü, hiss edirdi, yazırdı:

 

Gedirik deyə-gülə,

Gedirik ölümgilə.

Gedər-gəlməz yoldu bu,

Kim qayıda, kim gələ?!

Ölüm, qarşıla məni...

 

"Mənsiz qalacaqdır bu dünya bir gün", "Qapamayın gözlərimi" deyirdi. Cərrahiyyə əməliyyatı üçün bir neçə məşhur Avropa ölkəsi təklif olunduğu halda o, Təbrizi, Cənubi Azərbaycanı seçdi. Çünki hiss edirdi ki, öləcək və istəyirdi ki, öz halal torpağında, həyatı boyu həsrətində olduğu və heç vaxt dilindən düşmədiyi Təbrizində ölsün və ölümü ilə bu torpağı birləşdirsin. Elə də oldu. Nüsrət əməliyyatdan normal qurtarmağına baxmayaraq, daxilində olan digər xəstəlikdən qəflətən gözlərini əbədi olaraq işıqlı dünyaya yumdu...

Həmin günlərdə Nüsrətin yanında onun çox sevdiyi ömür-gün yoldaşı, sədaqətli dostu Rəhilə xanım müsibətlər çəkib. O söyləyir ki, şairin xəstəxanada olduğu müddətdə bütün Təbriz, Urmiya, Ərdəbil əhli dəstə-dəstə  ona baş çəkməyə gəlir, onun yatdığı palatanın pəncərələrinin qabağı gül-çiçəklə dolu olurdu, gənclər pəncərə qarşısında onun şeirlərini söyləyirdi, hamı Allahdan onun ayağa durmasını diləyirdi. Ancaq təəssüflər olsun ki, Nüsrət Kəsəmənli ayağa durmadı, təbrizlilərdən də, bizlərdən də cismani olaraq ayrıldı və həmin gün bir zaman "Ağlama, Təbrizim, ağlama" yazan Nüsrəti bütün Təbriz ağladı, Cənubi Azərbaycan ağladı, ona yas tutdu, ağı dedi. Sonra onun cənazəsi Bakıya gətirildi, biz ağladıq, sızladıq və bir əzizimiz kimi onu son mənzilə yola saldıq. Allah rəhmət eləsin!

 

Amma bir böyük təsəllimiz var. Nüsrət Kəsəmənli poeziyası, bu poeziyadan su içən neçə-neçə məşhur nəğmələr, gənclərin dilindən düşməyən yüzlərlə sevgi, məhəbbət şeirləri. Şair üçün bundan böyük nə ola bilər? İstər yüz yaşa, istər əlli, istər yüz əlli. Dünyanın və xüsusilə xalqın dərdini çəkən, onu içindən keçirən əsl şair kimi Nüsrət Kəsəmənli 57 il yaşaya bildi, ancaq öz təkrarsız yaradıcılığı və məğrurluğu, kişiliyi ilə əbədi həyat qazandı. Necə ki, Azərbaycan var, Azərbaycan xalqı var, həyatda sevgi, məhəbbət var, Nüsrət Kəsəmənli də olacaq. Özü demiş:

 

Desələr dəfn etdik dünən biz onu,

O da hamı kimi yaşadı, öldü.

Bilməzdik bu qədər yaxınmış yolu,

Qayıdıb dünyaya təzədən gəldi,

Sən inan əzizim,

Sən inan buna!...

 

Adətən nağıllar "göydən düşən üç alma" ilə bitir. Amma Nüsrət Kəsəmənli nağılının sonunda, onun aktyor və şair oğlu Rəşad demiş, üç alma düşməyəcək, çünki bu nağıl heç vaxt bitməyəcək.

 

Valeh NƏSİBLİ

 

525-ci qəzet.- 2016.- 20  dekabr.- S.6.