Müdriklik və insaniyyətlik zirvəsində

 

Bir gün Sokratdan soruşurlar: "İnsanda ən çox nəyi qiymətləndirirsən?". Filosof tərəddüd etmədən cavab verir: "İnsaniyyətliyi".

 

Həqiqətən, insanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azı ətrafdakılara yaxşılıq etmək, qayğı, xeyirxahlıq, mərhəmətlik göstərmək digər yüksək keyfiyyətlərə sahib olasan. Belə işıqlı şəxsiyyətlərdən biri fakültəmizin şəksiz favoriti sayılan, zəngin elmi-pedaqoji təcrübəyə malik olan öz ülvi keyfiyyətləri ilə seçilən dəyərli həmkarım Akif Rüstəmovdur.

 

A.Rüstəmov ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirdirdən sonra ömürlük həyatını respublikanın bu qocaman ali təhsil məktəbi ilə bağlamışdır. Əmək fəaliyyətinə adi laborantdan başlamış, daha sonra müəllim, baş müəllim, dosent, dekan müavini, dekan vəzifəsinə qədər yüksələ bilmişdir. Fakültədə çalışdığı 50 ilə yaxın dövrdə Akif müəllim hamının işinə, xeyrinə, şərinə yarayan, bir çoxların dərdinə çarə tapan, qayğıkeş, eyni zamanda təmənnasız, sadə, saf əqidəsi məsləki olan, təbiətcə sakit, mülayim iddiasız ziyalı nurlu bir sima kimi hamının hörmətini qazanmışdır. A.Rüstəmovun elədiyi yaxşılıqlar, qayğıkeş əməllər onu daim ucaldır, zirvələrə çatdırır.

 

İllər keçir, dövr dəyişir, çoxları zamana uyğun hərəkət etməyə çalışır. Akif müəllim isə dəyişməz olaraq qalır. Ona görə o, sözdə , əməldə , davranışında da, düşüncəsində bütöv bir zəka sahibidir. Akif Rüstəmov gözəl ziyalı-alim təcrübəli müəllim olmaqla yanaşı, təmkinli, ləyaqətli gözutox bir insandır. Ona lovğalıq, özündən razılıq, var-dövlət hərisliyi kimi hisslər tamam yaddır. bu keyfiyyətləri o, təkcə öz doğma Bakı Dövlət Universitetində deyil, hətta bir arada dekan olduğu özəl ali məktəblərdə nümayiş etdirə bilmişdir. Onu da deyim ki, özəllərə Akif müəllimin özünün həvəsi, meyli var idi. Onun dalınca rektoratın adından dəfələrlə adam göndərilərdi, zənglər, xahişlər olardı. Akif Rüstəmov özəllərdə çalışdığı illər həmin ali məktəblər üçün "intibah dövrü" olmuşdur. O, BDU-nun tədris sistemini, intizam qaydalarını özəllərin zəmininə keçirtmək üçün çoxlu səy göstərirdi. Valideynlərin Akif müəllimlə görüşüb, ona öz minnətdarlığını bildirmək səhnəsinin mən dəfələrlə şahidi olmuşam.

 

Akif Rüstəmovun etiqadına, mənəvi zənginliyinə daxili təmizliyinə yaxından bələd olduqca belə bir qənaətə gəlirsən ki, ona məxsus ləyaqət, ucalıq fitri xilqətdir. Onun timsalında şəxsiyyət müəllim sözləri müdriklik insaniyyətlik etalonuna çevrilmişdir.

 

A.Rüstəmov BDU-nun jurnalistika fakültəsinin dekanı olan vaxtlarda (1989-1999) çox adama çörək verib, işə dəvət edib, yardım edib, ancaq heç zaman heç kəsə bunları başa qaxınc etməyib. Dekan olanda yerinin özününki hesab etməyib, vəzifəni insanlara kömək etmək şansı kimi qiymətləndirib, özünüreklamlığla məşğul olmayıb, gördüyü faydalı işləri heç kəsin gözunə soxmayıb. Ömrü boyu paxıllıqdan, yaltağlıqdan, məddahlıqdan yan keçib tələbələrinə bu mükəmməl keyfiyyətlərini aşılamağa çalışıb. Akif müəllim öz işini kiminsə diqqətə çatdırmağı xoşlamır. O, heç bir tələbəyə zorla "mənə hörmət eləməlisiniz" - deməz, "mənim dərsimdə hamınız sakit oturmalısınız" - söyləməz. Amma bütün tələbələr ona hörmətlə yanaşar, auditoriyalarda yalnız onu asta təmkinli səsi gələr. İmtahanlar keçiriləndəsə hamı onun obyektivliyinə, tərəfkeşsizliyinə güvənir. eyni zamanda Akif müəllim heç zaman heç bir tələbələrin qarşısında gözükölgəli olmayıb.

 

Bəli, Akif Rüstəmov vicdanlı, obyektiv, əsl pedaqoq, xeyirxah müəllim yoldaşıdır. Çoxlarına olduğu kimi, vaxtı ilə həmin qayğıdan, xeyirxahlıqdan bu sətirlərin müəllifinə pay düşmüşdür.

 

Şərəfli həyat yaşadığı üçün, tələbələr Akif müəllimi sevir, ona hörmətlə yanaşır. Hətta rəhbərliyin ona qıyımsılıq olan dövrlərdə , Akif Rüstəmov ləyaqətini qoruyub saxlamağı bacarıb, heç kəsin yanında minnətli olmayıb. Belə hallarda o deyirdi: "Mənim üçün ən böyük mükafat tələbələrin mənə olan hörmətidir.Tələbənin hörmətini sevincini qazanmaqdan qiymətli şey ola bilər ki?"

 

A.Rüstəmov təvazökar adam olduğu üçün mən heç zaman onun özu haqqında yüksək fikir olduğunun şahidi olmamışam.

 

Akif müəllim çox konkret insandır. Sözü birbaşa adamın üzünə deyir. Əgər isə xoşuna gəlməyibsə, qarşıdakı şəxsin kimliyindən asılı olmayaraq, bunu gizlətməyəcəkdir.

 

İstər dekan olduğu illərdə, istər ondan sonrakı dövrlərdə tələbələr təhsil aldığı dörd il ərzində Akif müəllimin bir dəfə olsun hirsləndiyini, əsəbləşdirdiyini görməyiblər. Bəlkə olubdur, lakin o, bunu heç kəsə hiss etdirməz. A. Rüstəmov hər zaman işinə məsuliyyət dəqiqliyi ilə yanaşar, məhz buna görə o, kollektivdə hörmət nüfuz sahibi kimi tanınır.

 

Onun xarakterinin bir cəhətinini qeyd etmək istərdim. Bir müəllim kimi Akif Rüstəmov tələbkardır. Lakin bu tələbkarlığın özundə bir qayğı vardı, o, tələbələri öz övladlarından ayırmır. A. Rüstəmov imtahanlar zamanı tələbələri incitməz, nəyə görəsə onlara aşağı qiymət verməz. Bunu tələbələr , valideynlər , digər müəllimlər yaxşı bilirlər. O, ömrü boyu belə işləyib. Bu nöqteyi-nəzərdən A. Rüstəmov çoxlarına örnək ola bilər. Hesab edirəm ki, bu bir ömrün mükəmməl ifadəsidir.

 

Akif Rüstəmov hər cəhətdən etibar ediləsi adamdır. Onun müsbət keyfiyyətlərinə indiki zamanda çox az-az adamlarda rast gəlmək olar. Bu mənada Akif müəllim onu tanıyanlar üçün qənimət adamıdır. Ondan öyrənməli, əxz edib götürməli keyfiyyətlər çoxdur. Mən onların çox az qismindən danışdım.

 

Akif müəllim sözün əsl mənasında MÜƏLLİMDİR, öz peşəsinin vurğunudur. Bəzən adama elə gəlir ki, Akif Rüstəmov dünyaya məhz müəllim qismində gəlmişdir, anadangəlmə pedaqoqdur. Bunu təkcə mən yox, fakültəmizdə onunla uzun illər çiyin-çiyinə çalışan digər müəllimlər təsdiqləyə bilər. Gəlin onların da Akif müəllimə olan münasibətinə nəzər yetirək:

 

Cahangir Məmmədli (jurnalistika fakültəsinin dekan əvəzi, kafedra müdiri, professor): “Akif Rüstəmov - hamımızın Akif müəllim çağırdığımız Akif müəllim qırx beş ildən artıqdır ki, öz həlim xarakteri, ətrafına qayğıları, özündən çox ətrafdaşlarını düşünməyi ilə bizi heyran qoyur. Jurnalistika fakültəsinin bütün inkişafı onun gözü qarşısında keçib. Ən çətin dərs bölgülərində doğma-ögeyliyə bölmədən kafedralara kömək olub. Bəzən başqalarının işini gördüyünə əsəbləşən vaxtları da olub, amma heç vaxt üzə vurmayıb. Adi müəllim çağında da, vəzifəli günlərində də Akif müəllimin dostları dəyişməz oldu. Onun onillik dekanlıq dövrü tələbələrinin, dostlarının, yoldaşlarının demokratik dövri kimi yadda qaldı. Akif müəllim təmannasız dekan oldu. O, tələbəyə hər şeydən əvvəl kolleqa kimi baxır. Mən müxtəlif redaksiyalarda keçmiş məzunların onu necə qarşıladığının şahidi olmuşam. O görüş anlarında ürəyimdən bir həsəd də qopub. Lakin dərhal hiss etmişəm ki, elə mən özümbu bəstəboy, iddiasız , təmənnasız, səmimi insanı çox sevirəm- dost kimibir də ən çətin anda köməyə gələn yoldaşı kimi".

 

Mahmud Mahmudov (dosent): “Akif müəllimin müsbət keyfiyyətlərindən biri onun haqsızlığa yol verməməsidir. Bunu təkcə bir faktın timsalında görmək olar. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində, qarmaqarışıq dövründə universitetin keçmiş rəhbərliyin iki ağsaqqal müəllimizə - Nəsir İmanquliyevə və Seyfulla Əliyevə haradansa sərt münasibəti ortaya çıxmışdır. Rəsmi yığıncağlarda Akif müəllimə dəfələrlə deyilmişdir:

 

-Onların hər ikisınin işdən azad olunması barədə təqdimat yaz!

 

Akif müəllim isə qəti etirazını bildirdi:

 

-Nəsir müəllim də, Seyfulla müəllim də mənim müəllimlərim olub. Buna görə də tapşırdığınız mənim üçün imkan xaricindədir. Yalnız özümün işdən azad olunmağım barədə ərizə yaza bilərəm.

 

Qətiyyətini, inadını görüb keçmiş rəhbərlik daha təkid etməmiş, məsələdən hali olan həmin müəllimlər isə Akif müəllimə öz minnətdarlığını bildirmişdi".

 

Əli Hacıyev (baş müəllim): “Heç kəsə sirr deyil ki, jurnalistika fakültəsi digər fakültələrdən seçilir. Burada təhsil alanların əksəriyyəti hələ tələbə ikən kütləvi informasiya vasitələri ilə əlaqə saxlayır. Odur ki, informasiya sarıdan da korluq çəkmirlər. Bəzən onların verdiyi "qəliz" suallara elə cavab verməlisən ki, səndən narazı qalmasınlar. Belələri ilə işləmək də asan deyil. Xüsusilə, Akif müəllimin dekan olduğu illər. Həmin dövr respublikanın ağır günləri idi. Qarabağ müharibəsi, ölkədəki ictimai-siyasi vəziyyət, mitinqlər, sui-qəsdlər, jurnalistlərin döyülməsi, bir sözlə, sabitliyin pozulması tələbələri bu hərəkətə gətirmişdi. Bu dövr mən deyərdim ki, Akif müəllim hər bir tələbəni düzgün istiqamətləndirməyi də bacarırdı...Bu illər Akif müəllimin kollektivin hər bir üzvünə eyni münasibət bəslədiyini, ayrı-seçkiliyə yol vermədiyini, o qanlı-qadalı günlərdə onları necə qoruduğunun şahidiyəm".

 

A.Rüstəmov bir-neçə sanballı dərs vəsaitinin, çoxsaylı elmi məqalələrin müəllifidir. Lakin onun əsas əsərləri tələbələrdir. O tələbələr ki, daxil olduğu auditoriyaya müəlimin əmanət verdiyi bilikləri və öyüd-nəsihətləri götürür. Akif müəllim çox həvəslə bildiklərini tələbələrin malı etməyi bacarır.. Və bu gün onun biliyindən qida alan neçə-neçə tələbənin səsi yüksək kabinetlərdən, nüfuzlu mətbu orqanlarından, efir kanallarından gəlir. Mən Akif müəllimin onlarla keçmiş tələbəsini tanıyıram ki, jurnalistika sahəsində özlərinə layiq və müəlliminə qürur gətirən zirvəyə qalxmışlar.

 

Akif müəllim nümunəvi ailə başçısı, iki oğul bir qız atası və üç nəvə babasıdır. Oğlanlarından biri - Azər bu yaxınlarda ABŞ şəhərlərinin birində müvəffəqqiyyətlə magistraturanı bitirib.

 

Akif Rüstəmovun müsbət mənəvi keyfiyyətlərinin hamısı haqqında bu kiçiçik yazıda bəhs etmək gənc nəsillər üçün bəlkə də ibrətamiz nümunədir. Akif müəllim, hər zaman olduğu kimi, bu gün də fakültəmizdə dərs dediyi tələbələrin jurnalistika peşəsinə dərindən yiyələnməsi üçün əlindən gələni əsirgəmir.

 

Dekabrın 19-u Akif müəllimin doğum günüdür. Onunaz, nə azacıq, 77 yaşı tamam olub. Odur ki, həmkarıma bundan sonra da uğurlar, insan üçün ən gərəkli olan cansağlığı arzulayıram və deyirəm: qoşa yeddin mübarək olsun, Akif müəllim. 100 yaşa!

 

Ayaz Musayev

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

 

525-ci qəzet.- 2016.- 20  dekabr.- S.4.