Əmrahsız qalan dağlar

 

 

 

 

Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Davıdlı camaatı ermənilərin bu cür qəfil hücumunu gözləmirdi. Ona görə düşmənin qarşısını almaq üçün heç bir hazırlıq görməmişdilər.

 

Tək-tük adamda ov tüfəngi vardı. O da kara gəlmirdi. Kəndin erməni əlinə keçmək təhlükəsi yaranmışdı. Əmrah tez-tez yerini dəyişirdi ki, erməniləri çaşdırsın, düşmən elə başa düşsün ki, Davıdlının ətrafında bir neçə müdafiə dəstəsi var. Ermənilər özləri karıxmışdı. Cürət eləyib irəliləyə bilmirdilər. Əmrah onlara göz verib, işıq vermirdi. İrəliləyəni hədəfə alırdı. Atdığı güllələrin biri yayınmırdı.

 

lll

 

Adamlar qocalı-cavanlı kəndi bir-bir tərk edirdi. Körpü olmadığından hamı özünü paltarlı-paltarlı çaya vururdu. Uşaqlar yaşlılar çayın dərin burulğan yerinə düşüb boğulurdu. Salamat qalanlar qarşıdakı meşələrə dağılışıb, ağacların arasınca qaçırdı ki, erməni əlinə keçməsin. Qoca qarıların, cavan qız-gəlinlərin, körpə uşaqların ah-naləsi, həyətlərdə bağlı qalan zəncirli itlərin ağız-ağıza verib ulaşması dağları-dərələri vahiməyə salmışdı.

 

Ermənilərin atdığı güllələrdən biri çovuyub Əmrahın dalda yerdə bağlanmış atına dəydi. Qəmər at kişnəyib şahə qalxdı cilovu qırıb Davıdlıya tərəf götürüldü. Köhnə damların birinın üstündə batıb çərcənək oldu.

 

Atışma getdikcə şiddətlənirdi. Birdən Əmrahın sol sinəsindən isti qan axdı. Ermənilərin atdığı güllə onun sol qolunun dibindən dəyib arxadan çıxmışdı. Əmrah özünü itirmədən yenə silahı yerə qoymurdu. O, birtəhər qaçıb qurtara bilərdi. Lakin bunu qeyrətinə sığışdırmırdı. Alt köynəyini cırıb yarasını birtəhər bağladı. Və tək əllə ermənilərə atəş açmaqda davam etdi. Belə bir ağır vəziyyətdə də çalışırdı ki, arvad-uşaq, qız-gəlin düşmən əlinə keçməsin.

 

lll

 

Davıdlının dəyanətli adamlarından olan Mövlanverdi arvad-uşağı  kənddən çıxarıb, axırda özü hay-harayla axan çayı adladı. Yüklü at yedəyində dərənin başından keçəndə at hürküb dirəndi. Mövlanverdi cilovu nə qədər dartdısa, at yerindən tərpənmədi və fınxırıb geri dartıldı. Mövlanverdi görüb-götürmüş, təcrübəli adam idi, atının da xasiyyətini yaxşı bilirdi: “Yəqin çərdəymiş qabaqda qaraltı görüb”, - deyə düşündü. Atının cilovunu ağacların birinə ilişdirib asta addımlarla həmin qaraltıya tərəf irəlilədi. Bir nəfər halsız vəziyyətdə daşa söykənib inildəyirdi. Mövlanverdi onun kimliyini bilmək üçün cibindən kibrit çıxarıb yandırdı. Əmrah yüzbaşını bu vəziyyətdə görəndə, güllə özünə dəyibmiş kimi quruyub qaldı. Əmrah al-qana boyanmışdı və çətinliklə nəfəs alırdı.

 

Mövlanverdi bu pəhləvan cüssəli insanı həmişə Qəmər atın belində, qoşa kəmər sinəsində, beşaçılan tüfəng çiynində ətraf kəndlərə həyan olan görmüşdü. Onun hənirtisi gələndə ermənilər başını soxmağa yer axtarırdı. İndi isə namərd gülləsinə tuş gəlmişdi. Mövlanverdi özünü Əmrahın üstünə atıb onu bağrına basdı. Sinəsindən axan qanı kəsmək üçün əldən-ayaqdan getdi. Mövlanverdi kövrəldi. Ancaq göz yaşını güclə saxladı. O bilirdi ki, Əmrahın ölümdan qorxan, bərk ayaqda sızıldayan adamdan xoşu gəlmir.

 

lll

 

Davıdlının səmasında cövlan edən qara buludlar dağların, meşələrin üzərindən çəkilirdi. Səma açılırdı. Ayın şəfəqləri sönükləşirdi. Əmrah gözlərini bir balaca açıb onu qolları arasına alan Mövlanverdini tanıdı və qırıq-qırıq kəlmələrlə:

 

- Mövlanverdi, mənimki sağalmaqdan keçib. Mənə görə burda ləngimə,-dedi.- Çalış, arvad-uşaq ermənilərin əlinə keçməsin. Təvəqqe eləyirəm, havayı yerə burda dayanma. Sonra özünü də güdaza verərsən.

 

Mövlanverdi Əmrahın bu sözünə dözə bilmədi. Hönkürmək istədi. Ancaq yenə özünü güclə saxladı və qışqırdı:

 

- Əmrah, nə danışırsan!-dedi.-Yəni demək istəyirsən ki, səni burda qoyum, sonra gavur əlinə keçəsən?

 

Əmrah:

 

- Mövlanverdi, inad eləmə; nə deyirəm, ona bax. Tez burdan uzaqlaş,-dedi.

 

Mövlanverdi evdən çıxanda çəkidə yüngül, qiymətdə ağır nə vardı, yükləmişdi atına. Əmrahın bu sözündən sonra cibindən bıçaq çıxarıb atın üstündə nə vardı hamısını doğrayıb tökdü yerə. Əmrahın qoluna girib zorla aşırdı atın belinə və:

 

- Əmrah, sən nə danışırsan?!-dedi. -Dünya malını aparıb, sənin kimi nəri burda qoyub?! Eşidib-bilən mənə nə deyər?! Onda gərək başıma papaq qoymayım...

 

Mövlanverdi Əmrahı götürüb düşdü yola.

 

lll

 

Əmrah ağır güllə yarası aldığından kəndlər sərkərdəsiz qalmışdı. Adamlar pərən-pərən düşmüşdü. Andranikin başçılıq etdiyi qoşunun bir hissəsi Əliquluuşağı tərəfdən hücuma keçmişdi. Düşmən toplarının səsi dağları, dərələri lərzəyə gətirmişdi. Top mərmilərinin qəlpələri kəndlərin üstünə yağış kimi səpələnirdi. Əhali yurd-yuvasını, var-yoxunu atıb Bərgüşad çayı boyunca uzanıb gedən yollarla  Araz sahillərinə doğru axışırdı. Mövlanverdi soraqlaşa-soraqlaşa Əmrahın qohum-övladını Xanlıq kəndində tapdı. Və Əmrahı arvad-uşağının müvəqqəti sığındığı evdə yerbəyer eləyəndən sonra öz ailəsinin harayına getdi...

 

Əmrahın yarası ağır olsa da, qardaş-bacılarının, həyat yoldaşının sağ-salamat buraya gəlib çıxmasından təsəlli tapdı. Elə bil yarasının sızıltısı da xeyli azaldı. O, başını ağır-ağır yastıqdan qaldırıb sakit-sakit:

 

- İgidin başı qalda gərək, -dedi.- Düzdür, gavurun gülləsindən bir balaca yaralanmışam, onun da elə qorxusu yoxdur. Bir az tez, bir az gec, ağrılarım keçib gedər. Hələlik özümü yaxşı hiss edirəm. Ancaq şər deməsən, xeyir gəlməz. İşdi-şayəd, başıma bir gəlsə, ölüb-eləsəm, bu qərib yerdə şaxsey-vaxsey deyib özünüzü sındırmayın. Elə hərəkət edin ki, düşmən sevinməsin. Ölüm  Allahın əmridir. Bütün yaranan məxluqat kimi mən də bir gün bu dünyadan köçməliyəm. Vaxtım çatıbsa, əcələ aman yoxdur. Məni istəyən üstümdə ağlayıb şivən qoparmasın.

 

Qapının dabanı cırıldayanda Əmrah sözünü dəyişdi. Xəstəni yoxlamağa həkim gəlmişdi. O, xəstəliklə əlaqədar Əmrahı sorğu-suala tutdu. Sonra da yarasını açıb nəzərdən keçirdi. Türkəçarə həkim xeyli fikrə getdikdən sonra sözü bu oldu ki, hər gün xəstəyə quzu quyruğunun qaynaması verilsin. Bir də ki, soyuqdan qorumaq lazımdır. Evin havasını tez-tez dəyişin.

 

Əmrahın həyat yoldaşı Fatma həkimin dediyinə vaxtlı-vaxtında əməl edirdi. Ancaq türkəçarə həkimin məsləhətinin nəzərəçarpacaq faydası hiss olunmurdu.

 

lll

 

Əmrahın yaşadığı evin həyətinə bir neçə bazburutlu atlı daxil oldu. Hamısı da yaraqlı-yasaqlı... Şuşa qalası tərəfdən idilər. İrandan qaçaq mal gətirməyə getmişdilər. Onların Əmrah yüzbaşı ilə şəxsi tanışlıqları yoxuydu. Ancaq Əmrahın kim olduğunu bilirdilər. Xanlıq kəndindən keçəndə Əmraha güllə dəydiyini eşidib, məyus olmuşdular. Və ona yolüstü baş çəkməyə gəlmişdilər. Əmrahı bu vəziyyətdə görəndə pəjmürdə oldular. Otağa ağır sükut çökdü. Onların mükəddər baxışları Əmrahın qanlı sinəsində donub qaldı.

 

Yoldaşlarından yaşlı görünən və ötkəm danışan Buludxan Əmrahın darısqal komada, əlləri qoynunda dayanmış qardaş-bacılarına, arvad-uşağına təsəlli verib, Allahdan səbr dilədi. Sonra İrandan gətirdiklərindən xeyli pay verdi. Onlar qəddini əyib Əmrahın yaralı sinəsindən öpdülər.

 

Həyətdən çıxanda toy səsi eşidildi. Kiminsə evində çal-çağır idi. Zurna-balabanın səsi Xanlıq kəndini başına götürmüşdü. Buludxan yoldaşları ilə birlikdə atlarını düz toy çalınan yerə sürdü. Buludxan bərk əsəbiləşmişdi. Çırtma vursan, qanı çıxmazdı. O, toy sahibini çağırdı. Şahgəldi adlı cantaraq bir adam irəli çıxdı və:

 

-Niyə atdan düşmürsünüz? Buyurun, qonağım olun,-dedi. - Bəylə gəlinə, onların valideynlərinə xeyir-dua verin. Ancaq siz hirsli-hikkəli görünürsünüz. Elə bil toya yox, yasa gəlmisiniz...

 

Buludxan:

 

- Düzdür, adətə görə təzə ailə qurub toy eləyənə xeyir-dua verərlər. Sizinki də  xeyirli olsun. Ancaq xatirinizə dəysə də deməliyəm ki, çox namərd iş tutursunuz.

 

Şahgəldi nə demək istəyirdisə, Buludxan onun sözünü ağzında qoydu:

 

- Əvvəla, de görüm, səndə bir balaca da olsa namus-qeyrət var, ya yox?-qeyzlə soruşdu.

 

Şahgəldi də qabağından yeyən adama oxşamırdı. Odur ki, söz altında qalmadı:

 

- Yəqin, atlarınızın yükü namus-qeyrətdir. Bizə rəhminiz gəlib, namus-qeyrət paylamağa gəlmisiniz, - dedi. -Danışanda sözünüzə sərhəd qoyun. Əgər qonaq olmasaydınız, sizinlə ayrı cür danışardım.

 

Buludxan tüfənginin ağzına bir patron verib:

 

- Bəli, dediyim sözün ağasıyam. Sizdə müsəlmançılıqdan, namus-qeyrətdən əsər-əlamət yoxdur, - dedi. - Olsaydı... Əmrah yüzbaşı kimi igid burda güllə yarasından zarıya-zarıya yatdığı halda, siz zurna-balaban çaldırırsınız. Eybindən utanmırsan, hələ mənnən söz güləşdirmək istəyirsən. And olsun bizi yaradana, bu dəqiqə gözümün qabağında bu zurna-qavalı yığışdırmasanız, toyunuzu yasa döndərərəm.

 

Bu söz Buludxanın ağzından çıxan kimi yoldaşları silaha əl atdı. Buludxan Şahgəldinin başı üstündən iki güllə atdı. Toyçular hərəsi bir tərəfə dağıldı. Toy məclisi pozuldu. Buludxan üzünü Şahgəldiyə tutub:

 

- Xahiş edirəm, bizi mərdimazar, bədxah  adam hesab etməyin. Əmrah yüzbaşı xəstə yata-yata sizin burda toy-nağara çaldırmağınız bizə ağır gəldi. Haçan Əmrah sağalıb ayağa qalxsa, onda toy eləyərsiniz. Və xəbər verin, biz də gələk. Gəlməsək, kişi deyilik. Onda ürəkdən xeyir-dua verib, özümüz də qol götürüb oynayarıq...

 

Toy sahibi gördü ki, Buludxanın ağzından qan iyi gəlir və dediyində də həqiqət var. Odur ki, bəylə gəlinin adamları bir-birinə nə dedisə, toyu yığışdırdılar. Qaçaqmalçılar toy sahibinə razılığını bildirib yollarına davam etdilər.

 

lll

 

Əmrah sağ böyrü üstə uzanıb üzünü divara çevirmişdi. Ötüb keçən günlərini yada salır, mirzəsinin Balaca bəyin namərdliyi barədə dediklərini, Balaca bəyin onu darda qoyub qaçdığını xatırlayıb, öz-özünə təəssüflənirdi. Birdən  o, nə fikirləşdisə, yorğanı üstündən atıb qardaşı İldırımı çağırdı:

 

- İldırım, - dedi, - ordan-burdan quzu alıb quyruğunu qaynadırsınız. Bəs öz qoyun-quzumuza, mal-heyvanımıza nə gəlib?! Soraqlaşın, görün bizim mal-heyvan hardadır?! Sultanın yerini bilsəniz, ona sifariş göndərin ki, biz Xanlıq kəndindəyik. Mal-qaranı yığıb gətirsin.

 

Sultanın uzaqdan-uzağa Əmraha simsarlığı çatırdı. Ata-anasını vaxtsız itirən Sultan Əmrahın yanında qalır və onun naxırına gedir, mal-qarasını saxlayırdı. Ermənilər hücuma keçəndən nə Sultandan, nə də ki mal-qaradan xəbər vardı.

 

Əmrah Sultanın və onun öhdəsində olan sürünün taleyini soruşanda İldırım:

 

- O vaxt qaçaqaç düşəndə, Sultan qonşu kənddən olan Həsənxana qoşulub heyvanları sağ-salamat gətirib. Bildiyimə görə, Sultan Cəbrayılın Horovlu kəndində, Həsənxanın yanındadır. Onnan bir yerdə heyvanlara baxır.

 

Əmrah:

 

- Yaxşı, - dedi, - onda Sultana xəbər göndərin, qoyun-quzudan, mal-qaradan irili-xırdalı nə varsa, qabağına qatıb gətirsin. Burda sən özün də Sultana kömək eləyərsən. Heyvanları birtəhər yaza çıxardarıq. Özümüzün sürü ilə qoyunumuz ola-ola, nə üçün ondan-bundan minnətlə quzu alırıq?

 

İldırım gedib-gələnlər vasitəsilə Əmrahın sözlərini Həsənxanla Sultana çatdırdı. Həsənxan cavab göndərdi ki, nə mal, nə qoyun?! Odun-alovun içində neçə gün, neçə gecə yol gəlib, əzab-əziyyətlə mal-heyvan gətirmişəm ki burda Əmrahın arvad-uşağı yeyib kef eləsin?! Bir də Əmrah yüzbaşıya onu da çatdırın ki, mal-heyvandan əlini birdəfəlik üzsün, onun dədəsi Məmmədbağır  qəbirdən çıxıb gəlsə də, nəinki naxırı, heç bir qotur keçi də verən deyiləm.

 

Söz Əmraha çatanda elə bil ona ikinci gülləni Həsənxan vurdu. Bu güllə Əmraha erməninkindən betər təsir elədi. Ancaq Əmrah özünü sındırmadı. Qardaşına dedi ki, yaxşı, Həsənxan heyvanları vermək istəmir, verməsin. Elə bilərəm mal-qara da erməninin güdazına gedib. Bir belə kəndlər yandırılıb, dağıdılıb, insan qırılıb. Beş-on dana-dunadan ötəri Həsənxan kimi alçaq adamla cəhl etməyin mənası yoxdur.

 

(Ardı var)

Əli İLDIRIMOĞLU

 

 

525-ci qəzet.- 2016.- 3 dekabr.- S.20.