Gəncliyə açıq məktub
BAKI SLAVYAN UNİVERSİTETİ - 70
Gənc
Dost!
Bəlkə
də, bu sətirləri oxuyanda Sən arzuların və
imkanların arasında seçim ərəfəsində
olacaqsan; reallıqları və xəyalları bir araya gətirmək
çətinliyi, qiymətləndirmə təcrübəsizliyi
və səriştəsizliyi üzündən tərəddüdlər
bəzən insana düzgün seçim etməkdə mane
olur. Və bəzən bir qığılcım, bir
işartı bəs edir ki, şübhələrini
çırpıb qalxasan, Sənə məhz nəyin gərək
olduğunu, Sənin məhz harada olmalı olduğunu başa
düşəsən. Səninlə bölüşmək istədiklərim
və bölüşmək istəyim olan bu yazı tərəddüdün
önündə bir işartıya dönə bilsə, nə
xoş!...
Əlbəttə
ki, Sən bir fərd olaraq, özünü ifadə və
özünütəsdiq üçün ən mühüm
olandan başlamaq istəyəcəksən. Və bunun məhz
Azadlıq olduğunu düşünəcəksən! Məgər
Sənə kimsə etiraz edə bilərmi? Məgər hər
birimizin nə vaxtsa belə düşündüyünü
kimsə inkar edərmi? Amma azadlığın dərki ilə
bağlı düşüncələrimizdə biz fərqli
və fərdiyik!
Müəyyən
yaşadək biz himayənin məmnunluğundan geninə-boluna
barınsaq da, bir gün hiss etməyə başlayırıq
ki, “küçə mənə dar gəlir”, dünənki məmnunluğun
yerinə tutqun şübhələr dolur: himayədən
darılırsan, məsləhətdən bezirsən, bunu
azadlığına və şəxsiyyətinə (hələ
şəxsiyyət kimi formalaşıb-
formalaşmadığının fərqinə varmadan,
münasibətlər sistemini mənimsəmədən!) təzyiq
kimi qəbul edirsən.
Özünüz
haqda nə düşünürsünüzsə, o deyilsiniz,
nəyin haqqında düşünürsünüzsə,-
osunuz! Bunu dərk etmək üçün insana bəzən
bir an, bəzən illər gərək olur. Hər bir halda,
ayaq saxlayıb, Yola boylanırsan; ömür yoluna,
düşüncələrin yoluna və arzuların
yoluna. Yol həmişə irəli
aparmır, yol həmişə üfüqə çəkmir.
Hərdən görünməsə belə, üfüqün
olduğuna inanmaq vacibdir. Güman etmək, ümid etmək
yox, məhz inanmaq, əmin olmaq! Üfüqləri yoldan əvvəl
niyyətlər və məqsədlər gətirir. Təsadüf
bildiyimiz zərurətlər gətirir! Xatirə ovqatı
yazdırmır bu sətirləri. Günün
qaçarağında qəribə və qərib səslənsə
də...
Azadlıq-
dərk olunmuş məsuliyyətdir!
Bu, həyatın
və fəaliyyətin bütün sahələrində belədir,
daha doğrusu, belə olmalıdır!
Və
heyf ki, hələ bu nəticəyə gəlmək Sənin
üçün çox tezdir. Gec olanda isə, heç yerə
çatmayacaq təəssüfünlə daha çətin
olacaq. Azadlıq, bütün gözəl nemətlər kimi,
verilmir, onu qazanmaq gərəkdir və daxilən azad olmayan
insan bunun nə demək olduğunu heç vaxt duya, qiymətləndirə
bilməz. Daxili azadlıq duyğusu hisslərin ən gözəli,
ən ucasıdır! Bu duyğudan məhrum insan fikir, söz
azadlığının ifadə azadlığının
mahiyyətini heç vaxt dərk etməyəcək. Bax, elə
buradan başlanır cəmiyyətin, insanların problemi! Bunu
bir az başqa cür desək, cəmiyyətin və
insanların problemi, əsasən, münasibətlərdə
intonasiyanın düzgün qoyulmamasından, münasibətlərin
sərhədlərini və adını düzgün qoya bilməməkdən
yaranır. Bu da hökmən təqdimat mədəniyyətinin
arzuolunmaz səviyyəsini formalaşdırır.
Bakı
Slavyan Universitetində jurnalist kadrlarının
hazırlanması işinə cəlb olunanda, həyəcanımı
yenməkdə, səfərbər olmaqda mənə nəyin
kömək edə biləcəyini götür-qoy edib,
üç amilə güvənəcəyimi yəqin etdim:
pedaqoji yöndən zəngin ailə ənənəsinin təqdir
olunmuş təcrübəsi, məzunu olduğum tədrisin və
təhsilin ekologiyasında yaşıl ada bildiyim unudulmaz
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
ömrümüzdə və xatirəmizdə qoyduğu isti
izlər və bir də ixtisasımın tələbə-
jurnalistə nəyin daha mühüm olduğunu müəyyən
etməyə geniş imkan açmış praktik
yönü.
Və
özümə verdiyim ilk sual bu oldu: Sənin modelin nə
olacaq? Əlbəttə, bu amillərin heç birini “oynamaq”
olmazdı, ümumiyyətlə, “oynamağın”
uğursuzluğunu bəri başdan satın almağın deməkdir.
Müşahidələrimi
və qənaətlərimi belə ümumiləşdirdim:
Reşəkar
prinsipləri fəaliyyət tərzinə çevirmək!
Tələbə
jurnalistlərə məhz bunu təlqin etmək! Əlbəttə,
hər bir kadrın faydalı ola biləcəyi mühitin
mühümlüyünü unutmadan, hər bir məzuna
“mühiti məhz sən özün yaratmalısan”- fikrinin və
səyinin təlqini də bura daxildi. Bu gün məmnun hisslərlə
deyə bilirəm: ilk vaxtdan tədrisə cəlb olunan
kadrların seçilməsində meyar- auditoriyaya daxil olan
müəllimin tələbəyə sözün
bütün məqamlarıyla nümunə ola bilməsi-
xoş nəticələrə zəmanətin biri oldu. Tələbələr
respublikanın ən müxtəlif media qurumlarında
çalışan peşəkarlarla tədris prosesində
gündəlik ünsiyyətdən jurnalistikanın kitab səhifələrində
yazılmayan elə dərslərini alırdılar ki, az sonra
“ Bakı Slavyan Universitetinin məzunları” ifadəsi
dövriyyəyə xoş ovqatla qoşa daxil oldu. Təhsilin
magistratura pilləsində isə, bir daha əmin oldum ki, bu
ifadə artıq obraza çevrilə bilib. Nədir bu
obrazın cizgiləri?
Dəbə
yox, Dəyərə işləmək, Reytinq arxasınca
qaçmaq yox, peşəkar yanaşmaya canatma, hər bir hadisənin,
faktın arxasında insanı görə bilmək. Dinləməyi
bacarmaq, düşünən və düşündürən
jurnalistikanın tərəfində olmaq, kilişelər yox,
yaradıcı münasibət.
Normaların
qəhrəmanlıq kimi təqdim olunduğu bu
qarışıq dövranda tələbələrlə
professor-müəllim heyətinin münasibətlərində
qibtəolunacaq demokratik münasibət, ünsiyyətdə
açıq və səmimi olmaq, tələbə- müəllim
ünsiyyətində hiss olunan həmkar münasibəti onlara
təkcə düşündüyünü demək yox,
düşündüyünü ifadə etmək mədəniyyətini
davranış normasına çevirmək vərdişləri
aşılayır. Nəzəri biliklərlə praktik vərdişlərin
düzgün balanslaşdırılması sayəsində tələbələr
təkcə savadlı kadr kimi hazırlanmırlar, həm də
fəal vətəndaş mövqeli, sağlam əqidəli,
kreativ düşüncəli və yenilikçi zövqlü
məzunlarımızla davam edən ünsiyyət, münasibətləri
işgüzar və səmimi dostluq çalarları ilə zənginləşdirir.
Heç
kəsə sirr deyil ki, test üsulu müsbət tərəfləri
ilə yanaşı, gənclərin ümumi inkişafı,
nitq mədəniyyəti, ünsiyyətdə adaptasiya,
düşündüyünü ifadə etmək kimi çox
vacib məqamlara təsirsiz ötüşmür.
Düşündüyünü savadlı şəkildə,
səlis ifadə etmək problemi üzərində
düşünməyə dəyər.
İnformasiya
cəmiyyətinin təbiətindən və tələblərindən
biri kimi tez-tez səsləndirilən yazılı medianın
süqutu fikirləri nəinki həqiqəti ifadə etmir,
etibarlılığı, ədəbi dilin qorunması,
inkişaf etdirilməsi və zənginləşdirilməsindən
başqa, jurnalistin intellekti, savadı və təcrübi
biliklərinin müvazi uzlaşdırılaraq təqdim
olunması sahəsində müstəsna əhəmiyyətini
bu gün də saxlayır, sabah da belə olacaq.
Ad və
təyinat müxtəlifliyinə rəğmən, 70 illiyini
qeyd etməyə hazırlaşan Bakı Slavyan Universitetinin
tarixində jurnalist kadrlarının hazırlanmasının
10 illik bir dövrü yekunlaşdı. Və bu on illik yolun ən
başlıca məziyyətini qabartmaq lazım gələrsə,
statistikanın quru silsiləsinə ehtiyac duymadan demək
mümkündür: biz əsas məqsədimizi trendimiz kimi
müəyyən etdik. Və bu zaman seçdirmə üsulu
ilə, altını ürəklə cızaraq bəyan etməkdən
çəkinməyə dəyməz!
Geriyə baxmaq - həmişə xatirələrə dalmaq deyil, bəzən də davam etməkdə, oriyentiri daha dəqiq müəyyənləşdirməkdə bir nəfəsdərmə anıdır. Davam etmək, ya da qayıtmaq tərəddüdü də var bu anda. Davam etməyə də dəyər, xatırlamağa da! Bu on ildə Azərbaycanda ilk dəfə olaraq Jurnalistikanın aktual problemlərinə həsr olunmuş beynəlxalq tələbə konfransına Slavyan Universiteti ev sahibliyi etdi. Xarici ölkələrin tanınmış informasiya agentliklərində təcrübə keçən tələbələrin bacarıq və vərdişləri yüksək qiymətləndirildi Azərbaycanda jurnalistika tədrisinin yaxşılaşdırılması üzrə beynəlxalq layihəyə tələbələrin cəlb olunması, Avropa, Britaniya, Amerika, Türkiyə, Rusiya, Gürcüstan Universitetlərinə qarşılıqlı ezamiyyələr, mübadilələr, tələbələrin idarəçilik strukturlarında uğurla təmsil olunması, ödənişsiz dil kurslarının təşkili... ABŞ, Avropa Universitetlərindən tədrisə dəvət olunmuş müəllimlərin Jurnalistika fakültəsinin elmi-tədris laboratoriyasının təchizat səviyyəsinə heyrət və qibtə dolu etirafını bu gün də xatırlayıram. Əlbəttə, bu gün texnologiyaların sürəti cəmiyyətin informasiya tələbatını ödəməkdə müqayisə olunmaz üstünlük imkanıdır. Amma burada bir mühüm məqam da unudulmamalıdır. Texnologiyaların tətbiqi məqsədlərinin düzgün işlənilməsi çox vacibdir. Texnologiyalar müəyyən mənada sərhəd anlayışını silməkdədir, amma hesab edirəm ki, jurnalistikanın milli siması da unudulmamalıdır. Bu gün qloballaşmanın milli özünəməxsusluqlara münasibətində tutduğu mövqeyə- total hücuma qarşı milli-mənəvi dəyərlərə söykənən total müqavimət hissinin səfərbər olunmasında bəşəri dəyərlərlə səsləşən milli-mənəvi dəyərlərimizdən güc alan fikir, düşüncə və fəaliyyət prinsipləri jurnalistikamızın əsası olmalıdır. Bu və bu tipli oxşar məsələlərdə və məqamlarda kapitalizmin mübadilə təbiətini dəstəvuz etməyə dəyməz.
Gənc Dost!
Sən də özünü bu qlobal proseslərin
iştirakçısı və gələcəkdə
yönləndiricisi kimi öz Azadlığını qorumaq,
öz Səsini eşitdirmək istəyirsənsə,
özünüdərk, özünü ifadə yolları
arayırsansa, tərəddüdə gərək yox: Bakı
Slavyan Universitetinin Jurnalistika fakültəsi Sənin
Azadlığının və Sənin Səsinin
tribunasıdır. Mikrofonlar açıqdır!
Südabə
AĞABALAYEVA
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.19.