Yaradıcı insan həmişə kənardan bir stimul gözləyir

 

MÜSAHİBİMİZ 50 YAŞINI BU GÜNLƏRDƏ QEYD EDƏN YAZIÇI MAHİR QABİLOĞLUDUR

 

- Mahir müəllim, Xalq şairinin oğlu niyə şair yox, yazıçı oldu?

 

- Düzdür, dəfələrlə şeir yazmışam, şeirə çox yaxınam bildiyiniz kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir çox şeirini rus dilindən tərcümə etmişəm. Amma nəsr məni daha çox özünə cəlb etdi. Çünki ilk vaxtlarda mən daha çox publisistik köşələr yazırdım, xatirələri dərc edirdim günlərin biri bəlkə xəbərim olmadan roman yazdım.

 

- Roman demişkən, “Cəncəhimromanı yaradıcılığınızın kifayət qədər maraqlı məqamıdır. Çünki romandakı obrazlar sanki quyunun dibinə düşənlərdən ibarətdir...

 

- Bilirsinizmi, mən əsərlərimdə pafosa, hansısa ümidlərə qətiyyən yer ayırmıram. Mən sadəcə olaraq hamımızın gördüyümüz halı, mənzərəni, insanları romanda əks etdirirəm. Bu əslində mənim dünyaya pessimist yanaşmam deyil. Bu reallığı olduğu kimi təqdim etməkdir. Mənim obrazlarım ütülü paltarda, “mışdır,muşdurşəkilçisi ilə danışan insanlar deyil. Mənim qəhrəmanlarım olduğu kimi danışan, əzabını, dərdini, hirsini, səmimiyyətini qoruyub saxlayanlardır.

 

- Amma obrazlarınız daha çox yazıq, aldadılmış libasda olur axı?

 

-Bu gün cəmiyyətdə ən çox yaşananlar nədir? Bir-birini aldatmaq, satmaq, yalan danışmaq. Bu səbəbdən əslində hamımız yazıq olmuş insanlarıq. Bu gün dünyanın bütün insanları bu durumdadır. Belə olan halda yalançı Koroğluya, Babəkə ehtiyac yoxdur. Bu gün Koroğluya yox, korun oğluna ehtiyac var mənim obrazlarım bunun öhdəsindən məncə gəlir. Bu baxımdan obrazlarımın dediyiniz şəkildə olması təbiidir.

 

- Maraqlıdır, quyunun dibindəkiləri real həyatdan götürürsüz, ya təxəyyül məhsuludur?

 

-  Bütün təxəyüllərin kökündə, sözsüz ki, reallıq da olmalıdır mənim əsərlərimdə belədir. Sadəcə olaraq mənim prinsipim budur ki, obraza heç bir halda yazığım gəlməsin. Yəni əsərin sonunda obraz ölməlidirsə əzabla ölməlidirsə, mənim ona yazığım gəlib rahat öldürmürəm. Əzabı olduğu kimi yaşadıram.

 

-  Bu qəddarlıq nəylə bağlıdır, yoxsa insanlardan, cəmiyyətdən küsübsən?

 

-  Yox, heç kimdən küsməmişəm buna əsas da yoxdur. Çünki hər zaman mənim özüməməxsus dünyam olub bu dünyada yaşamaq mənə xoşdur.

 

- Gəlin bunu da etiraf edək ki, bəzi əsərlərinizdə açıq-saçıqlığa da yol verirsiniz.

 

-  Bilirsizmi, bir var açıq-saçıq söz, bir var açıq-saçıq fikir. Mən açıq-saçıq fikirlərdən qaçmıram. Çünki bu yaşamımızın bir hissəsidir. Belə olan halda bir hissədən imtina edib, bir hissəni saxlamaq naşılıq olar. Bu bilirsiniz nəyə bənzəyir? Uşaq vaxtı əksəriyyətimiz elə bilirdik ki, müəllimlər yemək yemir.Yəni o qədər bütləşdirmişdik gözümüzdə. Buna görə mən insanın bütləşdirilməsinin əleyhinəyəm.

 

- “O dünyadan məktublarsilsiləniz ajiotaj yaratdı. Bəs onu niyə dayandırdınız?

 

- Sadəcə olaraq, yeri gələndə yazıram. Bunu bir üslub kimi qoruyub saxlamaq naminə gəldi yazmaq mənlik deyil. Bu günün tələbi, içimdən gələn nədirsə, onu da yazıram.

 

- Yeri gəlmişkən, bir müddət öncə AYB-in sədri Anarla bağlı inciklik dolu yazı yazdınız bundan sonra gözlənilmədən Yazıçılar Birliyinin üzvü oldunuz. Bunu necə izah etmək olar?

 

- Bilirsiniz mən uşaqlığımı Anarın, Elçin Əfəndiyevin, İlyas Əfəndiyevin, Sabir Rüstəmxanlının, Fikrət Qocanın gözü qarşısında keçirtmişəm və bu insanlar mənim üçün hər zaman doğma olub. Anara gəldikdə, mənim onun kifayət qədər parlaq yaradıcılığına heç bir halda etirazım, iradım olmayıb. Şəxsi müstəvidə olan hansısa incikliyimi Anarın yaradıcılığına qarşı irad kimi dəyərləndirmək olmaz. Sadəcə bir ara fərqlənmək istəyənlər, gündəmdə qalmaq istəyən bir qrup yazar Anarı hədəfə almışdı və mənim yazılarımı da oxuyanlarda belə bir təsəvvür yaranırdı  ki, mən də onlara qatılıram. Amma mən həmişə demişəm ki, Anarı qrup şəklində hədəfə alanların yaradıcılığı Anarın yaradıcılığının bir vərəqi qədər deyil. Bu məsələnin bir tərəfi. İkinci tərəfdən, Yazıçılar Birliyinin hər otağı belə mənə doğmadır. Çünki o dəhlizlərdə mən hələ 4-5 yaşından gəzirdim. Mənə doğma olan bir yerin sakini olmaq da normal haldır.

 

- 50 yaşınız tamam olur və 7 kitabınız çıxıb. Yuxarılardan nəsə gözləyirsinizmi?

 

- Bilirsən, mənim missiyam sadəcə olaraq yazmaqdır. Özüçox yox, daha çox keyfiyyətli yazmaqdır. Oxuyan oxuyur. Xoşya tənqidi fikir bildirmək qarşıdakılardan asılıdır. O ki qaldı nəsə gözləməyə, hər bir yaradıcı insan, sözsüz ki, həmişə kənardan bir stimul gözləyir. O stimul hansı şəkildə olacaq, bu, vacib deyil.

 

 

Müsahibəni apardı E. Elgün

 

525-ci qəzet.- 2016.- 3 dekabr.- S.16.