Kədərə qalib
gələn ŞAİR
Toğrul Nərimanbəyovun nağıllar
aləmi elə Kukla Teatrının foyesindəcə yaxalayır
adamı. Artıq bir neçə
aydı ki, bu bina həm
də YUĞu qoynuna alıb, ona meydan verib.
Ona görə
binada müxtəlif ovqatların, auraların mistik bir qarışığı
duyulur; boyumuzdan uca kuklalar, divarboyu
freskalar, pəncərədən
görünən dəniz,
qapının ağzındaca
çığır-bağır salmış tıxaclar, paytaxtın ən böyük prospektlərindən
birinin qalabalığı. Əslində
bütün bunların
cəmi özünü
bir az
ayrı cür hiss etmək üçün yetir. Amma yarım saat
sonra düşəcəyin
mühiti, udacağın
havanı fəhm etməyin də təsirsiz ötüşmür.
“Söz” ədəbi layihəsi çərçivəsində
Ramiz Rövşənin
oxucuları ilə görüşünün, YUĞ Teatrının
aktyorları ilə bərabər şeir-söz
axşamının başlamasına
lap az qalır. Zamandan istifadə edib Toğrul Nərimanbəyovun
folklor motivləri əsasında çəkdiyi
freskalara baxıram.
Rənglər alıb aparır
adamı. Böyük freskanın
düz ortasında oğlanla qız sehrli xalçanın üstündə əl-ələ
tutub durublar. Ətraflarında nağıllarımızdan,
əfsanələrdən gələn
onlarla qəhrəman;
güləndə ağzından
güllər tökülən
Gül Qəh-Qəh xanım, alma dalınca gedən Məlikməmməd, “Cırtdan”
nağılından Div, Kilimarası
xalq oyununun iştirakçıları, daha
kimlər, nələr...
Bütün bu freskada əks olunmuş qəhrəmanları tapıb
seçmək üçün
saatlar yox, günlər, aylar gərəkdir bəlkə.
Qıpqırmızı narlar, yaşıl
yarpaqlar və ümumiyyətlə rənglər
insanı öz cazibəsinə salır və sənətin ecazkarlığına heyrət
edirsən. Elə bu
düşüncələrlə, Toğrul Nərimanbəyovun
xalq yaradıcılığından
götürdüyü səhnələrə
tamaşa etdikcə bir anlıq anlayıram ki, axı bunlar həm də Ramiz Rövşənin qəhrəmanlarıdı. Əl-ələ tutub “biz olmayan
yerə” gedən sevgililər, “adamları yemək olmur” - deyə şikayətlənən
divlər, “it hürənə
gedib” işıqları
yandıran Məlikməmmədlər.
Və bu par-par parıldayıb gözlərimi qamaşdıran, fikirlərimi qarışdıran rənglərin içindən yarıqaranlıq zala girəndə, bir küncdə yanan şamları görəndə, səslənən musiqini eşidəndə başa düşürəm ki, bu axşam bir başqa olacaq. Böyük ekran işıqlanır, iri planda gənc Ramiz beş yaşında oğlu Rövşənin bapbalaca əlindən tutub dəniz kənarında, iri çopur qayanın üstüylə addımlayır və “Göy üzü daş saxlamaz” - deyir... 85-ci illərin filmidir... Rejissor Ramiz Həsənoğlunun “Üç çinar yarpağı” filmindən götürülmüş kadrlara baxdıqca fikirləşirəm, Ramiz Əliyevin Ramiz Rövşən olduğu, Ramizin Rövşənlə qovuşduğu, birləşdiyi anlar məhz bunlardı bəlkə?! Axı şair özü də “Oğlumun gözləri” şeirində etiraf edir, deyir ki:
Tanrı məni
bu insan yuvasına atınca.
Gəlib sənin
gözlərinin işığına çatınca,
Ömrümün otuz üç ilini keçdim,
keçdim qaranlıqda əl havasına.
Demə gördüyümüz kadrlarda şair oğlunun əlindən tutub aparmırmış, əksinə imiş hər şey. Bütün bunları bir kənarda oturub bizimlə bərabər ekrana baxan şairin təbəssümlə, işıqla dolu gözlərindən də sezmək olur.
“Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə Ramiz Rövşən haqqında qısaca məlumat verir və bugünki tədbirin formatı haqqında danışır. Deyir ki, sairin özüylə söhbət etməkdən, öz dilindən şeirlər eşitməkdən başqa aktyorların, əməkdar artistlər Gülzar Qurbanovanın, Yaqut Paşazadənin, Mələk Abbaszadənin ifasında da şeirlər dinləmək imkanımız olacaq. İlk şeiri Mələk Abbaszadə deyir:
... Atam oğlu az çapala,
Sən deyən çətin tapıla.
Bu Ramizi kim
aparar,
Bu Ramiz olmayan yerə?!
Məncə, heç kim! Ramiz Rövşəni “Bu Ramiz olmayan yerə” heç kim
apara bilməz. Belə bir yer olmadığı
üçün apara
bilməz. Dünya,
insan, kainat, İlahi həqiqət, ümumiyyətlə
hər şey Ramiz Rövşənin şeirindədi, amma Ramiz Rövşənin sözü də dünyanın canına hopub artıq. Ona görə çox güman ki, yer üzündə “bu Ramizin” olmadığı
yer qalmayıb. Şairin özünün söhbətlərindən
anladığım, əxz
etdiyim budur ki, Ramiz Rövşən
özü də bunu yaxşı bilir.
Şair aktyorların səsləndirdiyi
şeirlərdən sonra
bəzi şərhlər,
izahlar verir, bəzən yumorla, bəzən ciddi danışır. Kədərli şeirlərinin alt qatındakı ironiyadan söz açır.
Deyir ki, əgər mən kədəri şeirə çevirə
bilmişəmsə, deməli
o kədərə qalib
gəlmişəm. Görünür, insanın pessimist ovqatında
kədərli şeirlərlə
təsəlli tapmasının
səbəbi bu imiş. Axı şairin təbirincə
desək, “yenilmiş kədər” özü də dərmandı.
Minbir dərdin, tənhalığın dərmanı...
70 yaşın astanasında
olan şairin qocalıq, tənhalıq,
ölüm haqqında
düşüncələri də nikbindi. Adama elə gəlir ki, Ramiz Rövşən
bütün bu ağır mövzularda gülə-gülə danışa
bilər... Çünki bunlar haqqında
çox yazıb, əzablarını, qorxularını
şeirlə yüngülləşdirib.
Yəqin
gənc şairin “Mənim 20 yaşım var, amma artıq
epitafiyamı yazmışam.
Bəs siz epitafiya yazmısınızmı?”
- sualına da Ramiz Rövşənin
iti cavabının, “bəlkə, elə sən o epitafiyanı bağışlayasan
mənə, mən istifadə edərəm...”
- deməsinin, auditoriyaya
qoşulub ürəkdən
gülməsinin səbəbi
bu mövzuların hamısını özü
üçün həll
etməsidi. Axı hələ 33 yaşında
“dünyayla barışmağın
çətinliyini, tənhalığı,
“ömrün bir bulannıq su olmasını” dərk edən, yazan şairi epitafiya mövzusu niyə narahat etsin ki?
Bir sözlə, məncə,
YUĞ Teatrındakı bu
görüşdə Ramiz
Rövşənin əsas
demək istədiyi o idi ki, hər
şeyə gülmək
olar. İstedadlı
aktrisa Gülzar Qurbanova da bu
ideyanı hiss edib “Astar üzünə” şeirini tamam ayrı cür səsləndirir. O, bu şeiri qəribə bir insanın monoloqu kimi, heç kəsə bənzəməyən xəyalpərəst
birinin ciddiyə alınmayan etirafı kimi ifa edir.
Sonda:
Dostları çevirdim astar
üzünə,
Nə yaxşı ki, düşmən çıxan
olmadı...
- deyir və
bunu elə deyir ki, adam
sevindiyindən qanaq açıb uçmaq istəyir.
Amma Ramiz Rövşənin bu günümüz, reallıq, çağdaş
dünya haqqında
son dərəcə realist fikirləri
çox da yuxarılarda qalmağa imkan vermir. Şairin bu görüşünü, söhbətlərini
hərtərəfli master-klass
da hesab etmək olar. Ramiz müəllim müxtəlif
əsərlərindən danışdıqca
onun yazdıqlarının
janrlarını ayırd
etməyə çalışıram,
amma çətinlik çəkirəm. Görünür, qəliblərə sığmayan
şair bu janrlar məsələsində
də özünəməxsusdu.
Məsələn, “Süd
dişinin ağrısı”
poemadı, amma bu əsəri lirik-epik dastan da adlandırmaq olar, “Daş” povestdi, ancaq şeir kimi oxunur, “Ayrılıq” şeirdi, amma sürrealist novella təsiri
bağışlayır, “Müşfiqlə
üç görüş”
essedi, amma hekayədən geri qalmır. Ramiz Rövşənin tərcümələri isə
ayrıca bir tədqiqat mövzusudu.
Yaradıcılığının bir tərəfini tərcümələr təşkil
edən şair çevirdiyi şairlərlə
yarışa girdiyini də gizlətmir. Tərcümə etdiyi şeiri dilimizdə daha gözəl, daha təsirli “yazmağa” çalışdığını söyləyir. Marina Svetayevanın “Neyləmişəm
mən sənə” şeirini öz tərcüməsində oxuyur.
Sonra Puşkindən də tərcümələr oxuyan
şair sadə şeirin tərcüməsinin
daha çətin olduğunu deyir. Və elə bu kiçik, ya böyük yaradıcılıq sirlərini
aça-aça auditoriyanı
bir az
artıq öz sehrinə salır. Yaşca özündən
böyük olan şairlər haqqında fikirləri isə bəlkə də nə zamansa yazacağı essenin tezisləridi: “Bilirsiz, indi mənim 70 yaşım var və bir çox
sevdiyim şairlər var ki, məndən
gənc dünyalarını
dəyişiblər. İndi
mən onları oxuyanda doğrudan da hiss edirəm ki, onlar məndən
gəncdilər. Lakin iki
şair var ki, onları özümdən yaşca
kiçik hesab edə, o cür qəbul edə bilmirəm. Onlardan biri Füzulidi,
62 yaşında vəfat
edib, biri də Mirzə Ələkbər Sabirdi,
49 yaşında dünyasını
dəyişib. Bax bu iki şairi özümdən yaşca
böyük qəbul edirəm həmişə”.
Bu məqamda Ramiz
Rövşən özünəxas
yumorla Nizami ilə Füzulinin fərqindən də danışır. Deyir, uşaqlara bunu belə izah eləmişdim ki, əgər Nizami bizim evə zəng edib məni soruşsa deyəcəksiz, atam evdə yoxdu, kim idi soruşan? O da cavab verəcək ki, “Nizami müəllimdi”,
amma eyni suala Füzuli sadəcə, “Füzulidi”
- deyə cavab verər.
Bütün bu zarafatlar belə Ramiz Rövşən sənətinin ciddiliyindən, fövqəladə gücündən uzaqlaşdıra bilmir bizləri. Və görünür, şair özü də bunu görür, duyur. Ona görə şeir sarıdan kəm eləmir payımızı:
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Ramiz Rövşən yaradıcılığı belə cavabı olmayan suallarla doludu. Çoxusunun cavabını heç şair özü də bilmir. Axtarmağa da çalışmır məncə. Sadəcə bunlar haqqında düşünməyimizi istəyir. Hərdən “bəlkə”lərlə dolu cavablar da verir. Və elə bu cavablarının da CAVAB olmadığını boynuna alır.
Elə bu tədbirdə də şair çoxlu suallara cavab versə də, çox şey deyilməmiş qalır. Ayrılmaq istəməsək də, görüş sona çatır.
Və birdən alaqaranlıq zaldan yenə Toğrul Nərimanbəyovun rənglərinin içərisinə qayıdıram. Görürəm hər tərəf gül-çiçəkdi, nardı, şənlikdi, bayramdı. Sözün bayramı, rənglərin bayramı, musiqinin bayramı... Ramiz Rövşən bayramı!
PƏRVİN
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.15.