“Ədəbiyyatla bağlı söhbətlərdən
yorulmuşam”
QAN TURALI: “BİR QƏDƏR SAKİTLƏŞMƏK, OXUDUQLARIMI BEYNİMDƏ YERBƏYER ETMƏK İSTƏYİRƏM”
“Azərbaycan”
jurnalının son sayında yazıçı Qan
Turalının keçən il yazıb
bitirdiyi “Samir, Samiri...” povestini oxudum. Adı kimi əsərin
özü də maraqlı idi. Sevgi hekayəsi, intihara təşəbbüs
edən kişi, münasibətlərdə
bezginlik, nəhayət, din və sənət... Bütün
bunlar bəzi suallar ortaya çıxardı və onlara cavab
almaq üçün müəlliflə
görüşdüm.
- Əvvəlcə bundan başlayaq: niyə povest?
- Povest
bizim milli janrımızdır. İndi hamı
bunu təkrarlayır ki, dünya ədəbiyyatında povest
yoxdur. Bu adda yoxdur, bəli. Ruslardan gəlib, o da düzdür. Lakin xalis milli bir ədəbi janrdan danışmaq
mümkündürmü? Bizim çox güclü povest
ənənəmiz var. “Aldanmış kəvakib”dən
başlayan, “Danabaş kəndinin əhvalatları” ilə
davam edən və İsa Hüseynov, Əkrəm Əylisli,
İsi Məlikzadə, Anar, Elçinə qədər gəlib
çıxan bir ənənə... Ədəbiyyat
bəşəri olduğu qədər onun milli qanunları da
var. Klassiklərimiz roman yazmasalar da, povest yazıblar. Povest bizim ədəbiyyatımızın ən
güclü ənənəsi olan janrımızdır. Söhbət əlbəttə ki, nəsrdən
gedir. Xüsusiləşdirmək istəmirəm,
lakin bizdə povest həm kəmiyyət, həm də keyfiyyət
baxımından hekayə və romandan güclüdür.
Biz bəlkə də on güclü roman saya
bilmərik. Halbuki yaxşı povestlərimizin
sayı həddən artıqdır. Mənə
elə gəlir ki, bu janrı davam etdirmək lazımdır.
İndi roman müzakirələrində bir məqam
xüsusilə aktualdır. Hamı həcmi
müzakirə edir, ideya-məzmun qalır bir qıraqda.
Məncə povest məsələsini aktuallaşdırmaqla bu
bəhrəsiz söhbətlərə də son qoymaq olar...
“Samir, Samiri...” yazdığım üçüncü
povestdir. Çoxdan içində 5 povest olan bir
kitab yazmaq da istəyirəm. Bu janrı
özümə çox doğma bilirəm. Əlbəttə, insan yazanda povestin ədəbiyyatımızdakı
yeri haqda düşünmür. Sadəcə
elə əsərlər var ki, onlar məhz povest forması tələb
edir. Bu baxımdan “Samir və Samiri...” də
istisna deyil.
- Povestə
“arzuları güvə kimi dağılan” Samirin bədbəxtlik
hekayəsi deyə bilərik?
- Hələ
uşaq vaxtından “Quran” hekayələri məni özünə
cəzb edir. Xüsusən də Samirinin hekayəsi.
O qızıldan buzov düzəldir və insanlar ona ibadət
etməyə başlayırlar. Musa peyğəmbər
də ona təcrid cəzası verir. Heç kim Samiri ilə alver edə bilməz, onu dindirə,
onunla ünsiyyət saxlaya bilməz. Faktiki
ölümdür bu. Amma ağrılı bir ölüm.
Tənha bir ölüm. Samir
və Samiri povesti də bu hekayənin yenidən
yazılışıdır. Bu hekayəni
Tövratda da oxudum. Oxşar və fərqli
kodları analiz etdim. Amma povestdə özgə
bir hekayə də var. Fellininin “Şirin həyat” filmindəki
bir hekayə. Yazıçı olmaq istəyən
qəhrəmanın ucuz bir şoumenə çevrilməsi.
Əslində eyni hekayələrdir. Hər ikisi xəyanət haqdadır. Mənim yazdığım isə bu qədim əfsanənin
XXI əsr variantıdır. Bu Samirin hekayəsi
deyil. Heç Samirinin də. Bu xəyanətin hekayəsidir. Sevdiyin
qadına, seçdiyin xəyanətə cəzanın hekayəsi.
Böyük Ustadımızın da dediyi kimi qədim
əfsanələr hələ də bizim həyatımızı
formalaşdırır. Bunun mexanizmi haqda
düşünmək çox vaxt aparar. Hələlik
bunu deyim: Bu əfsanələr bizim beynimizdə çoxdan
kök atıb. Ona görə də öz
ssenarimizi də buna uyğun qururuq. Məncə,
bu, xalis materialist bir məsələdir. Engels də o
vaxt deyirdi ki, tarixin inkişafını iqtisadi münasibətlər
həll edir, lakin insanların “başındakı şeylərin”
də buna təsiri var. O ideyaları nəzərdə tuturdu,
bəlkə burda ideyaların sərhədini genişləndirib
onlara əfsanələri də aid etmək olar. Hətta
mahnılarda da deyilir: “Hər şeyin bədəli var;
İhanetin en ağır”. Biz bizim beynimizdə
kök atıb.
-
Mövzunu aktual hesab edə bilərikmi?
- Aktuallıq zamanın ruhunu tutmaqdır. Aktuallıq dövrün mənəvi problemlərini aşkarlamaq, insanı düşündürən fəlsəfi suallara cavab axtarmaqdır. Yazıçı zamanın insan qarşısında qoyduğu sınaqdan çıxış etməlidir. Bütün böyük əsərlər zamanın ruhundan doğulub. Bu gün biz əslində bütün dünyada sənətin kütləvilik qarşısında mübarizə apardığını görürük. Diqqət edək, bir zamanlar sənətin qarşısında stalinlər, hitlerlər vardı. Lakin indi onlar olmasa belə sənət çətin imtahan qarşısındadır. Bu gün imtahan kütləviliklə verilir. Bir anlıq düşünək, Opera və Balet Teatrında cüzi maaşa trumpet çalan adamı. Və toya gedən bir qarmonçalanı. Ya da opera solistini və toy müğənnisini. Onların dolanışığı arasında görün nə qədər fərq var. Mən məsələni daha sadə yolla izah etmək üçün ölkəmizdəki bu nümunədən çıxış elədim. Halbuki bütün dünyada bu proses gedir. Sənət ciddi imtahan qarşısındadır. Elə Samir özü də. Biz hər birimiz bu imtahanı veririk. Bəli, bu gün kütlə sənəti məhv etmək əzmindədir. Əvvəllər bunun üçün gestapolar, kqblər, mi6lar, cia-lar var idi. İndi insan özü sənəti əzir. Romana fast-food elementi kimi baxır: “İçinə ketçup qoymusuz?”. Ketçup varsa yeyir. Yoxdusa yemir. Seks varsa oxuyur. Yoxdusa oxumur. Sənət artıq insanı heyrətləndirmək gücünü itirir. Ucuz mahnılar, filmlər, kitablar dünyanı götürüb. Əvvəllər belə şey yoxuydu. Füzulinin dövründə misal üçün, kütləvi sənət deyə bir şey yoxuydu. Kapitalizm sənəti öz qanlı caynaqlarına keçirtdi. Deyəsən, bir az sərt dedim (gülür). Yumşaq desəm, minlərlə bazar məhsulu qarşısında sənət sınağa çəkilir. Lakin bu sizə elə asan gəlməsin. Sənət azı 40 min illik bir hadisədir. Sadəcə hələ də döyüşlər gedir və bu döyüşlər sənətin mahiyyətinə də təsir edir. Sənət daim olacaq. Lakin necə bir sənət? Və onun məhsullarını nə qədər adam mənimsəyəcək? Dövrlər keçdikcə insanlar kütləvi şəkildə savadlanmağa başladı. Lakin məncə, sənət istehlakçılarının faizi dəyişmədi. Sadəcə indi qarşı cəbhədə dayananların sayı çoxdu.
- Əsər Cəfər Cabbarlının “Od gəlini” pyesi ilə səsləşir. Ümumiyyətlə, əsərlərinizdə intertekstuallıq olduqca güclüdür...
- Bəli, intertekstuallıq, bayaq da qeyd etdiyim
kimi, Qurandakı Samiri hekayəsi və “Şirin həyat” filmi
konteksindədir. Bir də “Od gəlini”... Əslində
başqa əsərləri də bura əlavə eləmək olar. “Samir, Samiri...”
povesti boyunca Od gəlini, Biləgənli Elxan xatırlanır.
Samir bu rolla böyük uğur qazanıb. Povestin sonunda bu rol yenidən
ona tapşırılır. Bir növ mənəvi
katarsis kimi. Ona tövbə imkanı
verilir. Bu rolla Samiri yenidən
paklaşıb Samirə çevriləcək. Rejissor dostu Həbib də bunu çox istəyir.
Nəticə düşündükləri kimi
olmur. Çünki tövbə
qapıları heç də hər zaman açıq deyil.
Ya da belə deyim. “Gərək imam da
adamı istəyə...”
Mənim üçün bu əsərdəki ən maraqlı məqam qəhrəmanım Şaxta Babanı bu əsərdə yenidən diriltmək oldu. Əslində belə planım yoxuydu. Sadəcə o povestə, şair demiş, bəlkəsiz gəldi. Məncə, ən maraqlı sürpriz də budur. Açığı, intertekstuallıq barədə tənqidçilər daha geniş danışa bilər. Buna görə bircə məqamı qeyd edəcəm. Əsərin üslubuna, sintaksisinə fikir versəniz, görərsiniz ki, orda mənim tutaq ki, “Fələk qırmancı” romanımdakı sintaksis yoxdur. Mən bu əsəri bir az başqa cürə, hardasa 60-cıların sintaksisi üzərində yazmışam. Mətn onu tələb edir.
- Bəs “Oqtay Eloğlu” ilə əlaqə necə?
- Oqtay Eloğlu çoxdan oxuduğum və ruhumun bütün nöqtələrinə nüfuz edəcək qədər heyrətamiz bir pyesdir. Mənim povestimlə onun arasında intertekstual bir əlaqə olmasa belə, xüsusən Həbibin sənət eşqi, sənətə təşnəliyi çox güman ki, Oqtayın sevdasından da çox təsirlənib. Yeri gəlmişkən, bir şeyi də deyim ki, biz Cəfər Cabbarlını layiqincə dəyərləndirmirik. Yazıçıları deyirəm. Düzdür, Cəfər Cabbarlı dramaturq olub. Lakin onun əsərləri nəsrimiz üçün misilsiz ilham mənbəyidir. Bu qədər böyük yaradıcılıq enerjisinə, pafosa dünyada çox az sənətkarda rast gəlinə bilər.
- Sizcə, günümüzdə məhəbbətdən iki gündə usanan Samirlər, yoxsa keçmiş sevgilisi üçün intihara təşəbbüs edən Samirlər çoxdur?
- Povest xəyanət haqqındadır. Qadınlara münasibət daha çox ikinci süjet kimi çıxış edir. Lakin əsas olan sənətə xəyanət temasıdır. Əslində qadına xəyanət çox güman sən də etiraf edərsən ki, təkcə sənət adamlarına xas bir vəziyyət deyil. Sosial şəbəkələrin geniş yayılması xəyanətə meyli olanların öz istəklərini daha rahat şəkildə realizə etmələrinə imkan yaradır. Az qala hamı bu işlə məşğuldur. Sənət məsələsində olduğu kimi mən də burda ümidsiz deyiləm. Bu cür vəziyyət sevgini, insani hissləri ağır imtahanlardan çıxartsa belə sonda sevgi qalib gələcək. İnsani münasibətlər daha da durulacaq, kişilər də, qadınlar da daha realist olacaq və bir şeyi aydın dərk edəcəklər: İnsana sevgi gərəkdir! Bütün o ötəri əyləncələr sevginin verdiyi istiliyin yanında ancaq ötəri bir ləzzətdir. Bonusu əzab olan bir ləzzət...
- Əsərdə iki rejissor var...
- Bəli, Həbib və Rafiq... Onlar əslində polyar qütbləri təmsil edirlər. Həbib sənət sevdalısıdır, Rafiq isə bir zamanlar belə bir sevdaya mübtəla olsa belə, sonda məişəti düşünür. Onlar ikisi də mutludur. Lakin həm sevdanı, həm də şöhrəti düşünənlərin taleyi amansızdır. Samir kimi...
- Bu povesti postmodernist əsər adlandırmaq olarmı?
- Əslində əsərdə Xeyir və Şər çox sadə şəkildə işarə olunub. Bu mənada həqiqətlər yoxdur, həqiqət var. Bəlkə hərənin öz həqiqəti də var. Lakin bu nisbi, ya da fərdi həqiqətlərin fövqündə bir həqiqət qalası var, onun kölgəsi povestin hər bir bucağına düşür. Samir də, Səbinə də, Rafiq də, Həbib də və hətta Şaxta Baba da bu həqiqətlə, bu meyarla sınağa çəkilir. Sonda yaxşılar qalib gəlir. Doğrusu, bu xoşbəxt sonluq mənim üçün hansısa təsəlli deyil, baxsan, bəlkə də heç xoşbəxt sonluq da deyil. Əsərin qəhrəmanı zəlalətə düçar olursa, xoşbəxt sonluqdan danışmaq çətindir. Hər halda... Nağıllarda necə deyilir: “Ölənə qədər şad-xürrəm yaşadılar”.
İntertekstuallıq mənasında, qədim əfsanənin dekonstruksiyası baxımından əsər postmodern sayıla bilər. Lakin mənim üçün ən vacibi ideyadır. Povestin çox monolit və hətta monist bir ideyası var. Bu mənada onu postmodern adlandırmaq çətindir.
- Şablon kimi səslənsə də: indiki mütaliəniz, yaradıcılıq planlarınız...
- Mütaliə barədə deyim ki, son dövrlər ancaq beynimdəkiləri sahmana salmaqla məşğulam. Sanki doymuşam oxumaqdan. Arada elmə aid məqalələr oxuyuram. Sənət filmlərinə də baxa bilmirəm. Elə bil yüz yaşım var. Doymuş məhlul kimiyəm. Durulmağa ehtiyacım var. Yazmaq planım da yoxdur. Bir qədər sakitləşmək, oxuduqlarımı yerbəyer etmək, yəni bir az oxumamaq, bir az yazmamaq istəyirəm. Şüurumun dincliyini yaxalamaq və yaşamaq istəyirəm. Ona görə də plan qurmuram. Bu vəziyyətin hara qədər və necə davam edəcəyini də bilmirəm. Ədəbiyyatla bağlı söhbətlər də, açığı, yorub məni. Hər şey bəllidir. Bəlkə yeni bir faza olacaq, bəlkə yox. Açığı maraqlandırmır da məni. Görək necə olacaq? Özümə də çox maraqlıdır... Əsas odur ki, ədəbiyyatımız yaşasın (gülür).
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.14.