"Sehrbazlar dərəsi"-
hər birimizin dəruni avtobioqrafiyası
İtaliyanın
Florensiya Universitetinin professoru, tanınmış tarixçi, ədəbiyyatşünas,
yazıçı Franko Kardini
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanına
resenziya yazıb.
Hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də İslam, Xristianlıq və Yəhudiliklə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini 1940-cı ildə Florensiyada dünyaya gəlib. 1970-ci illərdə elmi və bədii yaradıcılığa başlayan Franko Kardini 30-dan artıq kitabın, 140-dan artıq elmi məqalə və araşdırmanın müəllifidir. 2014-cü ildə Kamal Abdullanın İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” kitabına Franko Kardininin yazdığı ön sözü və adıçəkilən əsəri oxuyandan sonra dünya şöhrətli yazıçı Umberto Eko Azərbaycanın görkəmli yazıçısı ilə yaxından tanış olmaq arzusunu bildirib. 2015-ci ili sentyabr ayında “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.
Xatırladaq ki, bu yaxınlarda İtaliyada Franko Kardininin ön sözü ilə Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri də işıq üzü görəcək.
Resenziyanı ixtisarla oxucularımıza təqdim edirik.
Bizi daxili ziyarətə dəvət edən “Sehrbazlar dərəsi” hər birimizin dəruni avtobioqrafiyasıdır…
“Allah göylərin və yerin nurudur. (Kainatı
yaradıb ona nur verən, yer və göy əhlinə haqq
yolu göstərən Xaliqdir). Onun
(Peyğəmbərimizin və möminlərin qəlbində
olan) nuru, içində çıraq olan bir taxçaya
(çıraqdana) bənzər; taxçadakı o
çıraq bir qəndilin içindədir, o qəndil isə,
sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə,
nə də qərbdə (aləmin ortasında) olan mübarək
bir zeytun ağacından yandırılır. (Şərqdə
deyildir ki, günəş batdıqda, qərbdə də
deyildir ki, günəş doğduqda qaranlıqda qalsın).
Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq
saçır. O, nur üstündə nurdur. Allah dilədiyini
öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş
edib cənnət yolu olan islam dininə
yönəldir). Allah (həqiqəti anlaya bilsinlər
deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!”
Bu, Quranın “Nur” surəsinin 35-ci ayəsidir. “Nur” surəsi Müqəddəs
Kitabın ən gözəl sürələrindən biridir,
Həzrəti Məryəmə həsr olunmuş surə ilə
bərabər mənim ən sevdiklərimdəndir. Rahatlığım pozulanda, mütəəssir və
təlaş içində olanda, dincliyə, beyin
açıqlığına ehtiyac duyanda həmişə bu
iki surəni oxuyuram. Elə bu yaxınlarda
da, axır vaxtlar tez-tez başıma gələn yuxusuz bir gecənin
sübh çağında Allahın Nuruna və Nur kimi Allaha
həsr olunmuş müqəddəs surənin bu ayəsini bir
daha oxudum. Hamının yuxusuz gecələri
olur. İnsan özünü yaxşı hiss etməyəndə,
sevgidən iztirab çəkəndə və ya təcili sona
çatdırmalı bir işi olanda, həyəcanla kimisə,
nəyisə gözləyəndə gözünü bir
anlıq belə yuma bilmir. Allaha
şükür olsun ki, qəm-qüssə və nifrətin
hökmü altında mən yuxusuz bir gecə belə
keçirməmişəm.
Əksinə, mənim yuxumu ərşə
çəkən kitab olur. Qeyri-realist və
yanlış bir ifadə olsa da “birnəfəsə oxunan”
adlandırdığımız kitablardan biri. Ümumiyyətlə,
deyim ki, nadir hallarda ola bilər ki, mən
hansısa kitaba görə yuxusuz qalım. Tək-tük
hallarda olur. Dostum və həmkarım Kamal
Abdullanın bu romanı ilə də məhz belə oldu,
bütün gecəni gözüaçıq keçirdim.
Bu roman sanki bir meditasiya növüdür, bir
ismarışdır, bəlkə də bir etirafdır. Sanki hər birimizin dəruni avtobioqrafiyasıdır.
Təbii ki, söhbət əşya və hadisələrin
gedişatından getmir. Əsər məhz
hiss-duyğu və “spiritual mənzərələr”
baxımından yazılmış bir avtobioqrafiyadır.
Kamal istər alim, istərsə də pedaqoq kimi, həmçinin
bir ziyalı və yazıçı kimi, həddən
artıq mürəkkəb bir fərdiyyətə malikdir. O, dörd geotarixi qüvvənin
təsiri altındadır. Birincisi, sərhəd ölkələrə
xas “klassik” yunan fəlsəfəsinin və Ermitaj muzeyində
onlara həsr olunmuş kompazisiya vasitəsilə daha
yaxından tanıya biləcəyimiz Skif- kurqan mədəniyyətinin,
yəni skif döyüşçülərin, süvarilərin,
sehrbazların, zərgər və dəmirçilərin
“barbar” fəlsəfəsinin qarşılıqlı təsirindən
əmələ gələn və mürəkkəb köklərə
malik olan Qafqaz dağlarıdır.
İkinci
geotarixi güc isə özünəməxsus formada oxşar,
hətta hədsiz qarşılıqlı təfavütə
baxmayaraq qohum olan, lakin labüd düşmənçiliyə
və qarşılıqlı toqquşmaya (nəticə
etibarilə, həm də dəyişkən ittifaqlar
burulğanına) məhkum üç mədəniyyət
arasındakı sülh və münaqişəyə bais olan
bütün qüvvələri sehrli mərkəz kimi
özünə cəlbedən Xəzər dənizidir.
Üçüncü qüvvəsə
aşağıda sadalayacağım həmin bu üç mədəniyyət
arasındakı sülh və münaqişənin nəticəsidir. Bütpərəst fars mədəniyyəti, yəni, Xəzər
və Qara dəniz arasında dərin kök salan Zərdüştilik
dininin vətəni olan İran dünyası, başqa sözlər
desək, Azərbaycanın cənubunda hökm sürən
islam-şiə mədəniyyəti. Yalnız
Osmanlı deyil, eyni zamanda da ənənə və
müasirlik, milliyətçilik və türkçilik
ideyaları arasındakı toqquşmanın izləri hiss
olunan türk mədəniyyəti. Bu
ideyalar, bu ehtiraslar bu gün də Xəzər dənizinin o
tayını, Hindistan və Çin sərhədlərinə
qədər bütün Orta Asiyanı öz təsiri
altında saxlayır.
Və sonuncusu, qəbul edilməmiş, lakin tanınan və
təsirləri aydın müşahidə olunan
xristian-pravoslav ruhlu rus mədəniyyəti. Kamalın keçdiyi həyat
yolunda, həmçinin fərdi və ictimai-mədəni təcrübəsi
daxilində özünə yuva salmış bu dünya
qaçılmaz çar keçmişinə və bir tərəfdən
yenidənqurma, digər tərəfdənsə çoxlu sayda
adət-ənənələrin bərpa mərhələlərini
keçmiş uzaq, həm də çox yaxın “bitməyən
sovet keçmişi”nə malikdir.
Kamala təsir edən dördüncü geotarixi qüvvə
hər yerdə, hər şeyin içində və
çölündə mövcud olan İslam dinidir. Heç vaxt bərqərar
olmayan, lakin rədd də edilməyən Zərdüşt və
şamanizm təsirlərinin burulğanına məruz qalan,
İran və türk-monqol mədəniyyətlərinin vəhdətindən
doğan İslam dini. Və bütün bu
sadaladığımız təsir qüvvələrinin
hamısı, müasirliklə, onun texnoloji triumfları, daxili
boşluqları, məqsədsizliyi, cavan nəsillərə
maddi varlıq olmayan bir şey miras qoymaq qabiliyyətinə
malik olmaması faktı ilə ayaqlaşmalıdır.
Kamal Abdulla öz zəmanəsinin şəxsiyyəti və
yazıçısıdır, həmçinin siyasi vəzifə
sahibi olan akademikdir. O, həm ictimai şəxsiyyəti, həm də həyat
təcrübəsi üzərinə düşən belə
bir mürəkkəb problemin ağırlığının
öhdəsindən gəlmək məcburiyyətindədir. Bəs görəsən, belə bir şərtlər
çərçivəsində yarana biləcək mümkün
risklərə qarşı, qismən də olsa immunitet qazanmaq
üçün elmi tədqiqatlar, düzgün ictimai
şüur və ciddi intellektual əmək kifayətdirmi?
Qeyd etdiyimiz problemin həllini tapmaq cəhdi məhz bu
romanın avtobioqrafik ilham təbini təşkil edir. Biz insanlar həmişə
yuxu içində gizlənməyi üstün tuturuq.
Ümumiyyətlə, bədii əsərlər də yuxu
kimidir (ya da yuxu kimi ola bilərlər). Lakin gəlin özümüzü aldatmayaq. Əbədi Həyatın özü də bir
yuxudur. Xüsusən də bizim kimi
boğazına qədər virtuallıq xülyasına
batmağına baxmayaraq, özünü materializm qədər
(nə vaxtsa “elmi” olduğunda özümüzü
aldatdığımız) realist hesab edən müasirlər
üçün. Wi-Fi və internetdən
ayrıla bilmədən kino və televiziya ilə mühasirəyə
alınmış şəkildə yaşamağın
özü, nəticə etibarilə, elə xülyada, xəyalda,
illüziya kimi bir yuxuda yaşamaq demək deyilmi?
…Və
budur, biz artıq ünvana- Sehrbazlar dərəsinə gəlib
çıxdıq. Bu sirli dərənin sakinlərini
adlandırmaq üçün yazıçının istifadə
etdiyi Azərbaycan, türk, rus, ərəb, klassik və
müasir fars terminləri ilə bağlı, yəni
Kamalın mədəni və dini kimliyində bir arada
mövcud olub qarşılıqlı təsirə malik olan bu
sözlər haqqında müəllifin özünü
sual-cavab etmək çox maraqlı olardı. Kamal da öz növbəsində,
bizi aydın və detallı şəkildə məlumatlandırmaq
istədiyi halda, fəlsəfi, antropoloji və uzun bir esse ilə
cavab vermiş olardı. Digər tərəfdən
isə, qeyd etmək lazımdır ki, italyandilli oxucu da bu
növ məsələlərdən qətiyyən bixəbər
deyil. Əksinə, magiya və sehr
gücünün təbiəti və keyfiyyəti ilə
bağlı müzakirələrə çox yaxından bələddir.
Bibliyanın ilk səhifələrindən
başlayaraq, bu növ mübahisəli fikirlər hər dəfə
daha da mürəkkəbləşərək klassik ədəbiyyata,
orta əsrlərə, İntibaha, sonradan isə
maarifçiliyə və romantizmə qədər italyandilli
oxucunu addım-addım izləyib müşayiət edibdir.
Və mədəniyyətimizin Tianalı Apolloniusdan
başlayaraq Mikele Skoto və Kornelius Aqrippaya qədər olan
möhtərəm üzvlərindən danışanda, həmçinin
istehlakçı və tamaşa cəmiyyətimizin qəhrəmanlarından,
yəni kinonun, modanın, texnikanın və digər bu növ
sahələrin maqlarından bəhs edəndə, gündəlik
seçim olaraq cəm halda işlətdiyimiz “maghi”
sözünün arxasında məhz bu fakt dayanıbdır.
Təəssüflər olsun ki, sözlər heç
vaxt tamam-kamal şəkildə əşyalara uyğun gəlmir. Vaxt
ötdükcə onlar tədricən inkişaf edir, amma
inkişaf istiqamətləri və ritmləri həmişə
üst-üstə düşmür. Bu,
kitabı səhifələməyə başlamaqdan öncə
gündəmə çıxarılmalı və
qarşımıza çıxdıqca həll etməyə
çalışmalı olduğumuz ilkin və başlıca
problemdir. Çünki Kamalın bizə
ötürmək istədiyi problematik ismarışın məğzi
də, fəlsəfi və antropoloji baxımdan böyük zənginliyə
malik olan bu ikimənalı terminin tərkibində durur. Qədim
yunan sebhrazlarına, həmçinin Atəşə
sitayiş edən, Ahura Məzda şərəfinə verilən
qurbanlarda peşəkar astroloq olan, amma Əhrimənin də
sirlərindən bixəbər olmayan müdrik Zərdüşt
kahinlərinə olan çağırış Kamalın
daxili aləmində şübhəsiz ki, çox
güclüdür. Plutarxın, Avqustin Avreliusun əsərlərində
bütün bunlara rast gəlmək mümkündür. XIII əsrdə müsəlman
İspaniyasından Avropa dünyasına gələrək
cadugərliyin ən məşhur və ən dəhşətli
“əl kitabçası”na çevrilən, indisə John Dee və
Aleister Crovley tərəfindən istifadə olunan “Pikatriks”
kitabının naməlum müəllifi də əsərində
bu mövzuya dair çox geniş məlumatlar verib.
Kamalın İslamına Manilik vasitəsilə keçən
Zərdüştilik antik fəlsəfəsinin təsir
gücü ölçülməz dərəcədə
böyükdür. Yazıçı, bəlkə də dəlisov
şaman müdrikliyini də daxili aləmində qonaq etdiyindən
bixəbərdir. Üstəlik nəzərə
alaq ki, nə Kolxidalı Medeya, nə də Aqamemnonun
qızı kahinə İfigeniyanın qurban verildiyi yer Tavrika
da (Krımın qədim adı) Bakıdan elə də uzaqda
deyil. Amma mən Medeya, İfigeniya deyən kimi sizin
ağlınıza dərhal bəd və qorxulu şeylər gəlir:
atalarını öldürən qızlar və
qızlarının boğazını kəsən atalar. Həmçinin
qadın, kişi sehrbazlar və ya nəyisə, kimisə
qurban verənlər. Çünki qurban vermək
müqəddəsləşdirmək deməkdir. Əgər bu belədirsə, deməli onda din, qurban,
sehr və qətl arasında dərin bir əlaqə
yaranmış olur. Cəllad müsbət
obrazdırmı? İbrahim peyğəmbərin
(ona və ailəsinə Allahın salavatı və salamı
olsun) doğmaca oğul cəlladı olmasına bircə
addım qalmışdı. Qurbanvermə
baş tutsaydı, müqəddəs bir hadisəyə çevriləcəkdi.
Deməli, cəlladlıq ədalətin, yəni
gücün əzəmətinin layiqli vəzifəsi deyil?
Əsərin mərkəzində bir cəllad surəti
var. Bu cəllad həm də ailənin şəksiz və
müstəbid ağasıdır. Freyd nəzəriyyəsinə
uyğun olaraq, onun bütün ağırlığı
öz oğlunun üzərinə düşür. Və
əsərdə etirafı mümkün olmayan bir sirr,
açılası düyün və
bağışlanası bir günah var. Amma bunun
üçün insan gücü kifayət etmir, ona görə
də axirət dünyasından, müəmmalı və təsvirəgəlməz
sirli qüvvələrdən, ruhları danışdıra
bilənlərdən kömək istəmək
lazımdır. Lakin ruhlar da insanları aldada bilərlər.
Əslində kim olduqlarını gizlədib
yalan danışa bilərlər. Bəzən də
yalandan daha təhlükəli olan həqiqəti faş edə
bilərlər. Bəyəm həqiqəti
bilmək doğrudanmı həmişə belə
faydalıdır, vacibdir?
Belə bir kitabın sujet xəttinə dair xülasə
vermək qətiyyən olmaz. Həm də ona
görə ki, “Sehrbazlar dərəsi”ndə faktiki olaraq bir, bəlkə
də bir neçə “qatil” var. Onu və ya onları tapmaq məhz
oxucunun öhdəliyinə düşür. Romanın məzmununu sizə
danışmayacağıq.
…Kamal
heç vaxt açıq şəkildə demir, amma biz
özümüzü Qafqazla Azərbaycan arasında, gözəl
tarixi – mədəni paytaxt olan Təbrizə boylanan bir ərazidə
təsəvvür edə bilirik. Bu, müəllifin
nağıllara xas tərzdə nəqletmə texnikasından
heç bir halda imtina etməmək niyyətini göstərir.
Lakin, buna baxmayaraq, əsərdə konkret bir səhnəni
təsəvvür etmək üçün oxucuya kifayət qədər
məlumat verilir.
Biz əsərdə məkan dixotomiyası ilə
qarşılaşırıq. Bir tərəfində ənənəvi,
başqa sözlə desək “dünyəvi” hadisələrin baş verdiyi
məkan, o biri tərəfdə isə “digər” – müqəddəs
məkan durur. Müqəddəs məkanın heç bir dəyişikliyə
məruz qalmayan özünəməxsus müqəddəs
zaman kateqoriyası var. Burada fəsillər o qədər
cüzi hiss olunur ki, sanki yox kimidilər. Bəzən
sirli şəkildə qar yağsa belə, bura ilin hər fəslində
daim çiçəklərlə, meyvələrlə dolu
olan bağların əbədi bahar məkanıdır. Gündüzün ulduzlu gecə ilə əvəz
olunması isə yalnızca dövriliyin
mövcüdluğunu, yəni, heç bir qanuna tabe olmayan
sonsuz bir əbədiliyin varlığını göstərən
haldır. Bu yer dağlarla əhatə olunmuş
“Sehrbazlar dərəsi”dir. Söhbətin hansı dağlardan
getdiyini isə bizə heç kim söyləmir.
Dərəyə üz tutanların
qarşısına çıxan ilk sınaq İlan gədiyidir.
İlan qorxulu olduğu qədər də
müdrikdir, öldürücü olduğu qədər də
bəsirətlidir. Yəhudi və xristian ənənəsində
şeytani varlıq hesab olunur, yunan ənənəsində isə,
Apollon və Tireseyə görə müqəddəs bir
varlıq kimi qəbul edilir. Tədricən xristian
simvolikasına çevrilən yəhudi Bibliyasında isə
ilan nicat və xilas rəmzidir…
İlan gədiyini qət edib ilk sınağı
keçən kəs Görükməz təpəni
rahatlıqla aşır. Və budur, cəsarətli, bəlkə də
bəsirətsiz səyyah Sehrbazlar dərəsinə enir.
Və burada onu əldən salan, riskli və uzun
səfərinin səbəbi olan insanları tapıb onlarla
görüşə bilir.
Bəs görəsən bu, həqiqətənmi məkana
və zamana edilən bir səyahətdir? Yoxsa ürək və
şüurün daha çətin və daha təhlükəli
ola biləcək yolları boyunca uzanan fərdi,
spiritual bir səfərdir? Bəs bu səyahət
şüurlu, oyaq şəkildə, yoxsa yuxulu trans halında
başa vurulur? Burada, Kamalın yaşadığı sufi təriqətinin və xanəgah dərvişləriylə
əhatə olunmuş müsəlman mədəniyyətinin
mistik, şamanist komponentləri nəzərdən
qaçırılmamalıdır.
İndi isə diqqətimizi yönəldək əsərin
baş qəhrəmanlarına. Sehrbazlar dərəsinin
baş qəhramanı Karvanbaşıdır. Bu ad həm də peşə növüdür,
karvana başçılıq edən adama deyilir. Bu ismin işlənməsi imkan verir ki, oxucu əsərdə
implisit şəkildə təsvir olunan zaman və məkan
kontekstini təsəvvüründə canlandıra bilsin.
Söhbət Qədim Midiya ilə Qafqaz
arasındakı və İpək Yolunun şimal və cənub
marşrutlarının kəsişdiyi Xəzər sahillərindən
gedir.
Karvanbaşının özünə də aydın
olmayan və dilinə gətirə bilmədiyi bir sirr onu
incidir, səhranın sükutundan daha da kəskinləşən
buz kimi soyuq gecədə onu yatmağa qoymur. Karvanbaşının
yanından, daha dəqiq desək, kölgəsindən əskik
olmayan, onun qayğıkeş və sadiq xidmətçisi Xacə
İbrahimdir. Karvanbaşının
gözünün nuru olan Xacə İbrahim sədaqətlə
xidmət etdiyi ağasının istəklərinə
qarşı olan narazılıqlarını romanın
sonlarında qəti şəkildə göstərməyə
başlayır. İlanlı gədikdən
keçərək Görükməz təpənin yamacı
boyu davam edən bu böyük səyahətə
başlamağa Karvanbaşını vadar edən səbəb
isə məxfidir. Ona lazım olan dərə
sakinləri, sehrbazlar axirət dünyası ilə daim əlaqədədilər.
Hətta o dünya ilə bu dünyanın
adamları arasında vasitəçilik də edə bilirlər.
Karvanbaşının başladığı bu səyahət
Xeyirə və Gözəlliyə doğru bir səyahətdirmi? Nurun
axtarışıdırmı? Belə
cavab vermək olar ki, bu, ən azından onun tələbatına
və onun daxili aləmindən gələn bir suala cavab vermək
üçün müvafiq vasitənin axtarışına
istiqamətlənmiş səyahətdir. Və
bu da, öz növbəsində, hər şeydən öncə
bilmək zərurətini əmələ gətirir. Lakin öyrənmək istənilən şeyin
açarı artıq o biri dünyada, ölülərin
dünyasındadır. Və əsərin
bu hissəsində Axirət mövzusu meydana gəlir və bu
dünya ilə o biri dünya arasındakı sərhəddi
keçə bilən insana ehtiyac duyulur. Bu,
yunanların “Odisseya”dan başlayaraq “Nekyia” kimi
tanıdıqları antik bir məsələdir. Elə romanın özündə də qorxulu, eyni
zamanda da gözəl və uzun bir Nekyia səhnəsi təsvir
olunubdur. Bizi qeyri-müvafiq və implisit şəkildə
spiritizmə doğru yönəldən,
çaşdırıcı və dar mənalı “mediumizm
üsulları” ifadəsinə adət etmiş qərblilər
üçün bu təsvir, mədəniyyət
baxımından Kamalın təsvirindən o qədər də
fərqli olmayan bir səhnəni xatırladacaq.
Kamalın təxəyyülünün məhsulu olan bu
dərədə yaşayan sehrbazlar tamamilə aydınlıq
və müdriklik içindədilər. Bəs bu
sehrbazlar xeyir qüvvələri sayılırlarmı? Bunu tam təsdiq etmək yanlış olardı.
Belə ki, sehrin gücü elektrik enerjisi kimidir, müsbət
və mənfi ola bilər. Həm
aydın işıq, xoş istilik bəxş edə bilər,
həm də insanın canını alıb həyatdan məhrum
edə bilər. Yemək bişirmək və
gecəni işıqlandırmaq üçün istifadə
etdiyimiz bu enerjidən elektrik stulu üçün də
istifadə edirik. Bu bəd alətin
adını səbəbsiz çəkmirəm mən, belə
ki, “Sehrbazlar Dərəsi” əsərinin baş qəhrəmanı
əslində, Karvanbaşı deyil, onun qorxunc, cəllad
atası Məmmədquludur. Bu dəhşətli
insanın özünün ağır cinayət (və ya
günah) törətməyinə baxmayaraq, Şahın sadiq
qulluqçusu və baş cəlladdır. Nə Məmmədqulu,
nə də bütün həyatı boyu sədaqətlə
xidmət etdiyi ağası, Şah artıq həyatda yoxdular.
Məmmədqulunun günahı, əgər vardırsa, sədaqətinə
ziddirmi, yoxsa elə sədaqətindəndir ?
Bəs sədaqət insanı şəxsi məsuliyyətdən
azad edirmi? Qoca Şah ölüb və
romanda biz onunla heç vaxt qarşılaşmayacağıq.
Oğlu isə yaşayır, taxt-taca sahibdir.
Şübhəsiz ki, onun haqqında
danışılacaq, lakin onunla da qətiyyən
rastlaşmayacağıq. Əvəzində
biz, Karvanbaşı ilə atası Məmmədqulu
arasındakı görüşdə iştirak edib, həqiqəti
bilmək istəyən diri insanla, sirri açmaq istəməyən
ölü arasındakı dramatik dialoqun şahidi
olacağıq. Ruhu çağıranda gələn
ölü bəlkə həmin adam deyil? Heç ruh da deyil, cindir, şeytandır? Çünki Məmmədqulu gözə
görünmür. Onun səsi – əgər həqiqətən
də onun səsidirsə – Karvanbaşının Sehrbazlar dərəsindən
“kirə götürdüyü”, Səyyah adında “şaman”
obrazlı sehrbaz vasitəsiylə eşidilir. Sehrbaz
nə “Xeyir”, nə də “Şər” qüvvə deyil. Sadəcə, Ələddinin lampasındakı cin
kimi (müvafiq fərqləri nəzərə alaraq) onu icarəyə
götürənlərin xidmətində dayanan bir adamdır.
“Həqiqət sizi azad edəcək” deyə Müqəddəs
Həvari Pavel nəsihət verir. Onun dediyi Həqiqət
İsa Məsihin kəlamıdır. İnsan
üçün qaranlıq bir anlayış olan, bildiyimizdə
bizi aldadan, bəzən isə uduzmağımıza səbəb
olan həqiqətdən söhbət getmir. Məhz bu həqiqət problemi saxta rahatlıq,
dinclik tapmağa çalışan Karvanbaşını
öz Şahına olan sədaqətindən üz döndərməyə
vadar edir. Lakin tezliklə o anlayır ki,
intiqam heç bir halda ruha dinclik gətirə bilməz.
Sonda sehrbaz Səyyah, müəllimi Ağ Dərvişin bələdçiliyi
sayəsində əsərin mənəvi açarı
sayılan sonuncu böyük qəhrəman, mürşid
Şeyx Mənuçöhr ibn Sadiq tərəfindən edilən
kəşfi öyrənmiş olur: Hər şeyi –
keçmişi də, gələcəyi də öz
içinə yığan dolğun andır.
Həmişəki kimi bu əsəri də ilk öncə,
adətə uyğun olaraq, nə müqəddiməyə, nə
də kitabın arxasına baxmadan, birinci səhifədən
sonuncu səhifəyə qədər dayanmadan oxudum. Müqəddiməni
oxumaq əlbəttə ki, vacibdir, lakin dərhal oxunduqda
bütün mütaliəni ömürlük təsir
altına salır. Romanı oxuduqdan sonra
bütün gecəni nə gözümü, nə də
ruhumu kitabdan ayıra bilmədim.
Roman böyük uğur qazandığı Fransada
resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, “Xeyirin Şər
üzərində qələbəsindən bəhs edən
alleqoriya” deyil.
Əslində, böyük bəxşiş
hesab edilən seçim azadlığına malik olan, eyni
zamanda da seçimin ağır məsuliyyətini öz
çiynində daşıyan bir insanın keçdiyi çətin
yol haqqında qələmə alınmış bir hekayədir.
Səhər kitabı bitirdikdən sonra Quranın “Nur”
surəsini bir daha oxudum. Qəlblərin nuru və gündüzün
işığı Allah Nurunun sadəcə, közərmiş
bir əksidir…
Bu kitab bizi daxili ziyarətə dəvət
edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin
axtarışındayıq. Oradan Görükməz təpənin
yaşıl ətəyinə keçmək, sonra isə
aşağı, Sehrbazlar Dərəsinə düşmək
olar. Dərəyə axtarış məqsədilə gəlirlər.
Amma sən, nə axtardığına, vermək
istədiyin suallara, tapacağın şeylərə və
qayıdandan sonra həyatla mübarizədə sənə
lazım olan, orada isə əlindən almaq istədikləri
gücə diqqət etməlisən. Çünki zərdüştilik,
iudaizm, xristianlıq və İslamın fərqli yollarla da
olsa, bizə öyrətdiyi əsas ideya ondan ibarətdir
ki, Xeyir və Şər bir-birinə tam əksdirlər. Amma
istər həyatda, istərsə də bizim daxilimizdə bu
qüvvələr sıx bağlanmış şəkildədirlər.
Biz putadakı qurğuşunu gümüşdən, ənbiqdəki
kükürdü qızıldan ayırdığımız
kimi Xeyiri də Şərdən ayırmağı
bacarmalıyıq. Bunun üçün isə oxumaq və
öyrənmək lazımdır. Sufi müsəlmanla
mistik xristianın yekdilliklə qəbul etdiyi kimi əslində,
hər şeydən öncə inanmaq lazımdır.
Çünki nurla zülmət həm bir-birini əvəz
edib növbələşə, həm də vəhdət
şəklində bizim ürəyimizdə və dünyada
yaşaya bilərlər. Lakin tək olan Əsl Nur dostum
Kamal Abdulladır.
525-ci qəzet.- 2016.- 3 dekabr.-
S.10-11.