O uzaq illərin xatirəsi

 

Aslan Mehdiyev - 70

 

 

 

 

Bircə xatirəni yaşatsa insan

Bütün ömrü boyu bəlkə bəsidir.

Ürəyi kövrəldən, gözü yaşardan

O uzaq illərin xatirəsidir.

Əliağa Kürçaylı

 

"Ötən günə gün çatmaz, calasan günü günə". Bu müdrik kəlamı cavan vaxtında çox eşitsən , əsl mənasını ahıl yaşında anlayırsan.

 

Bəli, ömür keçdi,  hər şey arxada qaldı. Yalnız xəyalların qanadında qayıtmaq olar o çağlara, ahıl yaşında ürək yanğısı ilə xatırladığın, gözlərinin önündən kino lenti kimi keçən o günlərə, illərə...

 

Qəribədir, bircə saat öncə  olanları unudursan, öz əlinlə qoyduğunu tapa bilmirsən. Ancaq çox-çox illər qabaq baş verənlər elə bil təzədən canlanır, təfərrüatı ilə yadına düşür ömrün aşırımında.

 

Mən ötən əsrin 80-ci illərində çiyin-çiyinə işlədiyim dostumu xatırlayıram. Həyatımın unudulmaz çağları, bir çox vacib, ibrətamiz məqamları onunla bağlıdır: sədaqətli, dəyanətli dost Aslan Osman oğlu Mehdiyev. O, rayon İcraiyyə  Komitəsinin sədri idi, mən raykomun ikinci katibi. Birinci katib Sosialist Əməyi Qəhrəmanı İbrahim Qurbanovun rəhbərliyi təşkilatçılığı ilə rayon mərkəzi Cəlilabad şəhərindən başlamış ucqar kəndlərə qədər hər yerdə qızğın gedirdi. Tikinti-abadlıq işləri görülür, yollar çəkilir, körpülər salınır, dünənəcən susuzluqdan cadar-cadar olan torpaqlar yaşıl don geyir, üzüm bağlarının, zəmilərin məhsulu aşıb-daşırdı.

 

Bütün bu işlərin görülməsində Aslan Mehdiyev var qüvvəsini, biliyini bacarığını əsirgəmirdi. O, yaşca  məndən  cavan olsa da,  təsərrüfat işlərində təcrübəli idi. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra ixtisası üzrə təsərrüfatda işləmiş, təcrübə qazanmışdı. 1971-ci ildən Füzuli rayon Komsomol Komitəsinin əvvəl ikinci katibi, sonra birinci katibi vəzifələrində işləmişdir. Təşkilatçılıq bacarığına, qabiliyyətinə, öz ixtisasını yetərincə bildiyinə görə, rayon kənd təsərrüfatı istehsalatı idarəsinin rəisi kimi o zaman çox mötəbər vəzifəyə irəli çəkilmişdi. Burada da uğurla, bacarıqla çalışmış, vəzifə, səlahiyyət pillələrində yüksəlmişdi: rayon partiya komitəsinin təsərrüfat üzrə katibi, RİK-in sədri, Azərbaycan KP MK-nın inspektoru.

 

O vaxtlar Cəlilabad nəinki respublikada, hətta bütün ölkə - keçmiş SSRİ miqyasında sanballı, sayılıb-seçilən rayonlar sırasında idi.   Aslan Osman oğlu Mehdiyev belə bir rayonun İcraiyyə Komitəsinə başçılıq etməyə layiq bilinmişdi.

 

Biz demək olar ki, çiyin-çiyinə çalışırdıq, bir-birimizi işimizdə tamamlayırdıq. O, ixtisasca rayonun əsasən təsərrüfat, sosial sahəsini, mən isə raykomun ikinci katibi kimi ideoloji sahəsini kurasiya edirdik. işimiz alınırdı.

 

Aslan olduqca istiqanlı, sadə, səmimi yoldaş idi, zaman keçdikcə dəyərli, dəyanətli, çox etibarlı dost oldu. Sonra bu dostluq ailələrimizə, övladlarımıza sirayət etdi. Xeyir-şərimiz bir oldu...

 

Raykomun birinci katibi İbrahim Musa oğlu Qurbanov palıd kimi möhkəm, iri gövdəli, zəhmli, qıvraq, bizdən çox yaşlı olsa da, "yoruldum" kəlməsini dilinə gətirməyən, işdən doymayan zəhmətkeş insan idi. Həmişə tələsərdi. Başladığı işləri tezliklə qurtarmaq üçün sözün əsl mənasında gecəni gündüzə qatar, bütün rayonu ayağa qaldırardı. Gecənin bir aləmi mənə zəng çalar, gur qətiyyətli səsi dəstəkdən eşidilərdi:

 

- Qar yağır, fermalara baş çəkmək gərəkdi. Büro üzvlərinə xəbər elə. Mən dağ kəndlərinə gedirəm.

 

Beləcə, rayonda gecə-gündüz qaynayardı. Mən təsərrüfatlara, fermalara, tarlalara, üzüm bağlarına Aslanla birlikdə gedərdim.

 

O, kənd təsərrüfatını mükəmməl bilən mütəxəssis, eyni zamanda bacarıqlı təşkilatçı kimi daha da püxtələşir, yerlərdə hər bir işin vaxtında, təxirə salınmadan, yüksək səviyyədə icrasını təmin edirdi. Rəhbər işçi üçün vacib sayılan bu keyfiyyətlərə xas olduğuna görə o vaxt Mərkəzi Komitə Aslan Mehdiyevi Füzuli Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə layiq bilmişdi. O, göstərilən etimadı doğrultmuş, rayonun respublikada qabaqcıllar sırasına çıxmasına nail olmuşdu. mən bunun canlı şahidiyəm. O vaxt Füzulidə tikinti-abadlıq işlərini, tarlalarda, bağlarda bol məhsul yetişdirildiyini görəndə dost kimi ürəkdən sevinmişəm.

 

Aslan çox həssas, təmənnasız dostdur. Mən Bakıya köçüb evimi təmir etdirən zaman gözləmədiyim bir hadisə baş verdi. Səhər tezdən həyət qapısında kuzovu tikinti-təmir materialları ilə dolu yük maşını dayandı. Sürücünü sorğu-suala tutsam da, müfəssəl cavab ala bilmədim. Dedi ki, "Aslan müəllim tapşırıb, lazımsa yenə gətirim".

 

- Deyərsən narahat olmasın, hər şey var... Sən zəhmət çəkmisən, uzun yol gəlmisən, çox sağ ol!

 

Məni təəccübləndirən o idi ki, evin təmiri ilə bağlı heç kimə ağız açmamışdım. Aslana da deməmişdim. Bəs hardan eşidib bilib bunu?!

 

Çox sonralar Aslan Bakıya köçüb Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri işləyəndə, söz-sözü çəkdi. mən bu sualı ona verdim. Adəti üzrə zarafata saldı:

 

- Bəs eşitməmisən, yerin qulağı var.

 

Yazıçı dostum Seyran Səxavətə çay süfrəsi arxasında söhbət zamanı vaxtilə Aslanla birlikdə işləməyimdən, onun etibarlı, təmənnasız dost olmağından danışdım.

 

- Aslan atası Osman kişiyə çəkib, - dedi Seyran, - kəndimizdə böyük hörmət sahibi idi Osman qağa. Gözümü açandan o nurani kişini xalatda kənddə böyükdən kiçiyə - hamıya şəfa verən görmüşəm. Sonralar əlim qələm tutanda yazdım ki, Osman kişi sadəcə feldşer, həkim deyildi, bizim böyük Yağlıvənd kəndimizin səhiyyə naziri idi. Dedikcə işıqlı, nurlu insandı Osman qağa. yaxşı ki, Aslan da atasına çəkib. Ot kökü üstə bitər. Harada, hansı vəzifədə işləyib, hörmət-izzət sahibi olub: sadə, səmimi, qayğıkeş, xeyirxah, təmənnasız...

 

- Həm işgüzar - dedim, - təşkilatçılığına da söz ola bilməz. Həmişə etimadı doğruldub: Ali Sovetin deputatı, Milli Məclisin üzvü, millət vəkili kimi.

 

- Maşallah, gümrah qalıb. Bu yaxında görüşmüşük. Ərkyana dedim ki, deyəsən pensiya sənə düşüb axı. Göz dəyməsin cavan oğlana oxşayırsan.

 

- Pensiyaya çıxsa da, iş-gücündən qalmır. Binəqədi rayon İcra Hakimiyyətində İctimai Şuranın sədridir. Nə vaxt evlərinə zəng eləyirəm, deyirlər işdədir. Axır ki, yerinə getdim. Dedi ki, tədbirlərə başı elə qarışır, havanın nə vaxt qaraldığından xəbəri olmur.

 

Seyran Səxavət fikirli halda:

 

- Dostumuzu qıvraq saxlayan işidir, - dedi, - Atalar demişkən, insanın cövhəridir.

 

lll

 

"O uzaq illərin xatirəsi"ndən bizi Əlahəzrət Zaman ayırır. Zaman, Zamanə də dəyişib, biz də! Saç-saqqalımıza sanki qar ələnib, yaşlanıb baba olmuşuq. Nə yaxşı ki, Tanrı bu bəxtəvərliyi, baba olmaq şərəfini əsirgəməyib bizdən. Nəvələr əhatəsində Yaradana şükür eləyirik. Maşallah, böyüyürlər, yaxşı oxuyurlar. Böyük nəvən Nərminin fitri istedadı sərhədlər aşıb, indi Almaniyada təhsilini davam etdirir. Mütəxəssislər onun musiqiçi, pianoçu kimi istedadını yüksək qiymətləndirirlər. Maşallah olsun, arzularına çatsın Prezident təqaüdçüsü, adı "Qızıl kitab"a yazılan Nərmin nəvən!

 

O gün olsun Xuraman xanımla birgə nəvələrin toylarında şadlanasınız. Sonra da nəticələr dövrəsində böyük baba, böyük nənə zirvəsinə ucalasınız.

 

Təbrik edirəm Sizi, 70 nədir ki, 100 yaşayasınız!..

 

Əlövsət BƏŞİRLİ

 

525-ci qəzet.- 2016.- 6 dekabr.- S.8.