Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
ikicildliyinə xülasə
Hər yaranan kitab müdrikliklə vicdanın
ittifaqı, vicdanlı ağlın səviyyə göstəricisidir. Hər yaranan
kitab tarixlə mədəniyyətin müttəfiqliyi,
keçmişlə gələcəyin varisliyi, tarixi-mənəvi
yaddaşdır. Hər yaranan kitab insan ruhu
və insan zəkasının müqəddəs
yazılarıdır.
Bu günlərdə daha bir elmi kitab milli ruh və
vicdanımızın ixtiyarına verildi. Bu abidə, tarix və salnamə
- Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin
25 illiyinə həsr edilmiş "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı"dır
(Bakı: I cild 800 s., II cild 1088 s., "Elm və təhsil",
2016). Nizami adına Ədəbiyyat
İnstitutu Elmi Şurasının 21 sentyabr 2016-cı il
tarixli qərarı ilə (protokol № 6) çap olunmuş
kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul
redaktoru isə professor Tehran Əlişanoğludur. Kitabda müstəqillik illəri Azərbaycan ədəbiyyatının
təşəkkülü, onun 1990 və 2000-ci illər mərhələsinin
konseptual əsasları və yaradıcı bədii şəxsiyyətləri,
habelə, tənqid-ədəbiyyatşünaslığın
müstəqillik illərindəki elmi-nəzəri səviyyəsi
ifadəsini tapıb. Nəşrin tərtibi prinsipləri
mövcud siyasi-ideoloji mənbə və qaynaqlar, ədəbi növ və
janrlar, mövzu və problematika, ədəbi cərəyan və
tendensiyalar, habelə, portret-oçerk və memuar-xatirə
yazılarına görə müəyyənləşdirilib.
Kitab 1990 və 2000-ci illər mərhələsi
üzrə nəşrə hazırlanıb. Akademik İsa Həbibbəylinin geniş ön
sözü ilə açılan I cild yeddi fəsil və nəticədən
ibarətdir.
I. Nəşrin
siyasi-ideoloji əsasları:
- Azərbaycan
Dövlət Müstəqilliyinin şərəfli tarixi;
Müstəqillik
salnaməsi dövründə elm, ədəbiyyat və incəsənətin
inkişaf yolu; Müəllif bildirir: "Böyük dövlət
xadimi, ulu öndər Heydər Əliyevin xilaskarlıq
missiyası ilə milli qurtuluşunu təmin edən dövlətimiz
və xalqımız bu gün dünyada nefti, maddi sərvətləri
ilə yanaşı, zəngin keçmişi, tarixi-mədəni
ənənələri, milli-mənəvi xüsusiyyətləri,
müasir həyat tərzi və multikultural dəyərləri
ilə tanınır və əsl nümunə göstərilir".
(s.3)
-Müstəqillik
illəri ədəbiyyatının sosial-siyasi və tarixi-mədəni
faktorları:
"İlk
növbədə ictimai-siyasi müstəqilliyin
qazanılması ilə ədəbiyyatımızın Sovet
dövründən əvvəl mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyəti dəyərlərinə
qayıdışı...". (s.4)
- Milli
dövlətçilik atributlarına qayıdış, milli ədəbiyyatın
əsas ideoloji zəmini və istiqamət müəyyənliyi:
Müəllif
mövqeyi: "Üçrəngli bayraqda təmsil olunan
simvolik dəyərlər: göy rəngdə ifadə olunan
türklük, qırmızı rəngdə əksini
tapmış müasirlik və yaşıl rənglə səciyyələnən
islami dəyərlər yetmiş illik qadağadan sonra müasir
azərbaycançılıq ideologiyasının
atributları kimi yenidən vətəndaşlıq hüququ
qazanmışdır. Bu, həm də ədəbiyyatın
yeni ideya üfüqlərini diqqət mərkəzinə
çəkmişdir". (s.4)
- Azərbaycançılığın
dövlət ideologiyasına çevrilməsi:
Yenə
müəllifdən: "Azərbaycan və azərbaycançılıq
anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər
boyu yalnız coğrafi yer adı kimi işlədilmiş, son
yüzillikdən bir qədər artıq dövrdə həm
də ideya olaraq formalaşmışdır. Azərbaycançılığın
dövlət siyasətində milli ideologiyaya çevrilməsi,
müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti
və xalqımız qarşısındakı böyük
tarixi xidmətlərindən biridir". (s.5)
II.
Müstəqillik ədəbiyyatının
formalaşmasının ideya-nəzəri əsasları:
- türkçülük, azərbaycançılıq;
- realizm və
romantizm: Ə.Hüseynzadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə,
M.Ə.Sabir, H.Cavid, M.Hadi, M.Ə.Rəsulzadə, N.Nərimanov,
Ü.Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Cavad, C.Cabbarlı,
S.Vurğun, M.Müşfiq, M.İbrahimov, M.Cəlal, B.Vahabzadə,
X.R.Ulutürk və M.Arazın... milli istiqlala əvəzsiz
xidmətləri (s.5)
-
İstiqlal idealında "Füyuzat" və "Molla Nəsrəddin"
jurnalları, Cümhuriyyət dövrünün ədəbi-tarixi
xidmətləri (s.5);
- Sovet
dövrü ədəbiyyatında müstəqillik ideyaları,
milli şüur və məfkurə yaddaşının hifz
olunması;
- Ana dili
və milli şüurun qorunması və inkişaf etdirilməsi;
-
Milli-tarixi yaddaşın bərpası;
- Azərbaycan
idealı, milli vətənpərvərlik ruhunun
yaşadılması;
- Azərbaycan insanının bədii
təcəssümü;
- Milli ideya vasitəsilə
qurtuluşa çağırışın bədii ifadəsi";
(s.6)
- Ədəbiyyatımızın
azadlıq missiyasına yüksək qiymət:
Akademik
İsa Həbibbəyli Ulu Öndər H.Əliyevin Azərbaycan
Yazıçılar Birliyinin X qurultayındakı
çıxışı səviyyəsindən mövqe ifadə
edir: "Bilirsiniz, bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir
ki, şairlərimiz, yazıçılarımız öz əsərləri
ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim
milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş
prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan
keçir. Bəzi əsərlər var ki, onlar
açıq-açığına xalqımıza milli
dirçəliş, oyanış hissiyyatlarını
çatdırıblar: Bəxtiyar Vahabzadənin, Xəlil
Rzanın, başqalarının əsərləri. Amma digər
əsərlər isə dolayısı ilə,
ayrı-ayrı fikirlərlə millətimizdə vətəni
sevmək, vətənə sadiq olmaq, Azərbaycanı sevmək,
azərbaycanlı olmaq hissiyyatlarını yaradıblar..."
(s.6)
- Bədnam
yenidənqurma və aşkarlıq siyasəti, sosial ədalət
və əxlaqın aşınmasına etiraz:
Ön
söz müəllifi bu baxımdan M.İbrahimov, M.Cəlal,
İ.Əfəndiyev, İ.Şıxlı, İ.Hüseynov,
Anar, Elçin, Y.Səmədoğlu, H.İbrahimov, S.Əhmədov,
İ.Məlikzadə, M.Süleymanlı, A.Abbas, A.Məsud və
başqalarının fəaliyyətinə dəyər verir:
"Sovet gerçəkliyinə qarşı poeziya açıq
etiraza qalxmışdı. Böyük söz ustaları
R.Rzanın, B.Vahabzadənin, M.Arazın, Xəlil Rzanın,
S.Rüstəmxanlının hər növ ikili standartlara
üsyan edən vətəndaşlıq poeziyası, xalq
şairləri Süleyman Rüstəmin, Qabilin, Nəriman Həsənzadənin,
Hüseyn Arifin və başqa şairlərin vətənpərvərliyi
tərənnüm edən şeirləri ilə
tamamlanmış, artıq yabançı olduğu aşkar
görünən mühitə qarşı milli-əxlaqi
düşüncənin formalaşdırılmasında
mühüm rol oynamışdır". (s.7)
III.
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
kitabının sosial-siyasi, ədəbi-nəzəri və bədii-estetik
əsasları:
-
1988-90-cı illərin siyasi-iqtisadi böhranı. Qarabağ
müharibəsinin fəlakətləri, qaçqınlıq,
köçkünlük, hərc-mərclik və ədəbi-mədəni
proseslərə mənfi təsirləri... (s.9)
- Dövlət
xadiminin AMEA-da ölkə ziyalıları ilə
görüşü:
Akademik
İsa Həbibbəyli:
"Çox
məsuliyyətli bir dövrdə keçirilmiş həmin
tarixi görüşdə elmin, ədəbiyyatın və mədəniyyətin
inkişaf etdirilməsi, gələcək taleyi ilə
bağlı bir çox məsələlərə
aydınlıq gətirilmişdir"... (s.9)
- Dövlətin
ədəbiyyat sahəsində siyasəti: "Kitabi-Dədə
Qorqud", Nizami, Nəsimi, Füzuli, habelə bir çox
şair, yazıçı və dramaturqların, kütləvi-informasiya
vasitələri və nəşrlərin yubileyləri və
s.
Akademik
İsa Həbibbəyli:
"Hazırkı
şəraitdə Heydər Əliyevin Azərbaycan cəmiyyətinin
müasirləşməsi, dünyaya inteqrasiyası,
qabaqcıl dünya standartlarına yiyələnməsi barəsindəki
ideyaları və arzuları, habelə,
düşünülmüş ədəbiyyat və mədəniyyət
quruculuğu proqramı ulu
öndərin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməkdədir". (s.14)
- Ədəbiyyat
siyasətinin davam və inkişafı:
Akademik
İsa Həbibbəyli:
"Ümummilli lider Heydər Əliyevin ədəbiyyat
siyasəti müasir dövrdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
daim dəstəklənir, yaradıcılıqla davam və
inkişaf etdirilir". (s.14)
- Azərbaycan
Yazıçılarının XI (2004) və XII
qurultayları (2014); Yazıçılar Birliyi və
"Ədəbiyyat qəzeti"nin 80
illiyi;
- Prezident
Sərəncamı ilə klassik və müasir irsin 100 cildlik
nəşrləri;
-
"Dünya ədəbiyyatı kitabxanası"
seriyasından 150 cildlik əsərlərin tərcüməsi
və nəşri;
- Tərcümə
Mərkəzinin yaradılması:
"Azərbaycan həyatı müasir dünyaya
inteqrasiya etdikcə ədəbiyyatımız da dünya ədəbi
prosesinə cəlb olunur, onun tərkib hissəsinə
çevrilir.
Yazıçıların əsərlərinin türk, rus,
ingilis, fransız, yunan, italyan, ispan, yapon və digər Avropa,
eləcə də dünya dillərinə tərcümə
olunması, xarici ölkələrdə nəşri ölkəmizi
və Azərbaycan ədəbiyyatını dünyada
tanıdır...". (Akademik İsa Həbibbəyli) (s.16)
Kitabın
struktur müəyyənliyinə münasibət:
Akademik İsa Həbibbəyli müstəqillik
dövrü ədəbiyyatını iki mərhələdə
təqdim etməyi lazım bilib. Diqqət edin, məhz"
lazım bilib". Müəllif burada
elmi-nəzəri, ədəbi-tarixi prinsip izləməyib,
hökm verməyib. 1. Sovet dövrü ədəbiyyatından
müstəqillik dövrünə "keçid ədəbiyyatı"
(1990-cı illər) 2. Müasir dövr ədəbiyyatı
(XXI əsr). Hesab edir ki, müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı iki mərhələdə: 1990-cı illər;
2000-ci illər mərhələsində inkişaf etdiyi
üçün kitabda da "mərhələli" tədqiqat
və təhlillər aparılmışdır.
Bu zaman ədəbiyyatın əsas mövzuları
istiqlal, 20 Yanvar, Qarabağ, sosial böhran, dekans
mövzuları və avanqard sənət mövzuları
olmuşdur.
(s.17)
Əlbəttə,
"Müstəqil Azərbaycan ədəbiyyatı"nın tarixən ədəbi dövrləşdirilməsinə
müxtəlif alimlərin müxtəlif bölgüləri
ola bilər. Bu təbiidir. Akademik
İsa Həbibbəyli də əsaslandırılmış
şəkildə lazım bildiyi, hökm vermədiyi bir
bölgüyə münasibətini ifadə etmişdir. Yuxarıda deyilir ki, o, ədəbiyyat tarixi dövrləşdirilməsinin
son yetkin nümunəsini artıq dövriyyəyə
buraxmışdır. O, belə bir mərhələ
bölgüsünü materialların mövcudluğu və
kitabın haqlı olan tərtibi prinsiplərinə əsaslanaraq
təqdim etmişdir.
Haşiyə:
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi təcrübəsi əsasında
yeni konsepsiyasını hazırlayıb. Bunu Azərbaycan
ədəbiyyatı tarixi çoxcildliyinin nəşrləri,
habelə, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri
kimi məsuliyyəti vacib edib. Alimin ədəbi
dövrləşdirmə konsepsiyası elmi nəşrlər
və Kütləvi İnformasiya Vasitələrində
özünə yer alıb.
Kitabda 10 illik mərhələlərin göstərilməsi
heç də təsadüfi deyil. Faktlara müraciət
edək. Ədəbi dövrləşdirmə
məsələsi 1930-cu illərdə gündəmə gəlib,
müxtəlif elmi konsepsiyalar irəli sürülüb.
Həmin konsepsiyalarda ədəbi bölgü həm
məhdud, həm də geniş tarixi mərhələni əhatə
edib. Ə.Nazim, A.Musaxanlı, N.Cəfərov
geniş zamanı əhatə edən ədəbi-tarixi
bölgü təqdim edib. Professor Y.Qarayev
isə XX əsr üçün 1920-50; 60-90-cı illər mərhələsini
məqbul bilib. Hətta tarixən F.M.Köprülüzadəyə
istinad edən professor B.Çobanzadə XX əsr ədəbiyyatı
üçün belə bir bölgünü gərəkli
hesab edib: 1905-1917; 1917-1922; 1922-1927-ci illər mərhələsi.
Yəni dövrləşdirmə üçün şərtilik:
məhdud və ya geniş zamanlı dövrləşdirmə
mərhələsi
həm də ədəbi-tarixi təcrübənin
özündən irəli gəlməyirmi?!
Akademik İsa Həbibbəyli ədəbi tarixi dövrləşdirmə
konsepsiyasının hələ ki son müəllifidir. Onun mövcud konsepsiyası
elmi-nəzəri fikrin varisliyinə əsaslanıb, Azərbaycan
ədəbiyyatı tarixi 10 cildliyinin hazırlanması və
akademik nəşrləri üçün vacib proqram, normativ
akt, elm və tədris məsələlərinin praktik həllində
yönləndirici sənəd olub.
Fikrimizcə, 1990-cı illər mərhələsinin əsas
mövzularının istiqlal, 20 Yanvar, Qarabağ, sosial
böhran, dekadans və avanqard sənət
mövzularının göstərilməsi təbii və
düzgün qəbul edilməlidir. Axı zəmanəmizin
hadisələri daha çox bunlarla səciyyəvi olub.
Kitabın tərtib-struktur müəyyənliyinin digər
tərəfi fəsillərin bölgüsü ilə
bağlıdır. I cilddəki fəsillər növ (poeziya,
nəsr, dramaturgiya), janr (portret, oçerk, memuar) və
mövzu-problematikaya (istiqlal, 20 Yanvar, Qarabağ, sosial
böhran və s.) görə müəyyənləşdirilib.
II cilddə prinsipcə eyni cür olan struktura ədəbi
cərəyanlar, tənqid və ədəbiyyatşünaslıq,
dünya və uşaq ədəbiyyatı fəsilləri əlavə
edilib. Hər bir cildə redaktorlar tərəfindən
yekun vurulub.
Akademik İsa Həbibbəyli geniş ön
sözündə müstəqillik illəri ədəbiyyatının
məqsəd və vəzifələri, obyekt və predmeti
(subyekti), ədəbi-metodoloji əsasları və prinsipləri,
onun nəzəri-praktik əhəmiyyəti və gələcək
perspektivini konkret göstərib. Baxaq:
- Milli
ideal (Azərbaycanın dövlət müstəqilliyi -
Ə.Ə.) uğrunda mübarizə, onun təsvir və tərənnümü,
istiqlala çağırış və milli müstəqillik
dəyərlərinin ifadəsi ədəbiyyatın təməl
prinsipləri kimi. (s. 17)
- Ədəbiyyatın predmeti (subyekti-Ə.Ə.) 1990 və
2000-ci illərin ədəbi tənqid prosesi, obyekti isə ona
yanaşma meyarları: tipologiyası, milli ədəbiyyat
tarixçiliyi, məqalə, monoqrafiya və dissertasiyalar,
arxiv materialları, mənbəşünaslıq və mətnşünaslıq
qaynaqları, milli və bəşəri arxiv sənədləri,
habelə, dünya ədəbiyyatının bədii-nəzəri
təcrübəsidir. (s. 38-789 və s. 4-1078)
Haşiyə:
AMEA Nizami adına Ədəbiyyat
İnstitutu dünyanın 13 ölkəsi ilə ədəbi əlaqə
saxlamaqda, dünya ədəbi fikrinə inteqrasiya
olunmaqdadır.
- Müstəqillik
dövrü ədəbiyyatı, əsasən,
aşağıdakı məqsəd və vəzifələri
(missiyanı-Ə.Ə.), perspektivləri (gələcək vəzifələri
- Ə.Ə.) izləyib:
- Müstəqil
dövlətin yeni tipli ədəbiyyatıdır. Tipologiyası, ədəbi dəyərləri
yenidir.
- Azərbaycançılıq
məfkurəsinə: çağdaş dövlətçilik,
azad insan və azad cəmiyyətə əsaslanır, modern və
postmodern ("çoxsəsli, çox ölçülü
və çox spektrli") ədəbi mühitə köklənir.
Milli realizm və romantizm ənənələrini
saxlayır. Ədəbi aktivliyini gücləndirir
(bədii metod, növ-janr, bədii cərəyan həssaslığı
və s.), azad Azərbaycan obrazı ilə dünyaya
çıxır. (Bu barədə geniş bax: Nəticə.
s. 1081-1082).
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
2 cildliyi Azərbaycan ədəbiyyatı tarixidir, yoxsa Azərbaycan
ədəbiyyatı tarixçiliyinə zəmin hazırlayan ədəbiyyatşünaslıq
əsəridir?!
Faktlara
istinad edək:
Kitab Azərbaycan ədəbiyyatı tarixi deyil, lakin
elmi-nəzəri baxımdan akademik nəşrdir. Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutu milli ədəbiyyat
tarixinin 5 cildini nəşr edib. Ortada fakt, konkret ədəbi təcrübə,
elmi-təşkilati zəmin və əsaslar, ciddi iş
proqramı vardır. Mövcud ədəbiyyat
tarixi cildlərinin tərtib prinsipləri, struktur əsasları
elmi və məsul redaktora təbii ki, yaxşı bəllidir.
Bəs nədən bu cildlər milli ədəbiyyat
tarixi kimi nəzərdə tutulmayıb? Akademik İsa Həbibbəyli
yazır: "...Təqdim olunan kitab normativ ədəbiyyat
tarixi meyarları, ümumiləşmiş ədəbiyyatşünaslıq
prinsipləri ilə deyil, imkan daxilində Azərbaycan ədəbiyyatının
ən yeni dövrünün bütün proseslərinə,
yaradıcılıq təmayüllərinə, fakt və
hadisələrinə geniş baxışı əks etdirmək
niyyəti ilə hazırlandığı üçün
müəlliflərin fərdi mövqeləri və
üslubları "ciddi redaktə" olmadan
saxlanılmışdır. (s.27-28)
Bu baxımdan kitabda "çatışmayan cəhətlərin
olması" təbii deyilmi? Axı müəllifin
özü də bunu vurğulayıb. Bu, müəlliflərin
qeyd etdiyi kimi, "Azərbaycan ədəbiyyat tarixi" deyil,
Azərbaycan ədəbiyyat tarixinin VII cildi üçün
"elmi axtarış" mənbəyidir: "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatına geniş planda həsr
olunmuş bu kitab Nizami adına Ədəbiyyat İnstitutunda
paralel olaraq yazılan "Azərbaycan ədəbiyyatı
tarixinin VII cildi üçün elmi axtarış məşqi
kimi də əhəmiyyətlidir". (s.28)
Belə
olduğu halda biz hökm verə bilərikmi, kitabda bölgə
yazarlarına, qadın yazarlara...,yaxud
"diletant" yazılar üçün yer verilib? Axı müəllif mövqeyi "oxucu"
mövqeyi deyil. Təbii ki, bir ədəbiyyat
maraqlısı kimi istəməzdim, kitabda "hər kəs"
və "hər şey" özünə yer alsın.
Fikrimizcə, poeziya, nəsr və dramaturgiyamızın ədəbiyyat
xadimləri kitabda lazımi qədər özünə yer
alıb.
İ.Muğanna, B.Vahabzadə, X.R.Ulutürk, M.Araz,
İ.Şıxlı, Ə.Cəfərzadə, S.Əhmədli,
S.Rüstəmxanlı, Anar, Elçin, Yusif və Vaqif Səmədoğlular,
Rüstəm və Maqsud İbrahimbəyovlar,
M.Süleymanlı, İ.Məlikzadəvə bir çox
başqaları. Bu baxımdan akademik İsa Həbibbəylinin
ön sözü (s. 15-16,18-23) və
professor Tehran Əlişanoğlunun icmal yazılarını
izləmək kifayətdir. (səh. 188-210;
254-256, 274-280; II cild: s. 4-28; 146-148; 154-174; 193-204; 271-311).
İnsafən, başqa müəlliflərin nəsr
haqqında yazılarında (s. 148-153; 225-232; 257-270 və s.)
da nüfuzlu ədəbi şəxsiyyətlərin adları
çəkilib, xidmətləri qeyd olunub (Ə.Hüseynzadə,
M.Ə.Rəsulzadə, C.Cabbarlı, H.Cavid, Ü.Hacıbəyov,
Ə.Ağaoğlu, İ.Muğanna, İ.Şıxlı,
İ.Əfəndiyev, Ə.Cəfərzadə, S.Əhmədli,
R.Tağı, V.Sultanlı, Ə.Salahzadə, O.Fikrətoğlu,
S.Alışarlı, H.Herisçi və başqaları). Bir çox başqaları da özünə yer
alsaydı, əlbəttə, yaxşı olardı.
İkicildliyin
portret-oçerklər bölümündə B.Vahabzadə,
X.R.Ulutürk, M.Araz, S.Rüstəmxanlı, Z.Yaqub, Anar,
Elçin, Y. və V.Səmədoğlular, N.Həsənzadə,
F.Qoca, K.Abdulla, M.İsmayıl, R.Rövşən, R.Behrudi,
V.B.Odər, H.Kürdoğlu, M.Yaqub, M.Süleymanlı, A.Məsud,
S.Səxavət, Ə.Əmirli, F.Mustafa, Hidayət, N.Gün,
E.Axundova, R.Məcid, S.Vəliyeva, A.Abbas, Ç.Abdullayev, F.Məmmədlivə
başqaları da özünə yer alıb. Fikrimcə,
müəyyən subyektiv hallar da olub. Elə
bilirəm, portret-oçerk kimi təqdim olunmuş bəzi
müəlliflər haqqında icmal yazıların verilməsi
daha məqsədəuyğun olardı. Güman
edirik ki, Azərbaycan ədəbiyyatı tarixinin VII cildi
çapa hazırlanarkən vacib meyarlar gözləniləcəkdir.
Kitabda yazı materiallarının həcmi gözlənilməyib. Fikrimizcə
bu, oçerk müəlliflərinin qarşısında həcm
tələbinin qoyulmaması ilə bağlı olub.Bir
sıra müəlliflər çağdaş ədəbiyyat
sahəsində monoqrafiya müəllifləridir. Bu da onlara imkan verib ki, portret-oçerklərini daha
geniş planda hazırlasın. Düşünmək
olar ki, milli ədəbiyyat tarixininVII cildinəşrə
hazırlanarkən proporsiyaya əməl olunacaqdır.
Doğrudur, "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı"nda İsmayıl Şıxlı,
İsa Muğanna, Əzizə Cəfərzadə, Sabir Əhmədli
kimi görkəmli sənətkarlar haqqında
portret-oçerklər verilməyib. Fəqət həmin
müəlliflər haqqında geniş səhifələr
verilib, elmi-nəzəri və ədəbi-estetik təhlillər
aparılıb, onların bədii irsinin əhəmiyyəti
göstərilib.
Haşiyə:
XX əsr Azərbaycan ədəbiyyatı şöbəsi
İnstitut rəhbərliyinin təşkilatçılığı,
professor Şirindil Alışanlının redaktorluğu ilə
Azərbaycan ədəbiyyatı tarixi çoxcildliyinin
VI-sını nəşrə hazırlayır. Redaksiya
heyəti əlyazmalar üzərində gərgin
çalışır. Bildiyim qədər,
həmin cilddə görkəmli nasirlər
İ.Şıxlı, İ.Muğanna, Ə.Cəfərzadə,
S.Əhmədov və başqalarına geniş yer veriləcək,
onların əhatəli portret-oçerkləri təqdim ediləcəkdir.
Bu sənətkarlar Azərbaycan mədəniyyətinin qiymətli
genefonu, zəngin mənəvi irs və
varisliyidir. Onlar ədəbi-tarixi
yaddaşımızın səviyyə göstəriciləridir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
ikicildliyi nəşrə sürətlə hazırlanıb. Cildlər təxminən
milli dövlət müstəqilliyimizin 25 illiyi ərəfəsində
çapdan çıxıb. Bu, onu göstərir ki,
kitab üzərində sürətlə iş gedib və"Müasir
Azərbaycan ədəbiyyatı" şöbəsi vacib vəzifənin
öhdəsindən vaxtında gələrək 1888 səhifəlik
kitabı elmi-ədəbi ictimaiyyətin ixtiyarına verib.
Haşiyə:
18 oktyabr 2016-cı il tarixində AMEA Nizami
adına Ədəbiyyat İnstitutunda "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin
təqdimatı keçirilib. Səlahiyyətli
söz sahibləri kitab haqqında qiymətli fikirlər
söyləyib, onun elmi-nəzəri əhəmiyyətini qeyd
ediblər.
"Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı"nı Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı şöbəsi nəşrə
hazırlayıb, professor Tehran Əlişanoğlu nəşrin
bütün işlərinə məsul olub. Göründüyü
kimi, kitabda həm elmi redaktorun, həm də məsul redaktorun
imzası çoxdur. Bu, təbii
görünməyirmi?
Akademik İsa Həbibbəyli universal elmi
dünyagörüşə, kifayət qədər tarixi,
sosial-siyasi və ədəbi-nəzəri biliyə malik olan
ziyalıdır. O, romantik və realist, klassik və müasir ədəbiyyatın
ciddi problemləri ilə məşğul olur, bu sahədə
həlli vacib problemləri nəzərə alır və fəaliyyətin
elmi prioritetlərini müəyyənləşdirir. Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi-tənqid
və publisistika, tərcümə və ədəbi əlaqə
şöbələri, habelə Nizamişünaslıq və
Füzulişünaslığa aid elmi qurumların
yaradılması da bu səbəbdən həyata
keçirilib.
Akademik İsa Həbibbəyli dövlət və millət
sevgisi, tarixi yaddaş zənginliyi olan ziyalı, uluların və
öndərlərin elmi-nəzəri fikrini güclü
natiqlik məharəti və yazı səriştəsi ilə
birləşdirən tanınmış təşkilatçı-alimdir.
Professor Tehran Əlişanoğlu da müasir ədəbiyyat
mütəxəssisi, səlahiyyətli ziyalıdır. O səbəbdən ki,
1920-1980 və müstəqillik dövrü Azərbaycan ədəbiyyatına
aid qiymətli tədqiqatların müəllifidir. Onun ədəbi-elmi fəaliyyət sahəsində
böyük səriştəsi vardır. Bu
baxımdan alimin məsul redaktor kimi "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" nəşrindəki
haqqı və yeri aydın görünəndir.
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
kitabındakı portret-oçerklərin çoxu ciddi ədəbiyyat
tarixçiləri, elmdə xidmətləri olan ədəbiyyatşünaslar
tərəfindən yazılıb. Məqalələrin
çoxu peşəkarlıqla qələmə alınıb.
Professor Yaşar Qarayev demişkən, bütün səviyyələrdə
meyar şəxsiyyətdir!
Kitablar insan ruhu, insan zəkasının müqəddəs
yazılarıdır. Hər yaranan kitab müdrikliklə
vicdanın ittifaqı, vicdanlı ağlın səviyyə
göstəricisidir. Hər yaranan kitab
tarixlə mədəniyyətin müttəfiqliyi,
keçmişlə gələcəyin varisliyi, tarixi-mənəvi
yaddaşdır. "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi ən
yeni dövr Azərbaycan ədəbiyyatşünaslıq
elminin mühüm nailiyyəti sayılmağa layiqdir.
Əlizadə ƏSGƏRLİ
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya elmləri doktoru
525-ci qəzet.- 2016.- 6 dekabr.- S.7.