Timuçin Əfəndiyev:
"Xoreoqrafiya Akademiyasının
yaranması tarixi hadisədir"
Elə günü sabah Bakı Xoreoqrafiya Akademiyasına yolunuz düşsə, başqa məktəblərə xəyalınız getməsin, mütləqdir ki, burda sizi qəddi şax, qaməti uca oğlanlar-qızlar qarşılayacaq. “Badam yesə, boylu görünən incə belli” qızlar akademiyanın kandarında qol götürüb oynasalar, yenə təəccüblənməyin, vallah, hə, adama elə gəlir, yer basmayıb yeriyən bu qızlar özlərini dünyanın mərkəzi, istinad nöqtəsi bilirlər. Nə olsun ki, uzaqdan baxanda bu köhnə və solğun tikilinin rəngi-ruhu tələbələrin həyat eşqinə qəti uyuşmur. Və nə olsun ki, bu köhnə və solğun tikili hələ də təmir olunacağı günü gözləyir...
Əlqərəz, Bakı Xoreoqrafiya Akademiyası gözləməyində olsun, keçək mətləbə.
Hər şey ondan başladı ki, mən çağdaş Azərbaycan baletinin problemləri haqqında araşdırma yazısı yazmaq fikrinə düşdüm. Və hər şey həm də oradan başladı ki, mövzu haqqında münasibətini öyrənmək üçün rektor Timuçin Əfəndiyevin iş telefonuna zəng vurdum. Çox keçmədi, köməkçisindən xəbər gəldi: “Sabah 11-də müəllim sizi gözləyəcək”. Getdim, rektor Əfəndiyevlə xeyli söhbət elədik. Amma təkcə rektor-məmur kimi yox, həm də alim kimi. Caviddən, Cabbarlıdan, Ostrovskidən yazan, antik ədəbiyyatı, Azərbaycan, Rusiya, Ukrayna, Belarusiya teatrını araşdıran alim Timuçin Əfəndiyevlə...
* * *
- Əvvəla, ondan başlayaq ki, Xoreoqrafiya Akademiyasının yaranması tarixi hadisədir. Cənab prezidentin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya akademiyası yaradıldı. Məlumat üçün deyim ki, Şərqdə xoreoqrafiya təhsili ilk dəfə 1923-cü ildə Azərbaycanda yaranıb. 1929-cu ildə isə artıq texnikum səviyyəsində dərslər tədris olunurdu. Ölkə başçısının təsdiq etdiyi Nizamnamədə yeni yaradılmış Akademiya qarşısında qoyulan vəzifələrdən biri də Akademiyanın elmi potensialının gücləndirilməsi, xoreoqrafiya sənətinə dair sanballı tədqiqat əsərlərinin yazılmasıdır. Bununla əlaqədar Akademiya son bir il ərzində elmi potensialını möhkəmləndirmək məqsədi ilə onlarla professor, xoreoqrafiya sənətinin daha da yüksək səviyyədə tədris olunması üçün məşhur səhnə xadimləri cəlb olunub. Akademiyada xoreoqrafiya sənəti üzrə müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədris başlanıb, o cümlədən balet artisti, baletmeyster sənəti, balet pedaqogikası və teatr sənəti ilə bağlı bir sıra ixtisaslar açılıb. Təhsil ocağımızın tələbələri müntəzəm olaraq xaricdə keçirilən müxtəlif rəqs və balet müsabiqələrində iştirak edir, Azərbaycan bayrağını böyük konsert salonlarında dalğalandırırlar. Mənim cənab prezident tərəfindən bu ali təhsil ocağına rəhbər təyin olunmağım təsadüfi deyil. Çünki bilirsiniz ki, 27 il Mədəniyyət və İncəsənət Universitetinin rektoru olmuşam. İcazə versəniz, həmin illərə ekskursiya etmək istərdim.
- Buyurun...
- 27 il ərzində mən çox maraqlı insanlarla bir yerdə çalışmışam. O vaxt Nizami adına Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində çalışırdım. Sonradan Mədəniyyət və İncəsənət İnstitutunda prorektor səviyyəsində olan birləşmiş fakültələrinin dekanı vəzifəsinə təyinat aldım. Cavan oğlan idim, on il həmin vəzifədə çalışdım. Çox gözəl xatirimdədir, Ədil İsgəndərov, Rza Təhmasib, İsmayıl Dağıstanlı, Mehdi Məmmədov, maestro Niyazi, Gülarə Əliyeva və başqaları ilə bir yerdə çalışırdıq. Çox maraqlı dövr idi. Başqa tərəfdən də yaradıcı mühitə düşmək mənim üçün çox maraqlı idi. Çünki İlyas Əfəndiyevin evində böyümüşdüm, evimizdə həmişə atamın sənətkar dostlarını görmüşəm. Mən rektor təyin olunanda institut o vaxt yeddi ixtisaslı, üçüncü kateqoriyalı balaca bir məktəb idi.
- Bildiyim qədər sizin namizədlik təklifinizi Heydər Əliyev verib...
- Bəli, tamamilə doğrudur. Qısa müddətdə Ulu öndər Heydər Əliyevin köməkliyi ilə bizə yeni bina verildi, üçüncü dərəcəli, balaca bir institut qısa müddətdə bütün maddi-texniki baza ilə təmin edildi. İlk növbə məşhur sənətkarları dərs demək üçün cəlb etdim, elmi potensial yaratdım. Təsəvvür edin, cəmi bir elmlər doktoru, iki-üç elmlər namizədi var idi. O vaxt yeni ixtisasları Moskva verirdi, amma çətinliklə də olsa, yeni ixtisasların açılmasına nail oldum. Qeyri-təvazökarlıq kimi səslənməsin, Azərbaycanda o vaxta qədər olmayan bütün kino-televiziya ixtisaslarını mən açdım. Eldar Quliyevi, Tofiq İsmayılovu, Oqtay Mirqasımovu, Cəmil Quliyevi, Həmidə Ömərovanı cəlb etdik, dərs dedilər. Bu, Azərbaycan tarixində faktdır. Sonralar Heydər Əliyevin qayğısı ilə universitetin neçə müəlliminə ev, fəxri ad, yüksək dövlət təltifləri verildi. Daha sonra ölkə başçısı İlham Əliyev cənabları universitetimizin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam verdi, yeni əməkdaşlarımız fəxri adlar aldılar.
Ümumiyyətə, Ulu öndər Azərbaycana istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə sənət və elm adamlarına həmişə böyük qayğı göstərib. Hətta onların şəxsi problemləri ilə də məşğul olub. Buna misal olaraq bir faktı qeyd etməyə bilmərəm. 1978-ci ildə atam ağır xəstəliyə tutuldu. Dedilər, oktyabra qədər əməliyyat olunmasa, vəziyyəti ağır olacaq. Rəhbərlikdən bizə yaxın olan adamlardan biri dedi, Moskvadan həkim gətirin baxsın, sonra qərar verin. Rusiyadan akademik gəldi, məlum oldu ki, həmin xəstəlik deyil, müalicə səhv aparılıb. Əgər təcili Kreml Xəstəxanasına düşməsə, yaşamayacaq. Atam da partiya üzvü deyildi, ona görə Kreml Xəstəxanasına düşməsi mümkün deyildi. Bundan xəbər tutan Ulu öndər Heydər Əliyev özü şəxsən zəng etmişdi və atamı həmin xəstəxanaya qəbul etdilər. Həmin əməliyyatdan sonra atam 30 ilə yaxın yaşadı, əsərlər yaratdı. Heydər Əliyev şəxsən zəng edib hal-əhval tuturdu ki, İlyas, necəsən, nə çətinliyin var? Bu qayğını unutmaq olarmı? Heydər Əliyev bizim ailəyə, mənim atama ömür bağışladı.
- 27 il rektor olduğunuz yerdən necə ayrıldınız?
- Ayrılmaq əlbəttə, çətin hissdir. Amma adam bir yerdə çox işləyəndə, fikirləşirsən: getməyin vaxtı çatıb, başqalarına imkan yaratmaq lazımdır ki, inkişaf eləsin. Mən universitetdən tamam ayrılmamışam. Xeyirdə-şərdə görüşürük, söhbət edirik.
- Rektor Fərəh Əliyeva ilə münasibətləriniz necədir?
- Çox normal münasibətimiz var. Fərəh xanımı çoxdan tanıyıram, özünə, atasına böyük hörmətim var. Fərəh Əliyevanın təqdimat mərasimində nazir Mikayıl Cabbarov mənim haqqımda da danışdı, gül dəstəsi verdi. Orda dedim, şadam ki, bura, mənim yerimə ziyalı ailədən çıxmış Fərəh xanım gəlir. Çıxanda bütün müəllimlər, tələbələr universitetin qarşısındakı keçidə qədər məni yola saldılar. Bunu nazir də təsdiq edə bilər, Fərəh Əliyeva da. Kollektivimin məni bu cür yola salması istər-istəməz məni düşündürdü ki, 27 illik çəkdiyim zəhmət hədər getməyib.
Mədəniyyət və İncəsənət Universitetində gedən proseslərlə bu gün də maraqlanıram. Əlbəttə, yeniliklər olmalıdır, islahatlar aparılmalıdır. Bu, təbii məsələdir. Mən də akademiyaya rəhbər təyin olunanda islahatlar apardım, öz komandamı düzəltdim. Buralar yaxşı vəziyyətdə deyildi, gücümüz çatan qədər təmir etdirdik.
- Universitetin maddi-texniki bazası ilə bağlı tez-tez tənqidlər olurdu. Buna necə cavab verərdiniz?
- Deyim sizə. Universitetin maddi-texniki bazasını Universitetin xüsusi vəsaiti və dostlarımın köməkliyi ilə çox yüksək səviyyədə təmin etmişdim. Siz Tədris Teatrını tanıyırsınız?
- Tanıyıram, olmuşam orada...
- O teatrı öz vəsaitimiz hesabına tikdirmişəm. Nazirlik sağ olsun ki, indi universitetdə çox yaxşı təmir işləri aparır. Məsələn, Xoreoqrafiya Akademiyasının Tədris Teatrı yoxdur. Bu, bizim üçün çox böyük boşluqdur. Tələbələr üçün Tədris Teatrının olması vacibdir. Bu, bizə çox ciddi problem yaradır. Mən dəfələrlə məktubla müraciət etmişəm. Bizim akademiyanın da, Tədris Teatrımızın da layihəsini Ulu öndərimiz verib. Teatrın elə bir səhnəsi var idi ki, hətta Opera və Balet Teatrının da səhnəsindən yaxşı idi. Söküb yerində bina tikiblər.
- Sizin təsir imkanınız olmadı?
- Mənim rəhbərliyimdən əvvəl
olub. Necə təsir
imkanım ola bilərdi? Tədris
Teatrını söküb yerində bina tikəsən, bu,
cinayətdir. İndi də deyirəm ki,
yaxşı, bina tikilib, insanlar yaşayır, bizə də Tədris
Teatrı tikin. Yaxşı bir layihə
var, onu cənab prezident təsdiq edib. Yaxın
vaxtlarda akademiyanın binası restavrasiya olunacaq, üstündə
yeni mərtəbələr tikiləcək. İnşallah, gözləyirik.
- Mədəniyyət
və İncəsənət Universitetində qabiliyyət tələb
edən ixtisaslar var. Həmin ixtisaslara qəbulla bağlı
neqativ halların olduğu iddia olunurdu...
- Siz
jurnalistsiniz, zəhmət olmasa, açın-baxın, o vaxt
müxalifət qəzetlərində yazılar gedirdi ki, filan ali məktəbdə qış imtahan
sessiyasının qiyməti filan qədərdir, qəbula filan
qədər istəyirlər. Bir dəfə Mədəniyyət
və İncəsənət Universitetinin adını orda
görsəniz, onda mən Timuçin Əfəndiyev deyiləm.
Zəhmət olmasa, açın baxın.
Bəzi ali məktəblərdə kimlərisə
həbs ediblər. Bir dəfə də olsun,
bizim universitetdə belə bir fakt olmayıb.
Qabiliyyət imtahanını biz yox, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası aparırdı. Həmin imtahanlarda ali məktəb istəsə də, heç nə
edə bilməzdi. Belə olan halda, hansı korrupsiya
faktından söhbət gedə bilər? Bu
söhbətlərin yayılması qısqanclıqdan irəli
gəlir. Deyirlər ki, neqativ halları təmizləmişik.
Neqativ halları necə tamamilə təmizləyə
biləsiniz? Bu göbələk kimi
çıxır. Cənab prezident dəfələrlə
çıxışında neqativ hallara qarşı
mübarizə apardığını deyir. Mən bu gün burda neqativ hallara qarşı
mübarizə aparmıram? Aparmalıyam! İdeal
yer yoxdur. Bakı Xoreoqrafiya Akademiyası da
ideal yer deyil, əksinə, tədris ocağında şəffaflığı
təmin etmək üçün mən tələbələri
qəbul edir, onlarla söhbət aparıram.
-
Akademiyada balet ixtisası tədris olunur. Azərbaycanda
bu sahənin vəziyyəti necədir?
- Əlbəttə, bütün sahələrdə
olduğu kimi opera və balet sahəsində də problem var.
Bu sənət 60-cı illərin səviyyəsində deyil. İnformasiya
vasitələri o qədər inkişaf edib ki, insanlar teatra o
qədər də maraq göstərmirlər. Milli rəqslərdə problem yoxdur. Klassik
baletin problemi ondandır ki, bizim mentalitetdə buna bir az başqa cür baxırlar. Bəzi
valideynlər özlərinə
sığışdırmır ki, övladı
çılpaq çıxıb səhnədə oynasın.
Hətta öz dostlarımız da belə
düşünür. Klassik balet üzrə fəaliyyət
göstərən ixtisasda uşaqların azlığı
hiss olunur. Uşağı yeddinci sinfə qədər
qoyurlar ki, boy-buxunu, qaməti düzəlsin, sonra
götürüb aparırlar. Ona görə
də bu stereotipi dağıtmaq üçün biz təbliğat
işini çox aparmalıyıq və aparırıq. Bu işlə çox ciddi məşğulam.
Dünyada yeni cərəyanlar yaranıb: modern rəqs,
step rəqs və s. Xaricdə də klassik baletə maraq
azalır. Başqa bir tərəfdən yeni
balet cərəyanları bizdə öyrənilməyib.
İndi-indi başlamışıq onu tədris
etməyə, öyrənməyə. Bir
ildə xaricdən səkkizə yaxın mütəxəssis
çağırmışam. Balet sənəti
Rusiyada çox inkişaf edib. Bizim
böyük balet ənənəmiz var.
Çalışırıq ki, klassik baletə xüsusi fikir
verək. Bununla yanaşı ali məktəbi
bir ixtisasla saxlamaq mümkün deyil. Ona görə
də qohum ixtisasları açmışıq.
- Rektor və
məmur Timuçin Əfəndiyevlə söhbəti
bitirdik. İndi suallarıma alim kimi sizdən cavab istəyəcəyəm...
-
Buyurun...
-
Yaradıcılıqda, elmi fəaliyyətinizdə nə
yenilik var?
- Mən
elmi fəaliyyətə Hüseyn Cavid
yaradıcılığı ilə başlamışam. Müdafiəmdə “Topal Teymur” və “Peyğəmbər”ə
görə mübahisə düşmüşdü. 1972-ci ildə müdafiə etdim, 1974-cü ildə
bu əsərlərin çapına icazə verildi.
Opponentlərdən biri sual verdi ki, Topal
Teymur minlərlə insanı qırıb, sən isə onu
müsbət qəhrəman kimi veribsən. Mən də dedim,
Napoleon Teymurdan da çox insan qırıb, amma onun haqqında
630 tədqiqat əsəri yazılıb. Rəhbərim
Məmməd Cəfər idi, deyirdi, səbirlə
danış, qızışma (Gülür). Sonra Cavidə ikinci dəfə müraciət elədim.
Azad Mirzəcanzadə
ilə bərk dost idik. Sizə
açığını deyim ki, 20-yə yaxın kitabım
çıxmışdı, 1987-ci ildən professor kimi fəaliyyət
göstərirdim, amma doktorluğu müdafiə etmək istəmirdim.
Daha doğrusu, həvəsim yox idi. Azad elə
adam idi ki, “bezdarnıy” adamlardan zəhləsi
gedirdi. Bir dəfə televiziyada sual vermişdilər
ki, dostlarınız kimdir, demişdi, Fərhad Bədəlbəyli
ilə Timuçin Əfəndiyev. Azad Mirzəcanzadə
axır məcbur elədi, romantizm haqqında yazdım,
müdafiə elədim.
-
Timuçin müəllim, Azad Mirzəcanzadəni niyə
incidirdilər?
- Sizə
açığını deyim ki, mən Azad müəllimin
incidilməyin görməmişəm. Özü
mürəkkəb insan idi, dilində də acılıq var
idi. Yubileyinə getmişdik, orada iştirak edən
yüksək vəzifəli şəxslərə kəskin,
acı sözlər dedi.
- Son illərdə
çəkilən filmlərə baxırsınız?
- Bir
neçə filmə baxmışam. “Qatil”ə,
“Mahmud və Məryəm”ə, “Hökmdarın taleyi”nə
baxmışam. Desəm ki, bütün
çəkilən filmləri izləmişəm, düz
olmaz. Amma hiss olunur, son illərdə kino sahəsində
dirçəliş, inkişaf var. Buna əlbəttə,
sevinmək olar.
- Siz teatr
haqqında kitabların müəllifisiniz. Çağdaş
Azərbaycan teatr haqqında nə
düşünürsünüz?
-
Düşünürəm ki, hazırda teatr sənətimiz
inkişafdadır, vəziyyət deyilən qədər pis
deyil. Yaxşı tamaşalar hazırlanır,
hiss olunur, tamaşaçı teatra qayıdıb. Məsələn, Akademik Milli Dram Teatrında
“Ölülər”ə baxdım, uğurlu tamaşadır.
Sevdiyim rejissorlar var, məsələn, Azər Paşa
Nemətin, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun
adını çəkə bilərəm. Bir ara
teatrlar tamaşaçı qıtlığından əziyyət
çəkirdi. Gedirdim baxmağa, görürdüm, zalda az adam var. Bu yaxşı hal deyildi. İndi sevinirəm ki, artıq itirilmiş
tamaşaçılar yenidən teatra qayıdır.
-
60-cılar nəslində sevdiyiniz yazıçılar kimlərdir?
- Biri elə
mənim qardaşım Elçin (Gülür). Sabir Əhmədli sevdiyim yazıçıdır.
Əkrəm Əylislinin sovet dövründə
yazdığı əsərlər yaxşı əsərlərdir.
Yaxud Anarın, İsi Məlikzadənin, Fərman Kərimzadənin
adını çəkə bilərəm. 60-cılar
nəsli çox güclü əsərlər yazdılar.
O dövrdə teatrın özündə də inqilabi
tamaşalar hazırlanırdı. Məsələn,
Tofiq Kazımov İlyas Əfəndiyevin “Sən həmişə
mənimləsən” əsərini səhnəyə
hazırlamaqla inqilab elədi. 60-70-ci illər
mədəniyyətimizin intibah dövrü idi.
- Dostluq
etdiyiniz ədəbiyyatçılar kimlər olub?
- Desəm ki, 60-cılarla yaxın dostluğum olub, düz olmaz. Gözəl münasibətim olub, bir-birimizə hörmət etmişik, məclislərdə olmuşuq. Elçinin onlarla yaxın dostluğu olub. Mən yaşca onlardan bir az kiçik olmuşam. Onlar tanınmış yazıçı olanda mən tələbə idim. O vaxt gənc yazıçıların bir az özlərini çəkməkləri vardı. (Gülür).
- 60-cılardan sonra gələn yazıçılardan kimləri dəyərləndirirsiniz?
- Afaq Məsud, Kamal Abdulla yaxşı və istedadlı yazıçıdırlar. Bundan başqa Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı haqqında “525-ci qəzet”də yazım çap olunub. Bu iki yazıçını yüksək qiymətləndirirəm.
- Elçin Əfəndiyevin yaradıcılığı ilə bağlı fikirlərinizi bilmək maraqlı olar...
- Elçinin yaradıcılığında “Ölüm hökmü” romanı mənim üçün çox qiymətlidir. Hekayələrini həmişə maraqla oxumuşam. Sonuncu yazdığı “Baş” romanını da oxudum, xoşuma gəldi, özünü də təbrik elədim. Qardaşım olduğuna görə haqqında çox danışmaq istəmirəm. Ancaq bir cümlə əlavə edə bilərəm ki, Elçin sevdiyim yazıçıdır.
P. S. Və son: Timuçin Əfəndiyev qardaşı haqqında çox xəsisliklə danışır. Hiss edirəm, söhbəti tez yekunlaşdırmaq istəyir. Mənim “Sizdən qardaş kimi yox, alim kimi soruşuram” deməyimin də xeyri olmur. Söhbətimiz belə bir sonluqla bitir:
Mən: Elçin Əfəndiyev haqqında yazmısınız?
Timuçin Əfəndiyev: Qardaşım haqqında nə yazım? Məqalələrimdə adını çəkmişəm.
Və ardınca təbəssüm...
525-ci qəzet.- 2016.- 6 dekabr.- S.4.