Dəyərli kitab, mühüm bir qaynaq
"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları"
kitabı Azərbaycan ədəbiyyatının ümumi multikultural mənzərəsi haqda təsəvvür yaradan ilk sanballı kitab, ilk mühüm mənbədir.
Akademik Kamal Abdullanın ideya müəllifliyi
və elmi redaktorluğu ilə, Azərbaycan Milli Elmlər
Akademiyası əməkdaşlarından müxbir üzv
Möhsün Nağısoylunun, elmlər doktoru Fərid Ələkbərli,
fəlsəfə doktorları Əkrəm Cəfərov və
İbrahim Quliyevin tərtibçiliyi ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin hazırlayıb çap etdirdiyi
bu kitab çox ciddi ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq,
siyasətşünaslıq faktıdır. Bu
kitab görkəmli dövlət xadimi Heydər Əliyevin, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan
multikulturalizmi haqda dediyi məşhur sözləri bir daha təsdiq
edir. Bu kitab təsdiq edir ki, Azərbaycanda
xalqların və mədəniyyətlərin müxtəlifliyi
bizim milli sərvətimizdir. Bu kitab təsdiq
edir ki, multikulturalizm bizdə həyat tərzi,
düşüncə tərzidir.
Kitabda multikultural dəyərlər
Azərbaycan ədəbiyyatı timsalında həm dolayı
şəkildə, həm də birbaşa şəkildə təqdim
olunur.
Dolayılıq budur ki, Azərbaycan sənətkarları
konkret olaraq hansısa başqa xalqın, başqa dinin
adını çəkmədən ümumbəşəri məsələlərdən
- ədalət, mərhəmət, məhəbbət,
barış, bərabərlik, ağıl-kamal, ürfan, nəfsə
qalib gəlmək, şərəf, ləyaqət və s. dəyərlərdən
danışırlar və "insan" dedikdə
yazıçılarımız yalnız öz xalqının
nümayəndəsini yox, bütöv bəşər
övladını nəzərdə tuturlar:
Yaxşılıq etməsən əgər
insana,
Böyüklük şərəfi
verilməz sana.
Bu misralarda Nizami "insan" deyərkən
məhz geniş mənada bəşər övladını nəzərdə
tutur və ümumbəşəri dəyərlərdən bəhs
edir:
Dünyaya fateh olmaz zülmkarlıq,
rəzalət,
Yer üzünün fatehi ədalətdir,
ədalət.
Ədalət mülkündən kim üz çevirsə,
Ona aqil deməz
ağıllı kimsə.
Dünyanı namusla olur saxlamaq,
Onunla ucalır dövlət
və bayraq.
Multikultural dəyərlərin
birbaşa və konkret ifadəsinə gəlincə, qeyd
olunmalıdır ki, yazıçılarımız istər
Şərq, istərsə də Avropa xalqlarının
adlarını böyük ehtiramla çəkirlər. Məsələn,
Nizami deyir ki, mən sözdən gözəl bir süfrə
açmışam, bu süfrədən türk də, ərəb
də, əcəm də dada bilir. Bu fikir
eynilə Füzulidə də var.
Həm şifahi, həm də
yazılı ədəbiyyatımızda ayrı-ayrı
xalqlara mənsub gözəllər vəsf edilir. Qanturalı, Kərəm,
Şeyx Sənan, Bahadır, Əli kimi ədəbi qəhrəmanlar
xristian gözəllərini sevirlər və onların yolunda
hər cür əzaba qatlaşırlar.
Həm şifahi, həm də
yazılı ədəbiyyatımızda müxtəlif dinlərə
mənsub müqəddəslərə (İbrahim, Musa,
Süleyman, Yaqub, İsa, Məryəm və
başqalarına); müxtəlif xalqlara mənsub alimlərə
və yazarlara (Sokrat, Platon, Aristotel, Şiller, Şekspir,
Hüqo, Volter, Russo və başqalarına) dərin ehtiram ifadə
olunur.
Maraqlı cəhət
burasıdır ki, başq a xalqlara və başqa dinlərə
münasibət kitabda pərakəndə faktlar şəklində
yox, bir sistem halında təqdim edilir. Sistematikliyə nail olmaq və Azərbaycan
ədəbiyyatının multikultural dəyərləri haqda
daha dolğun təsəvvür yaratmaq üçün
kitabın tərtibçiləri yalnız Xaqani, Nizami, Nəsimi,
Füzuli, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı kimi məşhur
sənətkarların yox, həm də az tanınan və
yaxud heç tanınmayan Eynülqüzzat Həmədani Miyanəçi,
Suli Fəqih, Mustafa Zərir, Şahqulu bəy, Rəhməti Təbrizi,
Molla Camal Rənci, Mirzə Nəsrulla Didə, Xürrəmi,
Mirzə Nəsib Qüdsi, Sədi Sani Qarabaği, Məmo bəy
Məmai, Mirzə Əbdülxaliq Yusif, Məşədi Məhəmməd
Bülbül kimi yazıçıların
yaradıcılığına müraciət edirlər.
Sistematikliyə, uzaq dövrlərə
aid ədəbi faktlar arasında üzvi əlaqəyə nail
olmaq üçün redaktor və tərtibçilər ciddi
elmi şərhlərə geniş yer və meydan verirlər. Məsələn, Xaqaninin
"Həbsiyyə" şeiri ilə "Dədə
Qorqud" eposundakı "Uruz bəyin dustaq olduğu boy"
arasında; Mustafa Zəririn "Yusif və Züleyxa"
poeması ilə Dədə Qorqud deyimləri arasında;
A.Şaiq yaradıcılığı ilə Nizami
yaradıcılığı, Mirzəcan Mədətov
yaradıcılığı ilə H.Cavid
yaradıcılığı arasında multikultural dəyərlər
baxımından gözlənilməz əlaqələr tapmaq redaktor Kamal Abdullanın elmi
şərhləri hesabına mümkün olur. Elmi redaktor və
tərtibçi şərhləri imkan verir ki, günəş,
ay, işıq, aşiq, məşuqə və s. kimi səciyyəvi
obrazların multikultural dəyərlər baxımından
ümumi mahiyyəti açılsın, bu mahiyyətin bir-birindən uzaq
zamanlarda yaşayan sənətkarlar üçün nə qədər
ortaq olduğu üzə çıxarılsın.
Günəş obrazına diqqət
yetirsək, görərik ki, kitabda xüsusi yer tutan, hətta
Ön sözdə Kamal Abdulla tərəfindən
başlığa çıxarılan günəş
obrazı insanlar və xalqlar arasında birlik və bərabərliyin
bir rəmzidir.
Təsadüfi deyil ki, Nizami deyir:
Bu günəşdən
dünyada hamıya işıq çatar.
Nizamidən 200 il
sonra Qazi Bürhanəddin deyir:
Ol günəşi sevərəm ki,
nurini Aya verür,
Günəş oldur nurini
yoxsula, həm baya verür.
Nizamidən 800 il
sonra H.Cavid deyir:
Arkadaşlar, bu parlayan günəşin
Feyzi birdir cahanda hər kəs
üçün.
Nizamidən 800 il
sonra A.Şaiq deyir:
Həpimiz bir günəşin
zərrəsiyiz.
Əlbəttə, Nizami kimi
Q.Bürhanəddin də, H.Cavid və A.Şaiq də günəşi
yer üzündəki bütün insanları birləşdirən
bir obraz kimi təsvir və təqdim edirlər.
"Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları"
kitabına əsaslanıb onu da xüsusi qeyd etməliyik ki,
bütün başqa məqamlarda olduğu kimi, günəşin,
ayın, işığın təsviri məqamında da bizim
sənətkarlar dramatik və tragik nöqtələri
xüsusi diqqətə çatdırmağı vacib bilirlər. Belə
dramatik və tragik nöqtələrdən biri işıq və
qaranlıq qarşılaşması, işıqla qaranlıq
arasında bədii təzadın yaradılmasıdır.
Məsələn, Xaqaninin "Həbsiyyə"
şeirində işıq-qaranlıq təzadının səciyyəvi
nümunəsini görürük. Kamal Abdullanın
sözləri ilə desək, bu həmin şeirdir ki, Xaqani
orada "Dədə Qorqud" dastanındakı Uruz kimi,
hökmdardan incikliyini və Abxaz elinə gedib xristianlar
arasında yaşayacağını bildirir. Maraqlıdır
ki, işıq-qaranlıq təzadını yaradarkən Xaqani
İsa quşunu yada salır. Hansı
quşdur İsa quşu? Bu suala cavab
axtararkən oxucu kitabdakı tərtibçi şərhlərinə
üz tutmalı olur. Məlum olur ki,
dini-mifoloji etiqada görə, İsa Məsih palçıqdan
bir quş yaradır və üfürüb bu quşa can verir.
Amma bu quş gündüz
işığında yox, gecə qaranlığında
uça bilir. Xaqani İsa quşunu
xatırladaraq bildirir ki, İsa quşu günəşdən,
işıqdan yararlana bilmədiyi kimi, insanlar da mənim
elmimin, sənətimin işığından faydalanmaq istəmirlər,
mənim qədir-qiymətim bilinmir.
Yeri gəlmişkən qeyd
edək ki, İsa Məsih obrazı Azərbaycan aşıq ədəbiyyatında,
yazılı ədəbiyyatımızda çox geniş yer
tutur. İsa Məsihə dərin ehtiram xalqdan, xalqın
İsa peyğəmbərə münasibətindən gəlir.
Təsadüfi deyil ki, Azərbaycanda Aşağı Məsihli,
Yuxarı Məsihli, İsalı adında kəndlər var.
Xalqdan gələn bu təsəvvür klassik ədəbiyyatımızda
o dərəcədə geniş yer tutur ki, XVII əsrdə
Rüknəddin adlı şairimiz Məsihi təxəllüsü
ilə əsərlər yazır. Klassik ədəbiyyatımızda
İsa Məsih obrazına tez-tez müraciət edilməsinin
başlıca səbəblərindən biri İsa Məsihin əzabkeşlik
simvolu olması və bu simvolun klassik ədəbiyyat
üçün çox səciyyəvi sayılan dünya kədəri
fəlsəfəsi ilə yaxından səsləşməsidir.
Dünya kədəri fəlsəfəsini
öz yaradıcılığında qabarıq şəkildə
ifadə edən Füzulinin İsa Məsih obrazına üz
tutması və qəmli aşiq obrazını İsa Məsihlə
müqayisə etməsi tamamilə təbiidir. "Leyli
və Məcnun" poemasında Füzuli Məcnunun dilindən
deyir:
... ey cəfaçı
dünya!
Bildim qəmini sənin ki,
çoxdur,
Qəm çəkməyə
bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl təcrübə eylə mən
zəifi!..
Həm ver mənə qəm yemək
kəmali,
Həm aləmi qəmdən
eylə xali.
Göründüyü kimi,
Füzuli burada özünü İsa Məsihə bənzədir. İsa Məsih
bütün insanların günahlarını öz üzərinə
götürdüyü, bütün insanların əvəzinə
əzaba qatlaşdığı kimi, Füzuli də
dünyaya qəm yoldaşı olmaq, bütün
dünyanın dərdini çəkmək istəyir.
Füzulidə, eləcə
də bütövlükdə klassik ədəbiyyatımızda
əzabkeşlik, qeyd etdiyimiz kimi, aşiq əzabkeşliyidir,
yəni bu əzabkeşlik eşq fəlsəfəsi ilə
bağlıdır. Aşiq nəyin əzabını çəkir?
Allah dərgahındakı əzəli və əbədi
dünyaya qovuşa bilməməyin; Allahın təcəllası
olan gözələ qovuşa bilməməyin. Aşiqin nəzərində Allahın dərgahı
vətən, yaşadığımız dünya qürbətdir;
məşuqənin yaşadığı yer vətən,
qalan hər yer qürbətdir. Məcazi mənada
qürbətdə yaşamaq və vətənə qovuşa
bilməmək aşiqi dərdə mübtəla edir. Dərd nə qədərdirsə, eşq də bir o
qədərdir. Dərdin
böyüklüyü eşq dərinliyinin əsas göstəricisidir.
Təsadüfi deyil ki, Füzuli belə deyir:
Yarəb, bəlayi-eşqlə
qıl aşina məni,
Bir dəm bəlayi eşqdən
etmə cüda məni.
Bu cür aşiq əzabkeşliyinin
İsa Məsih əzabkeşliyi ilə səsləşdiyini
qeyd etməklə bərabər, onu da xatırlatmalıyıq
ki, Allaha və onun təcəllası olan insana məhəbbətdən
yazmaq, multikultural dəyərlərin mühüm fəlsəfi
mənbələrindən biridir. Çünki Allaha və onun təcəllası
olan insana qovuşmaq naminə yazıb-yaradan sənətkar
üçün milli, irqi və dini fərqlər öz mənasını
itirir, sənətkar dinindən, irqindən və milliyyətindən
asılı olmadan bütün insanlara ümumbəşəri
ucalıqdan baxır; məhəbbət və din münasibətindən
bəhs edərkən yazıçı,
üstünlüyü məhəbbətə verir. Təsadüfi
deyil ki, H.Cavid deyir:
Məhəbbətdir ən
böyük din.
Məhəbbət və din
qarşılaşmasında üstünlüyü məhəbbətə
verən sənətkarlarımız aşiq əzabkeşliyindən
bəhs edərkən tərsa qızı obrazına tez-tez
üz tutmalı olurlar. Tərsa qızı hicran mövzulu əsərlərin
səciyyəvi baş qəhrəmanlarından birinə
çevrilir. Məlum olur ki, dini
ayrıseçkiliyin hökm sürdüyü bir mühitdə
müsəlman qızı Leyliyə qovuşmaq nə qədər
çətindirsə, xristian qızı Əsliyə, Xumara,
Sonaya qovuşmaq ondan da çətindir. Beləliklə,
aydın olur ki, Azərbaycan yazıçıları müsəlman
- xristian məhəbbətindən bəhs edərkən başqa
dinlərə və başqa xalqlara hörmət və ehtiram
bildirməklə kifayətlənmir, həm də dini və
milli ayrıseçkiliyi bir doqmaya çevirən sosial
mühitə öz etirazlarını bildirirlər. Şeyx Sənanla Xumarın, Bahadırla Sonanın
faciəli ölümü sosial mühitə etirazın
mühüm bir göstəricisidir.
Yeri gəlmişkən qeyd
edək ki, bizim ədəbiyyatımız tarixində dini və
milli ayrıseçkiliyə qarşı çıxıb
öz həyatını qurban verən sənətkarlar da
olub. Eynəlqüzzat Həmədani Miyanəçi
(1098-1131) belə sənətkarlardan biridir. Dini, irqi və milli mənsubiyyətə fərq
qoymadan kamil insan ideyasını irəli sürən Eynəlqüzzat
Həmədani Miyanəçi dindən uzaqlaşmaqda ittiham
edilib və Bağdadda özünün dərs dediyi Nizamiyyə
mədrəsəsinin həyətində dar ağacından
asılıb. Bu cür faktlar göstərir
ki, Azərbaycan ədəbiyyatında multikultural dəyərlər
dönməz səciyyə daşıyır.
Mən sözümü
dönməzlik notu üstündə yekunlaşdırmaq istəyirəm. Bir daha qeyd etmək
istəyirəm ki, "Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları" kitabı qiymətli kitabdar. Kitabın hazırlanmasında zəhməti olan həmkarlarımıza
yeni-yeni uğurlar arzulayıram.
Muxtar
Kazımoğlu (İmanov)
AMEA-nın
müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru
525-ci qəzet.- 2016.- 7 dekabr.- S.4.