"Nəslin
ağsaqqalı, ruhun şad olsun!.."
Bu, akademik Vaqif Abbasovun
xitabıdır. Fizika-riyaziyyat elmləri doktoru, professor Nazim Cəlil
oğlu Musayevin xatirəsinə etdiyi xitab.
Amma Nazim Cəlil oğlu Musayev təkcə
böyük bir nəslin ağsaqqalı deyildi. Həm də
elmimizin, təhsilimizin ağsaqqalı idi. Alim idi, elmə, təhsilə
xidmət edirdi. Elmə xidmət isə dünyada ən şərəfli
işlərdən biridir. Çünki elmə xidmət xalqa
və Vətənə xidmətin, sabaha, gələcəyə
xidmətin ən yüksək təcəssümüdür.
Nazim müəllim dünyaya
kodlaşdırılmış missiya ilə gəlmişdi.
Müəllim olmalıydı, alim olmalıydı, bir nəslə
böyüklük etməliydi, yaxşı ata
olmalıydı, yaxşı qardaş olmalıydı, xeyirxah
insan kimi ad qoymalıydı. Bütün bunları bir ömrə
sığışdırmaq isə heç də asan deyildi:
zəhmətdən ikiəlli yapışmalıydı,
rahatlığından keçməliydi, müəyyən əzabları
özünə rəva görməliydi, nələrdənsə
imtina etməyi, günündən-saatından kəsib
başqalarına da pay verməyi bacarmalıydı. Və o,
bacardı.
Çünki
cavanlığından çalışqanlığı,
özünə tələbkarlığı, məsuliyyəti,
işgüzarlığı ilə öz həyatını
qura bildi. Amma bu həyatı təkcə özü
üçün yaşamadı, özgələri
üçün də yaşamağa böyüklüyü
çatdı. Vaqif müəllim demişkən, heç vaxt
maddidən yapışmadı, mənəviyə üz tutdu.
Bu səbəbdən də aliliyə ucala bildi, könüllərdə
özünə yuva qurdu.
lll
Nazim Cəlil oğlu Musayev 1941-ci
ildə Bakıda anadan olmuşdu. 1958-ci ildə Naftalan şəhər
beynəlmiləl orta məktəbini bitirmişdi.
1958-1960-cı illərdə Sumqayıt Boru-Prokat zavodunda
işləmişdi. Bu illər onun əməksevər,
dözümlü, möhkəm xarakterli, yetkin bir gənc kimi
formalaşmasında mühüm rol oynamışdı.
1966-cı ildə indiki Bakı Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsini bitirir, təyinatla Odessa Dəniz
Donanması Mühəndisləri İnstitutunun Bakı
filialına gəlir, fizika laboratoriyasının müdiri vəzifəsinə
təyin edilir.
1968-ci ildə indiki İqtisad
Universitetinin riyaziyyat kafedrasına assistent vəzifəsinə
seçilir. Sonralar həmin kafedrada baş müəllim,
dosent, professor, 1991-ci ildən kafedra müdiri vəzifəsində
çalışır. 1974-cü ildə namizədlik
dissertasiyası müdafiə edir. 1985-1988-ci illərdə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdindəki
"Qaz dalğa dinamikası" kafedrasında doktorantura
keçir. 1989-cu ildə Novosibirsk şəhərində
SSRİ EA Sibir bölməsinin nəzdindəki "İstilik
fizikası" İnstitutunda fəaliyyət göstərən
Elmi Şurada doktorluq dissertasiyası müdafiə edir...
Ömrünün rəqəmlərə
sığan qısa bioqrafiyası belədir. Ömür isə,
sadəcə rəqəmlərdən ibarət deyil.
lll
Nazim Musayev sevimli müəllim idi,
yaxşıların yaxşısı idi - bu, tələbələrinin
qənaətidir. Çünki "elmi beşikdən qəbrə
qədər öyrənin" fikri ömrü boyu dilindən
düşməyib, gənclərə doğru-dürüst
yol göstərib, bildiyini zərrə-zərrə öyrədib
onlara. Heç vaxt səsini qaldırmayıb, hər cür
intriqadan, münaqişədən uzaq olub. Yaxın ətrafı
onu da etiraf edir ki, xaraktercə sülh, barış, dostluq
adamı idi. Bu, onun həyat fəlsəfəsi idi,
intriqanı heç sevməzdi...
Nazim müəllim alimlik statusuna da
yaraşan adam idi: qibtəediləcək qədər sadə,
təvazökar, təmkinli, mədəni, müasir,
gözü-könlü tox, xoşniyyətli, mehriban. Bu, onun
xarakteri idi. Alim, ziyalı kimi böyük nüfuzu vardı.
Azərbaycanı beynəlxalq elmi konfranslarda layiqincə təmsil
etmişdi, ABŞ, Türkiyə, Slovakiya, Rusiya və bir
sıra digər ölkələrdə keçirilən
nüfuzlu elmi toplantılarda sanballı məruzələrlə
çıxış etmişdi. 60-dan çox elmi əsəri
bu gün də öz aktuallığını saxlayır.
Onun elmi kadrların hazırlığında da xidməti
böyükdür.
Professor Nazim Musayev AMEA-nın
Mexanika-Riyaziyyat İnstitutu, Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti, BDU-nun nəzdində fəaliyyət
göstərən müdafiə şuralarının, eyni
zamanda Tümen Dövlət Universitetində doktorluq
dissertasiyası üzrə ixtisaslaşmış müdafiə
şurasının üzvü idi.
Azərbaycan elminə, təhsilinə
xidməti isə diqqətdən kənarda
qalmamışdı. Bir sıra mükafatları vardı.
2011-ci ildə isə prezident İlham Əliyevin sərəncamı
ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə
görə professor Nazim Musayev "Əməkdar müəllim"
fəxri adına layiq görüldü. Bu, dövlətin,
dövlət başçısının onun müəllimlik
və alimlik missiyasına verdiyi ali qiymət idi.
lll
Nazim müəllim
çoxuşaqlı, on övladdan ibarət böyük bir
ailədə böyümüşdü. Yaxşı oğul,
yaxşı qardaş, yaxşı həyat yoldaşı,
yaxşı ata idi. Həm də böyük bir nəslin
"ağsaqqalı" sayılırdı - özü də
cavanlığından. Bu titulu, bu ehtiramı ağlı, mərifəti,
davranışı, insanlara münasibəti ilə
qazanmışdı. Həyat müəllimi kimi də əvəzsiz
idi. Şəxsi nümunəsi ilə nəslin
davamçılarını kökə
bağlılığa, inkişafa, xeyirxahlığa, ölkəsinə,
dövlətinə sədaqətə, böyük anlamda, bəşəriyyətə,
insanlığa sevgiyə səsləyirdi. Məhz buna görədir
ki, nəsildə hər kəs onu "ilahiləşdirmişdi".
2015-ci il dekabrın 7-də Nazim
müəllim dünyasını dəyişdi. Bu, ailəsi,
övladları, nəsli, tələbələri, dostları,
təhsil, elm aləmi üçün böyük itki idi.
Vəfatından bir il keçməsinə
baxmayaraq, əzizləri onu yenə də göz yaşları
içində xatırlayır. Bacısı Hacı Zemfira
xanım: "Nazim hamımıza böyüklük etmişdi.
O, bütöv bir nəsli birləşdirən bir halqa, bir
körpü idi sanki. Hamı onun ətrafına cəm
olardı, hamı onunla məsləhətləşərdi,
hamı ondan öyüd-nəsihət alardı. Ən
yaxşısı da bu idi ki, o, nümunəsi ilə hər kəsi
təsirləndirə bilirdi. Belə bir deyim var: "Xəyallarınızı
dəyərləndirməyən insanlardan uzaq olun, belələri
hər zaman başqalarının öz xəyallarını
gerçəkləşdirmələrinə mane olarlar.
Əksinə, böyük insanlar sizi xəyallarınızı
həyata keçirə biləcəyinizə
inandırarlar". Nazim hər kəsə öz
arzularını gerçəyə çevirmək
üçün yol göstərənlərdən, kömək
əli uzadanlardan, insana qol-qanad verənlərdən idi".
lll
Gözəl ailəsi var. Həyat
yoldaşı Rahilə xanım da alimdir, Kibernetika
İnstitutunda işləyir, riyaziyyat üzrə fəlsəfə
doktorudur. Üç qıza birgə tərbiyə vermişdilər.
Vəfa göz həkimidir, Nailə neanotoloqdur, 7 nömrəli
doğum evində işləyir. Nigar isə iqtisadiyyat üzrə
fəlsəfə doktorudur, İqtisad Universitetində müəllim
işləyir.
Yenə Vaqif müəllimin fikrinə
üz tuturam:
Üç qız
böyütmüsən, igid, ər kimi,
Onlar yerdə səni bir Allah bildi.
Yerin cənnətlikdir, yerin
behiştdir.
Nəslin ağsaqqalı, ruhun
şad olsun!..
Qızı Nigar Atakişiyeva:
"Atam cavan bacısını itirmişdi. Səfurə
bibim, sonra onun oğlu Rabit 25 yaşında avtomobil qəzasında
dünyasını dəyişdi. Rabit nişanlı idi, toyu
olacaqdı. Bu fikir atamı xəstə saldı. Sonra iki
qardaşını itirdi. Atam dərdini içində çəkirdi,
əzizlərinin əhvalını pozmamaq üçün
ağrılarını gizlədirdi. Meylini Zemfira bibimə
salmışdı. Onu o qədər çox istəyirdi ki,
sanki onunla nəfəs alırdı. Zemfira bibi xəstələnəndə
istəmirdik ki, ata bilsin. Amma çox gizlədə bilmirdik, dərhal
özünü yetirirdi bacısına. Zemfira bibim atamdan sonra
hələ də özünə gələ bilmir. Atam bu
dünyadan gedərkən belə, gözəl bir miras qoydu bizə
- öz müdrikliyini".
lll
Çox işıqlı insan idi
Nazim müəllim. İndi nəslin cavanları bu
işığa, nura doğru gedir, onu daha gur yandırmağa
can atırlar.
Bacısı qızı Ülviyyə
Abbasova: "Dayımla bağlı hər anımız
unudulmazdır. Uşaqlığım yadıma gəlir. Tətil
günlərində hamımız Naftalana gedərdik - Dilbər
nənəmin yanına. Nənəm hamıdan çox Nazim
dayımı əzizləyərdi. Hətta səhər yeməyində
yumurtanı özü soyardı dayı üçün. Biz
də gülərdik ki, "Buna bax, nənə, yekə
kişiyə lap uşaq kimi qulluq edir" deyərdik.
Böyüdükcə anladıq ki, dayı təkcə nənəm
üçün yox, bütün nəsil üçün əzizdir.
Dayım hamımızı elmli, savadlı görmək istəyirdi.
Mənim müdafiəmi də səbirsizliklə gözləyirdi.
Heyf ki, görmədi. Keçən il dekabrın 23-də, onun
vəfatından sonra dissertasiyamı müdafiə etdim. Nazim
dayımın qızları həmin gün məni daha
çox dəstəklədi, çünki bilirdilər ki,
dayım bunu çox arzulayırdı".
Bu il 75 illik yubileyini qeyd edəcəkdi
Nazim müəllim - əzizləri, doğmaları,
dostları ilə birgə. Qismət olmadı.
Necə deyərlər, həyat
kino kimidir, ən şirin anda bitir.
Ömür bitdi. Xatirələr isə
bitmir. Onu xatırladır, unudulmağa qoymur.
Akademik Vaqif Abbasov: "Nazim müəllim
adi insan deyildi, inandığı, müqəddəs
saydığı hər şey uğrunda fədakarlığa
hazır olan böyük bir ziyalı idi, alim idi. O, bir nəslin
qürur yeri idi. Və bu qürura layiq idi. Çünki
öz müdrikliyi ilə nəslin birliyini qorudu,
yaşatdı, nəslimizin davamçılarını
yetişdirdi, hamımıza mənəvi irs yadigar qoydu. Onun mənə,
mənim də ona sevgim sonsuz idi. Yazdığım misralar da o
sevginin etirafıdır".
Mən sənin sayəndə ali dərs
aldım,
Səndən öyrənərək
elmlə ucaldım.
Mən səni özümə
müqəddəs sandım,
Nəslin ağsaqqalı, ruhun
şad olsun!..
Bu Nazim sözünü ucaldan sənsən,
Bu ada şərəfi gətirən
də sən.
Çoxalıb sayəndə bu
adı sevən,
Nəslin ağsaqqalı, ruhun
şad olsun!
Köçdün bu dünyadan
halallıq ilə,
Sənin ruhun layiq ali sevgiyə.
Olacam ruhuna daim səcdədə,
Nəslin ağsaqqalı, ruhun
şad olsun!..
Onun ömrü bitmədi, davam
edir. Xeyirli əməllərində, əzizlərinin xatirəsində.
Nəslindən çıxan böyük alim, akademik Vaqif
Abbasov kimi davamçılarının ömründə.
Firuzə
NADİR
525-ci qəzet.-
2016.- 7 dekabr.- S. 8.