Qəfəsdəki
qartal
(hekayə)
Yeməkxana
sıx meşənin xəlvət bir guşəsində yerləşsə
də, müştəri sarıdan kasadlıq çəkmirdi.
Yeməkxana
sahibi gəlirindən xəsislik etməyib bir qədər
ayırmış, müştərilərin
rahatlığı üçün obyektə babatca
çınqıl bir yol da çəkdirmişdi.
Qəfəsə
salınan qartal haqqında söz-söhbət yayılandan
sonra yeməkxananın adı daha da məşhurlaşmış
və təbii ki, təkcə yeyib-içməyə görə
yox, qəfəsdəki qartala tamaşa etmək
üçün buraya gələnlərin sayı da birə-beş
artmışdı.
Yeməkxanadan
azca aralıda boz qayalar idi və burasını da deyək ki,
elə qayaların başında cövlan edib qıy vuran
qartalların səsinə də qulaq asmaq üçün gələn
məxsusi müştərilər də var idi.
Günlərin
bir günü yeməkxana sahibinin yolu o qayaların ətəyindən
düşmüşdü və qanadlarını bir-birinə
çırpa-çırpa daş kimi düşüb yerdə
qalan, pərvazlanıb qanadlanmaq istəyən yaralı qartal
balasına rast gəlmişdi.
Qartal
balasını isti yuvasından tüfəng səsi
diksindirmiş və o da yuvasından qopub yerə
düşmüş, qanadlarından birini zədələmişdi.
Yerdə
qalmış körpə qartal səs çıxarıb guya
ki, özlüyündə qıy vururdu; bu səsə qulaq
asa-asa yeməkxana sahibi özlüyündə belə bir qənaətə
gəldi ki, yox, balam, yəqin qartallar yalnız səmada,
yüksəklikdə cövlan edəndə qıy vura bilirlər.
Körpə
qartalın səsi isə köməyə, imdada
çağıran yalvarış idi.
Yeməkxana
sahibi yaralı quşa yaxınlaşdı. Bütün ehtiyat tədbirlərini nəzərə alıb körpə qartalın qanadlarından yapışdı.
Körpə qartalın canı
nə qədər ağrı-acılı idisə,
görünür, aclıq
da ona güc
gəlmişdi, çünki
gözü ağaclardan
asılmış şaqqallanmış
cəmdəkləri alan kimi kişinin əlində dartındı.
Qartal balasını
boş bir otağa salıb qabağına su qoydular, ət parçaları atdılar. Yeməkxananın daimi müştərilərindən
olan bir ovçu yaralı qartal balasının zədəli qanadını
bərk-bərk sarıdı.
Qartal balası
bir-iki həftəyə
dirçəlib sağaldı. Dustaq olduğu
otaqdan azad olmaq üçün özünü daşa-divara
çırpdı. Yeməkxana sahibi
qartal balasının daha otaqda saxlamağın
mümkün olmadığını
görüb əvvəlcə
ona rəhmi gəldi, qapını açıq qoyub onu azadlığa buraxmaq istədi. Ancaq nə fikirləşdisə
ürəyində "lənət
şeytana" deyib tapşırıq verdi, möhkəm dəmir məftillərdən
iri bir tor qəfəs düzəltdirdi.
Lap zooparklardakı qəfəslərə oxşayırdı.
Yeməkxananın dörd-beş zirək
işçisi köməkləşib
axır ki, qartal balasını qəfəsə saldılar
və o qəfəsi də yeməkxananın
gen-geniş həyətində
iri bir palıd
ağacının altında
qoydular.
Qəfəsə salınan qartal
haqqında söz-söhbət
yayılandan sonra yeməkxananın sorağı
bir az
da uzaqlara yayıldı və müştəri sarıdan
onsuz da korluq çəkməyən
yeməkxanaya gələnlərin
sayı birə-beş
artdı. Yeməkxanaya gələn yeyib-içib
hallananlar stoldan qalxandan sonra qəfəsin qoyulduğu yerə yaxınlaşırdılar.
Qartalın qabağı yemək
sarıdan heç vaxt kasad olmasa
da, bəzi hal əhli olanlar
qartal üçün
də kabab sifariş edər və yağlı kabab tikələrini öz əlləri ilə şişdən çəkib qartalın qabağına atardılar.
lll
Yenə yeməkxana müştəri
sarıdan gur idi və qollu-budaqlı
bir ağacın kölgəsində qoyulmuş
uzaq stolların birinin arxasından birdən səs-küy qalxdı. Şirin dilli, xoş
qılıq, görüb-götürmüş
yeməkpaylayan cəld
özünü stola çatdırdı.
Beş nəfər
idilər. Aralarındakı arıq, uzun,
caydaq oğlan əlindəki badəni yerə qoymuşdu. Hıçqıra-hıçqıra elə hey təkrar edirdi:
- Yox, yox, yox!
Mən bu sağlığa içə
bilmərəm, içə
bilmərəm!
Elə bil həmxanələr də qəsdə durmuşdular:
- Neçə ildir bu sağlığa içirik. İndi noldu belə...
Caydaq içini çəkdi; gözünün yaşı
sel kimi axırdı: - Sözə
bax! Gül olaq, bülbül olaq, qəfəsdə olmayaq...
Caydaq barmağını qəfəsdəki
qartala tərəf tuşladı:
- Əgər qartal
gözümün qabağında
dustaqdırsa, mən hardan bilim ki,
mən bülbülü
qəfəsə salmayacaqlar.
Caydaq dolu badəsini kənara itələyib araq şüşəsini əlinə
alıb qarşısındakı
çappa-stəkanlardan birini
ağzına kimi doldurub sağlıqsız-filansız
başına çəkdi. Bundan sonra
sakitləşib yerində
oturdu. Yoldaşları pərtləşsələr də üstünü vurmadılar.
Söhbətin əmin-amanlıqla qurtardığını
görən yeməkpaylayan
rahat nəfəs alıb stoldan uzaqlaşdı.
Müştərilərin başı yemək-içməyə
nə qədər qarışmışdısa da,
onları əyləndirən
yerli aşığın
ifa etdiyi gözəlləmələr, qara
zurnanın səsi yeməkxananı başına
alsa da, birdən hamı diksindi. Qəfil qartal qıyı
elə bil bütün səsləri
batırdı. Qəfəsdəki qartalın düz başı üstdə bir qartal cövlan
edir, qıy vururdu. Elə bil bu səsdə həm də bir ana
fəryadı, ana yalvarışı da var idi. Birdən qəfəsdəki qartal da qanadlarını çırpa-çırpa səs
çıxartdı. Ancaq bu səs elə bil anasından ayrı düşüb indi yazıq-yazıq civildəyib onu axtaran cücənin səsinə oxşayırdı.
Hətta hallanmış müştərilər
də, yeməkxanada çalışanlar da diksindilər.
Caydaq oğlan stoldan qalxıb yerindən səndələyə-səndələyə
yaxşı tanıdığı
yeməkxana sahibinə
yaxınlaşdı, üzünü
ona tutub ağlamsına-ağlamsına:
- Günahdır, ay dayı,-dedi,- vallah günahdır,
billah günahdır...
Nə qədər desən verəcəyəm,
qiymətini de, qartalı
satın alıram...
Azad edəcəyəm...
lll
Əvvəlcə qəfəsi neçə
ildən bəri qoyulduğu yerdən qaldırıb yeməkxanadan
xeyli qırağa, açıq talaya gətirdilər. Qartal özünü dəfələrlə
qəfəsin dəmir
qapılarına çırpmışdı,
sanki o da bilirdi ki, onu
qəfəsdən çıxmağa
qoymayan dəmir barmaqlı bu qapılardır. Əvvəlcə qapının qıfılını
açdılar. Sonra da qıraqda durub uzun qarmaqla qəfəsin
qapısını araladılar.
Qartal açıq
qapılara baxıb döyükə-döyükə qalmışdı, sanki qəfəsdən, bu tor məhbəsdən azad olduğuna inanmırdı. Qartal çölə
çıxıb səmaya
pərvazlanmaq istədisə
də, qanadlana bilmədi. Elə beləcə uçub
qəfəsdən uzaqlaşdı.
lll
Aradan bir müddət keçəndən
sonra rəhmdil oğlan yenə öz yoldaşları ilə meşədəki yeməkxanaya gəlmişdi. Və yenə
də qartalı burada, qəfəsdə gördü. Rəhmdil oğlan
hirs-hikkəylə yeməkxananın
yiyəsinə yaxınlaşdı.
Yeməkxananın sahibi
rəhmli oğlanın
qırımını ayrı
görüb:- Bir səbirli ol,-dedi,- Mən danışım, sən də qulaq as...
Qartalı qəfəsdən açıb
buraxdıqdan sonra elə ertəsi gün yeməkxananın ətrafında uçan gördük. İlk əvvəl fikirləşdik
ki, yəqin quş uzun müddət
yaşadığı yer
üçün qəribsəyib.
Onun bu etibarlılığı
açığı bizi
mütəəssir də
etdi. Sonra yenə uçub
getdi. Bir müddət qartal
görünmədi. Sonra xəbər
tutduq ki, bizim qartalı qonşu yeməkxanada görən olub. Əvvəlcə heç
nə başa düşmədim. Oraya yollandım.
Gözlərimə inanmadım. Qartal adi quş kimi
yeməkxananın həyətində
gəzib dolaşırdı.
Adamlardan
nə hürkürdü,
nə qaçırdı.
Məni gördü, tanımışdı,
elə bil utandı, uçub aralandı.
Orda məni
məsələdən agah
etdilər ki, bəs beş-on gün bundan qabaq yeməkxanaya gələnlər yeyib-içməyin
şirin yerində bir də görüblər
ki, bir qartal
yerə endi. Yaxınlıqdakılar ilk əvvəl qartalın onlara hücum edəcəyindən ehtiyat
edib pərən-pərən
düşüblər. Ancaq quşun fağır-fağır
ora-bura boylandığını
görüb biliblər
ki, bu qartaldan
onlara bir xəta toxunmaz, o, acdır. Hərə qabağındakılardan quşa yeməyə bir şey atıb.
O bu, qarnı ac olanda quş uçub bura gəlir, onun-bunun əlinə baxır ki, qabağına nə atacaqlar...
Yeməkxana sahibi köksünü
ötürdü:
- Hə, elə o gün qartalı tutub bura gətirdim,
təzədən aparıb
qəfəsə saldırdım.
Dözə bilmədim, toyuq kimi yerdə eşələnib yem
axtarmaqdansa, qartal kimi qəfəsdə olması məsləhətdir...
Aydın TAĞIYEV
525-ci qəzet.- 2016.- 7 dekabr. - S.7.